Azərbaycan miLLİ elmlər akademiyasi zoologiya institutu



Yüklə 424,51 Kb.
səhifə1/6
tarix22.10.2017
ölçüsü424,51 Kb.
#9558
  1   2   3   4   5   6

AZƏRBAYCAN MİLLİ ELMLƏR AKADEMİYASI

ZOOLOGİYA İNSTİTUTU



Əlyazması hüququnda


Elşad İlyas oğlu Əhmədov


EV TOYUQLARININ EYMERİOZUNUN (APICOMPLEXA, COCCIDIA, EIMERIIDAE) ƏSAS TÖRƏDİCİLƏRİ VƏ ONLARA QARŞI KOKSİDİOSTATİK PREPARATLARLA

BİRGƏ YERLİ DƏRMAN BİTKİLƏRİNİN

TƏSİR MEXANİZMİ


2429.01-parazitologiya

Biologiya üzrə elmlər doktoru elmi dərəcəsi

almaq üçün təqdim edilmiş dissertasiyanın


AVTOREFERATI

BAKI – 2014

Dissertasiya işi AMEA Zoologiya institutunun Protozoologiya şöbəsinin Parazit-sahib münasibətlərinin biokimyəvi əsasları laboratoriyasında yerinə yetirilmişdir.

Elmi məsləhətçilər: AMEA-nın həqiqi üzvü, əməkdar elm xadimi

M.Ə.Musayev

b.e.d. Ş.Ə.Topçiyeva
Rəsmi opponentlər: AMEA-nın müxbir üzvü,

b.ü.e.d. Məhərrəmov S.H.

t.ü.e.d. Salehov A.Ə.

b.ü.e.d. Hüseynov M.Ə.


Aparıcı təşkilat: Azərbaycan Tibb Universitetinin Epidemiologiya kafedrası

Müdafiə «24» «oktyabr» 2014-cü il saat 14.00-da AMEA Zoologiya institutu nəzdində D.01.071 Dissertasiya şurasının iclasında keçiriləcəkdir


Ünvan: Bakı, AZ 1073, keçid 1128, məhəllə 504
Dissertasiya ilə AMEA Zoologiya institutunun kitabxanasında tanış olmaq olar

Avtoreferat «20» «sentyabr» 2014-cü il tarixində göndərilmişdir




D.01.071 Dissertasiya şurasının elmi katibi, b.ü.e.d.



N.B.Mirzəyeva

GİRİŞ
Mövzunun aktuallığı. Respublikamız müstəqillik qazandıqdan sonra dövlətin inkişafına əsas önəm verdiyi sahələrdən biri də kənd təsərrüfatıdır. Kənd təsərrüfatının qarşısında qoyulan məsələlərdən biri əhalinin keyfiyyətli, təhlükəsiz quş əti və quş məhsulları ilə fasiləsiz təmin edilməsidir.

Ev quşlarının sayının və məhsuldarlığının artırılmasına mane olan xəstəliklər içərisində eymeriyoz (koksidioz) xüsusi yer tutur. Təəssüf ki, dünyada elə bir quşçuluq təsərrüfatı yoxdur ki, orada koksidioza təsadüf edilməsin. Koksidiozun digər xəstəliklərlə assosiasiyası təsərrüfatlar üçün daha təhlükəlidir. Bu zaman koksidiozun ən yüngül forması, helmint, virus və bakterial xəstəliklərlə birlikdə böyük iqtisadi itkilərə səbəb olur. Bu xəstəlik nəticəsində quşlar arasında ölüm halları, məhsuldarlığın aşağı düşməsi, yem itkisinin artması, quşların digər xəstəliklərə qarşı rezistentliyinin aşağı düşməsi, müalicə və profilaktikaya çəkilən xərclər böyük iqtisadi itkilərə səbəb olur.

Viliams göstərir ki, 1995-ci ildə Böyük Britaniyada koksidioza qarşı mübarizəyə çəkilən xərc 38.5 milyon funt sterlinq, McDougald isə ABŞ-da koksidiozun profilaktikasına çəkilən xərcin 90 milyon dollar, bütün dünyada isə bu xərcin 300 milyon dollar təşkil etdiyini göstərir [Williams, R.B., 1999; McDougald L.R., 2003]. Digər tədqiqatçıların məlumatlarına görə isə son ildə ABŞ-ın quşçuluq sənayesinə bu xəstəlikdən dəyən iqtisadi zərər ildə 3 milyard dollar təşkil edir [Dalloul R. A. and Lillehoj H.S., 2006].

Azərbaycanda kənd təsərrüfatı heyvanlarının koksidiozu, parazit-sahib münasibətlərinin biokimyəvi aspektləri keçən əsrin 60-cı illərindən akademik M.Ə.Musayevin rəhbərliyi alında öyrənilməyə başlanmışdır. Koksidioz zamanı parazit-sahib sisteminin müəyyən məsələlərinin öyrənilməsi nəticəsində böyük nailiyyətlər əldə edilməsinə baxmayaraq [Мусаев М.А. Алиева Ф.К., 1963; Мусаев М.А., Елчиев Я.Я., 1970; Мусаев М.А., Суркова А.М., 1974; Мусаев М.А., Мусаев М.А., Елчиев Я.Я., др. 1974; Ибрагимова Г.Г., 1977; Елчиев Я.Я., 1980; Елчиев Я.Я., Мусаев М.А., 1983; Алиева Ф.З., 1999; Əhmədov E.İ., 2012b, 2013], bu istiqamətdə tədqiqat işlərinin aparılmasına hələ də ehtiyac duyulur. Bu məsələ ancaq koksidiozun patogenezinin mahiyyətinin hərtərəfli öyrənilməməsi ilə yox, müalicə zamanı yaranan mürəkkəb qarşılıqlı parazit-sahib münasibətlərin mahiyyətinin tam aydınlaşdırılma-ması ilə əlaqədardır. Parazit və sahib arasında olan mürəkkəb qarşılıqlı münasibətlərin mahiyyətini və antikoksidiostatik maddələrin parazit və sahibin maddələr mübadiləsinə təsirini bilmədən tətbiq edilən preparatın terapevtik və profilaktik təsiri haqqında dəqiq fikir söyləmək mümkün deyil.

Parazitin və ya onun müxtəlif inkişaf mərhələlərinin təsirindən sahibin zədələnən orqanlarında, toxumalarında maddələr mübadiləsinin ayrı-ayrı həlqələrində baş verən dəyişikliklərin mexanizmini öyrənməklə, xəstəliyə qarşı müalicə və profilaktika tədbirlərinin elmi əsaslarını hazırlamaq olar.

Eymeriozun müalicəsində istifadə edilən preparatlar içərisində spesifik, yəni konkret olaraq hər hansı bir növə qarşı istifadə edilən preparat yoxdur. Əksər hallarda bir quşun bağırsağında bir neçə növ eymeriyalara təsadüf olunur ki, bu da müalicəni çətinləşdirir. Koksidioza qarşı istifadə edilən dərman preparatları parazitlərin müəyyən inkişaf mərhələlərinə təsir edir. Belə preparatlara nitrofuranlar (furasilin, furazalidon, bifuran və s.), sulfanilamidlər (sulfamidezin, norsulfazol, ftalozol, sulfakinoksalin və s.), darbisul (sulfaxinoksalin və diaverdinin qarışığı), difenil-disulfid törəmələri (nitrofenid, bitionol və s.), benzamid (zoalen və s.) piromidon, amprolium və s. aid edilə bilər.

Eyni preparatın uzun müddət tətbiqi nəticəsində eymeriyalarda (Eimeria spp.) bu preparatlara qarşı dözümlülük yaranır [Bafundo K.W, Jeffers T.K. 1990; Wirz, T., U.Brandle, T et al, 1990; Kowa Zolu, Difabio 1994; Koinarski V., et al 2006; Dalloul et al., 2006; Haritova, A.M., Lashev L.D., 2013]. Müalicə effektini yüksəltmək məqsədilə preparatlarla birlikdə heyvanların və quşların yem rasionuna vitaminlərin, mikroelementlərin, aminturşuların, təbii mənşəli bioloji aktiv maddələrin əlavə edilməsi zamanı yaxşı nəticələr əldə etmək mümkündür [Кузнецов С.Г. 1991, Peek V., 1993; Allen P, Danforth H.D, 1996; Conway D.P., 1999; Тараканов Б.В. 1987, 2000; Cozma V., Suciu V., et al., 2001; Merireles et al., 2003; Kim W. K.,Patterson P.H. 2004; Corzo et al., 2005; Məmmədov 2005, Sakomato et al., 2006; Murokami, et al., 2007; Məmmədov E., Hacıyev Y. 2008; Miguel J. A. 2008; Dozier et al., 2008; Rzayev F. 2009, 2009b, 2010; Rao Zahid Abbas 2009; Ташбулатов А.А. 2010; Berree et al., 2010; Naphade S.T., 2010; Strnadová P., et al, 2011; Смольянова А.П., Кердяшов Н.Н.2011; Ducu Sandu Stef, 2012, Arczewska-Wlosek A.. 2012, Əhmədov E.İ., 2013].

Dərman bitkilərinin cücələrin koksidiozunun müalicəsində tətbiqi və onların quşların məhsuldarlığına, orqanizmdə mübadilə proseslərinə təsirinin öyrənilməsinə həsr edilən tədqiqat işlərinin sayı kifayət qədər olmasına baxmayaraq hələ də onlardan quşçuluq təsərrüfatlarında geniş istifadə olunmur [Mohd-Yusof et al., 2002; Akoachere et al., 2002; A-Bannal 2003; Alçiçek 2004; Rabadeh et al., 2004; Tapsell et al., 2006; Ali et al., 2008, Zhang et al., 2009; Zhang et al., 2008, 2009; Zhao et al., 2011, Ali Nobakht, Mosea Moghaddam, 2012].

Son 50 ildə koksidi əleyhinə kimyəvi dərmanlardan istifadə quşçuluq təsərrüfatlarının inkişaf etdirilməsində əsas vasitə olmuşdur. Bu preparatların əksəriyyəti sintetik olub, istehsalı baha başa gəlir, yüksək toksikliyə malikdir və orqanizmdə toplanaraq müxtəlif fəsadların meydana çıxmasına səbəb olmaqla orqanizmin immunosupressiv vəziyyətinə təsir göstərir, quş məhsullarının və ətraf mühitin çirklənməsinə səbəb olur [Dalloul R.A., Lillehoj H.S. 2005].

Çox saylı müxtəlif kimyəvi preparatların koksidiozun müalicə və profilaktikasında tətbiq üçün təklif edilməsi, onları hərtərəfli tədqiq etmədən daha perspektivlilərin seçilməsini çətinləşdirir. Bunun üçün də yeni effektli preparatların axtarılması və onların müxtəlif bitkilər ilə birlikdə tətbiqi sxeminin hazırlanması aktual olaraq qalır.



Tədqiqatın məqsəd və vəzifələri. Kompleks parazitoloji, biokimyəvi və fizioloji metodları tətbiq etməklə yerli cinsdən olan cücələrin eksperimental eymeriozunun (E.tenella) baykoks və baykoksla birlikdə Artemisia absinthium L. ilə müalicə zamanı orqanizmin biokimyəvi və fizioloji göstəricilərində baş verən dəyişkənlikləri və qarşılıqlı parazit-sahib münasibətlərini aydınlaşdırmaqdır.

Bu məqsədlə aşağıdakı vəzifələrin yerinə yetirilməsi nəzərdə tutulmuşdur:



  • yerli cinsdən olan cücələrin eymeriozu (Eimeria tenella) və onun müalicəsi zamanı parazit-sahib sisteminin əsas aspektləri:

  • qara və çil-çil cücələrin yoluxdurma (Eimeria tenella) dozasından və müalicə sxemindən asılı olaraq mədə-bağırsaq traktında baş verən patoloji dəyişikliklər;

  • eksperimental eymeriozun və müxtəlif müalicə sxemlərinin yerli cinsdən olan cücələrin yaşamalarına təsiri;

  • qara və çil-çil cücələrin yoluxdurma (Eimeria tenella) dozasından və müalicə sxemindən asılı olaraq çəki artımında baş verən dəyişikliklər;

  • müxtəlif müalicə sxemlərin E.tenella oosistalarının reproduktivliyinə təsiri. Müalicə məqsədilə istifadə edilən preparatların və onların kombina-siyalarının intensekstensivliyinin hesablanması;

  • qara və çil-çil cücələrin E.tenella ilə yoluxdurma dozasından və müalicə məqsədilə istifadə edilən baykoksun, baykoks və A.absinthium (acı yovşan) ilə kombinasiyasının qanın hematoloji və biokimyəvi göstərici-lərinə təsiri.

