Ekzistensializm
XX əsrdə fəlsəfədə ekzistensializm, yaxud mövcudluq fəlsəfəsi adlanan yeni istiqamət formalaşır. Bu cərəyanın əsas anlayışı “ekzistensiya” (lat. existentia –mövcudluq) və ya “var olma imkanıdır”. Ekzistensialistlər üçün hər bir insan öyrənilməyə layiq olan bütöv bir dünyadır. Həm də, insan mövcudluğu digər mövcud olanlardan daha üstündür. İnsanın dünyada mövcudolma üsulu, onun mahiyyəti isə –onun azad fərdi şüuru, fikridir. Deməli ekzistensializmdə mövcudluğun tədqiqi –insanın köməyi ilə öz-özünü yaratdığı, təkrarolunmaz şəxsiyyətə çevrildiyi fərdi şüurun təhlilidir. İlk baxışda belə görsənə bilər ki, filosoflar əvvəllər də şüuru tədqiq ediblər və burada hansısa yenilik yoxdur. Məsələ ondadır ki, ekzistensializm dərk edən, zəfər çalan subyektin şüurundan (məsələn, XVIII əsr Fransa maarifçilərinin təlimlərində olduğu kimi) yox, iztirab çəkən, fani, tənha insanın şüurundan söhbət açır. Ekzistensialistlər rasionalizmi tənqid edirlər: gerçəklik dərk olunmamalı, qorxu, öz zəiflik və sonluluğunun dərki, dünyanın özgəliyi və düşmənçiliyinin anlaşılması vasitəsilə yaşanmalıdır. İnsan həyatı faciə kimi təqdim edilir: tənha insan ona yad olan dünyaya “atılmışdır” və o bu dünyanı “öz nəfəsi ilə isitməyə” çslışır, lakin bunu bacarmır. Dünya onun iztirablarına biganə və qəddar olaraq qalır.
XX əsr müharibələr, inqilablar, sosial sarsıntılarla zəngin olmaqla belə faciəvi dünyagörüşünün yaradılmasına zəmin hazırlamışdır. Artıq 20-30-cu illərdən başlayaraq Avropada ekzistensializm sanki dəbə minir və 70-ci illərə qədər aparıcı fəlsəfi cərəyan olaraq qalır. Lakin müasir mədəniyyətdə onun təsiri hələ də özünü göstərməkdədir. Bu cərəyanın çoxsaylı tərəfdarları olsa da onların ən görkəmliləri K.Yaspers, J.-P.Sartr, A.Kamyu və X.Orteqa-i-Qassetdir.
Dostları ilə paylaş: |