Udarğan. Bu oronim bir dəfə Terxin abidəsinin 21-ci sətrində işlənmişdir: Ozmiş tigin Udarqanta yorıyor tedi anı alğıl tedi. - (Atam Kül Bilge) Ozmış teqin Udarqandan gəlir, onu tut, — dedi.
Bu oronim Ötükənin şərqində yerləşən bir dağın adıdır.
Öngüz oronimi Ötükənin zirvələrindən birinin adıdır. Bu oronim Terxin abidəsinin cənub tərəfi VI sətrində bu şəkildə işlənmişdir (T. Tekinin oxunuşu): Kağan atanıp katun atanıp Ötüken ortusunda As Öngüz baş, Kan ıduk baş kedinin örgin bunça etitdim. - Xaqan adını, xatun adını alıb Ötükenin ortasında As önqüz zirvəsinin, Kan ıduk zirvəsinin qərbində qərargahımı yapdırdım. Mətndən də göründüyü kimi bu oronim Xanqay dağlarında, Ötüken ərazisindəki zirvəni bildirir. Bu oronimin tərkibindəki As komponentinin apelyativi türk dilində ağ (MK, I, 80) mənasını da bildirmişdir. Bu oronimin tərkibindəki öngüz komponentinin apelyativi isə qədim türk dilində işlənmiş rəng mənasını bildirən önq leksemindən ibarətdir. Demək, bu oronim ağ rəngli zirvə mənasını bildirmişdir.