XIX əsrdə Qərbi Avropada qeyri-klassik fəlsəfənin ümumi səciyyəsi
Qeyri-klassik fəlsəfənin ümumi səciyyəsi. Fəlsəfə tarixi yalnız xətti proses kimi təfsir edilə bilməz. O daha çox siklik, dövrlü səciyyəyə malikdir. Bu və ya digər fəlsəfi ənənənin öz daxili imkanlarını tükətməsi yeni nəsil filosofları fəlsəfi yaradıcılıqda fərqli, alternativ yolların axtarışına vadar edir. Qərbi Avropa fəlsəfəsinin inkişafında növbəti oxşar hadisə XIX əsrin birinci yarısına təsadüf edir.
Məlum olduğu kimi Klassik alman fəlsəfəsi Yeni dövr fəlsəfəsinin zirvəsi hesab olunur. Özlüyündə aşkardır ki, Klassik alman fəlsəfəsindən sonrakı dövr fəlsəfəsi keyfiyyətcə yeni fəlsəfəçilik prinsiplərini ortaya qoymalı, alternativ yollar axtarmalı idi. Bu isə yalnız dövrün intellektual-fəlsəfi məkanında hökmran mövqe tutan Klassik alman fəlsəfəsinin, xüsusilə onun parlaq nümayəndəsi Hegelin fəlsəfi sisteminin tənqidi və əsas prinsiplərinin inkarı, ən azı bu sistemin islahata məruz qoyması ilə mümkün idi. Lakin, Hegel fəlsəfəsinin təbiəti onun hər hansı bir islahata məruz qalmasını mümkünsüz edirdi. Axı bu fəlsəfi sistemin əsas xüsusiyyəti ümuməhatəli olması idi. Hegel heç bir fəlsəfi problemi diqqətdən kənarda qoymamış və sübut etməyə çalışmışdı ki, onun təliminin bütün hissələri zəruri şəkildə bir-biri ilə bağlıdır. Belə sistemlərin islah edilməsi onun bütövlükdə inkarından daha çətin olmuşdur.
Klassik alman fəlsəfəsinin, xüsusilə Hegel fəlsəfəsinin tənqid olunmasının digər səbəbi onun ifrat rasionalizmi, panlogist səciyyə daşıması idi. Hegelə görə bütün mövcud olan Mütləq ideyanın, Məntiqin, və yaxud Dünya zəkasının fərqli təzahür formalarıdır. Eyni zamanda Hegelin “gerçək olan hər şey əqlə uyğundur, əqlə uyğun olan hər şey gerçəklikdir” fikri, cahanda olan hər şeyin zəkalı olmasını təsdiqləməsi ilə yanaşı, həm də, onun prinsipcə dərk olunanlığını da təsdiq edir. Lakin XIX əsrin birinci yarısında Avropanın sosial-iqtisadi, siyasi-hərbi mənzərəsi tam fərqli mətləblərdən xəbər verirdi. Bir-birini əvəzləyən inqilablar, qanlı müharibələr, iqtisadi böhranlar və digər kataklizmlər dünyada zəkanın hökmranlığını şübhə altına salırdı. Məhz buradan çıxış edən bir çox filosof və fikir insanları Hegel fəlsəfəsini ciddi tənqid atəşinə tutur, keyfiyyətcə yeni fəlsəfənin, ümumi qəbul edilmiş terminlərlə desək qeyri-klassik fəlsəfənin carçılarına çevrilirlər.
Lakin, qeyd etmək lazımdır ki, klassik fəlsəfə təkcə ifrat rasionalizminə görə yox, həm də konkret elmlərə biganəliyi baxımından da tənqid edilmişdir. Bu tənqidçilər mücərrəd fəlsəfənin artıq elmi statusunu tam şübhə altına alır, onun konkret elm üçün metodologiya olmasını bəyan edirdilər.
Deməli, klassik fəlsəfədən sonra qeyri-klassik fəlsəfə əsasən iki istiqamətdə inkişaf edir: klassik alman fəlsəfəsinin ifrat rasionalizmini inkar edən, lakin onun idealist prinsiplərini saxlayan irrasionalizm, freydizm, ekzistensializm, postmodernizm və s.; empirizmlə rasionalizmin “sazişi” kimi təzahür edən siyentist təlimlər –pozitivizm, praqmatizm, analitik fəlsəfə və s.
Birinci istiqamət, yəni, irrasionalist istiqamətdə fəlsəfi yaradıcılığın ən görkəmli nümayəndələri A.Şopenhauer, S.Kyerkeqor və F.Nitsşe olmuşdur. Onların hər biri ayrı-ayrılıqda orijinal fəlsəfi təlimlər yaratsa da, onların hamısı üçün ümumi olan yaratdıqları təlimin irrasionalist səciyyə daşımasıdır.
XIX əsr irrasionalizmi əsas etibarilə Maarifçilik dövrünün fəlsəfəsinə, xüsusilə klassik alman fəlsəfəsinin rasionalist ontoloji ideyalarına reaksiya kimi yaranır. Lakin, bütövlükdə irrasionalizm yeni fəlsəfi təlim olmayıb əsas vurğunu insan zəkası üzərinə deyil, insanın rəngarəng hisslər dünyası, şüur və özünüdərki, arzu və istəkləri, iradəsi üzərinə qoymaqla daim fəlsəfi fikri təqib etmişdir. Bu fəlsəfəçilik tibi ilk növbədə dini dünyagörüşünə, romantizmə xasdır.
Dostları ilə paylaş: |