N.E. HƏSƏNOVA
ANA DİLİNİN ORFOFONİYA MƏSƏLƏLƏRİ
Açar sözlər: dil, nitq, tələffüz, tədris .
Ключевые слова: язык, речь, обучение, произношение.
Key words: language, speech, educational, pronunciation
Azərbaycan dili dünya dilləri içərisində xüsusi yer tutan mütərəqqi dildir. Bu dilin elmin, texnikanın, fəlsəfi fikrin nailiyyətlərini dəqiq, aydın, mükəmməl ifadə etmək gücü vardır. Azərbaycan dili zəngin və rəngarəng söz ehtiyatına malikdir.
Nəsillər bir-birini əvəz edir. Lakin dildə onların həyatı, duyğuları, həyəcanları bizə miras olaraq qalır. Dil keçmiş, indiki və gələcək nəsilləri bir-birinə sıx bağlayan ən canlı bağlardan biridir. Dil olmadan mühakimə və təfəkkür üçün lazım gələn ünsürlər heç bir zaman əldə edilə bilməz.
Hər bir xalqın dili onun milli sərvətidir və bu sərvət abidə kimi qorunmalıdır. Buna görə də ana dilinə məhəbbət, bu dili qorumaq hissi kiçik yaşlarından uşaqlarda tərbiyə olunmalıdır. Ana dili nağıllarımızın, bayatılarımızın, laylalarımızın, oxşamalarımızın dilidir. Ana dili elə bir məhvərdir ki, uşağın öyrədilməsi və tərbiyələnməsi bu məhvər ətrafında toplanmalıdır. Bunun üçün evdə ata-ana, məktəbdə isə hər bir müəllim, xüsusilə Azərbaycan dili müəllimi bu məsuliyyətli işi müqəddəs, şərəfli bir borc kimi yerinə yetirilməlidir.
Dil məsələlərinin həlli üçün düzgün istiqamətləndirmədə, zəruri biliklər əldə edilməsində ana dili dərsliklərinin də rolu böyükdür. Şagirdin intellektual səviyyəsinin yüksəlməsində, nitq qabiliyyətinin və danışıq mədəniyyətinin inkişaf etməsində əvəzolunmaz vasitədir. Ona görə də ana dili dərslikləri müasir tələblərə cavab verməlidir. Bu gün kurikulum islahatı üzrə görülən işlər ana dili dərslərinin yeni məzmunda təşkilini, informasiya-kommunikasiya texnologiyalarından istifadə olunmasını və s. ciddi vəzifə kimi qarşıya qoyur. Bu mərhələ ana dilinin tədrisi prosesində müəllimlərdən yaradıcı olmalarını tələb edir.
Orta məktəbdə Azərbaycan dilinin tədrisinin qarşısında qoyulan başlıca vəzifə şagirdləri mükəmməl ədəbi dilə -nitq mədəniyyətinə yiyələndirməkdən ibarətdir. Bunun əsas şərtlərindən biri şagirdlərə düzgün tələffüz vərdişlərinin aşılanmasıdır. Bu gün məktəblərimizdə şagirdlərin qiymətləndirilməsi zamanı orfoqrafik səhvlərin əsas götürüldüyünü müşahidə edirik. Lakin nəzərə alınmalıdır ki, orfoepik məsələləri həll etmədən bu sahədə uğur əldə edilməsi mümkün deyildir.
Orta məktəblərdə Azərbaycan dili nəzəri və praktik yolla tədris edilir, yəni həm nəzəri bilik verilir- dilin qanunları, normaları öyrədilir, həm də çalışmalar üzərində işlər aparılır. Ana dilinin tədrisinin mükəmməlliyi üçün zəruri praktik materiallar olmalıdır. Ana dili fənninin tədrisində fəal (interaktiv) təlimdən istifadə edilməsi şagird fəallığının artırılmasına, məntiqi təfəkkürün inkişaf etdirilməsinə, yaradıcılıq qabiliyyətlərinin formalaşmasına və bütövlükdə təlimin yaxşılaşmasına şərait yaradır. Hər bir dərsin gedişi şagirdlərin qavrama qabiliyyətlərindən asılıdır. Bu gün məktəbə qədəm qoyan şagirdin aldığı bilik dinləmə, eşitmə, müşahidəetmə yolu ilə əldə edilir. O fikirlərini danışaraq nümayiş etdirir. Şagirdin söz ehtiyatının zənginləşməsində, nitq bacarıqlarının formalaşmasında səlis, rəvan danışıq əsas rol oynayır. Məhz danışıq prosesində şagirdin nitqi formalaşır, inkişaf edir.Ana dili fənni şagirdlərin nitq mədəniyyətinin formalaşmasında aparıcı mövqe tutur. Dərs prosesində şagird diqqətlə dinlənilməli, söylədiyi fikrə hörmətlə yanaşılmalı, ona sərbəst mühakimə yürütmək imkanı yaradılmalıdır. Şagirdin fikirlərini yaradıcı şəkildə ifadə etməsi üçün zəngin söz ehtiyatına malik olması, bu fikirlərin yazılı ifadəsi üçün dil qanunlarına yiyələnməsi ana dili fənnindən gözlənilən təlimin nəticəsidir.
Bəlli olduğu kimi, dil ictımai hadisədir. Hər bir uşaq da başqalarına müraciət etmək ehtiyacından dildən ünsiyyət vasitəsi kimi istifadə etməyə məcburdur. Uşaq məktəbə gəldiyi ilk gündən onun əhatəsindəki insanların – valideynlərin, yaxınlarının, o cümlədən məktəbəqədər tərbiyə müəssisəsindəki müəllimlərinin tələffüzünü özü ilə gətirir.Əgər bu insanlar yerli şivədə danışırlarsa, birinci sinfə gələn şagird də o cür danışır. Yerli şivə şəraitində düzgün yazı və tələffüz qaydalarının öyrədilməsi müəllimdən xüsusi zəhmət tələb edir. Məsələn, Yevlax şivəsində danışan bir şagird cib əvəzinə civ, çoban əvəzinə çovan, alıb, gəlib əvəzinə alıf, gəlif, ağac əvəzinə ağaş söyləyəcək və yazacaqdır. Beləliklə, düzgün yazı qaydalarına riayət olunmasında, bu qaydaların mənimsənilməsində qarşıya çıxan maneələrdən biri kimi yerli şivələrin dilə sirayət etməsini göstərə bilərik. Bunun aradan qaldırılması, şagirdlərin düzgün ədəbi tələffüz qaydalarına yiyələnməsi üçün məktəbdə vahid nitq qanun-qaydalarının möhkəm olması vacib şərtdir. Çünki müəllim danışarkən onun nitqində şivə xüsusiyyətləri müşahidə edilirsə, şagirdlər də bunun səhv olmadığını düşünürlər. Müəllimin nitqi düzgün, dolğun, nümunəvi olarsa, tələffüz qaydalarına düzgün riayət edilərsə, bu, şagirdlərə müsbət təsirini göstərəcəkdir. Təkcə Azərbaycan dili müəllimləri deyil, bütün fənn müəllimlərinin şagirdlərin nitqinə nəzarət etməyi sayəsində istənilən nəticəni əldə etmək mümkün olar. Həmçinin sinifdə deyil, sinifdən xaricdə də şagirdlərin nitqinin düzgünlüyünə nəzarət edilərək, qüsurların yerindəcə düzəldilməsi vacibdir. Bu zaman şagirdin yoldaşlarının da bu işə cəlb edilməsi təsirli ola bilər. Belə ki, şagirdlər qarşılıqlı olaraq öz nitqləri üzərində müşahidə aparmaqla bir-birinin tələffüz səhvlərini düzəldə bilərlər.
B.Vahabzadənin öz övladını əcnəbi dildə oxudan ana dili müəlliminin dönüklüyündən bəhs edən “Riyakar” şeiri əsasında hərfi və ədəbi tələffüz arasnda müqayisə aparaq.
Hərfi tələffüzlə:
|
Ədəbi tələffüzlə:
|
Bir- nədir, beş-altı dil bilsin gərək,
|
Bir- nədir, beş-altı dil bilsin gərə[x`],
|
Bizim sabahımız – körpələrimiz.
|
Bizim sabahımız – körpələrimiz.
|
Vətən dilinə də dodaq büzməyək,
|
Vətən dilinə də doda[x] büzməyə[x`],
|
Burdan ayaq açıb, yola çıxaq biz.
|
Burdan aya[ğ] açıb, yola çıxa[x] biz.
|
Evdə ayaq açır əvvəlcə hər kəs,
|
Evdə aya[ğ] açır əvvəlcə hər kəs,
|
Sonra uzaqlara düşür qədəmlər.
|
Sonra uza[x]lara düşür qədəmlər.
|
Yazılı dil – kitab dili şagirdləri hərfi- orfoqrafik tələffüzə meyil etdirir. Nümunədən göründüyü kimi, oxu prosesində ədəbi tələffüz qaydalarını gözləmək qiraətin təbiiliyini təmin edir.Təəssüf ki, müəllimlərimizin çoxu bu məsələyə diqqət yetirmirlər, əsərin şifahi nitqdə təbii səslənməsinə xələl gətirən hərfi tələffüzlə oxumanın qarşısını almırlar. Halbuki şagirdlər yalnız sinifdə bu cür tələffüzdən istifadə edirlər. Dərsdən sonra isə yenə öz şivələrində danışırlar. Onu da qeyd edək ki, yazılı dil ədəbi tələffüzün mənimsənilməsinə,öyrənilməsinə əngəl olduğuna baxmayaraq, istiqamətverici rola da malikdir.
B.Çobanzadə türk dillərinin və ədəbiyyatlarının tədrisi və tədqiqi metodlarının öyrənilməsinə həsr olunmuş “Türk dili və ədəbiyyatının tədris üsulu” (Bakı, 1926-1927) kitabında yazır:”Dil tədrisindən məqsəd doğru oxuyub-yazmağı öyrətmək deyildir. Filvaqe bu da mühüm bir məsələdir, lakin bundan əvvəl dilin mexanizması, üzviyyatı və təşəkkülatı ilə tələbələri az-çox aşina etməkdir.Bu da ancaq cocuqların öz dilini, ana və ailə dillərini onlara tədqiq etdirmək, onların ruh və zehinlərinə, ictimai istedadlarına yaxın bir surətdə rəhbərlik və müəllimlikdə bulunmaqla olur.”
Bəli, dilin tədrisi zamanı təkcə orfoqrafiya və orfoepiya məsələləri deyil, dilin quruluşunu və bu quruluşu əmələ gətirən ayrı-ayrı ünsürlərin təhlil olunaraq öyrənilməsi gərəkdir. Dilimizin incəliklərini gənc nəslə sevərək öyrədək, ana dilimizin saflığını qorumaq naminə laqeydlik göstərməyək, onun təmizliyi uğrunda gedən mübahisələrdən və mübarizələrdən kənarda qalmayaq. Bu sahədə uğur əldə edilməsi üçün orta və ali məktəb auditoriyası qədər hər bir ziyalının həssas və diqqətli yanaşması əhəmiyyətlidir.
Dostları ilə paylaş: |