Şıxhapıt. Şıxhapıt oykonimi Quba rayonunun Hapıt kədindən gələn ailələr tərəfindən salınmışdır. Tədqiqatçıların fikrincə, Hapıt kəndindəki Baba Dilim adlı şeyxin övladlarından ibarət olan ikinci oba isə Şıx Hapıt adlanır. Verilmiş izahda Şıx sözünün mənasına aydınlıq gətirilsə də Hapıt sözü izah olunmur. Fikrimizcə, Şıxhapıt oykoniminin ikinci komponenti haput sözü etnonimdir. Hapıtlılar isə “Şahdağ etnik qrupları”ndandır.
Prof.Ə.B.Qubatov “Şahdağlılar və dilləri” əsərində bu haqda yazır: “Xınalıqlar, buduqlular, qırızlar, yergüclülər, haputlular və ceklər tədricən özlərinin qədim ata-baba yurdlarından daha əlverişli təbii iqlim şəraiti olan qonşu Xaçmaz rayonuna da köçmüş, burada yeni yaşayış məskənləri salmışlar.
Haputluların xeyli hissəsi isə Azərbaycanın bir sıra rayonlarında – İsmayıllıda, Ağdaşda, Qəbələdə və başqa yerlərdə məskumlaşmışlar”.
Cığatay, Cığatay oykonimi etnotoponimdir. Toponim türkdilli cağatay/cığatay tayfasının adı ilə bağlıdır. Qeyd etmək istərdik ki, tədqiqatçılar Xaçmaz rayonu ərazisində Cığatay kəndinin salınmasını Qubalı Fətəli xanın adı ilə bağlayırlar. Belə ki, elmi ədəbiyyatda Cığatayları XVIII əsrdə Fətəli şahın Qarabağdan köçürüb Quba xanlığında yerləşdirilməsi kimi fikirlər yer almışdır.
Qaraqurdlu. Qaraqurdlu oykonim Xaçmaz rayonu ərazisində yerləşən etnotoponimlərdəndir. Tədqiqatçıların fikrincə, oykonimi XVIII əsrin sonlarında Quba xanı Fətəli xanın Qarabağdan köçürdüyü kəngərlilərin qurdlu tayfasına mənsub ailələr salmışlar. Başqa bir versiyaya görə isə kəndin tam adı Qarasu Qurdlu olmuşdur. Fikrimizcə, Qaraqurdlu mürəkkəb quruluşlu toponim olub Qara-böyük, Qurdlu-tayfa nəsil mənaları bildirən sözlərin birləşməsindən yaranmışdır.
Dostları ilə paylaş: |