Azərbaycan multikulturaliZMİ VƏ DÜnya multikulturalizm modelləRİ



Yüklə 102,09 Kb.
səhifə2/19
tarix01.01.2022
ölçüsü102,09 Kb.
#107294
1   2   3   4   5   6   7   8   9   ...   19
Mövzu-7

7.1. Kanada modeli


Ş imali Amerika qitəsində yerləşən Kanada dövləti olduqca geniş əraziyə malik on əyalətdən ibarətdir. Ərazisinə görə Rusiyadan sonra dünyanın ən böyük ikinci ölkəsidir. Kanada əhalisinin etnik tərkibi də çox rəngarəngdir. Kanada, yerli əhalisi – eskimoslar və hindularla bərabər, miqrasiya dalğaları nəticəsində polietnik, polikonfessional qruplardan təşkil olunan kosmopolit bir əhali tərkibinə malik olan ölkədir. Kanadanın özünəməxsusluğu ondan ibarətdir ki, həm fərdi, həm də ictimai həyatda bütün bu fərqliliklərə sahib olan insanların birgəyaşayışının harmoniyasını yaradan nadir ölkələrdən biridir. Miqrantlar və yerli xalqların yaratdığı bu kosmopolit mühit Kanadada multikultural cəmiyyət yaratmışdır. Kanada əhalisini yerli xalqlar – milli azlıqlar və miqrantlar formalaşdırsalar da, əhalinin əsas çəki yükünü “daxili millət” adlanan frankafonlar və anglofonlar təşkil edirlər. Beləliklə, bu ölkənin əhalisinin etno-konfessional tərkibi Kanadanı “çoxmillətli dövlət” adlandırmağa əsas verir. Belə ki, Kanadada min illərlə yerli, aborigen xalqlarla bərabər, 4 əsr öncə bu məkanda məskunlaşan avropalılar da yaşayırlar. Müxtəlif ölkələrdən immiqrasiya prosesinin uzun müddət davam etməsi ölkə əhalisinin etnik tərkibinə ciddi təsir göstərmişdir. İndi ölkədə əhalinin böyük hissəsini ingilis mənşəli (13 milyon nəfər) və Kvebek vilayətində məskunlaşan fransız mənşəli kanadalılar (9 milyon nəfər) təşkil edir. Digər etnik qruplar əhalinin 33 %-ni, yerli əhali isə 1, 3 %-ni təşkil edir. Beləliklə, Kanada əhalisinin rəngarəng etno-konfessional tərkibi Kanada multikulturalizami modelini yaratmışdır.

