Azərbaycan miLLİ elmlər akademiyasi folklor institutu


AŞIQ ƏLƏSGƏRLƏ ZƏRİŞ XANIM



Yüklə 2,22 Mb.
səhifə79/92
tarix07.01.2022
ölçüsü2,22 Mb.
#83325
1   ...   75   76   77   78   79   80   81   82   ...   92
AŞIQ ƏLƏSGƏRLƏ ZƏRİŞ XANIM
Günlərin birində Aşıq Ələsgər yoldaşı Həsənlə çıxmışdı gəzməyə. Həsən dedi:

– Ələsgər, bura kimi gəlmişik, gəl gedək Qılışlı kəndinə, mənim orda bir siğə qardaşım var, onu da görək!

Ələsgər qəbul eləyib, bunlar döndülər Qılışlı kəndinə. Kəndin üstündə bulaq başında kənd qızlarından yığışmışdılar su doldursunlar. Ələsgərin gözü qızların arasında göyçək bir qıza sataşdıqda bir könüldən min könülə onu sevdi. Axı Ələs­gər Səhnəbanu xanımdan sonra təkcə sevdiyi qız elə bu bulaq başındakı idi. Qızlardan birisi Ələsgərə dedi:

– Ay aşıq qardaş, bizə bir tərif deyəsən!

Ələsgər dedi:

– Gözüm üstə.

Sazı köynəyindən çıxardıb başladı:

Axşam-sabah, çeşmə, sənin başına!

Bilirsənmi neçə canlar dolanır?

Bülbül buxaq, lalə yanaq, ay qabaq,

Şahmar zülflü, pərişanlar dolanır.
Afərin xudanın haqq sayına,

Camalları bənzər bayram ayına,

Belə gözəllərin xaki-pakına

Mənim kimi çox qurbanlar dolanır.


Gördüm gözəlliyin bizə bildirir,

Qaş oynadar, xəstə könlüm güldürür,

İşvə ilə, nazınan adam öldürür!

Qəmzəsində, nahaq qanlar dolanır.


Məni qoca gördü, ürpəndi açdı,

Ala gözlərinə gözüm sataşdı,

Huş başımdan getdi, xəyalım çaşdı,

Murguruhum asımanlar dolanır.


Adım Ələsgərdi, Göyçə mahalım,

Dolanım başına, mən dərdin alım,

Hüsnün şöləsinə xəstə xəyalım,

Pərvanələr, şəmistanlar dolanır.

Ələsgər sözün qurtarıb Həsənə dedi:

– Bu qızlardan soruş, gör o guzə dolduran qız kimin qızıdı?

Həsən gördü Ələsgər öz siğa qardaşı İbrahimin qızı Zə­rişi deyir, Ələsgərə dedi:

– Mən onu tanıyıram, indi gedərik evlərinə, atasınnan tanış olarsan!

Həsən Ələsgərlə gəldi İbrahim kişinin qapısın çaldı. İbrahim kişi çıxıb gördü qardaşlığı Həsən, bir də bir aşıqdır. “Xoş gəldiz, gəlin içəriyə!” deyə yol verdi. Bunlar otur­muş­du, Həsən İbrahim kişiyə Ələsgərin onun qızı Zərişi sevdiyini dedi. İbrahim kişi də razı olub dedi:

– Təzə il qabaxdadır, gələrsiz qohum olluq!

Bu anda Zəriş xanım qapıdan içəri girib “xoş gəldiz” deyə oturdu. İbrahim kişi dedi:

– Aşıq, hələ bir ağız bir üçün oxu, eynimiz açılsın!

Ələsgər sazın köhləyib oxumağa başladı:

Bir gözəl gördüm bu gün Yusifi-Kənandan betər,

Gül yanaqdı, ayna qabaq, huri-qılmandan betər,

Gözlər görüb gül camalın, bağrım olub qandan betər!

Dərdlilərə dərman edər həkimi-loqmandan betər.
Ay gözəlim mürüvvət eylə, oduna alışdı Kərəm!

Səhralarda Məcnun kimi “Leyli” deyib ah çəkərəm!

Şirinin Fərhadı kimi sahibi-səngi daşərəm,

Həsrətindən ölmüşəm mən o Şeyxi-Sənandan betər!


Görmədim mən birin belə, gözəllər şahı, müxtəsər,

Bircə görüb ayrı düşən çox çəkər ahı, müxtəsər,

Gül camalı xəcil eylər, şəms ilə mahı, müxtəsər,

Ay qabağın nur şöləsi, mehri-dirəxşandan betər.

Aşıq Ələsgərə “sağ ol” dedilər. Ələsgərin gözləri Zəri­şin yanağındakı cüt xalına düşdükdə dözənməyib birində oxu­du:

Gözəl, sənə məlum olsun,

Alışmışam, yanıram mən!

Ala gözlər süzüləndə,

Canımdan usanıra mən!
Hansı dağın maralısan?

Hayıf bizdən aralısan!

Sən də yardan yaralısan!

Duruşundan qanıram mən.


Mənim adım Ələsgərdi,

Dərdim dillərdə əzbərdi,

Xalları dürrü gövhərdi

Sərrafıyam tanıram mən.

Ələsgərin oxumağı kənd əhlinin qulağına çatıb, hamı yığıldı İbrahim kişinin evinə. Ələsgərdən istədilər onlara bir həqiqətnamə oxusun. Ələsgər saza mizrab endirib oxudu:

Könül, sən ki düşdün eşqin bəhrinə,

Narın çalxan, narın silkin, narın üz!

Dost səni bağına mehman eyləsə,

Almasın dər, gülün iylə, narın üz!
Tikdiribsən saray, eyvan, oda sən,

Bu nökərin, o sevdiyin, o da sən,

Qıya baxdın, məni saldın oda sən!

İnsaf eylə, gəl könlümün narın üz!


Aşıq olan sözün deməz tərsinə,

Tək gəzən dünyada gedər tərsinə,

Tər sinəyə qismət olsun tər sinə,

Narın üzə qoy söykənsin, narın üz!


Rüxsət ver, sözüm deyim Qayım ağa!

Yuyar qəssal, bükər qəddim, Qayım ağa,

Ləzzət verər, bal qatanda qaymağa,

Qaymaqdan da şirin olar narın üz!


Tərlansan, ovlatma sarı, dur gedək!

Bu sarı könlümü sarı, dur gedək!

Ələsgərəm, bizə sarı dur gedək!

Bir dərdimi eyləyibsən narın üz!

Ələsgər oxumağın qurtarıb qonaqlardan biri dedi:

– Ay aşıq Ələsgər, bu dünyanı bəzəyən gözəllərdən də birin oxu!

Ələsgər gözəl sözün eşitçək, sazın bağrına basıb oxudu:

Çərşənbə günündə çeşmə başında,

Gözüm bir ala göz xanıma düşdü

Atdı müjgan oxun, keçdi sinəmdən,

Cadu qəmzələri qanıma düşdü.
İşarət eylədim, dərdimi bildi,

Gördüm həm gözəldi, əhli-dildi,

Başını buladı, gözündən güldü.

Güləndə qadası canıma düşdü.


Hər yetən gözələ gözəl demərəm.

Gözəldə gərəkdi işvə-naz ola.

Buxağından ətiri-bənövşə gələ,

Qoynu gülşən ola, bahar, yaz ola.


Hər gündə həsrət ilə sarışa,

Deyə, gülə, şirin-şirin danışa,

Əl dəyəndə tez-tez küsə, barışa,

Ortalıqda söhbət ola, saz ola.


Nə uzun, nə gödək, münasib gərək,

Ağzı, burnu nazik, dodaq kip gərək,

Əndam bülul, bədən göldən saf gərək,

Baxtın vura, bu nişanda qız ola.

Sözlər qurtarıb yedilər-içdilər, məclis dağıldı. Hamı ya­tı­şıb kənd yuxuya daldı. Səhər tezdən Aşıq Ələsgər Həsənlə kənddən çıxıb Göyçəyə sarı yola düşdü. Aylar ötdü, Zərişin gözü yolda qaldı. Ələsgərin Qılışlı kəndindən çıxdığı il yarım oldu. Ələsgər gəlib çıxmadı. Zərişin elçiləri biri getdi, o birisi gəldi. İbrahim kişi gördü Ələsgər gəlib çıxmadı, Zərişi kənd oğlanlarının birinə adaxladı. Demə Ələsgərin başı el-obada toya qarışır, yadından çıxır ki, gözü yolda qalanı var. Bir gün sevdiyi gözəl yadına düşdü, yoldaşı Həsəni götürüb kəndinə yollandı. Kəndə çatıb gördü Zəriş qızlarla bulaq başında,əlləri də xınalıdır. Duydu gec gəlib, qız nişanlanıb. Qorxa-qorxa üz tutub Zərişə: “Qız olmaya adaxlanıbsan?!” dedi. Zəriş dedi: “Hə, gözlədim, gəlmədin, məni adaxladılar. Ələsgərin ürəyi kövrəlib yanıb yaxıldı. Sazı bağrına basıb güclən mizrabı en­dir­di saza, ürək sözlərin düzdü sazın tellərinə:

Çərşənbə günündə çeşmə başında,

Gözüm bir ala göz xanıma düşdü.

Atdı müjgan oxun, keçdi sinəmdən,

Güləndə qadası canıma düşdü.
Ələsgərəm, hər elmidən halıyam,

Dedim sən dərdlisən, mən yaralıyam!

Dedi: nişanlıyam, özgə malıyam!

Sındı qol-qanadım, yanıma düşdü!

Ələsgərin sözü qurtarıb Zəriş dedi:

– Mən necə edim, səni çox gözlədim, gəlmədin, atam da məni verdi ayrısına.

Ələsgər dedi:

– Ay zalım qızı, bir qulaq as!

A bimürüvvət, nain, safın balası!

Mən səni seçmişdim sağ ürəyimdə.

Həsrət çəkdin, ortalığa qan atdın!

Qara nöqtə qoydun ağ ürəyimdə!


Mərifət şərbbətin içə bilmirəm!

Şəriət dəryadı, keçə bilmirəm!

Sirr-sözümü yada aça bilmirəm!

Qaldı qiyamətə dağ ürəyimdə!


Ələsgər çıxmaz heç qəm libasından!

Gözü doymur gözünün təmənnasından!

Cəhənnəm xofundan, eşq havasından,

Əridi, qalmadı bağ ürəyimdə!

Həsən gördü Ələsgərin halı yaman pozulub, dedi:

– Gəl gedək İbrahim kişinin yanına, görək bu nə oyun­du?

Ələsgər qəbul eləməyib yapışdı Həsən kişinin əlindən, qayıtdılar Göyçə mahalına. Sonralar Ələsgər Anaxanımı alıb şən ömür sürüb yaşadı.


Yüklə 2,22 Mb.

Dostları ilə paylaş:
1   ...   75   76   77   78   79   80   81   82   ...   92




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin