Ədəbiyyat:
-
Caferoğlu A. Azerbaycan dil ve edebiyatının dönüm noktaları.- Ankara, 1953. – 26 s.
-
Məmmədov M. M.Ə.Sabir irsinin nəşri tarixinə dair. “Hophopnamə”nin I cildinə ön söz.- Bakı, 2004. - S.4-34.
-
Resulzade M.Ali. Katran hakkında notlar // “Azerbaycan yurt bilgisi”. - İstanbul, 1933. - Sayı 23. - S.413-414.
-
Resulzade M.Ali. Seyit Azim Şirvaninin basılmamış bir şiiri münasibetile // “Azerbaycan yurt bilgisi”. - İstanbul, 1933. - Ssayı 24. - S.449-457.
-
Resulzade M.Ali. Azeri türklerin hayat ve edebiyatında neşe // “Azerbaycan yurt bilgisi”. - İstanbul, 1934. - Sayı 25. - S.20-23) ; Sayı 26. - S.61-66. - Sayı 27. - S.113-120.
-
Resulzade M.Ali. Mehsiti Gencevi // “Azerbaycan yurt bilgisi”, İstanbul, 1934. - Sayı 30. -S.239-240.
-
Resulzade M.Ali. Genceli Nizami // “Azerbaycan yurt bilgisi”, İstanbul, 1934. - Sayı 31. - S.274-277.
Kamala Najafovova
THE LİTERATURE İNVESTİGATIONS İN M.ALİ RASULZADEHS
“AZERBAYCAN YURD BİLGİSİ”
Summary
Mohammed Ali Rasulzadeh was one of the most intelligent emigrants active in the Azerbaijani emigration press. The article examines the writings of Rasulzadeh in the magazine “Azerbaycan yurd bilgisi”. Theri is special position and importance of “Azerbaycan yurd bilgisi” magazine in the history of the Azerbaijan migration media. The staff of magazine under a uspicious of Mr. Ahmad Jafaroglu (editor-in chief) gave signifficant attention for our literature to be learned, engaged in systematic of its investigations, published scientific works that meets the actual problems and requirements of the present period.
SƏBA NAMAZOVA
Gəncə Dövlət Universiteti,
filologiya üzrə fəlsəfə doktoru
seba8080@mail.ru
ƏHMƏD BƏY AĞAOĞLUNUN PUBLİSİSTİK FƏALİYYƏTİNƏ DAİR
Azərbaycan xalqının yetirdiyi qüdrətli şəxsiyyətlərdən olan Əhməd bəy Ağaoğlu həyatının 1892-1939-cu illər dönəmində Azərbaycan, türk, fars, rus, fransız dillərində yüzlərlə məqalə qələmə almış və onlarda tarix, fəlsəfə, ədəbiyyat, siyasət, gündəlik həyat məsələlərini, zamanın aktual problemlərini özündə ehtiva edən çeşidli mövzulara toxunmuş, bu kontekstdə hərtərəfli şərh vermişdi. Yaşadığı tarixi dövrün elə bir əhəmiyyətli siyasi hadisəsi, Rusiya və Osmanlı imperiyalarında, o cümlədən islam aləmində elə bir ictimai proses olmamışdı ki, Əhməd bəy Ağaoğlu ona yaradıcı münasibətini bildirməsin. O, “La Nouvelle Revue”, “Journal des debats”, “Şərqi-Rus”, “Həyat”, “İrşad”, “Tərəqqi”, “Sirati-müstəqim”, “Türk aləmi”, “Türk yurdu”, “Hakimiyyəti-milliyə”, “Cümhuriyyət”, “Axın” və başqa qəzet, jurnallara çox sayda, məzmun və mündəricə baxımından müxtəlif olan publisistik yazılarını ünvanlamışdı. Əhməd bəy Ağaoğlunun zəngin ədəbi-elmi, siyasi-publisistik irsinin mühüm hissəsi məhz adları qeyd edilən mətbu orqanların səhifələrində silsilə şəkildə yer almış, müəllif öz məqalələrində doğma xalqının vəziyyətindən, türk-islam dünyasının problemlərindən həssaslıqla bəhs etmişdi. Onlardan biri də “Bakı hadisələri haqqında həqiqət” sərlövhəli məqaləsidir. Burada Əhməd bəy Ağaoğlu 1905-ci ilin fevralında ermənilərin fitnəkarlığı nəticəsində Bakıda başlamış və qısa zamanda sürətlə Qafqazın ermənilərlə azərbaycanlıların birgə yaşadıqları digər ərazilərinə də yayılmış münaqişə haqqında Azərbaycan tərəfinin mövqeyini əks etdirən məqamları publisistik qələmlə diqqətə çatdırmışdır.
Qeyd edək ki, həmin məqalə “Sankt-Peterburqskie vedomosti” qəzetinin 21-22 aprel 1905-ci il tarixli saylarında işıq üzü görmüşdü. Məqalədəki sətirlərə diqqət edək:
“Bakı qırğını ətrafında təşkil olunmuş təbliğat bütün gözlənilən hədləri aşıb keçmişdir. Yalnız bizim rus mətbuatı deyil, əcnəbi mətbuat da hər gün ən qərəzli, ən kobud və misli-bərabəri görünməmiş məqalə və xəbərlərlə, “işıqlandıran” və “aydınlaşdırılan” yazılarla doldurulur. Qanlı Bakı günlərinin bir neçə yüz bədbəxt qurbanının çəkdikləri əzablar və ölümləri haqqında deyilənləri cürbəcür şəkillərə salıb şitini çıxarırlar. Təbliğata rəhbərlik edən bacarıqlı əllər bütün vasitələrdən istifadə edir və nə yolla olursa-olsun, öz çirkin məqsədlərinə çatmağa can atırlar” (1, 339).
Göründüyü kimi, Əhməd bəy Ağaoğlu 1905-1906-cı illərdə ermənilərin Qafqazda törətdikləri qanlı hadisələrə qarşı da zamanında öz mövqeyini bildirmiş, hətta o dövrdə “Difai” müdafiə təşkilatını yaradaraq çar məmurlarının və erməni daşnaklarının əsl simasını açan kəskin məqalələrlə mətbuatda çıxışlar etmişdi.
“Şərqşünasların konqresində” başlıqlı məqaləsini isə Əhməd bəy Ağaoğlu “Kafkaz” qəzetinin Beynəlxalq London Konqresi haqqındakı təəssüratlarını bölüşməsi barədəki istəyinə cavab olaraq yazmış və Tiflisə göndərmişdi. O dövrdə Əhməd bəy həmin qəzetlə olduqca sıx əməkdaşlıq edir, yazılarını dərc etdirirdi.
Yeri gəlmişkən, 1892-ci ilin sentyabrında Əhməd bəy Ağayev (Ağaoğlu) Londonda keçirilmiş Avropa şərqşünaslarının IX Beynəlxalq Konqresində iştirak etmişdi. Sözü gedən mötəbər tədbirdə o, şiəlik məhzəbinin İranın qədim dini təlimlərindən biri olan məzdəkizmlə əlaqəsinə dair fikirlərini bölüşmüş, həmçinin o əsnada Məhəmməd Peyğəmbərin yaxın əshabələri sırasına daxil olan Salman əl-Farsinin və bütünlükdə İran amilinin yeni dinin formalaşmasındakı mühüm təsiri məsələsinə münasibət bildirmişdi. Sürəyya Ağaoğluya görə, bu məruzədən xeyli dərəcədə razı qalan İran hökmdarı Nəsrəddin şah hətta ona brilyant qaşlı üzük bağışlamışdı. Məruzənin fransız dilində olan mətni ilk dəfə 1892-ci ildə “Les Croyances mazdeennesdans la religion chiite” adı ilə Konqresin E.Delmar Morqan tərəfindən hazırlanmış materiallarında dərc edilmişdi. Bununla yanaşı, həmin materiallar 1968-ci ildə Londonda təkrar nəşr olunmuşdu.
“Şərqşünasların konqresində” adlı məqalə Əhməd bəy Ağaoğlunun səfər təəssüratlarından daha çox ayrıca elmi araşdırma təsiri bağışlayır və müəllifinin elmi-nəzəri təfəkkürünün hüdudlarının genişliyi, ictimai fəallığı, qələmə aldığı mövzulara müfəssəl bələdliyi haqqında aydın təsəvvür formalaşdırır.
Belə ki, Əhməd bəy Ağaoğlunun hərtərəfli müşahidələrə və təhlilə əsaslanan bu məqaləsində səfər zamanı bilavasitə şahidi olduğu kitabxananın təsvirinə dair qeydləri məxsusi olaraq nəzəri cəlb edir:
“Kembric universitetinin çox zəngin kitabxanası vardır. Hər professor və tələbə (onlar hamısı universitet binasında yaşayırlar) bu kitabxanadan istifadə edə və lazım olan kitabları evə apara bilər.
Şərq dillərindən fars, ərəb və Suriya dilləri burada uğurla tədris olunur. Təəccüblüdür ki, Şərqlə bütün digər ölkələrdən daha çox siyasi və iqtisadi əlaqələrə malik olan İngiltərədə indiyə qədər Şərq dillərini öyrədən heç bir hökumət məktəbi yoxdur. Digər başqa təşəbbüslər kimi bu iş də xüsusi şəxslərin öhdəsinə buraxılmışdır. Lakin həmin şəxslərin təşkil etdikləri məktəblərdə oxumaq çox baha başa gəlir və hər adama müyəssər olmur. Məsələn, Kembricdə yaşamaq və mühazirələri dinləmək üçün ildə ən azı 6000 frank ödəmək lazımdır. İngilislərin digər avropalılarla müqayisədə Şərqi az tanımalarının və Şərq insanının təbiətinə az bələd olmalarının səbəblərindən biri də budur” (1, 326-327).
Publisistik yazıların məzmunundan açıq-aşkar sezilir ki, “Ə.Ağaoğlunun yazdığı məqalələr məsələnin qoyuluşuna, problemlərin ciddiliyinə və ictimailiyinə görə seçilir və getdikcə müəllifini ictimai-siyasi hadisələrin mərkəzinə atırdı” (2, 92).
1905-ci il inqilabından sonra ictimai-siyasi, sosial-mədəni həyatda baş verən ciddi dəyişikliklər, oyanış meyilləri milli düşüncəyə köklənmiş ziyalıların, o cümlədən onların ən öncül nümayəndələrindən sayılan Əhməd bəy Ağaoğlunun da fəaliyyətinə təsirsiz ötüşmədi. O dövrdə Əhməd bəy Ağaoğlu, Əli bəy Hüseynzadə, Əlimərdan bəy Topçubaşov Hacı Zeynalabdin Tağıyevin maddi köməyi və naşirliyi ilə gündəlik “Həyat” qəzetinin nəşrinə başladılar və qısa müddətdə milli ruhlu ziyalıları, xeyli sayda istedadlı qələm adamlarını bu mətbu orqanın ətrafına cəm edə bildilər.
Sovetlər dönəmində Əhməd bəy Ağaoğlunun ədəbi irsi, ictimai fəaliyyəti haqqında çoxsayda tənqidlər deyilmiş, onun barəsində “burjua mühərriri” kimi yanlış düşüncə formalaşdırılaraq o adla damğalamağa cəhdlər edilmişdir. Bununla da böyük qələm sahibinin zəngin yaradıcılığı tədqiqatlardan demək olar ki, tamamilə kənarda qalmışdı.
Görkəmli publisist Ömər Faiq Nemanzadə “Şərqi-Rus” qəzetində dərc etdirdiyi “Əhməd bəy Ağayev” adlı məqaləsində bu böyük şəxsiyyətin yaradıcılığına dair düşüncələrinə aşağıdakı sətirlərdə hərtərəfli aydınlıq gətirmişdi:
“Bir az həmiyyəti-milliyəsi, məlumatı-elmiyyəsi olan Qafqaz müsəlmanları içində cənab Əhməd bəy Ağayev namını bilməyən yoxdur sanıram. Ancaq pəkuzaqda bulunan qardaşlarımızın bu ali zatı lazım olduğu dərəcədə tanımadıqları zənni ilə bu məqaləmlə bir cüzi də olsa nəzər diqqətlərini cəlb etmək istərəm. İstərəm ki, hər mömin qardaş fürsət fot etməyərək bu millətpərvər mühərrir-aliqədrin yazdıqlarından, əsərlərindən vaxtı ilə istifadə etsin” (3, 48).