Kanada multikulturalizmini öyrənərkən ictimailəşmə anlamına diqqət yetirmək məqsədəuyğundur. İctimailəşmə adlandırılıan proses, insanların özlərini cəmiyyətə aid olduqlarını və bu cəmiyyətə üzv olduqlarını öyrənmələridir. Lakin Kanadada ölkə multikulturalizmi ilə bağlı gedən geniş müzakirələrdə ictimailəşmə assimilyasiya prosesi kimi başa düşülür. Bu hal miqrantların öz mədəni özünəməxsusluğunu qorumaq istiqamətində apardıqları siyasətə qarşı yönəlmiş irqçiliyə əsaslanan praktiklərin fəaliyyəti nəticəsində yaradılır. Kanadaya immiqrasiya edənlərin kimliyinin dəyişməsi və eyni zamanda Kanadada doğulan miqrant ailələlərinin uşaqlarına verilən Kanadalı kimliyi, miqrantlarla müqayisədə onların övladlarına model olaraq üstünlük verilməsi kimi başa düşülür. Bu mənada Kanada multikulturalizm siyasəti bir çox pozitiv cəhətləri ilə seçilir. Bu cəhətlərin ən əhəmiyyətlisi isə avropalı və ya xristian olmayan miqrantlara Kanada əhalisinin əksəriyyətini təşkil etdiyi avropalı xristianlar tərəfindən xoş qarşılanmasıdır. Bu pozitiv cəhətlər eyni zamanda, etnik kanadalıları düşündürən qeyri-müəyyənliyi də ortadan qaldırır. Kanadanın müasir həyatı dilindən, dinindən, etnik mənşəyindən asılı olmayaraq cəmiyyətdə yeni və fərqli bir fərd düşüncəsini yaratmaqdadır. Bu fərd düşüncəsi, etnik mənşə ilə bağlı əlaqələri minimuma endirmişdir. Hazırda Kanadadakı multikulturalizm anlayışı ilə bağlı intellektual müzakirələr Kvebek bölgəsinə milli azlıqlar statutusunun verilməsi ilə bağlı frankofonlar tərəfindən irəli sürülən siyasi tələblərin dəyərləndirilməsi əsasında gedir. Bu mənada multikulturalizm haqqında ilk fikirlər Pierre Elliott Trudeaunun 1962-ci ildə nəşr ettiyi “Cite Libre” adlı əsəridir. Bu əsərdə müəllif milli azlıqların bir millət anlayışını yaratdıqlarını və bu millətin irəli sürdüyü muxtariyyət tələblərinin legitimliyini haqlı bir tələb olaraq qəbul edilməsinin mümkünlüyünü vurğulamışdır. Öz növbəsində Charles Taylor 1970-ci ildə nəşr etdiyi “Pattern of Politics” adlı kitabında frankofonların Kanada cəmiyyətində tutduqları yerin əhəmiyyətinə diqqət yetirmişdir. Müəllif bu kitabında Kanadada yaşayan fransızlarla bağlı konsepsiyasını araşdırmış və multikulturalizm siyasətinə dair düşüncələrini bildirmişdir. Müəllif apardığı tədqiqatlara əsaslanaraq göstərmişdir ki, Kvebek bölgəsinin xüsusi bir siyasi status qazana bilməsi düşüncəsi güclü bir asimmetrik federalizm ilə əlaqəlidir.

Etnik azlıqlar, mədəni plularilzm, multikulturalizm, fərqlilik siyasəti kimi siyasi məsələlər ilk dəfə Kanada konteksində ortaya çıxmışdır. Şimali Amerikada özünəməxsus etnik mənsubiyyətə malik olan iki fərqli cəmiyyət (anglo-sakson və fransızlar) uzun zaman birgəyaşayışın təşkili üzərinə müzakirələr aparıblar. İngilis və fransızların birlikdə yaşamaq üçün yürütdükləri demokratik müzakirə və təşəbbüslər Kanada modelini dünyada multikulturalizm siyasətinin tətbiqi sahəsində ilk sıraya çıxarmışdır. Multikulturalizm termininin Kanada mənşəli olması heç də təsadüfi deyildir. İlk dəfə Kanadada multikulturalizm iki qurucu xalqdan başqa, azsaylı yerli xalqların fərqli etnik və mədəni mənsubiyyətlərin qorunması və inkişaf etdirilməsi dövlət siyasətinin prioritetine çevrilmişdir.

Kanadada multikulturalizm həm sosioloji bir reallıq kimi, həm də siyasi bir ideologiya mənasında işlədilir. Bunlardan birincisi Kanada xalqının rəngarəng etnik mozaikasını, digəri isə qanunvericiliyin bu mədəni pluralizm içərisində birgəyaşayışı təmin etməsini əhatə edir. Kanada 19-cu əsrdən etibarən geniş immiqrasiya dalğalarını yaşamışdır. Artıq 1980-ci illərdə ölkə əhalisinin 40% -ni ingilis və fransız mənşəli immiqrantlar təşkil edirdi. Bu iki cəmiyyət Kanada tarixində böyük əhəmiyətə malikdir və bunlar dövlətinin iki qurucu xalqı olmaqdadır. Avropa mənşəli olan bu iki xalqın nümayəndələri 21-ci əsrin əvvəllərində artıq ölkə əhalisinin əksəriyyətini meydana gətirir.

Federal Hökümət 1970-1980 illəri arasında “multikulturalizm siyasətini” rəsmi olaraq tətbiq etməyə başlamışdır. Kanada xalqının multikultural olması, yəni tək bir xalqdan deyil, ingilis və fransız dilli immiqrantlardan və azsaylı xalqlardan ibarət olduğu “Kanada Multikulturalizm Aktında” (1988) və Kanada konstitutsiyasında əksini tapmıştdır. Bunlara görə, dövlətin iki rəsmi dili vardır: ingilis və fransız dili. Fransız dili muxtar vilayət olan Kvebekin rəsmi dilidir. Dövlət rəsmi olaraq iki dilli (bilingualism) olsa da, iki rəsmi mədəniyyəti (biculturalism) yoxdur. Çünki burada ingilis və fransızlardan başqa yerli xalqların da özünü idarə, siyasi təmsil, ana dili ilə əlaqəli hüquqları və ənənəvi iqtisadi strukturlarını qoruyub saxlamaq haqları təmin edilir.

Kanada multikulturalizmi etnik azlıqlara geniş hüquqlar verir. Bu mənada azsaylı dini-etnik qrup olan “Hutteritlər” i misal göstərmək olar. Bu qəbilədə şəxsi mülkiyyətə önəm verilmədiyindən kollektiv mülkiyyət ənənəsi hələ də qorunmaqdadır. İdeoloji sahədə “Hutterit Kilsəsi” öz icması üzərində böyük təsir gücünü saxlamaqdadır. Qəbilə üzvlərindən hər hansı biri dini qanun qaydalarına riayət etmədikdə kilsə tərəfindən cəzalandırılır. Kilsə onu qəbilədən uzaqlaşdırır və ortaq mülkiyyətdəki payından tam məhrum edir. Hutterit Kilsəsi bu cəza tədbirləri bu etnik-dini qrupun üzvləri tərəfindən anlamlı şəkildə qəbul edilir. Belə ki, kilsə bu mövqedən uzaqlaşsa “Hutteritlər” in birliyi dağıla bilər. “Hutteritlər” etnik-dini qrupundan uzaqlaşdırılanlar və mülkiyyətindən məhrum edilənlərin bir çoxu Kanada Federal məhkəməsinə müraciət etmişlər. Lakin əksər hallarda federal məhkəmə bu icmadan qovulanların kompensasiya tələblərini təmin etməmiş və “Hutteritlər” icmasının haqlarını müdafiə etmişdir. Məhz bu yanaşma kollektiv haqlara əsaslanan Kanada multikulturalizminin özünəməxsusluğunu göstərən bir misal olaraq diqqətə çatdırıla bilər.

Liberal ənənə cərəyanını ardıcıl davam etdirən kanadalı siyasətçi və filosof Vil Kimlika liberalizm prinsiplərinin ənənəsinə bağlı qalaraq multikultural hüquqların liberalizm çərçivəsində yalnız iki şərtlə qəbul oluna biləcəyini irəli sürür. Bunlardan birincisi, tələb edilən multikultural hüquqların “daxili məhdudiyyətlər” ehtiva etməməsi şərtidir (internal restrictions). Yəni milli, etnik və ya dini azlıqlar özlərinin mədəni özünüməxsusluğunu qorumaq iddiasıyla çıxış edərkən, qrupa aid olan başqa fərdlərin azadlıqlarına məhdudiyyət gətirə bilməzlər. Belə ki, azlıqlar içərisində bəzi fərdlər, fərdi azadlığından istifadə edərək ənənəvi dünya görüşünü izləməkdən imtina edə bilər. Belə olduqda bu fərd mənsub olduğu azlıq qrupu tərəfindən devinat davranışla ittiham edilir və ya bir çox haqlarından məhrum edilir. Amma liberal demokratlar bu cür daxili məhdudiyyətləri legitim olaraq qəbul etmir və fərdi azadlıqların (vicdan və etiqad azadlığı, ifadə azadlığı) prioritetliyi əsas götürülür.

