N Ə T İ C Ə
1. Dildə işlənən, bədii ədəbiyyata tətbiq olunan üslubi sinonimlər Azərbaycan dilində kifayət qədərdir. Tədqiqat göstərir ki, dildə üslubi sinonimlər öz üslubi xüsusiyyətlərinə görə böyük əhəmiyyət kəsb edir, ədəbi dildə, ümumxalq danışıq dilində rəngarənglik yaradır. Danışıq dilində və eyni zamanda ədəbi dildə sinonimlər yalnız üslubi məqsədlə işlədilir.
2. Dilçilik ədəbiyyatında sinonimlər haqqında çoxlu tədqiqat işləri, əsərlər, məqalələr yazılmışsa da, onun üslubi xüsusiyyətlərinin aşkara çıxarılmasında hələ də məhdudiyyət vardır.
3. Üslubi sinonimlik hər hansı bir əsərdə hadisələrin təsirli verilməsi, emosionallıq, ekspressivlik, dəqiqlik, sadəlik, səlislik, axıcılıq və s.−də özünü göstərir. Sənətkar fərdi üslubi yolla da hadisələrin təsvirini yaradır. Çünki yaradıcı şəxs öz dilində üslubi sinonimlərin müxtəlif tiplərindən istifadə edərək seçdiyi sözün semantikasından hər cür istifadə edir, məna zənginliyinə səy göstərir və bədii dildə obrazlılıq yaradır. Sənətkar belə məqamda ,əsasən, üslubi sinonimlərin işlədilməsinə daha çox meyil edir. Bunun nəticəsində də dilin ifadəliliyi genişlənir, fikir konkret verilir.
4. Üslubi sinonimlər çoxmənalılıq, arxaizmlər, dialektizmlər, məazlar , alınma sözlər hesabına, evfemizmlər, müəyyən şəkilçilər və emosional-ekspressiv sözlər vasitəsilə əmələ gələrək dilin lüğət tərkibini zənginləşdirir, bədii əsərlərin dilində geniş istifadə edilir. Bu zaman sinonimlərin üslubi xüsusiyyətləri müxtəlif variantlarda özünü göstərir, fikir daha dəqiq, daha dürüst , daha ekspressiv verilir.
5. Üslubi sinonimlər personajların nitqinin fərdiləşməsində ön cərgədə durur.
6. Üslubi sinonimlər bədii əsərlərdə və canlı danışıq dilində işlənərək obrazları səciyyələndirir, personajların daxili və xarici aləmini təsvir edir.
7. Sinonimlərin çoxmənalılığı hadisələrin müxtəlif təsvirində semantik oxşarlığa əsaslanır. Belə hallarda onlar müxtəlif üslubi laylarda işlənərək kontekstuallaşır. Bu cür mətni sinonimlər fərdi xarakter daşıyır və fərdi üslubi xüsusiyyətlərlə zənginləşir.
8. Sinonimlər bəzi hallarda metaforik səciyyə daşıyır. Onlar məcazlaşaraq üslubi və emosional çalarlar yaradır. Belə məcazlaşma mənanın semantik dəqiqliyini bildirir.
9. Başqa leksik kateqoriyalara nisbətən dilin müxtəlif üslublarında sinonimlərin işlənmə dairəsi daha böyükdür, geniş potensial imkanları var.
10. Sinonimlər istər ədəbi dildə, istərsə də danışıqda yaradıcı şəxsin və personajın öz fikrini dəqiqləşdirib oxucuya, dinləyiciyə çatdırmasında imkanlar yaradır.
11. Üslubi sinonimlərdə olan ekspressivlik, emosionallıq, reallıq, məna çalarlığı, obrazlılıq yaradaraq ədəbi dildə, peşə-sənət leksikasında, danışıq-məişət leksikasında fəal iştirak edir.
