Azərbaycan Respublikası Nazirlər Kabinetinin
1999-cu il 27 sentyabr tarixli 158 nömrəli qərarı ilə
TƏSDİQ EDİLMİŞDİR
Azərbaycan Respublikası ərazisində hüquqi və fiziki şəxslərə məxsus traktor, özüyeriyən maşın və mexanizmlərin texniki vəziyyəti və istismarı üzərində dövlət nəzarəti haqqında
ƏSASNAMƏ
I. Ümumİ müddəalar
1.1. Bu Əsasnamə "Yol hərəkəti haqqında" Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə" Azərbaycan Respublikası Prezidentinin 1998-ci il 22 noyabr tarixli 24 nömrəli Fərmanına müvafiq olaraq Azərbaycan Respublikası ərazisində hüquqi və fiziki şəxslərə məxsus traktor, özüyeriyən maşın və mexanizmlərin (bundan sonra - texnika) texniki vəziyyəti və istismarı üzərində dövlət nəzarəti bu Əsasnaməyə uyğun olaraq Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyinin Baş Dövlət Texniki Nəzarət Müfəttişliyi "Azərbaşdövləttexnəzarət", Naxçıvan Muxtar Respublikası Kənd Təsərrüfatı Nazirliyinin dövlət texniki nəzarət şöbəsi və rayon (şəhər) dövlət texniki nəzarət müfəttişlikləri tərəfindən həyata keçirilir.
1.2. "Dövləttexnəzarət"müfəttişliyi orqanları öz fəaliyyətində Azərbaycan Respublikası Konstitusiyasını Azərbaycan Respublikasının qanunlarını, Azərbaycan Respublikası Prezidentinin Fərman və Sərəncamlarını, Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərar və sərəncamlarını, Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyinin əmr və sərəncamlarını, digər normativ aktları və bu Əsasnaməni rəhbər tuturlar.
II. "Dövləttexnəzarət" müfəttİşlİyİ orqanlarının əsas vəzİfələrİ
"Dövləttexnəzarət" müfəttişliyi orqanlarının əsas vəzifələri aşağıdakılardır:
2.1. hüquqi və fiziki şəxslərə məxsus (Daxili İşlər Nazirliyi, Milli Təhlükəsizlik Nazirliyi, Müdafiə Nazirliyi «, Gənclər və İdman Nazirliyi, yerli icra hakimiyyəti orqanları, Fövqəladə Hallar Nazirliyi və digər silahlı birləşmələr istisna olmaqla) texnikanın texniki vəziyyəti üzərində dövlət nəzarətini həyata keçirmək;
2.2. Azərbaycan Respublikası ərazisində hüquqi və fiziki şəxslər tərəfindən texnikanın texniki istismarı qaydalarını dair Azərbaycan Respublikasında qüvvədə olan dövlət standartlarının və normativ sənədlərin tələblərinə riayət olunmasına nəzarət etmək;
2.3. hüquqi və fiziki şəxslərə satılmış texnikanın zəmanət müddətində istismarı zamanı aşkara çıxan nasazlıqların aradan qaldırılmasına və müqavilə əsasında təmir edilmiş texnikanın keyfiyyətinin aşağı olmasına görə irəli sürülən iddia və tələblərin müəyyən edilmiş qaydada yerinə yetirilməsi üzərində dövlət nəzarətini həyata keçirmək;
2.4. texnikanı illik dövlət texniki baxışından keçirmək;
2.5. texnikanı, o cümlədən həvəskar konstruksiya müəllifləri tərəfindən düzəldilən texnikanı qeydiyyata almaq, onlara dövlət qeydiyyat nişanları və dövlət qeydiyyat şəhadətnamələri vermək;
2.6. traktorçu-maşinist peşəsinə yiyələnmək istəyən vətəndaşlardan imtahan götürərək, onlara traktorçu-maşinist vəsiqəsi vermək;
2.7. Azərbaycan Respublikası ərazisində hüquqi və fiziki şəxslərdən texnikanın qeydiyyata alınmasına, texniki baxışın keçirilməsinə, dövlət qeydiyyat nişanlarının və traktorçu-maşinist vəsiqəsinin verilməsinə görə qanunvericiliklə müəyyən edilmiş dövlət rüsumlarının və ya haqların alınmasını təmin etmək;
2.8. (Qüvvədən düşüb)
2.9. qeydiyyata alınmış texnikanın dövlət qeydiyyat nişanlarının seriyalarına görə yerlərdə mərkəzləşmiş qaydada kartotekaların yaradılmasını və onların uçotunun aparılmasını təşkil etmək.
III. "Dövləttexnəzarət" müfəttİşlİyİ orqanlarının hüquqları
"Dövləttexnəzarət" müfəttişliyi orqanlarının hüquqları aşağıdakılardır:
3.1. Azərbaycan Respublikası ərazisində mövcud olan texnikanın texniki vəziyyəti və istismarı üzərində dövlət nəzarətini həyata keçirmək məqsədilə maneəsiz olaraq tabeçiliyindən asılı olmayaraq müəssisə, idarə, təsərrüfat, təşkilat və istehsalat obyektlərində (bundan sonra - müəssisə) texnikanın və ehtiyat hissələrinin qüvvədə olan dövlət standartlarının və digər normativ sənədlərin tələblərinə uyğun saxlanılmasını, təmirdən çıxmış texnikanın keyfiyyətini yoxlamaq və aşkar edilən nöqsanların aradan qaldırılması barədə təqdimat vermək;
3.2. müəssisə rəhbərinin razılığı ilə onların mütəxəssislərini həmin müəssisədə texnikanın saxlanılması və istismarı qaydalarına əməl olunmasını yoxlamağa və dövlət texniki baxışının keçirilməsinə cəlb etmək;
3.3. traktor, özüyeriyən maşın və mexanizmlərin texniki vəziyyəti və istismarı üzərində dövlət nəzarətini həyata keçirərkən öz səlahiyyətləri daxilində hüquqi və fiziki şəxslərdən zəruri sənədləri tələb etmək;
3.4. texnikanın saxlanılması və istismarında texniki şərtlərin pozulmasına və digər nöqsanların aradan qaldırılmasına görə verilən təqdimat hüquqi və fiziki şəxslər tərəfindən icra olunmadıqda, təqdimatda göstərilən işlərin məcburi yerinə yetirilməsi üçün həmin şəxslər haqqında akt tərtib etmək;
3.5. konstruksiya və texniki vəziyyəti qüvvədə olan normativ sənədlərə, standartlara və qaydalara uyğun gəlməyən, müəyyən edilmiş qaydada qeydiyyata alınmayan, dövlət qeydiyyat nişanı olmayan və dövlət texniki baxışından keçməyən texnikanın istismarını qadağan etmək;
3.6. "Azərbaşdövləttexnəzarət" müfəttişliyi tərəfindən, müəyyən olunmuş qaydada, hər hansı bir səbəbə görə texnikanı idarə etmək hüququndan məhrum olunan şəxsin rayon (şəhər) "Dövləttexnəzarət" müfəttişliyi tərəfindən ona verilən qərarla razılaşmaması barədə şikayətinə baxmaq;
3.7. texnikanın istismar qaydalarının pozulmasının qarşısını qabaqcadan almaq məqsədilə hüquqi və fiziki şəxslərə zəruri tədbirlərin həyata keçirilməsi barədə təkliflər vermək;
3.8. hüquqi və fiziki şəxslərə satılan, yaxud onlar üçün təmir edilən texnikanın zəmanət müddətində istismarının lazımi keyfiyyətdə olmaması haqqında qaldırılan iddialara baxan komissiyaların işində iştirak etmək;
3.9. texnika və avadanlıqların istismar edilməsində, təmirində, texniki xidmətlərin aparılmasında, saxlanılmasında və hesabdan silinməsində müəyyən olunmuş qaydaların müntəzəm surətdə pozulmasına yol verən və həmin nöqsanların aradan qaldırılması məqsədilə dövlət texniki nəzarət müfəttişliyi orqanları tərəfindən verilən təqdimatların tələblərini vaxtında icra etməyən müəssisə rəhbərləri barədə onların tabe olduqları yuxarı təşkilatlara təqdimat yazmaq.
IV. "Dövləttexnəzarət" müfəttİşlİyİ orqanlarının İşİnİn təşkİlİ
4.1. "Azərbaşdövləttexnəzarət" müfəttişliyi Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyinin strukturunda müstəqil hüquqi şəxs kimi fəaliyyət göstərir.
4.2. "Azərbaşdövləttexnəzarət" müfəttişliyinin rəisi Azərbaycan respublikası Kənd Təsərrüfatı nazirinin əmri ilə vəzifəyə təyin edilir və vəzifədən azad edilir.
4.3. "Azərbaşdövləttexnəzarət" müfəttişliyinin rayon (şəhər) dövlət texniki nəzarət müfəttişliklərinin rəisləri müvafiq rayon (şəhər) icra hakimiyyəti orqanlarının rəyi nəzərə alınmaqla, Kənd Təsərrüfatı nazirinin əmri ilə vəzifəyə təyin edilir və vəzifədən azad edilir.
4.4. Naxçıvan Muxtar Respublikası Kənd Təsərrüfatı Nazirliyinin dövlət texniki nəzarət şöbəsinin rəisi və rayon (şəhər) dövlət texniki nəzarət müfəttişliklərinin rəisləri müəyyən olunmuş qaydada Muxtar Respublikasının Kənd Təsərrüfatı nazirinin əmri ilə vəzifəyə təyin edilir və vəzifədən azad edilir.
4.5. Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyinin Baş Dövlət Texniki Nəzarət Müfəttişliyinin rəisi eyni zamanda Azərbaycan Respublikasının Baş dövlət texniki nəzarət mühəndis-müfəttişidir.
4.6. Naxçıvan Muxtar Respublikası Kənd Təsərrüfatı Nazirliyinin dövlət texniki nəzarət şöbəsinin rəisi eyni zamanda Naxçıvan Muxtar Respublikasının Baş dövlət texniki nəzarət mühəndis-müfəttişidir.
4.7. "Azərbaşdövləttexnəzarət" müfəttişliyinin rayon (şəhər) dövlət texniki nəzarət müfəttişliyinin rəisi eyni zamanda həmin rayonun (şəhərin) Baş dövlət texniki nəzarət mühəndis-müfəttişidir.
4.8. "Azərbaşdövləttexnəzarət" müfəttişliyinin rayon (şəhər) dövlət texniki nəzarət müfəttişləri onlara verilən hüquqlardan düzgün istifadə etmədikdə və vəzifə borclarını lazımınca yerinə yetirmədikdə, Azərbaycan Respublikasının mövcud qanunvericiliyinə əsasən müəyyən edilmiş qaydada məsuliyyət daşıyırlar.
4.9. "Azərbaşdövləttexnəzarət" müfəttişliyi öz səlahiyyətləri daxilində Azərbaycan Respublikası ərazisində hüquqi və fiziki şəxslərə məxsus olan texnikanın texniki vəziyyəti və istismarı üzərində dövlət nəzarətinə dair Naxçıvan Muxtar Respublikası üzrə dövlət texniki nəzarət şöbəsinə və rayon (şəhər) dövlət texniki nəzarət müfəttişliklərinə müvafiq göstərişlər və tövsiyələr verir və məlumatlar alır.
4.10. "Dövləttexnəzarət" müfəttişliyi orqanlarının fəaliyyətinə Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi nəzarət edir və onlara müvafiq köməklik göstərir.
4.11. "Azərbaşdövləttexnəzarət" müfəttişliyi, Naxçıvan Muxtar Respublikası Kənd Təsərrüfatı Nazirliyinin dövlət texniki nəzarət müfəttişliyi şöbəsi və rayon (şəhər) dövlət texniki nəzarət müfəttişlikləri dövlət büdcəsinin vəsaiti və "Dövləttexnəzarət" müfəttişliyinin orqanları tərəfindən alınan xidmət haqlarından "Azərbaşdövləttexnəzarət" müfəttişliyinin sərəncamında qalan hissəsi hesabına maliyyələşdirilir.
4.12. "Azərbaşdövləttexnəzarət" müfəttişliyi, və onun yerli orqanları öz adı əks olunan künc ştampına, respublikanın gerbi olan möhürə və blanka malikdirlər.
4.13. "Dövləttexnəzarət" müfəttişliyi orqanlarının bütün mühəndis-müfəttişliyinə jezl və şəxsi vəsiqə verilir.
4.14. "Azərbaşdövləttexnəzarət" müfəttişliyi və onun orqanları Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi tərəfindən təsdiq edilmiş siyahıya (nomenklaturaya) əsasən nəzarət-ölçü cihazları, alət və mexanizmlərlə, habelə nəqliyyat vasitələri ilə təmin olunurlar.
4.15. "Azərbaşdövləttexnəzarət" müfəttişliyi Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərarı ilə yaradılır və ləğv edilir.
Dostları ilə paylaş: |