İ.Y. CƏFƏRSOY
AVROPA DİLLƏRİNDƏ İNCİL MƏNŞƏLİ ŞƏXS ADLARI VƏ ÖN ASİYANIN ÖLÜ DİLLƏRİNDƏ ONLARIN ARXAİK VARİANTLARI
Açar sözlər: Elissa, İzebel, İlona, Anna, Didona, Artemida
Ключевые слова: Элисса, Изебел, Илона, Анна, Дидона, Артемида
Key words: Eliza, Izebel, Ilona, Anne, Didone, Artemide
Mədəniyyətlərin bir-birinə qarşılıqlı təsiri və inteqrasiyası yeni hadisə deyil. Tarix boyu dövlətlərin maraqları toqquşmuş, nəticədə etnosların şərqdən qərbə, qərbdən şərqə miqrasiyaları baş vermişdir. Finikiyadan, Misirdən, Troyadan Avropaya köçən etnoslar özləri ilə adətlərini, inanclarını və təbii ki, adlarını da aparırdılar.
Belə adlardan biri Elissadır. Elissa Kənan nəslindən olub, İzebel kultunun kahini və Tir şahının bacısı idi. O, hakimiyyət uğrunda mübarizədə qardaşına məğlub olub, Şimali Afrikaya qaçdı və indiki Tunis yaxınlığında Karfagen şəhərini saldırdı. Publi Maron Vergilinin “Eneida” eposu ilə onun adı İtaliyaya keçdi və Eliza, Elza variantlarında bütün Avropaya yayıldı.
Elissaya Finikiyadan qaçıb gəldiyinə görə, Didona “qaçqın”da deyirdilər. Troyanın işğalından sonra Siciliyaya, oradan Liviyaya gələn Eney Didona ilə sevişərək onunla bir mağarada evləndi. Eney üç il sonra Didonanı ataraq İtaliyaya gəldi. Bu vəfasızlığa dözə bilməyən Didona xəncərlə özünü öldürdü. “Eneida”, “Pun müharibəsi”, “Georqika” poemalarını oxuyub təsirlənən avropalılar öz qızlarına Didona adı qoydular.
Avropada ən geniş yayılmış adlardan biri Annadır. Anna teofor adının arxaik variantı Bibliyada Ena, “İliada”da Bay Ana formasında yazıya alınmışdır. Ana Kənan nəsillərinin, Bay Ana troyalıların Venerası olub, sevgililəri və körpə uşaqları himayə edirdi.
Qədim yunanlar ilahə Ananı Afrodita adı ilə öz panteonlarına daxil etdilər. Afrodita “dəniz dalğaları üzərindəki ağ köpük” deməkdir. Buna uyğun olaraq “Yaratılış” dastanıda Ağ Ana obrazı var. Ağ Ana dalğaların üzərindəki ağ köpük kimi Tanrının gözlərinə görünür. Tanrıya ilham verir ki, dünyanı yaratsın.
Avropa və bəzi Azərbaycan tədqiqatçıları belə hesab edirlər ki, türk və Ellada folklorundakı süjetlər bir-birinə zahirən oxşayır. Əslində isə bu uyğunluqlara təsadüf kimi baxmaq olmaz. Həmin dastan süjetləri xalqların miqrasiyaları nəticəsində Asiyadan Avropaya aparılmışdır.
Avropada geniş yayılan Bibliya mənşəli adlardan biri İzabeldir. İzebel Kənan nəslindən Finikia hökmdarının qızı idi. Çar Solomonun ölümündən sonra o, zəifləmiş İudeyanı daha da zəiflətmək üçün Samaria sarayına ərə verildi. Təbiətən çox gözəl və fitnəkar İzebel tezliklə İudeyanı Finikiyanın vassalına çevirdi. İnsanlar onun qorxusundan aşkarda Kənan ilahəsi Aşqliyə, gizlində öz tanrıları Yaxveyə sitayiş edirdilər.
Bibliya əfsanələrindən İzebelə məftun olan avropalılar arzulayırdılar ki, qızları gözəllikdə və qətiyyətdə İzebelə oxşasın. Həmin səbəbdən İzebelin adı İzabel, İzabella və Zabella variantlarında Avropaya yayıldı.
İzebelin nəslinin sevgi ilahəsi Aşqlinin (Хоренский 1808.28; Шопен 1866.41; Тураев 1903.88; Грець 1907.41) adı Azərbaycan folkloruna Əsli, Volqa Bulqarıstanına Aslı deyimində gəldi.
Çuvaşlar xristianlığı qəbul edənədək sevgi ayini zamanı Kərəm adlanan bulaq başında paklıq və bakirəlik ilahəsi Aslı İraya ağ qaz qurban kəsərdilər (Родионов 1983.21-22). İlahə Əsliyə sitayiş edən Bulqar türkləri bundan qabaq Volqa boyunda Aslı şəhərini saldılar. Kazan xanlığının işğalından qabaq həmin şəhər xaraba qoyulmuşdur (Рычков 1767.22).
Bibliyadakı Solomonun –Qurandakı Süleyman peyğəmbərin nəvə-nəticələrinin adı Finikiya yazılarında tamamilə başqa formalarda göstərilmişdir. Məsələn, həmin kitabələrdə İudeyanın H’Eraklı Sampsonun adı Delaq, Rovoamın adı Bazuk, Samuilin adı Zarmer kimi yazıya alınmışdır. Zarmer Troya çarı Pirama köməyə getmiş və döyüşlərdə Danay nəslindən Axilə (yunan dilli mənbələrdə Axillesə ağır zərbələr vurmuşdur (Хоренский 1808.34, 35).
Avropa dillərində geniş yayılan qadın adlarından biri İlonadır. Belə güman edilir ki, bu ad Troya mənşəlidir. Homerin “İliada” poeması İlion şəhərinin mühasirəsinə həsr olunmuşdur.
Ancaq Troya şəhərinin salınmasından qabaq Misirdə İli şəhəri olmuşdur. Nil çayının sağ sahilində, çayın qollara bölündüyü yerin cənub-şərqində yerləşən həmin şəhər bəzi xəritələrdə İlion, bəzilərində isə İliopol kimi göstərilir (Тураев 1913. к 1; Клота бей 1843. к 1).
Qədim Misirin zəngin mədəniyyət mərkəzi olan İlion şəhərindən qüdrətli patriarxlar, alim və kahinlər çıxmışdır. Yəhudi dininin banisi Amosiy də onlardan biridir. Sonralar Amosiy adı azca dəyişərək Moisey şəklinə düşdü. Moisey Qurandakı Musa peyğəmbərdir.
Bibliya mənşəli İosif adı Avropa dillərinə Yosef, Jozef, Cozef variantlarında yayılmışdır. Müsəlman mənbələrində isə o ad Yusif, Yusif Kənan formalarında göstərilmişdir.
Kişi ağlının və gözəlliyinin timsalı olan Yusifin adı həm şərq, həm qərb ölkələrinə yayılmışdır. Türkoloji tədqiqat üçün maraqlıdır ki, Kənan nəslinin totem adı Sanak olmuşdur. Sanak etnonimi sonralar Albaniya və İberiyaya Şanak, Zenak və Sinak variantlarında gəlmişdir (Джанашвили 1908. 18, 51).
Apollonun adı Avropaya Homerin “İliada” və Vergilnin “Eneida” poemalarından məlumdur. Yaz və yaşıllıq tanrısı Apollon Ellada mifologiyasında heyvandarlıq və ovçuluq ilahəsi Artemidanın əkiz qardaşıdır.
E.ö. II minilliyə aid Likiya mixi yazılarında Apollon teoniminin arxaik variantı Aplu formasında yazıya alınmışdır. Şuşa – Suziana dövlətçilik ənənəsinə görə, atanın vərəsəlik hüququ olan oğlu aplu adlanırdı. Türk dillərinin Bulqar qrupunda oğula aplu deyilir.
Qeyd etdiyimiz adların hamısının mənası türk dillərinin tarixi leksikası əsasında izah olunur. Bu da ondan irəli gəlir ki, İudeya və İsrail etnoslarından fərqli olaraq Kənan torpağının (Finikiyanın) hakim etnosları Sam yox, Kam nəslindən çıxmışdır.
Avropa dillərində Bibliya, Troya, Xatti, Likiya, Palay mənşəli şəxs adları çoxdur. Onların tarixi-filoloji oçerklər şəklində izahlı lüğətlərinin hazırlanması həm Azərbaycan və Türkiyənin, həm də Avropanın universitetlərinin marağına səbəb olardı.
Dostları ilə paylaş: |