  • baykoks, A.absinthium və müalicə sxemlərinin cücələrin qanında və qaraciyərində zülal mübadiləsinə təsiri;

  • cücələrin eksperimental eymeriozu və onun müalicəsi zamanı qan zərdabında, beyin, qaraciyər və əzələlərdə sərbəst amin turşuların dinamikası;

  • eksperimental eymerioz və onun müalicəsi zamanı müxtəlif toxumalarda bəzi fermentlərinin aktivliyinin dinamikası.

İşin elmi yeniliyi. İlk dəfə yerli cinsdən olan cücələrin eksperimental eymeriozun baykoks, baykoks və Artemisia absinthium-un kombinasiyası ilə müalicəsi zamanı zülal və amin turşu mübadiləsi, bu mübadilə prosesində iştirak edən bəzi fermentlərin - (aspartataminotransferazanın, alaninaminotransferazanın, qlutationreduktazanın, qlükoza-6-fosfatdehidrogenaza və qələvi fosfataza) aktivliyi, qanın biokimyəvi və hematoloji göstəriciləri öyrənilmişdir.

İlk dəfə qanın hematoloji, biokimyəvi göstəriciləri və həzm sistemində baş verən patomorfoloji dəyişikliklər müqayisəli şəkildə öyrənilmişdir ki, bu xəstəliyin patogenezinin əsas simptomları haqqında bilikləri daha da dərinləşdirir.

İlk dəfə baykoksun və Artemisia absinthium-un sağlam, Eimeria tenella ilə eksperimental olaraq yoluxdurulmuş cücələrin eymeriozunun kiliniki əlamətlərinə və qanın biokimyəvi göstəricilərinə təsiri öyrənilmişdir.

İlk dəfə baykoks, Artemisia absinthium və onların birlikdə kombinasi-yasının cücələrin koksidiozunun müalicəsi zamanı qanın morfoloji göstəricilərinə təsiri öyrənilmişdir.

İlk dəfə yerli cinsdən olan qara və çil-çil cücələrin eymeriozu və onun müakicəsi zamanı qan zərdabında, qaraciyər, beyin və əzələlərdə amin turşuların dinamikası öyrənilmişdir.

İlk dəfə yerli cinsdən olan cücələrin qan zərdabında, xəstəlik və müalicə dövründə qaraciyər, əzələ və beynində ALT, AST, QR, LDH və Q-6FDH fermentlərinin aktivliyi öyrənilmişdir.



İşin praktiki əhəmiyyəti. Eymerioz və onun müalicəsi zamanı parazit-sahib sisteminin qarşılıqlı münasibətlərinin öyrənilməsi nəticəsində əldə edilən nəticələr eymerioza qarşı aparılan mübarizədə elmi əsas ola bilər. Aparılan tədqiqatların nəticələrinə əsasən praktikaya ev quşlarının eymeriozunun müalicə və profilaktikasında effektiv, stimulyasiyaedici xüsusiyyətə malik preparatın - baykoksun acı yovşan ilə birlikdə tətbiqi sxemləri təklif olunur.

Alınan nəticələr cücələrin eymeriozunun müalicə və profilaktikasında istifadə edilən üsulların təkmilləşdirilməsinə yardımçı olmaqla, tətbiq edilən müxtəlif müalicə sxemlərinın effektivliyini obyektiv qiymətləndirməyə imkan verir.

Tətbiq edilən müalicə sxemləri yüksək terapevtik və iqtisadi effektə malik olmaqla xəstə quşların sağalmasını, hematoloji və biokimyəvi göstəricilərinin bərpa olunmasını sürətləndirir və onların xəstəliyə qarşı rezistentliyini artırır.

Əldə edilən nəticələrdən eymeriozun diaqnostikasında, yeni preparat-ların sınaqdan keçirilməsində, onların orqanizmin maddələr mübadiləsinə təsirinin qiymətləndirilməsində istifadə edilə bilər.



Aprobasiya. Dissertasiya işinin materialları 2001-2014-cü illərdə Respublikanın və xarici ölkələrin nüfuzlu elmi jurnallarında, AMEA Zoologiya institutunun illik hesabatlarında və elmi seminarlarında, protozoologiya şöbəsinin hesabatlarında, beynəlxalq qurultay (V Всероссийского Съезда Паразитологического общества при Российской академии наук. «Паразитология в изменяющемся мире», Новосибирск, 2013; International VETIstanbul Group Congress, Istanbul 2014; ) və konfranslarda (Azərbaycan Elmi-Tədqiqat Baytarlıq İnstitutunun yaradılmasının 100 illik yubileyinə həsr edilmiş beynəlxalq elmi konfrans, Bakı 2002; Proceeding of the WSEAS International Conference, Recent Researches in Chemistry, Biology, Environment and Culture. Montreux, Switzerland, December, 2011, XV International Conference of the Ukrainian Scientific Society of Parasitologists, Ukraine, 2013; Müasir biologiya və kimyanın aktual problemləri, Gəncə 2014; Baytarlıq təbabəti və ərzaq təhlükəsizliyi: problemlər və perspektivlər, Naxçıvan 2014) müzakirə olunmuş və çap olunmuşdur.

Nəşr. Dissertasiyanın materialları əsasında 39 elmi məqalə çap edilmişdir.

Dissertasiyanın həcmi və strukturu: Dissertasiya 348 səhifə həcmində olmaqla giriş, ədəbiyyat xülasəsi, tədqiqatın material və metodikası, xüsusi tədqiqatlar, nəticələrin müzakirəsi, nəticə, əməli təkliflər və ədəbiyyat siyahısından ibarətdir. Dissertasiyanın yazılmasında azərbaycan, ingilis, rus və digər xarici dillərdə olan 352 ədəbiyyata istinad olunub. Dissertasiya işində 79 cədvəl, 12 şəkil verilib.
II FƏSİL. ƏDƏBİYYAT MƏLUMATLARI

Bu fəsildə ev toyuqlarında parazitlik edən eymeriyaların və onların törətdiyi xəstəliyin - eymeriyozun müalicəsində istifadə edilən preparatlar, dərman bitkilərinin quşçuluqda tətbiqi perspektivləri, koksidioz və onun müalicəsi zamanı orqanizmdə baş verən biokimyəvi və fizioloji dəyişkənliklərin öyrənilməsi istiqamətində respublikamızda və dünyada aparılan tədqiqat işlərinin nəticələri şərh olunur.


II FƏSİL. XÜSUSİ TƏDQİQATLAR

TƏDQİQATIN MATERİAL VƏ METODİKASI

Dissertasiya işi 2001-2013-cü illərdə Azərbaycan Milli Elmlər Akademiyası Zoologiya institutu Protozoologiya şöbəsinin Parazit-sahib münasibətlərinin biokimyəvi əsasları laboratoriyasında yerinə yetirilmişdir. Təcrübələrdə plimutrok, yerli cinsdən olan sutkalıq qara və çil-çil toyuq cücələrin-dən, onların yoluxdurulmasında isə Eimeria tenella oosistalarından istifadə edilmişdir.

Cücələrin müalicəsində antikoksidiostatik preparat 2,5%-li baykoksdan (Bayer, Almaniya), yemə əlavə kimi isə Artemisia absinthium unundan istifadə edilmişdir. Cücələrin baykoksla müalicəsinə yoluxdurmadan 1 sutka sonra başlanılmış və 2 sutka davam etmişdir. A.absinthium da cücələrin yeminə yoluxdurmadan 1 sutka sonra əlavə edilmiş və invaziyanın sonuna kimi davam etdirilmişdir.

Tədqiqatlarda tərkibində efir yağları olan Artemisia absinthium–dan əlavə alkolodidlər olan böyük dəmrovotu (Chelidonium majus), dəlibəng (Datura stramonium), qafqaz gözəli (Atropa caucasica) ekstraktlarından istifadə edilmiş, qeyd edilən bitkilərin cücələrin çəki artımına təsirinin öyrənilməsi nəticəsində müəyyən edilmişdir ki, bu bitkilər cücələrin çəki artımına səbəb olmur. Chelidonium majus, Datura stramoniumAtropa caucasica-nın koksidiozun müalicəsində və eyni zamanda yemə əlavə kimi istifadə edilməsinin məqsədəuyğun olmadığı sübut edildiyindən tədqiqatlarda ancaq Artemisia absinthium-dan istifadə edilməsini məqsədə uyğun hesab etdik.

Qanın hematoloji göstəricilərindən eritrositlərin və leykositlərin sayı, hemoqlobinin miqdarı, leykositar formula hematologiyada ümumi qəbul edilən üsullarla təyin edilmişdir [И.А. Болотников, Ю.В. Соловьев, 1980, Садовников Н.В., и др. 2009].

Ev toyuqlarnın eymeriozu (E.tenella) və müalicəsi zamanı qan zərdabı və qaraciyərdə suda həll olan zülalların ümumi miqdarı Louri metodu [Кочетов, 1980], zülal fraksiyaları isə poliakrilamid gel elektroforez metodu [Devis, 1964, Мауер 1971] ilə öyrənilmiş, qan zərdabında və toxumalarda aminturşuların öyrənilməsində AAA881 amin turşu analizatorundan istifadə edilmişdir.

Aminotrasferazaların - alaninaminotransferazanın (ALT - EC.2.6.1.2.) və aspartataminotransferazanın (AST - EC.2.6.1.1.) aktivliyi Raytman, Frenkel metodu ilə [Колб, Камышников, 1976], laktatdehidrogenazanın (LDH - EC 1.1.1.27) aktivliyi 2,4-dinitrofenilhidrazin reaksiyasına görə (Sevel-Tovareka metodu), qlükoza-6-fosfatdehidrogenazanın (Q-6FDH -EC1.1.1.49) və qlutationreduktazanın (QR-EC.1.6.4.2) aktivliyi spektro-fotometrik metodla öyrənilmışdir [Кондрахин И.П., 2004].

Cücələrin nazik bağırsağında qələvi fosfatazanın (EC.3.1.3.1.) aktivliyi Alkaline Phosphatase Colorimetric Assay Kit vasitəsilə təyin edilmişdir.

Nəticələrin statistik işlənilməsi IBM SPSS Statistics v.20 proqramı vasitəsilə həyata keçirilmiş, alınan rəqəm göstəriciləri M±Sd şəklində ifadə edilmişdir.

Qruplar arasında fərqin statistik dürüstlüyü Styudentin t-kriteriyası və Van-der Vardenin X kriteriyası vasitəsilə yoxlanılmışdır. P≤0,05 olduqda baş verən dəyişikliklərin statistik dürüst olduğu qəbul edilmişdir.


III FƏSİL. EKSPERİMENTAL EYMERİOZ ZAMANI (EIMERIA TENELLA) CÜCƏLƏRİN ORQANİZMİNDƏ BAŞ VERƏN PATOLOJİ ANATOMİK DƏYİŞKƏNLİKLƏR VƏ ONLARIN EYMERİOZA QARŞI DÖZÜMLÜYÜNÜN MÜƏYYƏNLƏŞDİRİLMƏSİ

Yerli cinsdən olan xəstə quşlarda xəstəliyin klinik əlamətlərinin plimutrok cinsinin göstəricisi ilə müqayisəsi göstərir ki, sonuncularda bu əlamətlər eyni doza ilə yoluxdurmaya baxmayaraq daha kəskin forma alır. Yerli cinsdən olan toyuq cücələrinin kor bağırsaqlarının divarında yara yerlərinə rast gəlinməsinə baxmayaraq onların ölçüləri broyler cücələrdə müşahidə edilən yara yerlərinə nisbətən kiçikdir və bağırsaq mexaniki zədələnməyə az məruz qalır.

20000 oosista ilə yoluxdurma zamanı quşların eymeriozu üçün xarakterik olan klinik əlamətlər xəstəliyin baykoks və baykoksla acı yovşanın (Artemisia absinthium) birlikdə kombinasiyası ilə müalicəsi zamanı müşahidə edilməmişdir.

Qara və çil-çil cücələrin E.tenella-nın eyni virulentli ştamları ilə yoluxdurulması zamanı müəyyən edilmişdir ki, yerli cinsdən olan cücələr eymerioza qarşı broyler cücələrinə nisbətən dözümlü olmasına baxmayaraq yoluxdurma dozasının artırılması ilə paralel olaraq xəstəliyin klinik əlamətləri kəskinləşir və cücələr arasında baş verən ölüm halları çoxalır.

