Azərbaycan miLLİ elmlər akademiyasinin nəSİMİ adına DİLÇİLİK İnstitutu



Yüklə 1,08 Mb.
səhifə13/72
tarix02.01.2022
ölçüsü1,08 Mb.
#31421
1   ...   9   10   11   12   13   14   15   16   ...   72
Ədəbiyyat


  1. Mahmud el- Kaşgari. Divanü Lügat-it Türk. Serab Tuba Yurt Sevər ve Seçkin Erdi. İstanbul, 2005.

  2. İbni – Mühenna Lüğati. Aptullah Battal. 3 Baskı. Ankara, 1997.

  3. Баскаков Н. А. Диалект лебединских татар-чалканцев (куу-кижи). Москва, 1985.

  4. Kazımov Q. Müasir Azərbaycan dili. Bakı, 2010.

  5. Насыров Д. С. Становление каракалпакского общенародного разговорного языка и его диалектная система. Казань, 1977

  6. Faruk Yıldırım.Adana ve Osmaniye illeri ağızları. Ankara, 2006.


M.Ə. MAHMUDOV
AZƏRBAYCAN DİLİ QLOBALLAŞMA ŞƏRAİTİNDƏ*
Açar sözlər: qloballaşma, Azərbaycan dili, tətbiqi dilçilik, internet, dövlət dili

Ключевые слова: глобализация, азербайджанский язык, прикладная линг­вис­­тика, интернет, государственный язык

Key words: globalization, the Azerbaijani language, applied linguistics, internet, the state language
Azərbaycan dili bizə ulu babalarımızdan miras qalmış ən qiymətli milli sər­vət, ən möhtəşəm, əbədiyaşar tarixi abidədir. Azərbaycan dilinin saflığını, tə­miz­liyini qorumaq, ona dərin ehtiram və qayğı ilə yanaşmaq hər bir azərbaycanlının və­təndaşlıq borcudur.

Azərbaycan dili indiki inkişaf səviyyəsinə çatana qədər yüz illər boyunca mürəkkəb, ziddiyyətli, çətin bir yol keçmişdir. Dəfələrlə yadellilər torpaqlarımıza göz dikmiş, bizi əsarət altında saxlamağa, adət-ənənələrimizi, dilimizi unutdurmağa cəhd göstərmiş, lakin uğursuzluğa düçar olmuş, istəklərinə nail ola bilməmişlər.

IV-V əsrlərdə Azərbaycan dili artıq ümumxalq danışıq dili kimi geniş fəaliyyət göstərmiş və həmin dildə “Kitabi-Dədə Qorqud” kimi möhtəşəm bir abidə yaranmışdır.

Bu dili qorumaq, onu inkişaf etdirmək hər bir azərbaycanlının həm də övladlıq vəzifəsidir.

Azərbaycan Respublikası Prezidentinin 18 iyun 2001-ci il tarixli fərmanında qeyd olunduğu kimi, dil öz daxili qanunları əsasında inkişaf edirsə də, onun tədqiq və tətbiq edilməsi üçün yaradılmış geniş imkanlar bu inkişafın daha sürətli və dolğun olmasına imkan verir.

Azərbaycanda dilçilik sahəsində başlıca elmi-tədqiqat mərkəzi olan Nəsimi adına Dilçilik İnstitutunda Azərbaycan dilinin tarixi, müasir vəziyyəti, inkişaf istiqamətləri, qohum və qohum olmayan dillərlə əlaqəsi, digər elm sahələri ilə həmhüdud sahələri, informasiya texnologiyalarından istifadə olunmaqla internet məkanında işlənməsi məsələləri həmişə prioritet hesab olunmuşdur.