Mətbuatın yeni mərhələyə qədəm qoyması yolunda fədakarcasına çalışmış, xalqın milli kimliyini dərk etməsi istiqamətində sonsuz cəsarət və qətiyyət nümayiş etdirmiş əsl fikir nəhəngi Əhməd bəy Ağaoğlunun publisistik fəaliyyətində də millətin yüksəlişi naminə çağırışlar əsas yer tuturdu.
Ədəbiyyat:
-
Ağaoğlu Ə. Seçilmiş əsərləri / ön söz., izah və şərh. müəllifi: V. Quliyev. - Bakı: Şərq-Qərb, 2007. - 392 s.
-
Əhmədov B. XX əsr Azərbaycan ədəbiyyatı tarixi. 3 cilddə. C.1. - Bakı : Elm və təhsil, 2011. - 480 s.
-
Nemanzadə Ö. F. Seçilmiş əsərləri. – Bakı : Yazıçı, 1992. - 536 s.
Saba Namazova
AHMED BEY AGAOGLU’S PUBLİCİST ACTİVİTY
Summary
The mission to serve for the Azerbaijani people’s national self-consciousness and awakening was the basis of Ahmed bey Agaoglu’s public, political and publicist activity. At the invitation of Haji Zeynalabdin Taghiyev, Ahmed bey Agaoglu started his career in Baku at “Kaspi” (1897), and by expanding his work in this field at the beginning of the last century served as author and editor of such newspapers as “Hayat” (Life), “Irshad” (Guidance) in 1905-1908, “Taraggi” (Progress) in 1909. He also published his political and scientific articles in “Sankt-Peterburqskie vedomosti” (Saint Petersburg News), “Caucasus”, “Terek”, and “Birjeviye Vedomosti” (The Stock-Exchange Gazette) newspapers.
“Hayat”, “Irshad”, “Taraggi” newspapers which had been published under Ahmed bey Agaoglu’s editing and authorship, who loyally served for the people’s national rise with his unique pen and regularly made speeches in the press pages, encouraged the formation of people’s national feelings. At the same time, numerous publicist publications in different genres which had been published in these newspapers analyzed the issues that were of great importance in the history of nation. All this, first of all, sparked the light of enlightenment and culture among the people.
GÖYƏRÇİN MUSTAFAYEVA Nizami Gəncəvi adına Milli Azərbaycan Ədəbiyyatı Muzeyi,
filologiya üzrə fəlsəfə doktoru
goyercin.mustafayeva@yandex.com
AZƏRBAYCAN İSTİQLAL MÜCAHİDLƏRİ
XX əsrin əvvəlləri azadlıq sevinci 23 ayla bitsə də əsrin sonları azadlığımızı, bayrağımızı yenidən qazandıq. Bu illər ərzində Azərbaycan yazıçılarının böyük bir qismi öz inqilabi, mütərəqqi ideyalarını ifadə üçün bəzən simvolik təsvir vasitələrinə və folklor təşheblərinə də müraciət edirdilər.
1918-1920-ci illərdə, milli istiqlаlımızı tərənnüm edən şаirlərdən Sabir, Qəmküsar, Əli Nəzmi kimi realistlər, Hadi, Səhhət, Cavid, Şaiq kimi romantiklər, Əhməd Cavad, Üm Gülsüm, Mikaiyıl Müşfiq kimi azadlıq, istiqlaliyyət arzularıyla yanıb-tutuşan istəklərini qanlarıyla kagıza yazan ölməz sənətkarlar iz qoymuşlar.
Əsrin əvvəllərində yaradıcılıqlarında ictimai məzmun, inqilabi motivlər, vətən sevgisi üstünlük təşkil edən Hüseyn Cavid, Əhməd Cavad, Üm Gülsüm, Abdulla Şaiq, Məhəmməd Hadi, Abbas Səhhət, əsrin sonlarında isə Xəlil Rza Ulutürk, Bəxtiyar Vahabzadə kimi bütün həyatını amalı yolunda, “parlaq istiqbal” yolunda sərf edən, vətənpərvər şairlərimizin poeziyasında milli azadlıq və istiqlaliyyət mövzusu başlıca yer tutur. Azərbaycan Demokratik Respublikası dövründə yazılmış şeirlərdə isə bu özünü daha bariz şəkildə göstərir. Bu dövrdə yazılmış şeirlərdə Azərbaycan Demokratik Respublikasının fəaliyyətindən, xalqa bəxş etdiyi azadlıqdan, demokratiyadan, sülh ideyalarından həvəslə bəhs edilir, “İqbal”, “Yeni iqbal”, “Açıq söz”, “İstiqlal”, “Azərbaycan”, “Ədəbiyyat” , “Birlik”, “Qurtuluş”, “Məktəb”, “Füqəra füyuzatı”, “Şərq qadını” və s. qəzet və məcmuələrdə ardıcıl olaraq çap olunurdu.
Şeirlərdə milli qürur, xalqın əsrlər boyu öz azadlığı yolunda çəkdiyi əzab-əziyyətlər, türklüyə sonsuz məhəbbət hissi çox güclüdür. Hüseyn Cavid, Əhməd Cavad, Cəfər Cabbarlı, Üm Gülsüm, Abdulla Şaiq, Məhəmməd Hadi, Abbas Səhhət yaradıcılığının ən məhsuldar dövrü 1917-1920-ci illərə təsadüf edir. Bu illərdə Məhəmməd Hadinin “Türkün nəğməsi”, “Zəfəri-nəhayəyə doğru”, “Şühədayi-hürriyyətimizin ərvahına ithaf”, “Qürbət ellərdə yadi-vətən”, “Ümid ilə yaşayın!”, Üm Gülsümün “Turan düyünü”, “Səs verəlim”, “Ey türk oğlu”, “Çəkil, dəf ol”, “Əsgər anası”, “Yolunu bəklərdim”, “Bu yılkı mayısda”, “Bir qız üçün”, “Bayrağın enərkən” , “Hicran” , Əhməd Cavadın “Milli bayrağımıza”, “Ey əsgər”, “Bismillah”, “İstanbul”, “Qalx”, Cəfər Cabbarlının “Sevdigim”, “Azərbaycan bayrağına”, “Sevimli ölkəm”, “Dün o gözlərdə” kimi bir-birindən gözəl şeirlər yazılır. Üm Gülsüm yaradıcılığında vətən sevgisi bir tərəfdən milli istiqlal uğrunda mübarizə, onun tərənnümü, digər tərəfdən isə xalqı Azərbaycanın milli istiqlalına səsləməsi, onu qoruyub saxlamaq əsas yer tutur.
Ey Türk, sən ey qəhrəman, yigit oğlu Turanın!
Şanlı, yüksək babanın ögüdünü unutma.
Sən də yürü o yolu.
Yürü, əvət özünü heç bir şeydən qorxutma. (1)
Üm Gülsümü təkcə Azərbaycan türklərinin deyil, bütövlükdə türk xalqlarının taleyi narahat edir. Onun “Turan düdüyü” şeirində bu mövzu özünü daha qabarıq şəkildə göstərir.
Məskənimiz həp fəlakət bucağı,
Bəstərimiz fırtınalar qucağı.
Sönmüşmüdür əcəb Türkün ocağı,
Anadolu nərdə,Turan nərədə? (2. 141)
Hadi yaradıcılığında “istiqlal” mövzusu daha üstün yer tutur. “İstiqlalımız parlaqdır”, “İrəliyə doğru gedəlim!”, “Ümid səhneyi-təmaşayi-həyatın ruhudur” kimi şeirlər bu mövzuda yazılmış əsərlərdir.
Ey ol vəqti görən məsud, unutma bizləri yad et!
Ey yoldu həsrət ilə can verən əhvalı tedad et! (3.92)
“Azadlıq”, “istiqlal” arzuları ilə ruhlanan şair şeirdə öz kədərlərini elə məharətlə qəzəb və intiqam hissinə çevirir ki, bu hisslərin od-alovunu düşmənin başına tökür. Hadinin yaradıcılığı şeirlərindən ibarət olmamış, o yazdığı məqalələri ilə də xalqa, vətənə xidmət etmişdir.
Abdulla Şaiqin lirikasında vətənin ehtiyac və dərdlərindən, zülm və istibdadın dözülməzliyindən,”çörək dərdi” çəkən analardan, “sərvətə satılan” qızlardan, yoxsul kəndli məişətindən, “zillət və fəlakətlərdən” danışdığı zaman oxucu onun sözlərini xalqını, millətini düşünən bir istiqlal şairinin sözləri kimi qəbul edir. Bu, şairin “Parçalar” şeirlərində də özünü göstərir:
Səbəbi-iğbir arımı sorma
Olmamaq olur bun dəhr kamımca.
Budur,ey vah,baisi-ələmim:
Vətəni görmədim məramımca! (4.56)
Bütün yaradıcılığı boyu A.Saiq vətənini azad, xalqını xoşbəxt görmək arzusundadır. Şairin azadlığa, istiqlala həsr etdiyi “Yad et!”, “Parçalar”, “İrəli!”, “Simurq quşu” kimi şeirləri diqqəti cəlb edir.
O dumanlı, fırtınalı keçmişlərdən uzaqlaş!
Odlu, mətin addımlarla yürü,yürü, durma, marş!
İrəli, inan ki, bir cənnət qədər cahan var,
Sabah günəş orda doğar, səadət orda parlar! (4.86)
Əhməd Cаvаdın Xаlq Cümhuriyyəti və bir qədər оndаn əvvəlki dövr həyаtı və yаrаdıcılığı təkcə Аzərbаycаn istiqlаlı uğrundа dеyil, həm də Türkiyənin аğır gеоsiyаsi vəziyyətə düşdüyü о illərdə qаrdаş еllərin istiqlаlı uğrundа mübаrizə salnаməsi kimi səslənir.
О sеvdiyim mərmər sinəli yаrın,
Diyоrlаr qоynundа yаbаnçı əl vаr.
Bаxıb üfüqlərə, uzаq yоllаrа,
Аğlıyоrmuş mаvi gözlü аxşаmlаr.» (5.7)
Azərbaycanda istiqlal bir xəyаl kimi tеz gəlib kеçdi.
XX əsrdə “23 ayın”, “azadlığın”, “istiqlalın” həsrətini çəkən Azərbaycan xalqı yeni Cavidlər, Cavadlar, Müşfiqlər, Hadilər, Üzeyirlər dünyaya gətirdi. Azərbaycan xalqı bitib tükənməyən sərvətinin sonsuzlugunu düşmənə bir daha sübut etdi. Bəxtiyar Vahabzadə, Xəlil Rza Ulutürk kimi bir cox şairlərimiz xalqı əsrimizin sonlarında azadlıga səsləyən və bu azadlığı sonsuza qədər əldə etməyə nail olan sənətkarlarımız doguldu.
Milli istiqlalımızın poetik nəğməkarı, azadlıq və demokratiya uğrunda hərəkatın inkişafında tarixi xidmətləri olan ziyalılardan biri də xalq sairi Xəlil Rza Ulutürkdur. Şair XX əsrin 50-ci illərində yaradıcılığa başlayıb, 60-70-ci illərdə bir sənətkar kimi püxtələşən İkinci Respublika dövrünün yasaq çərçivələrini parçalayıb əsərləri və ictimai fəaliyyətilə rejimə meydan oxuyan, 80-90-cı illərdə Azərbaycanın azadlığı və istiqlalı uğrunda mübarizəni öz yaradıcılıq və vətəndaş amalına çevirən görkəmli xalq şairimizdir. “Böyük məsuliyyətlə və özünə qarşı amansız tələbkarlıqla hüdudlanan fasiləsiz idrakı axtarışlar və tapıntılar Xəlil Rza Ulutürkün lirik qəhrəmanının başlıca əlamətlərindən biri, bəlkə də birincisidir.” (6. 8)
Vətənin azadlığı, isdiqlalı üçün səsini ucaldan şair:
...Alın paltarında nadan görəndə
Bir az addımını ləngidir Vətən,
Mərdlərin əliylə ağ ciyərlərin
Üzünə çırpılan sillədir Vətən (6. 48 )
“Böyük sairimiz Bəxtiyar Vahabzadənin dediyi kimi: “Xəlil Rzanın böyüklüyü ondadır ki, o doğma törpağının azadlığı, xalqının səadəti yolunda öz canından belə keçməyə hazır olan, son dərəcədə cəsarətli, qeyrətli şair-vətəndaş idi. Onun zəngin və mərdanə poeziyası da məhz Vətən və xalq idealları ilə mayalandığı üçün əsrlər boyu ürəklərdə yaşayacaqdı.” (7. 9)
Xəlil Rza Ulutürk yaradıcılığında türkçülük, turançılıq, türk birliyi gücünü hər zaman “Azadlıq meydanı”, “Qalx ayağa, Azərbaycan”, “Sən alçaqsan”, “Boz qurda öygü”, “Azərbaycan türkcəsi”, “Türk” və s. şeirlərində tərənnüm etmişdir.
