Nə eləyim, kəsilmişlərim öyrənib
Günlərin bir günündə Qaradağ xanlarından biri gedər Təbrizə və deyər ki, gedim bu atı verim nalbəndə. Xan yavaş-yavaş gedər nalbəndin dükanına və görər ki, bərk şuluqluqdur. Oturar növbəyə. Nalbəndin gözü işləyə-işləyə xanda idi. Öz-özünə fikir edər ki, mən bu xana nə deyim, xanın təkcə atının yəhəri mənim bütün var-dövlətimi alıb-satar.
Xanın növbəsi yetişdikdə atını çəkər nalbəndin yanına. Nalbənd başlar bunun atını nallamağa. Hər nə qədər istər özünə cürət versin ki, xandan soruşsun ki, niyə bu işi görüb, eləyə bilməz. Ta bunun atını nallayar, qurtarar. Xan əlini atar cibinə, əgər o biri adamlar on tümən versəydilər, xan yüz tümən verər. Nalbənd işi belə görüb çox təəccüb edər. Deyər:
─ Xan, əyər icazə versəniz sizdən bir sual edim. Xan cavabında deyər:
─ Ay nalbənd qardaş, hər nə sözün var de, narahat olma. Nalbənd deyər:
─ Qurban olum, xan, siz dükana girəndə mən sizi nəzərdə tutmuşam. Sizin mənə muzdumun neçə bərabəri olan pulu vermək nə deməkdir. Və o biri tərəfdən də nalın mıxlarını cibinizə doldurmaq nə deməkdir.
Xan nalbəndə baxıb belə deyər:
─ Vallah, mənim bu nal mıxlarını oğurlamağımın səbəbi yoxsulluqdan deyil, nə eləyim ki, kəsilmişlərim (əllərim) öyrənib.
Dostları ilə paylaş: |