Nəzəri və tətbiqi dilçilik məsələləri, müasir qloballaşma şəraitində dillərin, o cüm­lədən Azərbaycan dilinin internet məkanında işlənməsinin tətbiqi-linqvistik tex­nologiyalarının hazırlanması, dilçiliyin dünya elmi kontekstində öyrənilməsi gü­nümüzün vacib məsələlərindəndir. Lakin, hər şeydən əvvəl, doğma Azərbaycan di­­­linin hərtərəfli öyrənilməsi ön planda olmalı, ana dilimiz daha dərindən və ciddi araş­­­dırılmalıdır. Məhz buna görə də, Azərbaycan dilinin müasir vəziyyəti, funk­si­o­nal üslubları və nitq mədəniyyəti, tarixi, qədim yazılı abidələrin və ayrı-ayrı klas­­­siklərin dili, eləcə də respublikada və respublikadankənar ərazilərdə Azər­bay­can dilinin və şivələrinin öyrənilməsi məsələlərinə xüsusi diqqət yetiril­mə­lidir. Azər­­­baycan dilinin dünya dilləri və Azərbaycanda yaşayan azsaylı xalqların dilləri ilə qarşılıqlı əlaqədə öyrənilməsi, türk dillərinin fonetik, leksik və qrammatik qu­ru­­luşunun müqayisəli tədqiqi, bu dillər arasında Azərbaycan dilinin yerinin mü­əy­yən­­ləşdirilməsi, Azərbaycan ərazisində və respublikadankənar ərazilərdə, türk (Azər­­baycan) mənşəli onomastik vahidlərin tədqiqi də dilçiliyimizin vacib sahə­lə­ri­n­­dəndir.

Azərbaycan dili leksikasının öyrənilməsi, Azərbaycan dilinin izahlı, ensik­lo­pe­­­­dik, ikidilli və çoxdilli tərcümə lüğətlərinin, eləcə də terminoloji lüğətlərinin tər­­­ti­bi, terminologiyanın tarixi və inkişaf qanunauyğunluqlarının araşdırılması da çox vacibdir.

Azərbaycan dilinin dünya dilləri ilə əlaqəli şəkildə tədqiqi kontekstində ger­man və roman dilləri xüsusi yer tutur. Bu, qloballaşan dünyada ingilis dilinin get­dik­cə daha çox yayılması, beynəlxalq ünsiyyət dilinə çevrilməsi ilə səciy­yələn­diri­lə bilər. Biz unutmamalıyıq ki, dünyanın heç bir elmi mərkəzində Azərbaycan dili biz­də olduğundan yaxşı və dərindən araşdırıla bilməz. Nəzərdə tutmaq lazımdır ki, dövlət dilimiz olan Azərbaycan dilinin inkişafı, öyrənilməsi, saflığının qorun­ma­sı dövlət tərəfindən tənzimlənir və “Azərbaycan Respublika­sın­da dövlət dili haq­qında” Qanun Azərbaycan dilinin dövlət dili kimi hüquqi statu­su­nu nizam­la­yan rəsmi sənəddir.

Yaşadığımız XXI əsr qloballaşma əsridir. Qloballaşma həyatın bütün sferalarına olduğu kimi milli dillərə, adət-ənənələrə, dünyagörüşə, xalqın ruhunun və vərdişlərinin təzahürü olan mentalitetə də güclü təsir göstərir. Bu təsirin əlamətləri, hətta nəticələri artıq özünü qabarıq şəkildə büruzə verməkdədir.

Qloballaşma latın mənşəli “qlobal” sözündən olub “yer kürəsini bürüyə bilən, əhatə edən” mənasını verir. Bu kontekstdə qloballaşma – bütün yer kürəsinə aid hadisənin, prosesin baş verməsi kimi izah oluna bilər.

Qloballaşma obyektiv olaraq baş verən qarşısıalınmaz prosesdir. Biz onun qarşısını alıb saxlaya bilmərik. Ən yaxşı halda biz qloballaşma şəraitində milli mənliyimizi, mentalitetimizi, dilimizi qoruyub saxlamağın yollarını axtara bilərik.

Qloballaşmanı doğuran səbəblər kimi dünya iqtisadiyyatında, siyasətində, mənəviyyatında gedən inteqrasiya, birlik meyilləri (Avropa İttifaqı, Avropa Birliyi, Ümumi bazar, MDB, GUAM və s.), informasiya texnologiyalarının sürətli inkişafı, internet şəbəkəsinin getdikcə daha çevik və əhatəli olması, dəyişən dünyada ingilis dilinin rolunun və nüfuzunun artması göstərilə bilər.

Qloballaşmanın ziyanı nə ola bilər? Milli dillərin işləkliyi getdikcə azala bilər, bir çox azsaylı xalqların dilləri yox ola bilər, adət-ənənələr, vərdişlər unu­du­la bilər. Bu proses tədricən baş verəcək, yəni burada qəfil inqilabi sıçra­yış­dan söh­bət gedə bilməz. Qloballaşmanın bu mənada təsiri artıq hiss olunmaqdadır. Şadlıq ev­lərinin, restoran və kafelərin adlarına diqqət yetirsək, dövlət dilimizə eti­na­sız­lı­ğın şahidi olarıq.

Televiziya verilişlərində, mətbuatda da belə hallar kütləvi şəkil almaqdadır. Adı ingiliscə olan və ingilis tələffüzü ilə deyilən “Space” kanalında görkəmli incəsənət xadimlərinin şair, bəstəkar, müğənnilərin yubileyləri, ad günləri qeyd olunur. Tortun üzərində şamlar yandırılır, “səbəbkar” üfürüb onları söndürür və hamı bir yerdə ingilis dilində “Ad günün mübarək” mahnısını oxumağa başlayırlar. Halbuki, Azərbaycan dilində də ad günü ilə bağlı gözəl bir mahnımız var və onu da oxumaq olardı.

Qloballaşmanın nəticəsi nə ola bilər? Dünyada vahid dil, vahid əlifba, vahid adət-ənənənə, vahid qayda-qanun bərqərar olacaq. Əslində, bəşəriyyət həmişə belə vahidliyə meyilli olub. Beynəlxalq hüquq normaları hər bir konkret ölkənin hüquq normalarından üstün sayılır. Bəşəriyyət həmişə beynəlxalq ünsiyyət vasitəsi kimi vahid dil yaratmaq arzusunda olub. Esperantonun yaradılması və rəsmən bey­nəlxalq dil kimi təqdim olunması təşəbbüsü təsadüfi deyil. Axı, vaxtilə yer üzündə bir dilin mövcud olması, sonradan həmin dilin diferensiasiyası nəticəsində milli dillərin yaranması fikri də məlumdur. Bu, obyektiv olaraq baş verən inteqrasiya və diferensiasiya prosesidir və onun nəticəsində nə vaxtsa parçalanmış xalqların yenidən yaxınlaşması baş verə bilər. Yenidən yaxınlaşma, birləşmə, inteqrasiya nəticəsində vahid dil, vahid əlifba məsələsi aktuallaşa bilər. Riyaziyyatçılar de­miş­kən, fərz edək ki, dünyada bir dil olacaq və bir vahid əlifbadan istifadə olu­nacaq. Bu halda bizi nə kimi fəlakət gözləyir. Bütün dünya bir dildə danışacaqsa, bir əlifbadan istifadə edəcəksə, planetin sakinləri bir-birlərini daha yaxşı anlayar, kon­fliktlərə, müharibələrə son qoyulacaq. Bunun nəyi pisdir? Bəlkə, qloballaşma ya­xınlaşan fəlakət deyil!

Qloballaşma əks prosesi doğurur – fərdiləşmə, xüsusiləşmə, regionlaşma, mər­kəzdənqaçma və s. Ana dili müqavimət göstərir, yox olmaq istəmir, xalq öz adət-ənənələrini, milli mentalitetini, varlığını qoruyub saxlamaq üçün mübarizə apa­rır.

Mənə elə gəlir ki, bəlkə də qloballaşma olmasaydı, ana dilinin qorunması mə­sələsi bu qədər qabardılmazdı, aktuallaşmazdı.

Paradoksal bir vəziyyət – ana dilinin qorunması uğrunda mübarizəyə görə, biz haradasa həm də qloballaşmaya borcluyuq. Əksliklərin vəhdəti və mübarizəsi fəl­səfi qanununun inikaslarından biri də buna aid edilə bilər.

Ortaq dil, ortaq terminologiya, ortaq əlifba sahəsində gedən müzakirələri də qlo­ballaşmanın təsiri hesab etmək olar. Konkret dil beynəlxalq səviyyəyə çıx­maq­da çətinlik çəkir, təkbaşına özünü qorumaq iqtidarında deyil. Dil ailəsi top­lu­mun­da vahid dil funksiyasında müqavimət daha effektli olardı. Ortaq türk dili, ortaq türk əlifbası və ortaq türk terminologiyası və s. bu qəbildən olan mə­sə­lə­ləri “ya­rım­qloballaşma meyli” kimi səciyyələndirmək olar. Ortaq türk əlif­ba­­sına ke­çidin re­a­l­laşmadığı bir vaxtda ortaq türk dili ideyası nə dərəcədə realdır? 2012-ci ilin no­yabrında Qazaxıstanın Almatı şəhərində keçirilən beynəlxalq kon­frans­da or­taq türk dili kimi, leksik tərkibcə Abayın dilinə yaxın olan qazax türk­cə­si tək­lif olun­du.

Çox qəribədir, nədənsə, ortaq slavyan dili, ortaq german dili problemi gündəmdə deyil. Görəsən, digər dil ailələrinin nümayəndələri, məsələn, slavyan dilləri ailəsi niyə ortaq dil yaratmaq məsələsini qaldırmır?

Ana dilinin, dövlət dili olan Azərbaycan dilinin yox olmasından söz gedə bil­məz. Söhbət onun işləklik dərəcəsinin azalmasından gedə bilər. Səylərimiz onun kütləvi informasiya vasitələrində, internet məkanında daha çox işlənməsi, da­ha çox təmsil olunması ilə bağlı ola bilər. Burada bir məqama da diqqət ye­tir­mək lazımdır. Bu və ya digər dil internetdə böyük həcmdə, geniş şəkildə təmsil olu­na bilər. Bu, heç də həmin dilin aparıcı olmasından irəli gəlmir. Məsələn, əha­li­sinin və internet istifadəçilərinin sayına görə çin dili hətta ingilis dili ilə rəqabətə gi­rə bilər. Bu o demək deyil ki, çin dili ingilis dilindən daha çox yayılmış, daha ge­niş istifadə dairəsinə malikdir. İngilis dilindən bir ünsiyyət vasitəsi, informasiya ötü­rücüsü kimi bütün dünya istifadə edirsə, bu sahədə çin dilinin imkanları məh­dud­dur. Çin dilindən daha çox çin dilini və əlifbasını bilən yerli istifadəçilər isti­fa­də edirlər. İnternet istifadəçilərinin sayının çox olması başqa bir müzakirənin möv­zusu ola bilər.

Azərbaycan dili qloballaşma şəraitində zamanın tələblərinə uyğun şəkildə inkişaf etdirilir, öyrənilir və tətbiq olunur.

Qeyd etmək lazımdır ki, respublikamızda Azərbaycan dilinin inkişafına dövlət səviyyəsində qayğı göstərilir. Qısa müddət ərzində Azərbaycan dilinin inkişafı və qorunması ilə bağlı verilmiş fərman və sərəncamların xronologiyasının nəzərdən keçirək:



  1. “Dövlət dilinin tətbiqi işinin təkmilləşdirilməsi haqqında” AR Prezi­den­ti­nin 18 iyun 2001-ci il tarixli fərmanı;

  2. Azərbaycan əlifbası və Azərbaycan dili gününün təsis edilməsi ilə bağlı AR Prezidentinin 09 avqust 2001-ci il il tarixli fərmanı;

  3. “Azərbaycan Respublikasında Dövlət dili haqqında” Qanun (30 sentyabr 2003-cü il);

  4. “Azərbaycan Respublikasında Dövlət dili haqqında” Qanunun tətbiq edilməsi barədə fərman (02 yanvar 2003-cü il);

  5. “Azərbaycan dilində latın qrafikası ilə kütləvi nəşrlərin həyata keçirilməsi barədə” (12 yanvar 2004-cü il tarixli sərəncam);

  6. “Azərbaycan Milli Ensiklopediyasının nəşri haqqında” (12 yanvar 2004-cü il tarixli Sərəncam).

Nəhayət, Azərbaycan dilinə dövlət səviyyəsində qayğının, sonsuz sevginin da­vamı olaraq 2012-ci ildə AR Prezidentinin daha iki sərəncamı oldu. “Azər­bay­can dilinin qloballaşma şəraitində zamanın tələblərinə uyğun istifadəsinə və ölkədə dilçiliyin inkişafına dair Dövlət Proqramı haqqında” Azərbaycan Res­pub­likası Prezidentinin 23 may 2012-ci il tarixli Sərəncamı Azərbaycan dilinin in­ki­şafı tarixinin ən əlamətdar hadisələrindən birinə çevrildi. 29 may 2012-ci il ta­rix­də isə ölkə rəhbərinin imzaladığı “Azərbaycan Milli Elmlər Akademiyasının Nə­simi adına Dilçilik İnstitutunun maddi-texniki bazasının gücləndirilməsi haq­qın­da” digər Sərəncamla AR Prezidentinin ehtiyat fondundan AMEA-ya bu mə­q­səd­lə 2 milyon manat vəsait ayrıldı. Azərbaycan dilinin qloballaşma şəraitində za­ma­nın tələblərinə uyğun istifadəsini və ölkədə dilçiliyin inkişafını nəzərdə tutan bu sənədlər, ilk növbədə, AR Prezidenti İlham Əliyevin xalqın ən böyük milli də­yər­lərindən olan ana dilimizə sevgisinin, diqqət və qayğısının daha bir nü­mu­nə­si­dir.

Ana dilini sevən, onun incəliklərinə bələd olan bütün ziyalılarımızın ümumi bir narahatlığının – bəzi mətbuat orqanlarında, radio və televiziya kanallarında, küçə və meydanlardakı afişalarda ədəbi dil normalarının pozulması, Azərbaycan dilinin leksik və qrammatik qaydalarına əməl olunmaması kimi halların Prezident sərəncamı səviyyəsində aktuallaşdırılması, dilçi mütəxəssislər üçün sevindirici faktdır. Bu məsələlər həmişə Dilçilik İnstitutunun diqqət mərkəzində olmuş, həmin arzuolunmaz halların aradan qaldırılması məqsədi ilə mövcud imkanlar daxilində müəyyən tədbirlər görülmüşdür.

2010-cu il iyunun 25-də Nəsimi adına Dilçilik İnstitutu Azərbaycan Mətbuat Şurası ilə birgə “Kütləvi informasiya vasitələrinin dili” mövzusunda respublika elmi konfransı keçirmişdir. Konfransın materialları çap olunmuş, radio və tele­vi­zi­ya işçilərinə tövsiyələr verilmişdir. Həmin konfransda reklamların dili də ayrıca mü­za­kirə mövzusu olmuşdur.

2010-cu il dekabrın 27-də AMEA Nəsimi adına Dilçilik İnstitutunda ke­çi­ril­miş respublika elmi konfransında isə ali məktəblərdə dilçilik üzrə dərsliklərin dili mü­z­akirə obyekti olmuşdur. Həmin konfransda respublikamızın aparıcı ali mək­təb­lə­rinin mütəxəssisləri iştirak etmiş, konkret nöqsanlar araşdırılmış, onların ara­dan qaldırılması yolları göstərilmişdir.

2011-ci ilin iyununda “Nitq mədəniyyəti və terminologiyanın aktual problemləri” respublika elmi konfransı təşkil edilmişdir. Həmin konfransda etiket və nitq mədəniyyəti, televiziya və radio aparıcılarının nitqi, nitq mədəniyyəti və orfoqrafik norma, düzgün tələffüz qaydaları kimi məsələlər hərtərəfli təhlil olunmuş, tövsiyələr verilmişdir.

Bütün bu tədbirlərdə mütəxəssislər tərəfindən verilən təkliflərin, irəli sürülən tövsiyələrin nəzərə alınması peşəkarlıqdan əlavə, həm də vətəndaşlıq məsuliyyəti məsələsidir. Bu baxımdan ümid edirik ki, Azərbaycan Respublikası Prezidentinin yeni Sərəncamı dil normalarına əhəmiyyət verməyən kəslərin məsuliyyətini artıracaqdır.

AMEA Humanitar və İctimai Elmlər Bölməsi və Nəsimi adına Dilçilik İnstitutunun keçirdiyi “Ölkədə dil situasiyası” Respublika elmi konfransı da bu sahədə görülmüş məqsədyönlü işlərin məntiqi davamı və qloballaşma ilə bağlı məlum Prezident sərəncamının yerinə yetirilməsi sahəsində daha bir addımdır.

Azərbaycan dilində internet resurslarının formalaşdırılması, elektron və in­te­­raktiv dərsliklərin hazırlanması ilə bağlı Sərəncamda öz əksini tapmış müd­də­a­lar Azərbaycan dilçilik elmi qarşısında mühüm vəzifələr müəyyənləşdirir. AMEA-nın Nəsimi adına Dilçilik İnstitutu AMEA Kibernetika İnstitutu, Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi ilə birgə bu sahədə bir neçə ildir ki, müəyyən layihələr həyata keçirməkdədir. “Azərbaycan qəzet dilinin tezlik lüğəti”, “Azərbaycan dilinin əks-əlifba lüğəti”, “Kitabi-Dədə Qorqud”un statistikası”, “Mə­həmməd Füzulinin nəzm əsərlərinin statistikası”, “Azərbaycan dilinin üç­cil­d­lik tezlik lüğəti” kimi tədqiqatlar dilçilərlə kibernetiklərin və informasiya tex­no­lo­gi­yaları mütəxəssislərinin birgə əməyinin məhsuludur.

Azərbaycan dilinin internet məkanında işlənməsi, Azərbaycan dilində tətbiqi-linqvistik texnologiyaların yaradılması problemləri İnstitutun elmi-tədqiqat planlarında da öz əksini tapmışdır. Eləcə də elmi-tədqiqat planlarının tərtibində dilçiliyin başqa elmlərlə həmhüdud sahələri, fənlərarası əlaqələrə yer ayrılmışdır.

Azərbaycan Respublikası Rabitə və İnformasiya Texnologiyaları Nazir­li­yi­nin dəstəyi ilə həyata keçirilən “Dilmanc” maşın tərcüməsi layihəsi çərçivəsində də birgə əməkdaşlıq davam etdirilir. Bütün bu sadalananlar qloballaşma dövrünün ru­huna aid yeni istiqamətlərin elmi-tədqiqat planlarında nəzərə alındığını göstərən nü­mu­nələrdir. Sərəncam bu qəbildən olan araşdırmaların daha da ge­niş­lən­di­ril­mə­si­nə, müasir dünya dilçiliyinin nəzəri səviyyəsinə uyğun problemlərin işlənməsinə bö­yük töhfə verəcəkdir.

Qloballaşma dövründə Azərbaycan dilçilik elminin dünya elmi, texnikası və tex­nologiyalarının prioritet istiqamətlərinə uyğun təşkili və planlaşdırılmasına bö­yük ehtiyac vardır. Fəlsəfə, psixologiya, tarix, coğrafiya, informasiya texnolo­giya­la­rı ilə bağlı müştərək tədqiqatlar genişləndirilməlidir. Müasir elmi araşdırmalar zə­mi­nində dilin tədrisi ilə əlaqəli tədqiqatlara diqqət artırılmalıdır. Dil və cə­miy­yət, sosioloji amillərin dillərə təsiri məsələləri kompleks şəkildə işlənməlidir. Dil­çi­lik elminin təhsil və istehsalatla inteqrasiyası təmin edilməlidir. Qloballaşma döv­ründə qarşıda duran əsas vəzifələr dilçiliyin informasiya təminatının güc­lən­di­ril­məsi, dilçilik tədqiqatlarının xalqımıza məxsus milli-mənəvi dəyərlərlə əla­qə­lən­dirilməsi və azərbaycançılıq məfkurəsi mövqeyindən araşdırılması, dilçi­likdə azər­baycançılıq məfkurəsinin konseptual əsaslarının işlənilməsidir.

Əminəm ki, “Azərbaycan dilinin qloballaşma şəraitində zamanın tələblərinə uy­ğun istifadəsinə və ölkədə dilçiliyin inkişafına dair Dövlət Proqramı haqqında” AR Prezidentinin 23 may 2012-ci il və “Azərbaycan Milli Elmlər Akademiyasının Nə­simi adına Dilçilik İnstitutunun maddi-texniki bazasının gücləndirilməsi haqqında” 29 may 2012-ci il tarixli sərəncamlarından irəli gələn vəzifələrin uğurlu icrası Azərbaycan dilinin inkişafında yeni bir mər­hə­lənin əsasını qoyacaqdır.




Yüklə 1,08 Mb.

Dostları ilə paylaş:
1   ...   9   10   11   12   13   14   15   16   ...   72




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin