Yılun kol toponimi Selenqa çayının şimal-qərbində yerləşən bir çayın adını bildirir. Bu hidronim ŞU abidəsində bir dəfə və aşağıdakı mətndə işlənmişdir: Selenqe kidin Yılun kol birdin sınqar Şıp başınqa tegi çerig itdim (ŞU-şərq l5). - Selenqa çayının şimal-qərbi Yılun kolun cənubu istiqamətində Şip başınadək qoşun çəkdim. Bu hidronimin tərkibindəki yılun komponentinin apelyativi bizcə ilan deməkdir. Yılun qədim türk dilində yılan leksik vahidinin bir fonetik variantı kimi çıxış etmişdir. Bu çay ilan kimi qıvrıldığından, yatağı, məcrası ilan kimi əyri-üyrü olduğundan bu adla adlandırılmışdır. Toponimin tərkibindəki kol komponenti isə müasir dilimizdəki əl, qol mənasındakı qol sözü ilə bağlıdır, su mənbəyinin qolu mənasını ifadə etmişdir. Kol leksemi müasir türk dillərində də qol və vadi, yarğan, çökəklik, çay mənalarını bildirməkdədir. Qədim türk dilində də bu leksem qol və çay hövzəsi mənasını ifadə edir (DTS s. 453). Bu bədən üzvünü bildirən leksik vahid göründüyü kimi həm də coğrafi termin olaraq çıxış edir. Ona görə də türk dünyasının çeşidli bölgələrində bu terminlə düzələn toponimlərə rast gəlmək olur. Məs.: Orta Asiya və Qazaxıstanda Sarıkol, Narınkol, Muzkol, Akkol, Karakol hidronimləri, Dağıstanda Açıkol hidronimi, Şimali Qafqazda İtkol, Ağaçlıkol hidronimləri, Xakasiyada Xoltas hidronimi və Axxol oykonimi, Altayda Kooldor hidronimi və s. (99, s. 60).
Tokuş hidronimi Şine-Usu abidəsində bir dəfə aşağıdakı mətndə işlənmişdir: ...ıduk baş kidinte Yabaş, Tokuş beltirinte anta yayladım (ŞU şərq21). - ...müqəddəs başdan qərbdə Yabaş və Tokuş (çaylarının) qovşağında orada yayladım. Bu hidronim ehtimal ki, Ubsu gölə tökülən bir kiçik çayın adıdır. Bu toponimin apelyativi ehtimal ki, qədim türk dilindəki tokı - (qılıncdan keçirmək, öldürmək) felindən törəmiş leksik vahiddir.
Yabaş (ŞU şerq 21) hidronimi də yuxarıdakı mətndə çıxış edir. Eyni bölgəyə aiddir. Bu hidronimi bəzi tədqiqatçılar Aybaş şəklində oxuyurlar (38, s. 18). Bu məsələdə biz prof. Ə.Rəcəbovun transkripsiyasını doğru hesab edirik. Yabaş hidroniminin apelyativi bizcə yumşaq, sakit mənasını ifadə etmiş qədim türk sözündən ibarətdir. Yeri gəlmişkən ThSIV 3-də işlənmiş Yabaş tutuk antroponiminin bu toponimlə əlaqəsi ola biləcəyini düşünürük. Tokuş və Yabaş hidronimləri Moyun çor xaqanın 751-ci ildəki yürüşləri ilə əlaqədar qeyd edilmişdir. O, elə həmin ildə Tes çayının qərbində Yabaş və Tokuş çaylarının qovuşduğu yerdə otağını qurdurmuş, yayı keçirmiş və orada abidəsini yapdırmışdır.
Tez. Bu hidronim Şimali Monqolustandakı bir çayın adıdır və Tes abidəsində gözə çarpır: ... Köl beg bilge kağan... Tezig Kasar koruğ kontı (Tez, cənub l9) ... Köl beg bilge kağan... Tez çayının sahilində Kasar koruğda yerləşdi. Bundan əlavə Terhin abidəsində bu hidronim Tezbaşı şəklində də çıxış etmişdir. Abidənin həmin hissəsini T. Tekin elmi şəkildə, bizcə, doğru oxumuşdur. (S.Q.Klyaştornı abidənin həmin sətrini tam şəkildə oxuya bilməmişdir): Tenqridə bolmış el etmiş bilge kağan el bilge katun kağan atığ, katun atığ atanıp Ötüken kidin uçınta Tez başınta örgin anta ititdim (Terx.qerb I) - Tenqride bolmış el etmiş bilge kağan Elbilge katun kağan və katun titulunu alıb Ötükenin qərb ucunda Tez (çayı) başında hökmdarlıq otağımı orada qurdurdum.
Burada təsvir edilən Tez çayı öz mənbəyini Xanqay dağ silsiləsindən (Ötüken) alaraq Şimali Monqolustanın və Tuvanın ərazisindən keçərək bir çox yollarla Ubsa nur gölünə tökülür. Bu çayın adı monqol və Tuva dillərində Tes şəklindədir. Tez çayının mənbə qismi uyğur xaqanlarının yaylaq yeri olmuş və mətndə təsvir edildiyi kimi Moyun çor xaqan da hökmdarlıq ənənəsinə uyğun olaraq çadırını məhz bu yerdə qurdurmuşdur.
Burğu. Bu hidronim Şimali Monqolustanda mövcud olan Kaa- xem çayının qədim türkcə adıdır. Burğu hidronimi bir dəfə ŞU abidəsinin şərq tərəfi XV sətrində işlənmişdir: ... kentü bodunım tidim, udu kelin tidim, kodıp bardı kelmedi, yiçe irtim, Burğuda yetdim (ŞUşərq15). - ... Öz xalqımsınız, dedim, ardımca gəlin, dedim, qoyub qaçdı, gəlmədi, yenə təqib etdim, Burğuda yetdim. Burğu hidroniminin apelyativi bizcə bəzi türk dillərində (məs. Altay dilində) qalmış burğa (bu söz rus dilinə keçərək purqa şəklinə düşmüşdür) leksemi ilə eyni mənşəlidir. Burğa leksemi Altay və başqa dillərdə qar çovğunu mənasını bildirir (99, s. 206). Monqol dilində bu çayın adı Buruğu qool şəklindədir (165, s. 834).
Dostları ilə paylaş: |