12. Sinonimlər üslubi xüsusiyyətlərə malik olub, mənanı qüvvətləndirir, fikri dəqiqləşdirir. Belə hallarda sinonimlər mətn və ya cümlə daxilində həm qoşa, həm də yanaşı işlənir: a) Sinonimlər qoşa işlənərək hadisələri reallaşdirir, fikri konkretləşdirib dəqiqləşdirir; b) Sinonimlər yanaşı (cüt) işləndikdə ifadədə emosiya yaradır, mənanı qüvvətləndirir, anlayış ekspressiv tonda ifadə edilir.
13. Sinonimlərin üslubi xüsusiyyətləri nəzərdən keçirilərkən aşağıdakıları da göstərmək olar; a) İfadəni qüvvətləndirmək üçün hər hansı bir sözün əvəzinə onun sinonimi olan başqa bir söz işlədilir; b) eksprerssiv çalarlar və emosiya yaratmaq üçün həm ədəbi dildə, həm də ümumxalq danışıq dilində işlənən sözlərdən istifadə edilir; c) şeirdə bədiilik, təsirlilik yaratmaq, sözləri yersiz təkrar etməmək üçün alınma sözlərdən istifadə edilir; ç) musiqililik, ritmlilik, harmoniya yaratmaq üçün sinonimlər yanaşı işlənir; d) fikri dəqiqləşdirmək üçün metaforik sinonimlərdən istifadə edilir. Üslubi məqsəd daşıyan poetik (üslubi) metafora mənanı dəqiqləşdirməklə yanaşı fikrin, hissin müxtəlif çalarlığını aydın və əlvan verir; e) sinonimlərin işlənməsi bəzən satira və yumor yaradır, satirik ekspressivlik artır. 14. Nitqdə sinonimlərdən istifadə edilməsi eyni sös və ifadənin təkrar edilməsinin qarşısını alır, ifadənin gözəl alınmasına şərait yaradır.
15. Poetik sinonimlərin işlədilməsi fikri aydın, təsirli edir və ifadəni qüvvətləndirir, emosionallıq yaradır.
16. Sinonimlərin frazeoloji sistemdə böyük rol oynaması əvəzsizdir. Frazeoloji sinonimlərin bədii dildə işlənməsi personajların danışıq tərzinin, dialekt ünsürlərdən ibarət savad dərəcəsinin nə dərəcədə olmasını açıq-aydın göstərir. Fikrin aydın və dəqiq verilməsində, ekspressivliyin yaranmasında frazeoloji sinonimlərin əhəmiyyəti olduqca böyükdür. Bu vaxt frazeoloji birləşmələr ya sinonim sözlərlə əvəzlənir, ya da ki, sinonimlə birgə işlənərək ümumi, konkret bir cərgədə birləşərək işlədilir. Frazeoloji birləşmələrin bədii üslubda və danışıqda işlədilməsi hadisəni daha dəqiq, qabarıq və obrazlı edir.
17. Bədii ifadəlilik keyfiyyəti yaratmaqda frazeoloji birləşmələrin sinonim cərgələrdə işlənməsi də böyük əhəmiyyət daşıyır: a) frazeoloji birləşmələr canlı danışıq dilində obrazların nitqini canlı və koloritli edir; b) ifadəni qüvvətləndirmək məqsədi ilə hər hansı bir sözün əvəzinə onun idiomu işlənir; c) cümlədə ekspressivlik yaratmaq üçün frazeoloji birləşmələrdən istifadə edilir; ç) frazeoloji birləşmələrin cümlədə sinonim cərgələrlə işlənməsi fikri daha aydın və dəqiq verir.
18. Sinonimlər dilin bütün üslublarında iştirak edir, ancaq daha çox bədii əsərlərin dilini rəngarəng şəklə salır.
19. Sinonimlər dilin müxtəlif üslublarında üslubi xüsusiyyətlərin ifadəçisi kimi çıxış edir.
Dilin zənginliyini şərtləndirən elementlərdən biri hesab olunan üslubi sinonimlərin başqa dillərin materialları əsasında tədqiqinin praktik (tərcümə və lüğətlərin tərtibi prosesində, bədii əsərin poetikasında, sənətkarın fərdi üslubunun öyrənilməsində) və elmi əhəmiyyəti böyükdür.
Dostları ilə paylaş: |