Hər iki cinsdən olan cücələrin 180 gün soyuducuda saxlanılan E.tenella-nın 20000 oosistası ilə yoluxdurulması zamanı cücələr arasında ölüm halları müşahidə edilməsədə, həmən müddətdə saxlanılan 100000 oosista ilə yoluxdurulması cücələrin 13,3-16,7%-nin ölümüə səbəb olur. 100000 oosista ilə yoluxdur-ma zamanı ölüm invaziyanın 4-cü günündən başlayır və 7-ci günə kimi davam edir.

Soyuducuda uzun müddət 2,5%-li kalium bixromat məhlulunda saxlanılan kultura ilə yoluxdurulan cücələr arasında həmişə ölüm halları baş vermir. Yəni saxlama müddətindən asılı olaraq parazitin virulentliyinin azalması da baş verir. Cücələrin eyni sayda bir halda 20000, digər halda isə 100 000 sporlaşmış oosista ilə yoluxdurulması zamanı gözlənildiyi nəticə alınmır.

Hər iki cinsdən olan cücələrin E.tenella parazitinin 30 gün 2,5%-li K2Cr2O7 məhlulunda saxlanılan 20000 oosista ilə yoluxdurulması hər iki halda 6,67% ölümə səbəb olur. 100000 oosista ilə yoluxdurma isə çil-çil və qara cücələr arasında müvafiq olaraq 80-83,8% ölümlə nəticələnir. Klinik və patoloji-anatomik dəyişkənliklər hər iki cinsdən olan cücələr arasında baş verən ölüm səviyyəsinə uyğun olduğu müəyyən edilmişdir.

Beləliklə, müəyyən edilmişdir ki, yerli cinsdən olan çil-çil və qara toyuq cücələrin plimutrok cinsindən olan broyler cücələrə nisbətən eymerioza qarşı dözümlüdürlər. Yerli cinsdən olan cücələrin koksidioza qarşı dözümlülük xüsusiyyətindən istifadə etməklə onlardan eymerioza qarşı dözümlü cinslərin yaradılmasında seleksiya materialı kimi istifadə etmək olar.

Xəstəliyin kliniki əlamətlərinin müalicə və xəstəlik zamanı öyrənilməsi göstərir ki, E.tenella-nın 100000 oosistası ilə yoluxdurulan cücələrdə eymeriozun kəskin klinik əlamətləri müşahidə edilmiş, və onların hamısı (100%) invaziyanın 7-ci gününə qədər ölmüşdür. Acı yovşanın 1500 mq/kq (yemlə) dozası ilə müalicə olunan qrupun cücələri arasında isə ölüm 90% olmuşdur. Baykoksun 1ml/L dozası ilə müalicə olunan qrupda 20 cücədən 10-u ölmüşdür (50%). Baykoksun 2ml/L dozası ilə müalicə olunan qrupun cücələri arasında isə ölüm 25% olmuşdur.

A.absinthium yoluxdurulmuş cücələrın hamısını ölümün qarşısını tam ala bilmir. Aparılan təcrübələrin nəticələrinə əsasən göstərmək olar ki, cücələrin E.tenella-nın yüksək dozası ilə yoluxdurulması zamanı A.absinthium ilə müalicə müsbət nəticə vermir. Ən yaxşı nəticələr baykoks və A.absinthium -un birlikdə kombinasiyası zamanı müşahidə edilir.

Müalicə olunan cücələrin çəki artımının dinamikasının 10 gün müddətində izlənilməsi göstərir ki, kontrol qrupa nisbətən cücələrin çəki artımının azalması parazitin bütün inkişaf mərhələlərində baş verir. Bununla belə, cücələrin çəki artımından daha çox geri qalması xüsusilə invaziyanın prepatent dövrünün sonu, patent dövrünün əvvəllərinə təsadüf edir. Baykoksun qeyd edilən hər iki dozası ilə müalicə olunan cücələrin çəki artımından daha çox geri qalması yoluxdurmanın 3 və 7-ci günləri baş verir (qrafik 1).

Çəki artımından geri qalma invaziyanın qeyd edilən günləri baykoks (2ml/l) və A.absinthium-un (1500 mq/kq yem) kombinasiyası ilə müalicəsi zamanı da müşahidə olunur.

