10,5 milyon əhaliyə malik Portuqaliya Respublikasında çoxmədəniyyətliliyin qorunması istiqamətində müəyyən tədbirlər həyata keçirilir. İrqi, dini və etnik ayrıseçkiliyə qarşı mübarizə aparılır.
Portuqaliya hökuməti inkluziv cəmiyyətin1 yaradılması üçün təhsil, mədəniyyət, iqtisadiyyat və digər sahələrdə xüsusi tədbirlər həyata keçirir.
Azərbaycan Respublikasından fərqli olaraq, Portuqaliya ənənəvi emiqrasiya ölkəsi olmuşdur. Portuqaliyada aktiv emiqrasiya dalğası XV əsrin sonundan etibarən başlanmış coğrafi kəşflər dövrünə təsadüf edir. Bu proses sonrakı dövrlərdə də davamlı olaraq getmiş, XIX əsrin ortalarından XX əsrin ortalarına qədər təxminən iki milyon portuqaliyalı Braziliya və ABŞ-a köçmüşdü.
XX əsrin 50-ci illərinin sonlarında, Şimali və Mərkəzi Avropa inkişaf edən iqtisadiyyatın və əmək bazarının genişlənməsi tələbləri qarşısında, Portuqaliyada emiqrasiya intensivliyi artmaqda davam edirdi. Növbəti 15 il ərzində həm iqtisadi, həm də siyasi səbəbdən Portuqaliyada fəal emiqrasiya prosesləri müəyyən edilmişdir (1,5 milyondan çox emiqrant). Emiqrantların bir qismi 1926-1974-cü illərdə ölkədə hökm sürən diktatura rejimi nəticəsində Portuqaliyanı tərk etmişdi.
Müxtəlif dövrlərdə Portuqaliyada mədəni müxtəlifliyin formalaşmasına emiqrasiya ilə yanaşı immiqrasiya dalğaları da təsir göstərmişdir. Hələ XV əsrin sonlarında Lissabon şəhəri öz mədəni rəngarəngliyi ilə xüsusi seçilirdi. Şəhərin coğrafi yerləşməsi onu İngiltərə, Hollandiya, İspaniya, İtaliya tacirləri və səyyahları üçün cəlbedici edirdi. XVI əsrin birinci yarısında Avropa şəhərləri arasında Afrika əsilli sakinlərinin sayına görə (əhalinin 10%) birincilik Lissabona məxsus idi.
1993-cü ildən başlayaraq bir çox tədqiqatçılar Portuqaliyanı “immiqrasiya ölkəsi” adlandırırlar. Bu dövrdən başlayaraq günümüzə qədər ölkəyə immiqrantların axını artmaqda davam edib. Eyni zamanda ölkədə təbii hərəkətin azalması ilə bərabər, miqrantlar ümumi əhalinin əsas komponentinə çevrilmişlər.
Belə ki, 2000-2010-cu illər ərzində ölkəyə Cənubi Amerikadan, xüsusilə Braziliyadan, miqrant axını 17%-dən 28%-ə qədər yüksəlmişdir. Qeyd olunan dövrdə, Asiya ölkələrindən (əsasən Çin) gələnlərin sayı 2,8%-dən 6%-ə çatmışdır. Portuqal dilli ölkələrdən isə əksinə miqrantların sayı 44%-dən 24%-ə azalması müşahidə olunmuşdur.
Dini müxtəliflik Portuqaliyada tarix boyunca özünəməxsus tərzdə mövcud olmuşdur. Katolik kilsənin (90% yaxın) üstünlük təşkil etdiyi ölkədə müxtəlif dinlərə və inanclara sitayiş edənlər sülh şəratində yaşayırlar. Son immiqrasiya dalğaları müsəlman, hinduizm, buddizm və pravoslav xristian icmalarının inkişafına səbəb olmuşdur.
Azərbaycan multikulturalizmi Avropanın Portuqaliya kimi daha bir aparıcı ölkəsinin “qapılarını açmağa” müvəffəq olub. 15 fevral, 2016-cı ildə Portuqaliyanın paytaxtı Lissabonda yerləşən Lusafona Universitetində Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin filialı fəaliyyətə başlayıb. Nümayəndəliyin rəhbəri sözügedən ali təhsil ocağının professoru Tereza Damasiodur
Dostları ilə paylaş: |