Hayla söyləmək. Rəqslər haylasız oynanılardı, ancaq musiqi çalınardı. Hayla demək üçün ayrıca musiqilər çalınardı. Hayla demək sanki yarışa bənzəyərdi. Biri hayla deməyə başlayardı, o birisi də o biri tərəfdən cavab qaytarardı. Beləliklə, sıra ilə ora toplaşan qadınların demək olar ki, hamısı deyərdi. Və təbii ki, hayla deməkdə xüsusi fərqlənən adamlar vardı ki, bu gün də onlarla bağlı xatirələr Balakən camaatının yaddaşlarında yaşayır. Hayla deməyə əvvəlcə qızlar başlayardılar, sonra kişilər də yarışa qoşulardılar. Haylanı deyənlər həm də əllərindəki işi görərdilər. Yəni eyni zamanda həm hayla deyər, həm də tütün düzər, yun didər, qarğıdalı ovar, fındığı qərzəyindən ayırar, barama təmizləyərdilər və s.
Balakəndə Haylaçı Sənəmə aid olduğu deyilən xeyli hayla dolaşmaqdadır. Onların arasında daha çox diqqətimizi çəkən aşağıdakı nəqarətli hayla oldu. Bu hayla bir qədər həzin səslə oxunarmış. Söyləyicinin dediyinə görə, haylalar xorla oxunmazdı. Haylanı deyən qız dayanar, növbəti haylanı digər qız başlayar, eyni nəqarətlə davam edərdi.
Gələn Sənəmdimi aman, aman yarım,
Gözündə çinəmdimi nazik bədən.
Görənlərdən soruşuram aman,
Aman yarım Sənəm ol, Sənəm.
Deyilmi nazik bədən?
Nəqarət:
Ay nazik bədən,
Səndən ayrılmışam gözəlim.
Demədimmi...
Balakənlilər arasında yalnız Haylaçı Sənəmin deyil, digər ustad haylaçı və dambırçıların haylaları da məşhurdur. Belə haylaların bir qismi də Qiriskom Əliyə aid olduğu söylənilən haylalardır:
Alma-Ata şəhərdi,
Ata qoyan yəhərdi.
Zumrat, oğlum, biləydim,
Xidmətin nə təhərdi?
Əl-əyağın üyüşdü,
Balaca ürək şişdi.
Mən qocalan vaxtımda,
İki balam ayrı düşdü.
Altda qızıl taxt deyil,
Çardaxdakı qax deyil.
Siz böyüklük edəsi,
Qızım, hələ vaxt deyil.
Boşalan çanax dolmaz,
Yalanın sonu olmaz.
Məktub yazdım sizlərə,
Məktubun cavabı olmaz.
Söyləyicilər bəzi haylaların yaranma səbəbini izah edən əhvalatlar da danışırdılar. 1966-cı ildə Balakən rayonunun Tülü kəndində doğulan Padarov İlqar Əsildər oğlu bizə belə əhvalatlardan bir neçəsini danışdı: “Bizdə bir dənə İska Ramazan diyə bir kişi vardı. Bu, dambur-zad çalmazdı, amma hər sözü qoşmaynan, bayatıynan diyərdi. Kolxozda dispeçir işdiyirdi. O vaxt benzini, salyarkanı gedib Yevlaxdan gətirərdilər. Bir az üstü-başı çirkli, mazuttu olurdu. Şofirnən gələllər Naib bulağına1. Naib bulağda çörək yiməyə oturallar. Orda adam çox olar, kilent çox olar. Ona aparallar yemək, buna aparallar, bulara baxmazdar. Bir qədər diyanar İska Ramazan, görər ə, bulara baxan yoxdu, orda bir salfetkanı götürüb üstünə yazar:
Bulağın adı Nayıf,
Gəlmişdik sizi sayıf.
Elədiyiniz xidmətə görə,
Olsun sizə yekə ayıf.
Gedəllər maşına minməyə, afisant gəlib birdən gözü sataşar, oxuyar, görər belə bir şey yazıfdı. Elə bilər jurnalistdi. Dalınnan qaçar, can dayı, aman dayı, getmiyin amandı, getmiyin gəlin, getmiyin. Ə, diyir, üstümüzü unnu görüb bizi dəyirmançımı çağırırdınız diyir. Onnan sora ona böyük xidmət eliyəllər”, yaxud “O vaxdı doxtur Hacı İsa varıydı. Bularda günorta abeddi. Mən də getmişəm Bilalı görməyə. Gördüm damburu Bilalın orda. Götürüb damburu deyib, ...balası bir-iki dənə de, könlüm açılsın. Götürüb damburu deyib, sanıa hansı doxdur baxıb? Deyib, Hacı İsa baxıb. Deyib:
Cibimə qoydum kisə,
Məni çağırdı İsə,
Habı Bilala yaxşı baxginan,
Ay doxdur Hacı İsə”.
Dambır ifaçılığı bu gün bu bölgədə də, təəssüf ki, zəifləməkdədir. Hal-hazırda bölgədə dambır çalanların və yaxşı hayla deyənlərin sayı azalmışdır. Dambır ifaçılarının əksəriyyəti dambır havalarının adlarını saya bilsələr də, bir çox hallarda saydıqları bütün havaları çalmaqda çətinlik çəkirlər. Həmçinin ənənəvi dambırlar indi yavaş-yavaş əlavə simlər artırılmış, mikrafon taxan yer qoyulmuş müasir dambırlarla əvəzlənməkdədir.
