Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyinin tabeliyində “Şahdağ Turizm Mərkəzi” Qapalı Səhmdar Cəmiyyətinin Nizamnaməsinin və Strukturunun təsdiq edilməsi barədə



Yüklə 57,67 Kb.
tarix21.06.2018
ölçüsü57,67 Kb.
#54306

Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyinin tabeliyində “Şahdağ Turizm Mərkəzi” Qapalı Səhmdar Cəmiyyətinin Nizamnaməsinin və Strukturunun təsdiq edilməsi barədə
AZƏRBAYCAN RESPUBLİKASI NAZİRLƏR KABİNETİNİN QƏRARI
“Azərbaycan Respublikasının Mədəniyyət və Turizm Nazirliyinin tabeliyində “Şahdağ Turizm Mərkəzi” Qapalı Səhmdar Cəmiyyətinin yaradılması haqqında” Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 10 sentyabr tarixli 1401 nömrəli Sərəncamının 5.1-ci bəndinin icrasını təmin etmək məqsədi ilə Azərbaycan Respublikasının Nazirlər Kabineti qərara alır:

1. “Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyinin tabeliyində “Şahdağ Turizm Mərkəzi” Qapalı Səhmdar Cəmiyyətinin Nizamnaməsi” təsdiq edilsin (1 nömrəli əlavə).

2. “Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyinin tabeliyində “Şahdağ Turizm Mərkəzi” Qapalı Səhmdar Cəmiyyətinin Strukturu” təsdiq edilsin (2 nömrəli əlavə).

3. Bu qərar imzalandığı gündən qüvvəyə minir.


Azərbaycan Respublikasının Baş naziri Artur Rasi-zadə
Bakı şəhəri, 18 dekabr 2015-ci il

№ 391







Azərbaycan Respublikası Nazirlər Kabinetinin

2015-ci il 18 dekabr tarixli 391 nömrəli qərarı ilə

TƏSDİQ EDİLMİŞDİR

1 nömrəli əlavə




Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyinin tabeliyində “Şahdağ Turizm Mərkəzi” Qapalı Səhmdar Cəmiyyətinin
NİZAMNAMƏSİ
1. Ümumi müddəalar
1.1. “Şahdağ Turizm Mərkəzi” Qapalı Səhmdar Cəmiyyəti (bundan sonra Cəmiyyət) “Azərbaycan Respublikasının Mədəniyyət və Turizm Nazirliyinin tabeliyində “Şahdağ Turizm Mərkəzi” Qapalı Səhmdar Cəmiyyətinin yaradılması haqqında” Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 10 sentyabr tarixli 1401 nömrəli Sərəncamına əsasən yaradılmışdır.

1.2. Cəmiyyətin bütün səhmləri dövlətə məxsusdur.

1.3. Cəmiyyət öz fəaliyyətində Azərbaycan Respublikasının Konstitusiyasını, Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələri, Azərbaycan Respublikasının qanunlarını, Azərbaycan Respublikasının Mülki Məcəlləsini, Azərbaycan Respublikası Prezidentinin fərman və sərəncamlarını, Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərar və sərəncamlarını, Cəmiyyətin fəaliyyəti ilə bağlı digər normativ - hüquqi aktları və bu Nizamnaməni rəhbər tutur.

1.4. Cəmiyyət Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyinin (bundan sonra - Nazirlik) tabeliyində fəaliyyət göstərir.

1.5. Cəmiyyətin rəsmi adı aşağıdakı kimidir:

1.5.1. tam halda – “Şahdağ Turizm Mərkəzi” Qapalı Səhmdar Cəmiyyəti;

1.5.2. qısaldılmış halda – “Şahdağ TM” QSC.

1.6. Cəmiyyətin hüquqi ünvanı: Azərbaycan Respublikası, Qusar rayonu, Qusar-Ləzə avtomobil yolunun 29-cu kilometri.


2. Cəmiyyətin hüquqi statusu
2.1. Cəmiyyət hüquqi şəxsdir, müstəqil balansa, banklarda hesablaşma hesabına və digər hesablara malikdir.

2.2. Cəmiyyətin ayrıca əmlakı vardır, öz öhdəlikləri üçün bu əmlakla cavabdehdir, qanuna uyğun olaraq əqdlər, sazişlər, müqavilələr bağlamaq, öz adından əmlak və qeyri-əmlak hüquqları əldə etmək və həyata keçirmək, vəzifələr daşımaq, məhkəmədə iddiaçı və ya cavabdeh olmaq hüququna malikdir.

2.3. Cəmiyyət üzərində Azərbaycan Respublikasının Dövlət gerbi təsvir olunmuş, Nazirliyin və Cəmiyyətin adı göstərilmiş möhürə, müvafiq ştamplara və blanklara malikdir.

2.4. Cəmiyyət xüsusi razılıq (lisenziya) və ya xüsusi icazə tələb olunan fəaliyyət növlərini xüsusi razılıq (lisenziya) və ya xüsusi icazə aldıqdan sonra həyata keçirə bilər.

2.5. Cəmiyyət dövlətin üzərinə götürdüyü hər hansı öhdəliklərə cavabdeh deyildir.

2.6. Dövlət Cəmiyyətin öhdəlikləri üçün cavabdeh deyildir və Cəmiyyətin fəaliyyəti ilə bağlı zərər üçün dövlətə məxsus səhmlərin dəyəri həddində risk daşıyır.

2.7. Cəmiyyətin idarə, nümayəndəlik və filiallarının yaradılması və ya ləğv edilməsi, həmçinin törəmə cəmiyyətlərinin yaradılması, yenidən təşkili və ya ləğv edilməsi Azərbaycan Respublikasının Mülki Məcəlləsinə və “Azərbaycan Respublikasının Mədəniyyət və Turizm Nazirliyinin tabeliyində “Şahdağ Turizm Mərkəzi” Qapalı Səhmdar Cəmiyyətinin yaradılması haqqında” Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 10 sentyabr tarixli 1401 nömrəli Sərəncamına (bundan sonra - Sərəncam) uyğun olaraq həyata keçirilir.
3. Cəmiyyətin əsas məqsədi və fəaliyyət istiqamətləri
3.1. Cəmiyyətin əsas məqsədi Nazirliyin nəzdində təsərrüfathesablı “Şahdağ” Qış-Yay Turizm Kompleksinin Müdiriyyəti tərəfindən dövlət büdcəsinin əsaslı vəsait qoyuluşu xərcləri hesabına tikintisi başa çatdırılmış, həmçinin tikintisi başa çatdıqca mərhələlərlə turizm və digər infrastruktur obyektlərini, nəqliyyat və kommunikasiya xətlərini istismara qəbul etməkdən, həmin obyektlərin idarə edilməsindən, o cümlədən onların istifadəyə (icarəyə) verilməsinin təmin edilməsindən ibarətdir.

3.2. Cəmiyyət bu Nizamnamənin 3.1-ci bəndində göstərilən məqsədlərə uyğun olaraq aşağıdakı istiqamətlərdə fəaliyyət göstərir:

3.2.1. Cəmiyyətin qanunvericiliyə uyğun olaraq, sərəncamında olan turizm və digər infrastruktur obyektlərinin, o cümlədən daşınmaz əmlakın və digər obyektlərin istifadəyə (icarəyə) verilməsinin təmin edilməsi, həmin obyektlər istifadəyə (icarəyə) verilərkən mühafizə rejiminə riayət olunmasına nəzarət edilməsi;

3.2.2. əhalinin və turistlərin istirahətlərinin təşkili və sağlamlığının möhkəmləndirilməsi üçün şərait yaradılmasının təmin edilməsi, beynəlxalq, respublika, şəhər və rayon miqyaslı tədbirlərin, əhalinin kütləvi idman tədbirlərinin təşkilində iştirak edilməsi;

3.2.3. qabaqcıl beynəlxalq təcrübə nəzərə alınmaqla, elmi-texniki nailiyyətlərin tətbiqinin təmin edilməsi;

3.2.4. aidiyyəti üzrə ayrılan vəsaitlər, kreditlər, qrantlar və digər maliyyə vəsaitlərindən təyinatına uyğun səmərəli istifadə olunmasının təmin edilməsi;

3.2.5. Cəmiyyətin ərazisinin mühafizəsi və təhlükəsizliyinin təmin edilməsi üçün tədbirlərin görülməsi;

3.2.6. öz fəaliyyəti haqqında əhalinin məlumatlandırılmasının təmin edilməsi;

3.2.7. Cəmiyyətin ərazisində ilkin tibbi xidmətin təşkilinin təmin olunması;

3.2.8. Cəmiyyətin strukturunun və fəaliyyətinin təkmilləşdirilməsi istiqamətlərində təkliflərin verilməsi;

3.2.9. Cəmiyyətin fəaliyyət istiqamətlərinə aid məsələlər üzrə zəruri məlumatlar (sənədlər) almaq məqsədi ilə dövlət və yerli özünüidarəetmə orqanlarına, fiziki və hüquqi şəxslərə sorğu verilməsi və onlardan belə məlumatların (sənədlərin) alınması;

3.2.10. Cəmiyyətin sərəncamında olan əmlakın Cəmiyyətin fəaliyyət istiqamətlərinə uyğun istifadə edilməsi şərtilə hüquqi və fiziki şəxslərlə müstəqil surətdə müqavilələrin bağlanılması;

3.2.11. fəaliyyət istiqamətlərinə uyğun tədbirlərin keçirilməsi üçün özəl və dövlət qurumları ilə müqavilə əsasında birgə fəaliyyətdə iştirak edilməsi, müxtəlif növ xidmətlərin göstərilməsindən gəlir əldə olunması;

3.2.12. müstəqil ekspertlərin və mütəxəssislərin Cəmiyyətin fəaliyyətinə cəlb olunması;

3.2.13. bülletenlərin və digər nəşrlərin buraxılması.
4. Cəmiyyətin nizamnamə kapitalı və əmlakı
4.1. Cəmiyyətin nizamnamə kapitalı bu Nizamnaməyə uyğun olaraq, təsisçinin qərarı ilə Cəmiyyətin mülkiyyətinə verilmiş və qanunla müəyyən edilmiş qaydada qiymətləndirilmiş aktivlərin balans dəyərindən təşkil olunur.

4.2. Cəmiyyətin əmlakı əsas fondlardan, dövriyyə vəsaitlərindən və digər maddi və qeyri-maddi aktivlərdən ibarətdir. Cəmiyyətin əmlakı onun müstəqil balansında əks olunur. Cəmiyyət əmlakı üzərində sahiblik və istifadə hüquqlarına malikdir.

4.3. Cəmiyyətin əmlakının dəyəri onun balansında göstərilir.

4.4. Cəmiyyətin nizamnamə kapitalı 37.777.427,56 (otuz yeddi milyon yeddi yüz yetmiş yeddi min dörd yüz iyirmi yeddi manat əlli altı qəpik) manatdır və onun səhmlərinin nominal dəyərindən təşkil olunur. Nizamnamə kapitalı nominal dəyəri 100 (yüz) manat olan 377.774 (üç yüz yetmiş yeddi min yeddi yüz yetmiş dörd) ədəd adi səhmlərdən ibarətdir.

4.5. Cəmiyyətin əmlakı aşağıda göstərilən mənbələr hesabına təşkil olunur:

4.5.1. nizamnamə kapitalına daxil olan əmlak;

4.5.2. maliyyə-təsərrüfat fəaliyyətinin həyata keçirilməsindən daxil olan gəlirlər;

4.5.3. qanunla qadağan olunmayan digər mənbələr.

4.6. Cəmiyyətin nizamnamə kapitalının artırılması və ya azaldılması Azərbaycan Respublikasının Mülki Məcəlləsində nəzərdə tutulmuş qaydada həyata keçirilir.

4.7. Cəmiyyətin nizamnamə kapitalına qoyulan maya puldan, qiymətli kağızlardan, başqa əmlakdan, əmlak hüquqlarından və pul dəyəri olan digər hüquqlardan ibarət ola bilər.

4.8. Cəmiyyət qanunlarda nəzərdə tutulmuş vergiləri və digər məcburi ödənişləri müəyyən edilmiş qaydada ödədikdən sonra özünün, törəmə cəmiyyətlərinin, habelə idarə, filial və nümayəndəliklərinin fəaliyyətindən əldə edilmiş mənfəəti mərkəzləşdirilmiş fondlarda cəmləşdirmək və həmin vəsaitlər üzərində müstəqil sərəncam vermək hüququna malikdir.

4.9. Cəmiyyət balansında olan dövlət əmlakına münasibətdə səlahiyyətlərini “Dövlət əmlakının qorunub saxlanılması və səmərəli istifadə edilməsinin təkmilləşdirilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2007-ci il 6 iyun tarixli 586 nömrəli Fərmanı ilə müəyyən edilmiş qaydada həyata keçirir.


5. Cəmiyyətin ali idarəetmə orqanı
5.1. Cəmiyyətin ali idarəetmə orqanı onun səhmdarlarının ümumi yığıncağıdır.

5.2. Cəmiyyətin ümumi yığıncağının müstəsna səlahiyyətlərinə aid edilmiş məsələlər Sərəncama uyğun olaraq həll edilir.


6. Cəmiyyətin icra orqanı
6.1. İdarə Heyəti Cəmiyyətin kollegial icra orqanıdır.

6.2. Sərəncamla və Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə Cəmiyyətin səhmdarlarının ümumi yığıncağına, habelə bu Nizamnamə ilə Cəmiyyətin sədrinə verilmiş səlahiyyətlər istisna olmaqla, İdarə Heyəti Cəmiyyətin idarə edilməsi ilə bağlı bütün məsələləri həll edir.

6.3. İdarə Heyətinin tərkibi 3 nəfərdən - Nazirlik tərəfindən vəzifəyə təyin olunan və vəzifədən azad edilən Cəmiyyətin sədrindən və sədrin iki müavinindən ibarətdir.

6.4. İdarə Heyətinin işinə Cəmiyyətin sədri rəhbərlik edir.

6.5. İdarə Heyəti:

6.5.1. Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə müəyyən edilmiş hallarda və qaydada hesabat verir;

6.5.2. Cəmiyyətin işçilərinin vəzifə maaşlarının həddini müəyyən edilməsini, vəzifə maaşlarına əlavələrin, mükafatların və digər ödənişlərin verilməsini əməkhaqqı fondu çərçivəsində təşkil edir;

6.5.3. Cəmiyyətin daxili intizam qaydalarını müəyyən edir;

6.5.4. Cəmiyyətin aparatının struktur bölmələrinin, idarə, filial və nümayəndəliklərinin, habelə törəmə cəmiyyətlərinin rəhbərlərinin səlahiyyətlərini müəyyən edir;

6.5.5. Cəmiyyətin fəaliyyəti ilə bağlı, habelə Cəmiyyətin illik hesabatlarının, mühasibat balanslarının, mənfəət və zərər hesablarının təsdiq edilməsi, mənfəətinin və zərərinin bölüşdürülməsi üçün müvafiq təklifləri Nazirliyə təqdim edir;

6.5.6. Cəmiyyətin saxlanması və ona həvalə olunmuş vəzifələrin yerinə yetirilməsi üçün qanunda nəzərdə tutulmuş mənbələrdən (kreditlər, qrantlar, texniki yardımlar, işlərin görülməsindən, xidmətlərin göstərilməsindən daxilolmalar və s.) Cəmiyyətin sərəncamına daxil olan məqsədli vəsaitlərin təyinatı üzrə xərclənməsini təmin edir və bununla əlaqədar olaraq Nazirliyə hesabatlar təqdim edir;

6.5.7. bu Nizamnamədə, Cəmiyyətin strukturunda, habelə nizamnamə kapitalında dəyişikliklər edilməsi üçün Azərbaycan Respublikasının Nazirlər Kabinetinə təkliflər verir;

6.5.8. Cəmiyyətin xalis aktivlərinin dəyərinin 25 faizindən artıq məbləğdə olan əqdin (xüsusi əhəmiyyətli əqdin) və aidiyyəti şəxslə dəyəri Cəmiyyətin aktivlərinin 5 faizini və daha çox hissəsini təşkil edən əqdin (müstəqil auditorun rəyi əlavə olunmaqla) bağlanılması haqqında qərarın qəbul edilməsi üçün Nazirliyə müraciət edir;

6.5.9. aidiyyəti şəxslə dəyəri Cəmiyyətin aktivlərinin 5 faizədək hissəsini təşkil edən əqdin bağlanılması haqqında qərar qəbul edir;

6.5.10. Cəmiyyətin fəaliyyətinə dair illik iş proqramlarını, onların yerinə yetirilməsi haqqında hesabatları təsdiq edir;

6.5.11. Cəmiyyətin xarici şirkətlərlə birgə işinin məqsədəuyğunluğu barədə məsələlərə baxır;

6.5.12. yeni texnologiyaların tətbiqi ilə bağlı qərarlar qəbul edir;

6.5.13. Cəmiyyətin törəmə cəmiyyətlərinin, idarə, filial və nümayəndəliklərinin maliyyə-təsərrüfat fəaliyyətinin auditinin keçirilməsi ilə bağlı qərarlar qəbul edir;

6.5.14. Cəmiyyətin digər hüquqi şəxslərə kapital qoyulması və iştirak etdiyi birgə layihələrə əmlak və (və ya) pul şəklində pay qoyulması barədə təkliflər verir;

6.5.15. qanuna uyğun olaraq və bu Nizamnamənin 4.9-cu bəndi nəzərə alınmaqla, Cəmiyyətin, törəmə cəmiyyətlərinin, habelə idarə, filial və nümayəndəliklərinin balansında olan əmlaka münasibətdə sərəncam vermək hüququnu həyata keçirir;

6.5.16. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin razılığı ilə Cəmiyyətin idarə, nümayəndəlik və filiallarının yaradılması və ya ləğv edilməsi, həmçinin törəmə cəmiyyətlərinin yaradılması, yenidən təşkili və ya ləğv edilməsi haqqında qərarlar qəbul edir.

6.6. İdarə Heyətinin iclası üzvlərinin yarıdan çoxu iştirak etdikdə səlahiyyətlidir. İdarə Heyətinin iclasları müvafiq qaydada protokollaşdırılır və müzakirə edilmiş məsələlər üzrə qərarlar qəbul edilir. Həmin qərarlar Cəmiyyətin sədri tərəfindən imzalandıqdan sonra qüvvəyə minir.

6.7. Cəmiyyətin İdarə Heyətinin qərarları sadə səs çoxluğu ilə qəbul edilir. Səslər bərabər bölündükdə Cəmiyyətin sədri, o olmadıqda isə iclasa sədrlik edənin səsi həlledici hesab edilir.
7. Cəmiyyətin sədri
7.1. Cəmiyyətin sədri:

7.1.1. Cəmiyyətin fəaliyyətinə cari rəhbərliyi həyata keçirir;

7.1.2. sədrin müavinləri arasında vəzifə bölgüsünü müəyyənləşdirir;

7.1.3. Azərbaycan Respublikasının qanunvericiliyinə və bu Nizamnaməyə uyğun olaraq, Cəmiyyətin üzərinə düşən vəzifələrin yerinə yetirilməsi, onun hüquq və öhdəliklərinin həyata keçirilməsi üçün zəruri tədbirlər görür;

7.1.4. Cəmiyyətin adından etibarnaməsiz fəaliyyət göstərir, habelə Cəmiyyəti bütün dövlət orqanlarında, müəssisələrdə, idarələrdə və təşkilatlarda (o cümlədən, beynəlxalq təşkilatlarda) təmsil edir;

7.1.5. Cəmiyyətin strukturu, işçilərinin say həddi və xərclər smetası barədə təkliflər hazırlayır və Nazirliyə təqdim edir;

7.1.6. bu Nizamnamənin 6.5.8-ci və 6.5.9-cu yarımbəndlərinin tələblərini nəzərə almaqla, müqavilələr bağlayır, etibarnamələr verir, banklarda hesablaşma hesabı və digər hesablar açır;

7.1.7. Cəmiyyətin aparatının, idarə, filial və nümayəndəliklərinin, törəmə cəmiyyətlərinin strukturunu və ştat cədvəlini təsdiq edir, Cəmiyyətin aparatının (sədr müavinləri istisna olmaqla), idarə, filial və nümayəndəliklərinin, törəmə cəmiyyətlərinin işçilərini vəzifəyə təyin və vəzifədən azad edir, bütün işçilər barəsində həvəsləndirmə və intizam tənbehi tədbirlərini tətbiq edir;

7.1.8. Azərbaycan Respublikası qanunlarının, Azərbaycan Respublikası Prezidentinin fərman və sərəncamlarının, Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərar və sərəncamlarının, digər normativ - hüquqi aktların və Nazirliyin qərar, əmr və sərəncamlarının icrasını təmin edir;

7.1.9. Cəmiyyətin idarə edilməsi, cari fəaliyyətin tənzimlənməsi məqsədi ilə ona verilmiş səlahiyyətlər daxilində icrası məcburi olan əmr və sərəncamlar verir;

7.1.10. malların alınması, işlərin görülməsi və xidmətlərin göstərilməsi üçün müsabiqələrin keçirilməsi üzrə komissiyalar yaradır;

7.1.11. Cəmiyyətin aparatının struktur bölmələrinin, idarə, filial və nümayəndəliklərinin əsasnamələrini, törəmə cəmiyyətlərinin nizamnamələrini, həmçinin Cəmiyyətin idarə olunması ilə əlaqədar digər daxili sənədləri (bu Nizamnamənin 6.5.3-cü yarımbəndində nəzərdə tutulmuş hal istisna olmaqla) təsdiq edir, onlarda dəyişikliklər edilməsi haqqında qərarlar qəbul edir;

7.1.12. Cəmiyyətin İdarə Heyətinin fəaliyyətini təşkil edir və reqlamentini təsdiq edir;

7.1.13. Cəmiyyətin səmərəli fəaliyyət göstərməsini təmin edir;

7.1.14. Cəmiyyətin qərarlarının yerinə yetirilməsinə nəzarəti təşkil edir;

7.1.15. Cəmiyyətin törəmə cəmiyyətləri, idarə, filial və nümayəndəlikləri arasındakı münasibətlərdə yaranan mübahisələri həll edir.

7.2. Cəmiyyətin sədri vəzifələrini yerinə yetirərkən, vicdanla, peşəkar qaydada və məntiqlə hərəkət etməyə, dövlətin və Cəmiyyətin maraqlarına sadiq olmağa və bu maraqları öz maraqlarından üstün tutmağa və ehtiyatlı olmağa borcludur və bu vəzifələrin lazımi qaydada yerinə yetirilməsi üçün məsuliyyət daşıyır.

7.3. Cəmiyyətin sədri öz vəzifəsini yerinə yetirə bilmədikdə, ezamiyyətdə və ya məzuniyyətdə olduqda, onun səlahiyyətlərini müvəqqəti olaraq Azərbaycan Respublikasının mədəniyyət və turizm naziri tərəfindən müəyyən edilən sədr müavini həyata keçirir.


8. Cəmiyyətdə uçot, hesabat və nəzarət
8.1. Cəmiyyətin vəsaiti yalnız bu Nizamnamədə nəzərdə tutulmuş məqsəd, funksiya və səlahiyyətlərin həyata keçirilməsi üçün istifadə olunur.

8.2. Cəmiyyət “Mühasibat uçotu haqqında” Azərbaycan Respublikasının Qanununa və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2010-cu il 27 may tarixli 97 nömrəli qərarı ilə təsdiq edilmiş “Kommersiya təşkilatlarının illik maliyyə hesabatlarının və birləşdirilmiş (konsolidə edilmiş) maliyyə hesabatlarının təqdim edilməsi və dərc edilməsi Qaydaları”na uyğun olaraq, mühasibat uçotunu aparır, maliyyə hesabatlarını tərtib və dərc edir və hər il maliyyə ili bitdikdən sonra həmin maliyyə hesabatlarını auditor rəyi ilə birlikdə Azərbaycan Respublikasının Mədəniyyət və Turizm Nazirliyinə təqdim edir

8.3. Cəmiyyət “Rəsmi statistika haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq, statistik uçotu aparır və statistik hesabatları tərtib edir.

8.4. Cəmiyyətin birinci maliyyə ili dövlət qeydiyyatına alındığı tarixdən başlayır və həmin ilin dekabrın 31-də başa çatır. Növbəti maliyyə ili isə yanvarın 1-dən başlayır və dekabrın 31-də başa çatır.

8.5. Cəmiyyət illik maliyyə hesabatını və birləşdirilmiş (konsolidə edilmiş) maliyyə hesabatlarını hesabat dövrü başa çatdıqdan sonra, müvafiq olaraq sonrakı ilin aprel ayının 30-dan və iyun ayının 30-dan gec olmayaraq auditor rəyi ilə birlikdə, həmçinin Cəmiyyətin xalis aktivlərinin dəyərinin 25 faizindən artıq məbləğdə olan əqdin (xüsusi əhəmiyyətli əqdin) bağlanılması barədə məlumatı mətbu orqanda dərc etdirməyə borcludur.

8.6. İdarə Heyətinin sədri və ya üzvləri, habelə Cəmiyyətin struktur bölmələrinin (filial, nümayəndəlik və s.) rəhbərləri özlərinin, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 49-1.1.3-cü və 49-1.1.5-ci maddələrində göstərilən şəxslərin bağlanılan əqdə münasibətdə aidiyyəti şəxs qismində çıxış etmələri, həmçinin həmin əqdlə əlaqədar öz maraqlarının xüsusiyyətləri (onun yaranması, həcmi və s.) barədə məlumatı Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 49-1.6-cı və 49-1.7-ci maddələri ilə müəyyən edilmiş qaydada təqdim etməlidirlər.

8.7. Cəmiyyət törəmə cəmiyyətlərinin, idarə, filial və nümayəndəliklərinin rüblük və illik maliyyə hesabatlarına baxır və təsdiq edir.

8.8. Cəmiyyət törəmə cəmiyyətlərinin, idarə, filial və nümayəndəliklərinin maliyyə-təsərrüfat fəaliyyətinin yoxlanılmasının aparılmasını təmin edir.


9. Daxili audit və maliyyə nəzarəti
9.1. Nazirlik daxili audit komitəsini təsis edir. Daxili audit komitəsinin əməkdaşları öz funksiyalarını yerinə yetirərkən, müstəqil qiymət vermək, nəticə çıxarmaq hüququna malikdirlər.

9.2. Cəmiyyətin daxili audit komitəsinin əməkdaşları ali iqtisadi və ya hüquqi təhsilə və ya digər ixtisas üzrə ali təhsilə və audit, yaxud əlaqədar sahələrdə 4 il iş stajına malik olmalıdır.

9.3. Daxili audit komitəsi “Daxili audit haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş vəzifələri yerinə yetirir.

9.4. Cəmiyyətin bütün əməkdaşları daxili auditi həyata keçirən əməkdaşların tələbi ilə zəruri olan sənədləri təqdim etməyə, onlara öz vəzifələrinin icrası üçün lazımi şərait yaratmağa borcludurlar.


10. Cəmiyyətin tabeliyində olan qurumları ilə qarşılıqlı münasibətləri
10.1. Cəmiyyətin törəmə cəmiyyətləri, habelə idarə, filial və nümayəndəlikləri ilə qarşılıqlı münasibətləri Azərbaycan Respublikasının qanunlarına, bu Nizamnaməyə, habelə onların nizamnamələrinə (əsasnamələrinə) və Cəmiyyətin daxili sənədlərinə uyğun olaraq tənzimlənir.

10.2. Cəmiyyət idarə, filial və nümayəndəlikləri, habelə törəmə cəmiyyətləri ilə qarşılıqlı münasibətlərdə aşağıdakı səlahiyyətlərə malikdir:

10.2.1. idarə, filial və nümayəndəliklərinin, habelə törəmə cəmiyyətlərinin idarəetmə orqanlarını formalaşdırmaq;

10.2.2. idarə, filial və nümayəndəliklərinin, habelə törəmə cəmiyyətlərinin təsərrüfat fəaliyyəti üzrə proqnoz göstəricilərinin formalaşdırılmasına və hesabatlara nəzarət etmək, bu məsələlərə aid tövsiyələr və təkliflər vermək, müzakirələrdə iştirak etmək;

10.2.3. idarə, filial və nümayəndəliklərinin, habelə törəmə cəmiyyətlərinin fəaliyyətinin yekunlarına baxılmasını təmin etmək;

10.2.4. idarə, filial və nümayəndəliklərinin, habelə törəmə cəmiyyətlərinin maliyyə-təsərrüfat fəaliyyətini təhlil və təftiş etmək.


11. Cəmiyyətin müstəqil (kənar) auditi
11.1. Cəmiyyətin maliyyə-təsərrüfat fəaliyyətinin müstəqil (kənar) auditi barədə qərar Azərbaycan Respublikasının Mülki Məcəlləsinə, “Auditor xidməti haqqında” Azərbaycan Respublikasının Qanununa və Sərəncama uyğun olaraq Nazirlik tərəfindən qəbul edilir.
12. Cəmiyyətin yenidən təşkili və ləğv edilməsi
12.1. Cəmiyyətin yenidən təşkili və ləğv edilməsi Azərbaycan Respublikasının Prezidenti tərəfindən həyata keçirilir.
Qeyd. Bu Nizamnamədə dəyişikliklər Azərbaycan Respublikası Prezidentinin 2002-ci il 24 avqust tarixli 772 nömrəli Fərmanı ilə təsdiq edilmiş “İcra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının hazırlanması və qəbul edilməsi qaydası haqqında Əsasnamə”nin 2.6-1-ci bəndinə uyğun edilə bilər.





Azərbaycan Respublikası Nazirlər Kabinetinin

2015-ci il 18 dekabr tarixli 391 nömrəli qərarı ilə



TƏSDİQ EDİLMİŞDİR

2 nömrəli əlavə



Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyinin tabeliyində “Şahdağ Turizm Mərkəzi” Qapalı Səhmdar Cəmiyyətinin
S T R U K T U R U
1. “Şahdağ Turizm Mərkəzi” Qapalı Səhmdar Cəmiyyətinin Aparatı.
Qeyd. Bu Strukturda dəyişikliklər Azərbaycan Respublikası Prezidentinin 2002-ci il 24 avqust tarixli 772 nömrəli Fərmanı ilə təsdiq edilmiş “İcra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının hazırlanması və qəbul edilməsi qaydası haqqında Əsasnamə”nin 2.6-1-ci bəndinə uyğun edilə bilər.
Yüklə 57,67 Kb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin