Heydər Əliyev (ulu öndər)
Seçmə şəhərlər var cəmi bir neçə,
Bütöv xəzinədir aranda Gəncə
Varı bol, suyu saf, barlı, bəhrəli,
İqlimi mülayim, torpağı gencə.
Həmdullah Qəzvin (XI əsr)
Gəncəm - mənim gözəl diyarım! Azərbaycanın dilbər guşəsi. Nizamilər, Məhsətilər diyarı, İmamzadə şəhəri, gözəl, ləziz təamları ilə seçilən, qonaqpərvərliyi ilə yadda qalan, nəhayət “Gənclər şəhəri” adını qazanan qocaman, ulu şəhərim Gəncəm. Çox fəxrli bir haldır ki, artıq Nizami yurdu dünya gənclərinin yüksək səsini qazanaraq hər şəhərə nəsib olmayan bir uğura imza ataraq 2016-cı ilə Avropa gənclərinin paytaxtı seçilmişdir. Bəli, Nizami yurdu istər gözəl, ecəzkar görünüşü, istərsə dahiləri, istərsə də şəraiti ilə gənclərin zövqünü oxşamış, bu gözəl diyara məftun etmişdir. Gəncə şəhəri yetişdirdiyi şəxsiyyətlərlə daim qürur duyur. Cavad xan kimi qəhrəmanı “Ancaq gəncəmə meyidimin üstündən keçə bilərsən” deyərək canını fəda etmiş mərd övladın vətənidir. Mirzə Şəfi Vazeh, Fikrət Əmirov, Xudadat bəy Rəfibəyli, Həmid Araslı, Adil İsgəndərov, Məmmədrza Şeyxzamanov kimi övladları ona həmişə baş ucalığı gətirmişdir.
Bu il Dekabr ayının 30-da Gəncənin adının sonuncu dəfə qaytarılmasının 25 ili tamam olur. Tarixi vərəqləsək görərik ki, 4 min illik zəngin tarixə malik olan Gəncə şəhərinin adı bir neçə dəfə dəyişdirilib.
Belə ki, şəhər 1804-cü ildən 1918-ilədək Yelizavetpol adlandırılıb. 1918-ci ildə Gəncə adı yenidən bərpa edilsə də, 22 fevral 1935-cü ildə şəhərin adı dəyişdirilərək Kirovabad olub. Nəhayət 54 ildən sonra 30 dekabr 1989-cu ildə Gəncə şəhərinin adı özünə qaytarılıb.
İllərlə Gəncənin adının dəyişdirilməsinə çalışılsa da buna nail olunmadı. Xalqın ziyalılarının, eləcə də sadə vətəndaşlarının təkidi ilə məhz qədim Gəncə yenə də özünün tarixi adına qovuşdu.
Dostları ilə paylaş: |