ABŞ-da multikultralizm: mülki hüquqlar hərəkatı və afroamerikalıların “bərabərlik” ifadəsi
ABŞ-da mövcud olan “əridən qazan” məfhumu etnik azlıqlara aid edildiyindən afroamerikalılar bu məfhumun əhatə dairəsindən uzaq düşmüşlər. Afroamerikalılara ABŞ multikultralizm siyasətində fərqli şəkildə yer verilmiş, onların irqi xüsusiyyətləri ön plana çıxarılmışdır.
ABŞ-da “biz” məfhumu “anqlo-sakson” qrupunun yaratdığı sosial-mədəni mühitdə xüsusi status daşıyır. “Başqası” məfhumu, yəni afroamerikalı, bu sosial-mədəni mühitə uyğunlaşmalıdır. Bu irqi ayrıseçkilik XX əsrin 40-cı illərin sonlarında ABŞ-da bir sosial problem olaraq gündəmə gəlmişdir. II Dünya Müharibəsindən sonra Avropada işsizliyin artdığı bir şəraitdə, ABŞ-da ağdərililərin yaratdığı cəmiyyətə afroamerikalıların uyğunlaşması, onların bu cəmiyyətdə hansı sosial və iqtisadi statuslar əldə edəcəkləri məsələsi digər bir problem olaraq qarşıya çıxmışdı. ABŞ cəmiyyəti ölkəyə əvvəllər köç edən bəyazların mədəni, ictimai və siyasi xüsusiyyətləri ilə birgə, eyni zamanda daha sonra bu məkana miqrasiya edən digər bəyazların sosial-iqtisadi mühitə adaptasiyası nəticəsində yaradılmışdı. Lakin afroamerikalıların XX əsrin 40-cı illərinin sonlarından etibarən sadəcə özəl sahədə yer tutmaq əvəzinə ictimai fəallıqlarını artırmaq və bu məqsədlə ictimai və siyasi birliklər yaratmaq cəhdləri, bu cəmiyyətin afroamerikalılar üçün nə dərəcədə keçərli olub-olmadığı sualını doğurmuşdu.
Mülki hüquqlar hərəkatı mədəni, dini və dil fərqliliklərdən daha çox qruplararası fərqliliklər siyasi məkanında təsirlidir. Belə ki, 1950ci ildən başlayaraq ABŞ-ın siyasi gündəmində afroamerikalıların apardıqları ictimai hərəkat – haqq və hüquqlarının müdafiəsi mövzusu hökmranlıq edirdi. Mülki hüquqlar hərəkatının başlanğıcında irqi ayrıseçkiliyin, xüsusilə də afroamerikalılara qarşı olan irqi ayrı-seçkiliyin ortadan qaldırılması, sosial bərabərlik prinsipi cəmiyyətin qarşısına qoyulmuşdu. Hərəkat ABŞ-da sosial parçalanmaya səbəb olan irqi ayrı-seçkiliyin bir an öncə bitirilməsinə və sosial sahədə bərabərlik prinsipinin təmin olunmasına çalışırdı. Eyni zamanda mülki hüquqlar hərəkatı zəncilərin məruz qaldığı ayrı-seçkiliyin ortadan qaldırmasına, onların ictimai və siyasi baxışlarının müsbət çalarlılığına və cəmiyyətdə hər kəsin irqindən, etnik mənşəyindən, dinindən asılı olmayaraq, eyni hüquqa və statusa sahib olmalarına səy göstərirdi. ABŞ-da bəyazların sahib olduğu bütün mülki hüquqları əldə etməyə çalışan bu hərəkat, vətəndaşın, yəni, yalnız bir insanın deyil, şəxsiyyət vəsiqəsi və milli statusu olan hər bir şəxsin qanunla qorunan hüquqlarının olmasını tələb edirdi. Lakin sivil hüquqlar hərəkatı sonrakı dövrlərdə, müsəlman zəncilərin öz dini tələblərini irəli sürdükləri səbəbindən iki fərqli yola istiqamətlənmiş, beləliklə bu tələblər mülki hüquqlar uğrunda aparılan mübarizə çərçivəsindən çıxmışdı. Belə ki, hərəkat iştirakçıları artıq bərabərhüquqluluq üçün aparılan mübarizədə milli vətəndaşlığa sahib olmaq tələbi ilə kifayətlənmir, başqa bir tələb qarşıya qoyaraq, göstərirlər ki, bərabərhüquqluluq mübarizəsi müəyyən qrupun kimliyinə söykənməli, bu kimlik iki əsasdan birinə, etnik və ya dini əsaslara söykənməlidir.
Mülki hüquqlar hərəkatı ABŞ ictimaiyyəti tərəfindən müsbət qarşılanmaqla yanaşı afroamerikalılara qarşı irqi ayrı-seçkiliyin ortadan qaldırılmasında da böyük rol oynamışdır. XX əsrin 80-ci illərində bu hərəkatın müsbət səyləri nəticəsində təhsil sahəsində pozitiv işlər görülmüş, tədris işində müsbət cəhətlər yer almış, bu sırada afroamerikalıların universitetlərdə bərabərhüquqlu təhsil almaları təmin edilmiş, yeni dərsliklər nəşr olunmuşdu. Hərəkatın müsbət cəhəti ondan ibarət idi ki, proses iştirakçıları mülki haqlara bərabərhüquqlu şəkildə nail olmağı qarşıya məqsəd qoymuşdular. Bu fəaliyyətin ən önəmli cəhəti də cəmiyyətdə mövcud fəsadları bütün etnik qrupların maraqlarına uyğun olaraq aradan qaldırılmasına nail olmaq idi. Beləliklə, irqi ayrıseçkiliyin pozitiv şəkildə çözülməsi mülki haqlara beynəlmiləlçilik inamını yox, etnik və dini qrupların özünüdərkini təyin etməsində inanclarının müsbət qarşılanması ideyasını cəmiyyətə aşılaması oldu.
Hərəkatın bu müsbət cəhəti həm bəyazlar, həm də zəncilər üçün mənfi nəticələrlə sonuclandı. Belə ki, bəyazlar üçün bu hərəkat zəncilərin təhsildə və sosial sahədə onlarla müqayisədə daha rahat irəliləmələri perspektivlərinə yer verilməsi onlar üçün bir sıra maneələrin yaranmasına gətirib çıxarırdısa da zəncilər üçün isə bu mülki hüquqlar hərəkatı onların hüquqlarının tanınması və cəmiyyət tərəfindən qəbulu məsələlərində bəzi çətinliklərin yaranmasına gətirib çıxarırdı. Lakin liberallar həm mülki hüquqlar hərəkatının, həm də müsbət fəaliyyətin davam etməsi tərafdarı idilər. Onlar bu hər iki sosial prosesin siyasi cəhətdən afroamerikalıların problemlərini həll edə biləcəyinə inanırdılar. Çünki zəncilər sosial-iqtisadi baxımdan aşağı sosial kateqoriyaya aid edildiklərindən “başqalaşdırma” fəaliyyətinin önəmli yer tutduğu və “başqalaşdırma” nəticəsində yaranan mühitin yalnız və yalnız bərabərhüquqluq çərçivəsində həll oluna biləcəyi ideyasını qəbul edirdilər. Ümumiyətlə bu hərəkat və fəaliyyət ABŞ-da multikultralizmin inkişafına təkan vermiş və multikultralizmin ABŞ modelinin yaranmasına yaxından kömək etmişdir.
Dostları ilə paylaş: |