D ünyada multikulturalizm siyasətini Kanadadan sonra rəsmi olaraq tətbiq edən digər ölkə Avstraliyadır. Avstraliya qitəsində Avropa
mənşəlilər hələ məskunlaşmadan əvvəl bu məkanda çox sayda aborigen xalqlar yaşamışlar. Bu ölkədə 200-dən 400-ə qədər azsaylı xalqların dilləri ünsiyyət vasitəsi olaraq qalmaqda davam edir. Bu gün verilən bilgilərə görə, hələ də 260 dildə danışan kiçik birliklər və xalqlar mövcuddur.
Müasir Avstraliya əhalisinin əksəriyyətini XIX əsrin əvvəllərindən başlayaraq avropalıların immiqrasiya dalğası formalaşdırmışdır. Avstraliya əhalisi multikultural xalqdır. İkinci Dünya Müharibəsindən sonra ölkəyə 7 milyon insan immiqrasiya etmişdir. Bu gün əhalinin 22 milyonu ölkə xaricində dünyaya gələnlərdən ibarətdir. İmmiqratlardan başqa Avstraliyada 260 dildə danışan və özlərini müxtəlif qəbilə soyları ilə identifikasiya edən 270-dən çox yerli xalq vardır.
Avstraliya hökuməti multikulturalizmi milli maraqlar çərçivəsində götürərək, ölkə əhalisinin bütün sosial qruplarının maraqlarını əsas tutaraq, ədalət və inteqrasiya prinsiplərinə söykənir. Bu siyasət mədəni, dini və linqvistik məsələləri əhatə edir. Mədəni plüralizm adlandırılan bu fenomen Avstraliyanın milli sərvəti hesab edilməkdədir. Avstraliya multikultural siyasəti bütün ortaq dəyərlər və mədəni adətənənələrin inkişafını ehtiva edir. Bu siyasət özünü Avstraliyalı hesab edən hər kəsə, qanunlar çərçivəsində diskriminasiyaya uğramadan öz ana dilini və adət-ənənələrini qoruması üçün şərait yaradır.
Avstraliya multikulturalizminin prinsipləri aşağıdakılardan ibarətdir:
Avstraliya hökuməti ölkə əhalisinin mədəni müxtəlifliyini yüksək qiymətləndirir və alqışlayır. Bu siyasət geniş ölçüdə xalqın birliyinə, müxtəliflik içərisində harmoniyaya və demokratik dəyərlərin tətbiqinə yönəlmişdir. Mədəni müxtəlifliyin gerçəkləşdirilməsi Avstraliya xalqını zənginləşdirən bir amildir. Buna görə də dövlət mədəni müxtəlifliyi qanunvericilik əsasında tanıyır və təşviq edir.
Avstraliya hökuməti, dövlətin təqdim etdiyi xidmətlər və fürsətlərdə ölkə əhalisinin bütün üzvlərinin iştirak etdiyi ədalətli, inklüziv cəmiyyətin qurulmasında maraqlıdır. Etnik köklərindən asılı olmayaraq hər bir vətəndaşa Avstraliyanın sosial – iqtisadi və mədəni həyatına öz töhfəsini verməyə imkan yaradılır. Hökumət mədəni və linqvistik cəhətdən fərqli olanların dövlət proqramlarına qoşulmaları yolunda olan maneələri qaldırır və bu istiqamətdə yürüdülən siyasətin hər kəs üçün bərabərliyini təmin edir.
Avstraliya hökuməti multikultural durumun yaratdığı iqtisadi mənfəətləri yüksək qiymətləndirir. İmmiqrasiya ilə formalaşan yeni işçi qüvvəsi Avstraliyanın ən dəyərli iqtisadi gücü hesab edilir. İmmiqrasiya və mədəni müxtəliflik burada iqtisadi həyata canlılıq gətirməkdə və ölkə sərvətinin artırmaqdadır.
Avstraliya hökuməti irqçilik, diskriminasiya, dözümsüzlük və qərəzliliyi rədd edir. Hökumət anti-diskriminasiya qanunları və müvafiq qanunvericilikdə irqçilik və dözümsüzlüyə qarşı tədbirlər görür.
Multikulturalizmin inkişaf etdirilməsi məqsədi ilə Avstraliya hökuməti “Avstraliya Multikultural Konsil” ini təsis etmişdir. Multikultural Konsil ölkədəki mövcud multikulturalizm məsələlərini araşdırır və bu sahədə hökumətə tövsiyələr verir. Ayrıca olaraq Avstraliyada multikultural incəsənətin inkişaf etdirilməsi və festivalların təşkili üçün qrantlar ayrılır, müxtəlif etnik mənşəli gənclərin iştirak etdiyi idman yarışları təşkil edilir. Avstraliya multikulturalizm siyasəti dünyada mövcud olan ən uğurlu multikulturalizm modelidir.
Dostları ilə paylaş: |