Alınan məlumatların müqayisəli analizindən məlum olur ki, acı yovşanın baykoksla birlikdə tətbiqi cücələr arasında ölüm hallarını azaltmaqla çəkisinin də artımına səbəb olur. Müəyyən edilmişdir ki, quşların yeminə A.absinthium əlavə etməklə tətbiq edilən preparatın dozasını azaltmaq olar. 20 gün müddətində cücələrin sutkalıq çəki artımının öyrənilməsi nəticəsində müəyyən edilmişdir ki, yoluxdurulmayan cücələrin yeminə baykoksun əlavə edilməsi də, cücələrin çəkisində kontrolla müqayisədə artıma səbəb olur. Sağlam cücələrin yeminə 15q/kq dozada acı yovşan əlavə etməklə cücələrin çəki artımında müsbət nəticələr əldə etmək olar. Yoluxdurulmuş cücələrdən fərqli olaraq müalicə olunan quşlarda preparatların dozasından asılı olaraq mənzərə də müxtəlif olur.

İnvaziyanın ilk günləri nə baykoksun 2ml/l və 3 ml/l dozaları, nə də acı yovşanın 1500mq/kq dozası çəki artımının azalmasının qarşısını ala bilmir. Ayrı-ayrılıqda acı yovşan və baykoksdan fərqli olaraq onların kombinası-yası ilə müalicə cücələrin çəki artımının azalmazının qarşısını alır. Bu za-man onların göstəricisi kontrol qrupun göstəricisinə bərabər olur (qrafik 1).


Qrafik 1. E.tenella ilə yoluxdurulan və müalicə edilən çil-çil cücələrin çəki artımının dinamikası

Beləliklə, müəyyən edilmişdir ki, A.absinthium cücələrin çəki artımına müsbət təsir göstərir və sağlam quşların yem rasionuna əlavə kimi daxil edilə bilər. Onun koksidioza qarşı baykoksla birlikdə tətbiqi yüksək nəticələr əldə etməyə imkan verir.

Baykoksun (1ml/l, 2ml/l və 3ml/l dozaları), acı yovşanın (1500 mq/kq, 2500 mq/kq və 3000 mq/kq dozaları) müxtəlif dozalarının və onların kombinasiyasının (2ml/l+1500mq/kg) E.tenella-nın reproduktivliyinə təsiri öyrənilmişdir. Müəyyən edilmişdir ki, müalicə olunmayan kontrol qrupda cücələrin yoluxdurulması zamanı ən çox oosista invaziyanın ikinci günü ifraz olunur. Əgər bu gün ifraz olunan oosistaların sayı 14700000 oosista təşkil edirsə, müalicə olunan qruplarda tətbiq edilən preparatın dozasından asılı olaraq 5293333, 162500 və 162400 oosista təşkil edir. Beləliklə, aydın olur ki, baykoks parazitin reproduktivliyinin qarşısını alır. Müəyyən edilmişdir ki, müalicə məqsədilə tətbiq edilən baykoksun 2 ml/L və 3ml/L dozalarının E.tenella-nın reproduktivliyinə təsiri arasında elə bir əsaslı fərq yoxdur (100 oosista). Əldə edilən məlumatlar həmçinin onu da sübut edir ki, baykoks patent dövrünün qısalmasına səbəb olur.

E.tenella ilə yoluxdurulmuş cücələrin müalicəsi zamanı 2,5%-li baykoksun 1ml/l, 2 ml/l və 3ml/l dozalarının və onun acı yovşanın 1500 mq/kq dozada kombinasiyasının invaziyanın intensivliyinə təsirinin öyrənilməsi göstərdi ki, baykoksun 1ml/l, 2ml/l və 3ml/l dozalarının intenseffektliyi müvafiq olaraq 72,10%, 98,39% və 99,55%, acı yovşanın 1500 mq/kq, 2500mq/kq və 3000 mq/kq dozaları ilə müalicəsi zamanı isə 11,17%, 15,50% və 14,72%, baykoksun 2ml/l və acı yovşanın 1500mq/kq dozada kombinasiyası ilə müalicəsi zamanı isə preparatın intenseffektliyi çox yüksək 99,87% olmuşdur.


Yüklə 424,51 Kb.

Dostları ilə paylaş:
  1   2   3   4   5   6




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin