7.10. İspaniyada multikulturalizm
47 milyonluq əhaliyə malik İspaniyada Kordova əmirliyi dövründə üç səmavi dini təmsil edən icmaların üzvləri – xristianlar, müsəlmanlar, iudeylər sülh şəraitində birgə şəkildə yaşaya bilmişlər. “Üç mədəniyyətin İspaniyası” deyimi meydana gəlmişdir. Bu ifadə Toledonu ziyarət edən turistlər arasında məşhurdur. Məhz bu şəhər unudulmuş bir tolerantlıq dövrünün əksidir. Odur ki, İspaniyada vaxtilə mövcud olan münbit multikultural şəraiti sübutlarla izah edə bilmək üçün bu şəhəri nümunə olaraq göstərmək lazımdır. Toledonu ziyarət edən hər kəs şəhəri “Üç mədəniyyətin Toledosu” adlandırır. Bu isə heç də təsadüfi deyildir. Toledonun məşhur tərcüməçilər məktəbi müxtəlif sivilizasiyaların uğurlu birgəyaşayışının bariz nümunəsidir. Burada xristianlar tərəfindən tapılmış qədim əlyazmalar göstərir ki, bu abidələr xristian, müsəlman və yəhudilər tərəfindən tərcümə olunmuşdur. Daha maraqlı abidələrdən biri də 1180-cı ildə inşa olunmuş və Avropanın ən qədim sinaqoqlarından sayılan Santa Maria la Blanka sinaqoqudur. Bu abidənin özəlliyi onun yəhudilər tərəfindən deyil, müsəlmanlar tərəfindən tikilməsidir.
“Üç mədəniyyət” -in vəhdətini nümayiş etdirən abidələr İspaniyada saysız qədərdir. Bu mədəniyyəti xristianlar, iudeylər və müsəlmanlar İspaniyanın Əndəlus vilayətində yaratmış, bu “üç mədəniyyət” in sülh şəraitində birgəyaşayışı XV əsrin sonlarında başa çatmış və ölkə ağır inkvizisiya dövrünü, Franko diktaturasının ağır illərini yaşasa da, İspaniya özünün multikultural mühitini qoruyub saxlaya bilmişdir. Bu reallığı təsdiqləyən flamenko musiqi sənətidir. Flamenko sözünə ilk dəfə XIX əsrdə rast gəlinir və bu sənət növü elə həmin əsrdə formalaşmışdır. Bu prosesin baş tutması müxtəlif etnosların bir araya gəlməsi nəticəsində olmuşdur. Çox zaman bu sənəti qaraçı mədəniyyətinin bir hissəsi olaraq qəbul edirlər. Çünki qaraçıların flamenko sənətinin formalaşmasında əvəzsiz rolu olmuşdur. Flamenkonun ən tanınmış simaları çox vaxt etnik qaraçılar olsalar da, lakin bu sənətin formalaşmasında qaraçı folkloru ilə bərabər ərəb-müsəlman, əndəlus və yəhudi etnoslarının verdiyi töhfəni unutmaq olmaz. Flamenko ifaçılarının oxuma tərzinə diqqət yetirdikdə onun bəzi növlərində ərəb musiqisinin izləri açıq-aşkar bilinir. Bu oxşarlıq flamenkonun qranainas, segiriyas və soleares kimi növlərində görünür. Bəs bu etnosları bir araya gətirən nə idi? Yuxarıda qeyd olunduğu kimi bu etnoslar tarixən sülh şəraitində birgə yaşaya bilmişlər. Ancaq bu etnik qrupları bir-birinə daha yaxın edən siyasi təqiblər olmuşdur. Belə ki, 1492-ci ildən etibarən İspaniyada yəhudi, qaraçı və ərəblər təqibə məruz qalır, səbəb isə İspaniya krallarının apardıqları məqsədyönlü xristianlaşdırma siyasəti idi. Flamenkoda oxunan mahnıların tərcümələrinə diqqət yetirdikdə orada fərqli insanların zülmə olan etirazı, kədər hislərinin təsvirini görmək olar. Bu tərz XV əsrdə İspaniyaya köç edən qaraçılar tərəfindən mənimsənilir, bununla belə göstərmək lazımdır ki, dünyanın heç bir yerində qaraçılar flamenko oxumurlar. Deməli, bu sənət növü təkcə qaraçıların deyil, eyni zamanda bir sıra digər mədəni sivilizasiyaların ortaq dəyəridir.