Kimlikaya görə liberal cərəyanın multikultural hüquqlara tətbiq etdiyi ikinci məhdudiyyət “xarici himayə” dir. Xarici himayə (external protection) milli və etnik azlıqların ölkədə çoxluq təşkil edən xalqların təzyiqinə məruz qalmasının qarşısını alır. Digər tərəfdən, azlıqlara rəsmi imtiyazlar verilərək başqa qruplar üzərində hegemoniyasını yaratmağa və onları sıxışdırıb aradan çıxartmağa məhdudiyyətlər qoyur. Beləliklə, bu iki məhdudiyyətin təmin edilməsi şərtilə liberalizmin multikulturalizm siyasəti ilə uzlaşdırılmasının mümkünlüyü ortaya çıxır və bu liberal multikulturalizm modeli kimi qəbul edilə bilər. Fikrimizcə milli və etnik cəhətdən müxtəlifliyi ilə seçilən və eyni zamanda unitar bir siyasi quruluşa malik olan Azərbaycan Respublikasında “kommunitarian multikulturalizm” deyil, məhz liberal multikulturalizm modelinin tətbiq edilməsi daha məqsədəuyğundur. Çünki bu modeldə milli-etnik müxtəliflik qorunmaqla birlikdə, dövlət siyasətinin əsas istiqamətini ümumi inteqrasiya (bütöv Azərbaycan xalqı ideyası) təşkil edir.

Kanadada multikulturalizm siyasəti kanadalıların etnik irsinin qorunması istiqamətində həyata keçirilir. Bu siyasətin ana xətti Kanadada yaşayan, mənşəcə etnik kanadalı olmayan insanlara dözümlü münasibətin olmasıdır. Bu siyasət liberal multikulturalizmi müdafiə edənlər ilə qeyri-liberallar (kommunitariyanlar) arasında müəyyən ziddiyyətlərin meydana gəlməsinə səbəb olur. Belə ki, liberal olmayan multikulturalizm tərəfdarları kanadalıların özləri üçün tutarlı bir kimlik formalaşdırılmasını özlərinin etnik mənşələri ilə bağlayırlar. Liberal multikulturalizm tərəfdarları isə fərdlərin özünəməxsus kimlik (identiklik) formalaşdırmasını xüsusi, şəxsi seçim istiqamətində aparılmasının daha doğru olduğunu irəli sürürlər. Amma Kanada kontekstində bu siyasət paradoksal məzmuna malikdir. Çünki liberal siyasət anlayışı, nəticə olaraq kimlik inşasını kanadalı millət terminologiyası çərçivəsində təşviq edir. Bu siyasət ilə birlikdə azlıqlara aid olan fərdlərin etnik mənşələri nə qədər çox təşviq edilirsə, o qədər də özlərini kanadalı hesab etməkdədirlər (Yəni kanadalı kimliyinin mənimsənilməsi üçün, fərqli etnik mənsubiyyətlərin təşviq edilməsi zəruridir). Bu siyasət “daxili millətlərə” necə təsir edəcəkdir. Kanadada əsasən iki daxili millət mövcuddur. Bunlardan birincisi ingilis dilində danışan Anglofonlar, digəri isə fransız dilində danışan Frankofonlardır. Anglofonlar ölkə əhalisinin təxminən yarısından çoxunu, Frankofonlar isə əhalinin üçdə birini meydana gətirir. Bunlardan başqa azlıqlar isə “daxili millətin” kiçik hissəsindən ibarət olan yerli xalqlardır.

Kanadalı olma Kanadada milli azlıqlar kontekstində bir identifikasiya olduğu halda; kanadalılıq ölkəyə imiqrasiya edən qrupların mədəni irslərini itirmə bahasına gizli bir inteqrasiya istiqamətində yürüdülən multikulturalizm siyasətidir. Kanadada 1996-cı ildə əhalinin 86 %-nin sadəcə ingilis və fransız ana dilinə sahib olduğunu, ancaq 1, 7 %-nin bu iki dildən heç birində danışmadığı təsbit edilmişdir. Bu kontekstdə Evelin Kallen belə demişdir: “Kanada çoxmillətli cəmiyyət olduğu kimi çoxdilli bir cəmiyyət halına gəlmək məcburiyyətindədir. Ölkəyə köç edən bütün fərdlər sahib olduqları ana dillərini danışa bilməli və eyni zamanda Kanada höküməti buraya immiqrasiya edənlərin özünəməxsus mədəniyyətlərini yaşaya bilmələri və ana dillərindən istifadə etmə imkanlarını təmin etməlidir.” Dövlət miqrantlara öz dillərini, mədəniyətlərini, adətlərini və dinlərini qoruma imkanı tanımalıdır. Amma Kallennin çoxdilli və çoxmədəniyyətli cəmiyyətə dair təklifində bəzi əksikliklər vardır. İmmiqrasiya edən bir fərdin və ya qrupun başqa bir etnik azlıqla qarşılaşması durumunda nə olacaqdır? 1996-cı ildə gerçəkləşdirilən bir tətqiqata görə əhalinin 36%-nin etnik mənşə yönündən evliliklər vasitəsi ilə qarışdığı və bu halda etnik mənşə anlayışının müxtəlifləşdiyi görülmüşdür.

Multikulturalizmdə irq yönündən harmoniya və tolerantlıq üçün uyğun termin “pluralizmdir.” Bir çox multikulturalizm tərəfdarı üçün bu siyasətin əsas məqsədi pluralizmin sadəcə olaraq qorunmaması, eyni zamanda bunun keçərliliyinin dəstəklənməsidir. Pluralizm yolu ilə müştərək milli kimlik və paylaşılan dəyərlər anlamında kanadalılıq düşüncəsi yarana bilər. Belə bir anlayışın meydana gətirilməsinə vasitə olan qruplararası əməkdaşlıqlar, bir çox ortaq təcrübə və təməl prinsiplərə əsaslana bilməkdir. Digər ölkələrdə olduğu kimi Kanadada vətəndaşlıq anlayışı, paylaşılan müştərək dəyərlər və ölkəyə bağlılıq mənasında rəsmi hüquqlardan daha geniş çərçivəyə malikdir. Bir ölkədə, müştərək dəyərlərə əsaslanan xüsusi duyğular paylaşılsa, bir birinə daha sıx bağlanan milli azlıqlar və etnik qruplar yarana bilər. Sosial qruplar bir çox yöndən etnik mənşəyinə bağlı olaraq görülür. Bu durum Kanada üçün keçərliliyini itirir. Çünki Kanadada qrupların tarixi və etnik mənşələri ilə əlaqələri vardır. İmmiqrasiya nəticəsində meydana gələn qruplarda mənsub olan fərdlərin başqa qrupdan olanlarla evlilikləri daha çox qarışıq modelləri ortaya çıxarmışdır. Dövlət tərəfindən məsələyə baxdıqda rəsmi siyasət, fərqli etniklərdən gələn fərdlərin vətəndaşlıq prinsipinə əsaslanan bir könüllülüyə sahib olmasını tələb edir. Kanadada isə bu vəziyyət bir az fərqlidir. Kanada dövləti fərdlərin adət və ənənələrə bağlı olan etnik və dini mənsubiyyətlərini vacib hesab etmir. Buna görə də Kanada cəmiyyəti bir çoxları tərəfindən müasir qərb cəmiyyətini öz təsiri altına alan fərdiyyətçilik problemini həll etmə potensialına malik bir ideal hesab edilir.


Yüklə 102,09 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   19




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin