Hamı hemofiliyanın nə olduğunu bilməlidir.
Ön söz
Hemofiliya Elmi-Praktik Mərkəzi öz təcrübələri və elmi mənbələrdən istifadə edərək hemofiliyalı xəstələrin müalicəsi ilə məşğul olan həkimlər, hemofiliyalı xəstələr və onların valideynləri üçün bu metodik göstərişləri işləyib hazırlamışdır. Bu zərurət ondan irəli gəlir ki, hemofiliya müxtəlif qanaxmalar ilə xarakterizə olunan ağır irsi qan xəstəliyidir. Tez-tez təkrarlanan şiddətli qanaxmalar, oynaq və yumşaq toxumalara qanın yığılması xəstələrin hələ uşaq və gənc yaşlarında əlil və ya şikəst olmasına, bəzən də ölümünə səbəb olur. Lakin çoxillik təcrübələr göstərir ki, vaxtında və lazımi səviyyədə antihemofil preparatlarla aparılan müalicə, xəstələri nəinki ölüm təhlükəsindən xilas edir, hətta onlarda şikəstliyin və əlilliyin qarşısını alır. Eyni zamanda bu metodik göstərişləri yazmaqda məqsəd əhalini maarifləndirmək, hemofiliya haqqında məlumat məhdudluğunu aradan qaldırmaq, onlara vaxtında və lazımi müayinədən keçmək zərurətini başa salmaqdan ibarətdir.
Dostları ilə paylaş: |