Keçi nağılı
Keçinin dörd dənə balası vardır. Şəngilim, Məngilim, Küleyi, Təndiri. Keçi bir gün balalarına deyər:
– Balalarım, oturun, gedim sizə buynuzumda ot, əmcəklərimdə süd, ağzımda su gətirim. Əgər qurd gəlsə qapını açmayın ha. Təndiri deyər:
– Əgər desə mən sizin ananızam, onda nə edək? Keçinin bir əli qırmızı idi. Buna görə balalarına deyər:
– Siz hər kəs gəlsə, ondan istəyin ki, öz əlini sizə göstərsin. Əgər əli qırmızı olmasa, bilin ki, o, sizin ananız deyil. Keçi sözün qurtarıb çıxar gedər otlamağa. Qurd bir azdan sonra gəlib qapını döyər. Təndiri deyər:
– Kimdir qapını döyür?
Qurd deyər:
– Mən sizin ananızam. Açın.
Təndiri deyər:
– Əgər sən bizim anamızsansa, əlini göstər.
Qurd işi anlayıb deyər:
– İndicə gəlib əlimi sizə göstərərəm. Qurd tez gedər əlini basar boyaqxana küpünə. Qırmızı rəngdə boyayıb qayıdar keçinin evinə. Qapının dalısından deyər:
– Açın qapını. Təndiri deyər:
– Əgər sən anamızsansa, əlini göstər. Qurd qırmızı rəngə boyanmış əlini qapının aşaqısından onlara göstərər. Balalar baxar görərlər, əl qırmızıdır. Qapını aldanıb açarlar. Qurd qapı açılan kimi cumar bunların üstünə. Şəngilimi, Məngilimi, Küleyini bir dəfədən udar. Amma Təndirini nə qədər çalışar ələ gətirə bilməz. Çünki, o qurdu görən kimi qaçar girər təndirin kül yerində gizlənər. Qurd işi belə görüb ordan çıxıb gedər. Bir az keçəndən sonra keçi daldan gələr. Nə qədər qapını döyər və uşaqlarını səsləyər, onlardan bir xəbər çıxmaz. Buna görə içəri girər. Bu yana, o yana birdən görər ki, bir yerdən bir səs gəlir. Görər Təndiri bunun səsini eşidib təndirdən çıxmaq istəyir. Anası təndirini görüb, bundan soruşar:
– Bəs o birisi qardaşların hardadır? Təndiri başlarına gələn qəza-qədəri anasına söyləyər. Keçi dözə bilməyib gedər qurdun evində çıxar dama. Görər ki, qurd oturub şam yeyir. Qurd ha istər ki, şamı qurtarıb, xəşərlənsin, keçi dırnağı ilə damı deşib torpağı tökər onun şamının içinə. Qurd görər ki, damdan torpaq tökülür, belə deyər:
– O kimdir, damım üstə.
Damım, düvarım üstə.
Hərdən torpaq tökülür,
Aşım, pilovum üstə.
Keçi deyər:
– Mənəm, mənəm mələkcə,
Buynuzlarım kələfcə.
Gözlərim piyalə camı.
Qurd çıxar eşiyə deyər:
– Gəl görüm nə deyirsən? Keçi qurdu xamsıdıb, buynuzu ilə vurar qurdun qarnını cırar. Şəngilim, Məngilim, Küleyi atılarlar eşiyə. Keçi balalarını atıb dalısına qaçırdar evinə. Yenə də balalarını yığıb öz başına şənliklə həyat sürər.
Dostları ilə paylaş: |