XX əsrdə keçirdiyi ağır sosil-siyasi prosesləri tarixin yaddaşında qoyan İspaniya son on illiklərdə ən şəffaf multikultural mühitin canlanması dövrünü yaşayır. Belə ki, müasir ispan cəmiyyəti son on illiklərdə ölkədə mədəni və dini sahələrdə gedən proseslər nəticəsində sosial struktur dəyişikliklərinə məruz qalmışdır. Bu cəmiyyət mədəni və dini cəhətdən monotonluqdan multikulturallığa keçmişdir. Nəticədə diktator kimi tanınan və İspaniyada 40 ilə yaxın bir dövr ərzində hakimiyyətdə olan Fransisko Frankonun “Vahid” İspaniya yaratmaq layihəsi reallaşmamışdır. Bu layihə vahid dinə inanan cəmiyyət qurmağı qarşıya məqsəd qoysa da, XX əsrin son rübündə ölkədə baş verən sosial-siyasi proseslər bunun qarşısını almış və çoxçalarlı mədəniyyəti ilə fərqlənən İspaniya özünün multikulturallığını qorumuşdur. İspaniya multikulturalizminin özünü qoruma səbəblərini göstərərəkən qeyd etmək lazımdır ki, birincisi, Franko diktaturasından sonra “milli katoliklik” ölkədə dini monopoliya və dövlət idarəçiliyində mövqeyini itirdi, ikincisi isə, 1492-ci ildən başlayaraq 500 il ərzində ölkədə hakim din olmuş katoliklik 1978-ci ildə qəbul olunan Konstitusiyaya görə rəsmi status almadı və dayaqları zəiflədi. Belə ki, Konstitusiyanın 16cı maddəsində heç bir dinin dövlət səviyyəsində rəsmi status almayacağı və ispan cəmiyyətində dini inancların dövlət qurumları tərəfindən nəzərə alınacağı açıq aydın qeyd olunmuşdur. O biri tərəfdən, XX əsrin 80-cı illərindən etibarən İspaniyaya Afrikanın müxtəlif regionlarından, Latın Amerikasından və başqa yerlərdən miqrantların dalğası başlanmış, nəticədə dünyanın ən böyük iki dinin daşıyıcıları olan müsəlman və xristianlar yenidən birgəyayış qaydasına qayıtmışdılar.
2000-ci ildən sonra sosial-siyasi və demoqrafik vəziyyətin analizi immiqrasiya prosesinin İspaniyada ictimai şüura pozitiv təsir etdiyini göstərir. Hazırda İspaniyada XX əsrdə yaşanan demoqrafik durumdan fərqli bir modelin yaranacağı özünü göstərməkdədir. Miqrantların XXI əsrin əvvəllərindən başlayan artımı yaxın gələcəkdə bu ölkənin daha geniş multikultural mühitə malik olacağından xəbər verir.
İspaniyanın multikultural ölkə olduğunun şahidi olmaq üçün böyük şəhərlərini ziyarət etməyə ehtiyac qalmır. Milli, irqi və mədəni müxtəlifliyi tərənnüm edən geyimlər, müxtəlif etnoslara məxsus məhsulların satıldığı mağazalar, məkan olaraq, dillər və müxtəlif ekzotik ölkələri xatırladan orta və hətta kiçik qəsəbələrdə də görünür. Multikulturalizmin izlərinə təhsil ocaqlarında da rast gəlinir. Başı örtüklü və müasir dəbə uyğun geyinən qızlar, müxtəlif rəng və cizgiləri olan sifətlər, danışıqlar, rəqslər və nəğmələr planetin fərqli regionlarının abu-havasını nümayiş etdirir.
Yuxarıda qeyd olunanlar belə bir reallığı göstərir ki, İspaniyada ən ideal multikultural mühit son onilliklərdə müşahidə olunmuşdur. Bu dövrdə nəinki üç səmavi dinin nümayəndələri, hətta onlarla dinin və etnik qrupların nümayəndələri birgə sülh və əmin-amanlıqla yaşaya bilirlər. Sözsüz ki, orta əsrlər İspaniyasında mövcud olan tolerantlıq və multikulturallıq ölkədə öz izini qoymuşdur. Baxmayaraq ki, bu multikulturallıq sabit olmamışdır.
Dostları ilə paylaş: |