Milli azadlıq və demokratiya uğrunda hərəkatin inkişafında tarixi xidməti olan ziyalılardan biri də dahi şairimiz Bəxtiyar Vahabzadədir.
Bəxtiyar Vahabzadə 60-cı illərdən başlayan milli azadlıq hərəkatının fəallarından biri idi. Şair, dramaturq, ədəbiyyatşünas, Azərbaycan Yaziçilar birliyinin üzvü, Azərbaycan Xalq şairi, filologiya elimləri doktoru, professor, Azərbaycan MEA-nin həqiqi üzvü, Əməkdar İncəsənət xadimi, Azərbaycan Dövlət Mükafatı Lauratı, millət vəkili, ən önəmlisi də millətinin azadlıgı ugrunda qələmini süngüyə çevirmiş Bəxtiyar Vahabzadə.
Yaşar Qarayevin dediyi kimi: “Bəxtiyar Vahabzadə üçün ayrıca bir “tarixilik” anlayışı yoxdu; ayrıca bir ənənəvi, milli xarakter; ayrıca bir müasir “intellektual qəhrəman” yoxdur. Onun üçün yalnız eyni, vahid, yekparə varlıq müqəddəs, ədəbi Azərbaycan vardır”. (8.196)
Şairin 1958-ci ildə yazdıgı “Gülüstan” poemasına görə “millətçi” damğası vurularaq 1962-ci ildə Azərbaycan Dövlət Universitetindən xaric edilir. Poemada iki yerə parçalanmış Azərbaycanın tarixi faciəsini dilə gətirmiş şair, rus və fars imperiyasının pəncəsi altında vətən uğrunda ədalətli mübarizəyə qoşulmuşdu. Şair Sovet rejimində milli varlığı tapdanan, hər cür zülmə məruz qalan millətinin dərdini rəmzlər və müxtəlif ədəbi üsullarla ifadə etmiş, iri həcmli poema və pyeslərində öz xalqının dərdlərini dilə gətirmişdi. Sovet rejimi dövründə yazılan bu səpgili şeirlərini şair yalnız Sovet İttifaqı dağılandan sonra, “Sandıqdan səslər” başlığı altında nəşr etdirir. 20 yanvar faciəsinə indiyədək c çox əsərlər, məqalələr, şeirlər yazılıb. Lakin bu faciəyə yüksək səviyyədə həqiqi siyasi qiymətini öz qələmilə Bəxtiyar Vahabzadə verib.
Şairin “Şəhidlər” kitabında gedən “Nə istəyir bu millət?”, “Təzadlar içində”, “Eşq olsun sizə”, “Matəm mərasimi”, “Xəcalət”, “İlham-Fərizə”, “İki gün sonra”, “Şəhidlər”, “Son” kimi xalqın agrı-acılarını göstərən şeirlər şairin bu hadisəni əks etdirən dəyərli əsərləridir.
“Şəhidlər” şeirində:
Qatil gülləsinə qurban gedərkən,
Gözünü sabaha dikdi şəhidlər.
Üç rəngli bayragı öz qanlarıyla
Vətən göylərinə çəkdi şəhidlər. (9.45)
Bəxtiyar Vahabzadə bir vətəndaş kimi öz duyğularını, millətinin bu acı anlarını şeirlərində əks etdirir, xalqı ilə bərabər “Qara yanvarı” yaşayır.
Xalqın dərdinə şərik olan şair hər zaman millətin azadlığı, istiqlalı ugrunda qələmi ilə mübarizə aparmış, şeirlərində türk xalqının qanı bahasına olsa belə, heç vaxt məglub olmayacağini, hər bir misrasında səsləndirir.
Azərbaycan xalqı XX əsrin əvvəllərində 23 ayda qoruyub əldə saxlaya bilmədiyi azadlıgına, 1993-cü ildə Ulu öndərimiz Heydər Əliyevin güclü siyasəti və vətən ogullarının, şəhidlərimizin tokdüyü qanı bahasına yenidən qovuşdu. Bayrağına, gerbinə, müstəqilliyinə sarılan millət bir daha sübut etdi ki, Azərbaycan dövləti gec də olsa itirdiklərinə sahib çıxır.
Hadinin dediyi kimi: “Əgər vətən azadlıq, istiqlaliyyət kimi müqəddəs nemətlərdən məhrum isə, onda bəs onun nəyi vardır?”
XXI əsrdə Azərbaycan xalqı bir daha sübut etdi ki, onun “azadlığı”,“istiqlaliyyəti” və ən güclü dövlətlər sirasında dayanacaq “qüdrəti” vardır.
Ədəbiyyat:
-
“Açıq söz” qəz. - 1918. - 20 fevral .
-
Bаyrаmоğlu А. Аzərbаycаn Dеmоkrаtik Rеspublikаsı dövründə ədəbiyyаt. - Bаk : Еlm, 2003. - 275 s.
-
Hadi M. Seçilmiş əsərləri. – Bakı : Azərbaycan Universiteti Nəşriyyatı, 1957. - 186 s.
-
Şaiq A. Seçilmiş əsərləri. – Bakı : Azərnəşir. 1948. - 167 s.
-
Bаykаrа H. Аzərbаycаn istiqlаl mücаdiləsi tаrihi. – Istаnbul, 1975. - 380 s.
-
Ulutürk. Xəlil Rza. Türkün dastanı. ( Şerlər, poemalar).- Bakı : Gənclik, 2000. - 800 s.
-
Ulutürk Xəlil Rza.Mənə bənzə : (məqalələr). – Bakı : Gənclik,2000. - 7708 s.
-
Qarayev Y. Tarix yaxından ve uzaqdan. – Bakı,1996. - 712 s.
-
Vahabzadə B. Şəhidlər. Poema. – Bakı : Elm, 1990. - 45 s.
Goyarchin Mustafaeva
AZERBAİJAN FOLLOWİNG İNVESTİGATİONS
Summary
The author of the given article notes the patriotic, public essence of the creation of such poets of Azerbaijan of the XX century as Ahmad Javad, Abdullah Shaig, Jafar Jabbarly, Umgulsum, underlines the interchange of these ideas with the creation of Bahtiar Vahabzadeh.
MÜZƏFFƏR İBRAHİMOV
Gəncə Dövlət Universiteti,
baş müəllim
gunay-ismayilova-gdu@rambler.ru
CÜMHURİYYƏT DÖVRÜNÜN ƏDƏBİ İNCİLƏRİ
Azərbaycanda Xalq Cümhuriyyətinin qurulması ölkəmizdə ictimai həyatda olduğu kimi, mədəni, ədəbi həyatda böyük bir canlanmaya təkan verdi. 1918-1920-ci illərdə Məhəmməd Hadi, Hüseyn Cavid, Abdulla Şaiq, Cəfər Cabbarlı, Əhməd Cavad, Əli Yusif poeziya sahəsində uğurlar qazandılar. Məhəmməd Hadi “Əsgərlərimizə, könüllülərimizə”, “Məfxureyi-aliyəmiz”, “Şühədayi- hürriyyətimizin əhvalinə-ithaf” kimi şeirlərində əldə edilən milli azadlığın qorunub saxlanması uğrunda millətini mübarizəyə səsləyir.
Azərbaycan Xalq Cümhuriyyətinin hakimiyyəti illərində ədəbiyyat, teatr və musiqi, təsviri sənət və memarlıq sahələrində bir canlanma yarandı. Professional teatrımızın tarixi 1873-cü ildən başlasa da, yalnız cümhuriyyət dövründə dövlət teatrı statusu aldı. Öz binası olmadığı üçün Mayılov qardaşları teatrı binasının məcburi surətdə, lakin ədalətli qiymətləmilli teatrımız üçün alınması barədə qərar qəbul edildi. O dövrdə teatr tamaşaçılar qarşısına zəngin repertuarla çıxırdı. Bu səhnədə Mirzə Fətəli Axundzadə, Nəriman Nərimanov, Əbdürrəhim bəy Haqverdiyev, Nəcəf bəy Vəzirov, Cəlil Məmmədquluzadə, Hüseyn Cavid və Cəfər Cabbarlının əsərləri ilə yanaşı, dünya klassiklərinin əsərləri də oynanılırdı. Azərbaycan aktyorları ölkənin hüdudlarından kənara qastrol səfərlərinə çıxırdılar. Türkiyə qəzetləri yazırdı ki, "Qafqazın zəngin səhnələrində çıxış etməyə alışmış aktyorlar qətiyyən Avropanı yamsılamadan, öz milli xəzinələrindən götürülmüş və bizim ruhumuza tamamilə uyğun tamaşalar verirlər". (4, 183)
Türkçülük ideyaları ilə köklənmiş Abdulla Şaiqin yaradıcılığında Xalq Cümhuriyyətinə bəslənən hörmət və ehtiram əsasdır. “Yeni Ay doğarkən”, “Marş”, “Vətənin yanıq səsi”, “Arazdan Turana” şeirlərində vətəndaş şairin qəlbinin səsi duyulur. Bu şeirlərdə azad, müstəqil dövlətə, Xalq Cümhuriyyətinə sevgi yaşayır.
Milli ədəbiyyat tarixində “istiqlal şairi” kimi tanınan Əhməd Cavadın “Türk ordusuna”, “Şəhidlərə”, “Azərbaycan bayrağına”, “Elin bayrağı”, “İngilis”, “İstanbul”, “Bakı deyir ki” və s. şeirlərində ölkədə milli azadlıq uğrunda gedən mübarizələr tərənnüm olunur, bu yolda canını qurban verənlərə hörmət və ehtiram göstərilir. Bu şeirlərdə “Bir kərə yüksələn” və bir daha enməyən, onu endirməyə çalışanlara qarşı xalqın apardığı mübarizə, bu mübarizədə “müvəqqəti məğlubiyyət”, beşiyində boğulmuş müstəqil Azərbaycan dövlətinin bayrağının 70 ildən sonra yenə başımız üstündə dalğalanması həqiqəti yaşayır, xalqın mübarizə dolu həyatı, qanı- canı bahasına əldə etdiyi müstəqilliyə yenidən qovuşması, milli duyğular yaşayır, bu gün də şairin “Azərbaycan bayrağına” şeri, buradakı milli qürur, milli dövlətçiliyimiz atributlarından biri kimi öyülən bayraq, şeirdəki hər vaxt, hər zaman özünü qoruyub saxlayan müasirlik hissi – qan bahasına əldə edilmiş dövlətə, onun bayrağına hörmət və ehtiramdan yoğrulmuş misralar yada düşür:
Türküstan yelləri öpüb alnını,
Söylüyor dərdini sana, bayrağım!
Üç rəngin əksini Quzğun dənizdən,
Ərmağan yollasın yara, bayrağım! (3, 203)
Əhməd Cavad yaradıcılığında ölkəni yenidən işğal edən rus imperiyasına nifrət hissi var. “Göygöl” şeirinin ideya məzmununda azadlıq göynərtisi, müstəqillik arzusu, milli-istiqlal yanğısı ilə yanaşı üsyankar bir qəlbin səsi duyulur.
Türkçülük, turançılıq ideyalarına gənc yaşlarından böyük səmimi rəğbəti olan Cəfər Cabbarlı milli hərəkatın genişləndiyi ilk illərdə “Trablis müharibəsi” və “Ədirnə fəthi” pyeslərini yazdı və bu əsərlər Türkiyədə baş verən inqilabi-tarixi hadisələri, türk xalqının öz suverenliyi, ərazisini qoruyub saxlamaq uğrunda mübarizəsini əks etdirirdi.
Milli hökumətin yarandığı illərdə parlamentdə stenoqraf işləyən C. Cabbarlı dramaturgiya, eləcə də lirik yaradıcılığını davam etdirir, milli dövlətçiliyi, vətənin, torpağın gözəlliyini tərənnüm edir. İlk şeirlərində-”Azərbaycan bayrağına”, “Sevdiyim”, “Sevimli ölkəm”, “Salam” və s. şeirlərində Xalq Cümhuriyyətinin şirin dadını duyan, bu dövlətin məhəbbətini qəlbində yaşadan vətənpərvər qəlbin səsi duyulur. Bayrağımız, türkçülük, turançılıq məfkurəsi ön planda verilir. Şairin “Azərbaycan bayrağına” şeiri şairin “azadlıq və istiqlal” sevgisini orijinal formada əks etdirən əsərlərdən” biri kimi yüksək qiymətləndirilir.
Xalq Cümhuriyyətinin köməyini, dövlətin qayğısını üzərində hiss edən, onun dəstəyi ilə xaricdə təhsil alan, elmə, biliyə yiyələnən Əli Yusifin “Azərbaycanlıya”, “Bayraq”, “İdeal”, “Bir türk yanqısı deyir ki”, “Qarabağ xainlərinə” və s. şeirlərində xalq, millət, vətən sevgisi əsasdır. “Əli Yusifin şeirlərini səciyyələndirən başlıca keyfiyyət onların canlı hiss və təəssüratlardan qaynaqlanması, yüksək mübarizlik əhval-ruhiyyəsinin məhsulu olmasıdır. Bu cəhət bir tərəfdən şairin fitri poetik keyfiyyətlərinin göstəricisi kimi özünü büruzə verirsə, qarşı tərəfdən onun yazılarının Cümhuriyyət idealları ilə bağlılığından mayalanır”. (1, 187)
Məmməd Səid Ordubadi, Əliqulu Qəmküsar, Hüseyn Cavid, Əli Şövqü, Davud Ağamirzadə və başqa sənətkarlarımız Xalq Cümhuriyyətinin yaşadığı dövrün ümumi mənzərəsini poeziyada verdiyi kimi, bu illərdə bədii nəsr yaradıcılığı ilə məşğul olan Cəlil Məmmədquluzadə, Əbdürrəhimbəy Haqverdiyev, Yusif Vəzir Çəmənzəminli, Abdulla Şaiq, Seyid Hüseyn, Tağı Şahbazi kimi tanınmış ədiblər də öz yaradıcılıqlarında bunu əks etdirirdilər.
Cəlil Məmmədquluzadə hekayələrində qadın azadlığı (“Konsulun arvadı” “Xanın təsbehi”, “Qəssab”) problemlərinə toxunur. “Zırrama” hekayəsində mənfi əxlaqi keyfiyyətlər tənqid olunur. Ə.Haqverdiyevin “Mirzə Səfər”, Seyid Hüseynin “Həzin bir xatirə”, “İsmailliyə” hekayələri diqqəti cəlb edir. “İsmailliyə” hekayəsində ədəbiyyatşünaslar Seyid Hüseynin “bu tarixçənin istiqlal və azadlıq hərəkatı ilə bağlı məqamlarına diqqət yetirildiyini, “əslində İsmailliyənin simasında” yazıçının bütün ruhu və qəlbi ilə bağlı olduğu doğma Azərbaycanın obrazını yaratdığını bildirirlər.
Abdulla Şaiqin “Əsrimizin qəhrəmanları” romanının bir hissəsini Cümhuriyyət dövründə qələmə aldığı, bu əsrdə birinci dünya müharibəsi, çar Rusiyasının tənəzzülü, Oktyabr inqilabı dövründə yeni nəsli düşündürən və narahat edən problemlərin diqqət mərkəzinə çəkildiyi qeyd edilir.
Ağababa Yusifzadənin “Sınan qanad” romanında xalqın, millətin qayğılarını bir vətəndaş kimi irəli çəkmək məsələləri, vətənin azad və abad yaşaması, qurulması ideyaları verilir.
Tədqiqatçılar Hüseyn Cavidin “İblis” faciəsinin “bu illərdə cərəyan edən hadisələrin ümumi ruhundan və mahiyyətindən qaynaqlan”dığını bildirir: “Dramaturq I Dünya savaşının ağır siyasi böhranının və erməni-daşnak birləşmələrinin fitvası ilə törədilmiş Mart faciəsinin onun şüurunda və dünyagörüşündə yaratdığı güclü təəssüratın təsiri ilə belə bir əsərin yaradılmasını vacib hesab etmişdir”.
Milli birlik, mənəvi bütövlük ideyaları üzərində qurulan dövlətin tərəfdarı olan Cəlil Məmmədquluzadənin “Anamın kitabı” pyesinin ədəbi tənqiddə dərin təhlili verilmişdir: “Böyük mütəfəkkirin fikrincə, birliyi və bütövlüyü olmayan millətin iqtisadi, siyasi, mənəvi güc, qüdrət sahibi olması, tarix səhnəsində uzun müddət duruş gətirməsi mümkün deyildir. Dramaturq pyesdə bir ananın övladları olan Rüstəm bəy, Mirzə Məhəmmədəli, Səməd Vahid timsalında köləlik və əsarətin millətin xarakterində qoymuş olduğu acı nişanələrə diqqəti yönəldə bilmişdir. Eyni zamanda, müəllif millətin ruhuna hopdurulmuş yabançı xislətləri diqqət mərkəzinə çəkməklə kifayətlənməmiş, bu bəlalardan xilas olmağın yollarını göstərmişdir”.
Azərbaycan ədəbiyyatı tənqidi və ədəbiyyatşünaslığı Cümhuriyyət dövründə özünəməxsus inkişaf yolu keçib. “Bu özünəməxsusluq, hər şeydən öncə, ədəbi irsin milli-nəzəri fikir müstəvisində təhlil və tədqiqinin aktuallıq kəsb etməsi, həmçinin ədəbiyyatşünaslığı məşğul edən problemlərin daha operativ şəkildə diqqət mərkəzinə çəkilməsi ilə şərtlənməkdədir. Belə ki, Cümhuriyyət dövründə bir tərəfdən klassik ədəbi irsin tədqiqi istiqamətində mühüm addımlar atılmış, digər tərəfdən çağdaş ədəbi proses yetərincə dəyərləndirilmiş, həmçinin ədəbiyyatın nəzəri-estetik problemlərinin araşdırılması ilə bağlı müəyyən işlər görülmüşdür”. (5, 240)
Məmməd Əmin Rəsulzadə milli azadlıq yolunda əldə edilən müvəffəqiyyətlərin qazanılmasında bədii ədəbiyyatın rolunu belə dəyərləndirir: “Azadlıq və istiqlaliyyət əsas süngüləri ilə yox, ədəbiyyat və incəsənət vasitəsi ilə əldə olunur” və “Qurtuluş günü” məqaləsində yazır: “Ey millətin lisanül-qeybi olan şairlər, ədiblər, millətin əməllərini, ülvi niyyət və məqsədlərini oxşayınız, kəndisinə millət sevgisi, vətən məhəbbəti, hürriyyət eşqi təlqin ediniz”.
Cümhuriyyət dövründə Seyid Hüseyn “Yaşıl qələm” ədəbi-elmi cəmiyyət yaradır. Bu cəmiyyət Məmməd Əmin Rəsulzadə, Hüseyn Cavid, Seyid Hüseyn, Nəcəf bəy Vəzirov, Üzeyir Hacıbəyov, Abdulla Şaiq, Əhməd Cavad, Cəfər Cabbarlı, Salman Mümtaz, Əli Yusif və digər ziyalıları, sənətkarları özündə birləşdirirdi. Yusif Vəzir Çəmənzəminli bu dövr ədəbiyyatşünaslığına dəyərli əsərlər vermişdir. “Azərbaycan ədəbiyyatına bir nəzər” monoqrafik tədqiqat əsəri 1919-cu ildə İstanbulda nəşr edilmiş öz elmi-nəzəri əhəmiyyəti ilə seçilir. (2, 263)
Firidun bəy Köçərli Tiflisdə “Azərbaycan teatrının ədəbiyyatı” əsərini rus dilində nəşr etdirir. F. Köçərli elə bir dövrdə fəaliyyətə başlamışdır ki, o dövrdə Rusiyada ictimai-siyasi ziddiyyətlər kəskinləşir. Azərbaycanda milli şüur getdikcə qüvvətlənirdi. Azərbaycanda dramaturgiya, nəsr, nəzm, realizm üslubu ilə inkişaf edir, ədəbiyyat ideyaca zənginləşir, qəzet və jurnallar dilimizdə nəşr edilir. Azərbaycan ədəbiyyatı tarixinin sistemli şəkildə öyrənilməyə meyl artırdı. Firidun bəy Köçərli silsilə məqalələrini, “Azərbaycan türklərinin ədəbiyyatı” əsərini, “Azərbaycan ədəbiyyatı” əsərlərini yazır. Onun ən böyük xidməti “çox əsrlik Azərbaycan ədəbiyyatı irsini toplayıb, elmi prinsip və ardıcıllıqla öyrənərək öz tədqiqatının nəticələrini “Azərbaycan ədəbiyyatı” əsərində xalqın istifadəsinə verməsi”dir.
Yusif Vəzir Çəmənzəminli əsərlərində Nəsimi, Abbasqulu Ağa Bakıxanov, Mirzə Fətəli Axundov, Qasım Bəy Zakir, Mirzə Ələkbər Sabir və başqa şairlər, sənətkarlar haqqında, onların yaradıcılığı haqqında nəzəri fikirlərini söyləmişdir, Mirzə Fətəli Axundov irsinə xüsusilə yüksək qiymət verilmişdir: “Milliyyət hissi birinci dəfə olaraq bu ədibdə oyanmışdır və intibahın dəlili olan kritisizm də Mirzə Fətəlinin əsərlərilə başlayır”. ( , )
Yusif Vəzir Firudin bəy Köçərlinin Azərbaycan ədəbiyyatı tarixi ilə bağlı tədqiqatlarını yüksək dəyərləndirir: “Ədəbiyyatımızı müntəzəm bir şəklə salmaq və ümumən tanıtmaq əhəmiyyətli, həm də çox əhəmiyyətli məsələlərdəndir. Firidun bəy ən müqtədir, ən sevimli ədiblərimizdən biridir. Bu şəxs ədəbiyyat tariximizi yazmaq ilə bütün keçmişimizi diriltdi...”.
Tədqiqatçılarımız Cümhuriyyət dövrünün araşdırıcılarından Adilxan Ziyadxanın “Azərbaycan haqqında tarixi, ədəbi və siyasi məlumat” (1919) əsərinin “milli ədəbiyyat tarixinin öyrənilməsi baxımından” dəyərli bilirlər. A. Ziyadxan Çəmənzəminlidən fərqli olaraq azərbaycanlı müəlliflərin, ərəb və fars dillərində yazıb-yaradan ədiblərin irsini milli ədəbiyyatımızın ayrılmaz tərkib hissəsi kimi tədqiqata cəlb etdiyini bildirirlər: “tədqiqatda ayrı-ayrı klassiklərin yaradıcılığının bağlı olduqları ədəbi-kulturoloji və ictimai-siyasi mühit kontekstində təhlilə cəlb olunması bütövlükdə milli ədəbiyyatın regional çalarlarının üzə çıxarılmasına imkan vermişdir”.
Əlimərdan bəy Topçubaşov, Ceyhun bəy Hacıbəyli və b. Azərbaycan ədəbiyyatını, mədəniyyətini təbliğ etmək məqsədilə bir sıra məqalələr, kitablar Avropada çap etdirmişlər. Bu dövrdə Abdulla Şaiq, Cəfər Cabbarlı, Abbas Səhhət yaradıcılığı ilə bağlı müxtəlif məqalələr yazılmış, bu məqalələrdə “ədəbi-estetik fikrin milli məfkurəyə üstünlük” verdiyi, “bədii əsərləri bu yöndə dəyərləndirmək meyli” diqqəti çəkir.
Hər bir səhifəsi biz azərbaycanlılar üçün müqəddəs və doğma olan Cümhuriyyətin təşəkkülü XIX əsrin sonu XX əsrin əvvəllərində Azərbaycanda mövcud olmuş ictimai-siyasi, ədəbi, fəlsəfi fikrin məntiqi nəticəsi, tarixi zərurət idi. O, ədəbiyyatda və mətbuatda, milli və ideoloji mübarizələrin səngərində yarandı və bir əsrədək müddət ərzində müstəmləkə zülmü altında inləyən xalqın azadlıq harayının carçısına çevrildi. Həmin dövrdə Azərbaycanda geniş vüsət almış milli-demokratik hərəkatın başında duran insanların hər birinin adı Azərbaycanın dövlətçilik tarixinə qızıl hərflərlə yazılmışdır.
Dostları ilə paylaş: |