QAYNAQLAR
1. Ləman Vaqifqızı (Süleymanova). Şəki folklor mühiti. Bakı, “Elm və təhsil”, 2012
2. Ergin Metin. Hakas hayçıları və hayçılık sanatı. Milli Folklor, 3-9 Cüz, 1993
3. Bayramova Tahirə İsmayıl qızı (Tahirə Sultan). 1962-ci ildə Balakən rayonunun Tülü kəndində doğulub. İxtisasca jurnalistdir. Milliyyətcə Azərbaycan türküdür.
4. Bayramov Cəbrayıl Əbdülfəttah oğlu. 1936-cı ildə Balakən rayonunun Tülü kəndində doğulub. Ali təhsillidir. Milliyyətcə Azərbaycan türküdür.
5. Dabaxov Nizam İsmayıl oğlu. 1963-cü ildə Balakən rayonunun Tülü kəndində doğulub. Orta təhsillidir. Dambır ifaçısıdır. Milliyyətcə Azərbaycan türküdür.
6. Əhmədova Səyyarə Molla qızı. 1939-cu ildə Balakən şəhərində doğulub. Dil-ədəbiyyat müəllimidir. Milliyyətcə Azərbaycan türküdür.
7. Qarayev İbadullah Zeynalabdin oğlu. 1950-ci ildə Balakən rayonunun Tülü kəndində doğulub. İxtisasca mexanizator idi. Eyni zamanda yaxşı dambır ifaçısı idi. 2016-cı ildə dünyasını dəyişib. Milliyyətcə Azərbaycan türküdür.
8. Qaralov Əli Həybullah oğlu. 1941-ci ildə Balakən rayonunun Şambul kəndində doğulub. 7-ci sinfədək oxuyub. Milliyyətcə avardır.
9. Hacıyev Ərəbiddin Molla Teyyub oğlu. 1939-cu ildə Balakən rayonunun Qazma kəndində doğulub. Təsərrüfatda çalışır və dambır ifa edir. Milliyyətcə Azərbaycan türküdür.
10. Mirəliyev Xəlfə Molla Musa oğlu. 1948-ci ildə Balakən rayonunun Qazma kəndində doğulub. İxtisasca tarix müəllimidir. Milliyyətcə Azərbaycan türküdür.
8. Muradov Abduləli Rahmat oğlu. 1961-ci ildə Balakən şəhərində doğulub. Orta-ixtisas təhsili alıb. Hal-hazırda Qabaqçöldə yerləşən musiqi məktəbinin direktoru vəzifəsində çalışır. Milliyyətcə Azərbaycan türküdür.
9. Rəhmanov Əfqan Zeybəddin oğlu. 1982-ci ildə Balakən rayonunun Hənifə kəndində doğulub. Orta təhsillidir. Yaşının az olmasına baxmayaraq, gözəl dambır ifaçısıdır. Milliyyətcə Azərbaycan türküdür.
10. Padarov İlqar Əsildar oğlu. 1966-cı ildə Balakən rayonunun Tülü kəndində doğulub. Rejissordur.
11. Osbanov Hacı Nurmahama oğlu. 1951-ci ildə Meşəşambul kəndində doğulub. Ali təhsillidir. Əvvəllər kolxoz sədri işləyib. Milliyyətcə avardır.
Redaksiyaya təqdim olunan məqalələrin normativ qaydaları
1. Jurnalımız folklorun müxtəlif elmi-nəzəri məsələlərini əhatə edən, heç yerdə çap olunmamış yüksək elmi səviyyəli araşdırmaları çapa qəbul edir.
2. Məqalələr Azərbaycan dilində qəbul olunur.
3. Redaksiyaya təqdim olunan məqalələrin həcmi 20 səhifədən artıq olmamalıdır.
4. Redaksiyaya təqdim olunan məqalələrdə müəllifin adı, soyadı, iş yeri və e-mail ünvanı göstərilməli, xülasə və açar sözlər (Azərbaycan, ingilis və rus dillərində) verilməlidir.
5. Xülasə 100, açar sözlər 10 sözü keçməməlidir.
6. Sonda göstərilən qaynaqlar məqalənin içərisində kodlaşdırılmalıdır. Məsələn, məqalənin içərisində (Təhmasib: 1972, 85), qaynaqlarda isə (Təhmasib: 1972 – Təhmasib M.H. Azərbaycan xalq dastanları (orta əsrlər) Bakı, Elm, 1972, 398 s.) şəklində olmalıdır.
7. Məqalələr, xülasə və açar sözlər Winword proqramında, Times New Roman şrifti, 12 punto böyüklüyündə, 1,5 aralıq yazı tipi ilə yazılaraq diskdə və A4 vərəqində təqdim olunmalıdır.
ARXETİP
Bakı, «Elm», 2016
Nəşriyyat direktoru:
Nadir Məmmədli
Nəşriyyat redaktoru:
Qumru ŞƏHRİYAR
Ədəbi işçilər:
Aynur Hüseynova
Şəhla Hüseynli
Nurlana Məmmədova
Fatimə Bağırova
Kompyuterdə yığdı:
Kəmalə Zeynalova
Kompyuter tərtibçisi:
Ruhəngiz Əlihüseynova
Kağız formatı: 60/84 32/1
Mətbəə kağızı: №1
Həcmi: 142 səh.
AMEA Folklor İnstitutunun Kompüter mərkəzində yığılmış, səhifələnmiş, «Elm» NPM-də ofset üsulu ilə hazır diopozitivlərdən çap edilmişdir.
Dostları ilə paylaş: |