2.3. Müəllimin təlim fəaliyyətinin planlaşdırmasına dair nümunələr Müasir təhsilin əsas məqsədi öz məsuliyyətini dərk edən, xalqın milli
ənənələrinə və demokratik prinsiplərə, insanların hüquq və azadlıqlarına hörmət
edən, vətənpərvərlik və azərbaycançılıq ideyalarına sadiq olan, müstəqil və
yaradıcı düşünən vətəndaş və şəxsiyyət yetişdirməkdir.
Müstəqil respublikamızda bütün sahələrdə olduğu kimi təhsil sahəsində də
həyata keçrilən geniş miqyaslı islahatlar təhsil sistemində şəxsiyyətyönümlü
pedaqoji prosesin mərkəzində duran müəllim və şagirdlərin funksiyalarını
dəyişir. Bu prosesdə təlim fəaliyyəti və təlim prosesinin təşkili əvvəlcədən
müəyyən olunmuş nəticələr əsasında qurulur. Müəllim kurikulumlara uyğun
inteqrasiya olunmuş planlarla yanaşı yeni texnologiyalar hazırlayır, yaxud
mövcud olanların içərisindən ən münasiblərini seçir. Bu texnologiyaların
müəyyən olunmasında müəllim və şagird şəxsiyyəti təlimin aparıcı subyekti
kimi çıxış edir. Münasibətlər «subyekt + subyekt» formasına uyğun üfüqi
istiqamətdə qurulur. Bu zaman şagirdlər öz təfəkkürünün, düşüncəsinin yaradı-
cısına, müəllimlər isə şagirdin inkişafı üçün şəraitin təşkilatçısına çevrilir.
Ənənəvi təlimdən fərqli olaraq müasir təlimdə müəllimlərin rəhbərlik funksiyası
informasiya vermək sahəsindəki fəaliyyətini məhdudlaşdırır. O, daha çox sinif
şəraitində təlim fəaliyyətini planlaşdıran, təşkil edən, əlaqələndirən, istiqamət-
ləndirən məsləhətçi kimi şagirdlərin müstəqil idrak fəaliyyətinin, fəal yaradıcı-
lığının subyektinə çevrilir. Pedaqoji prosesin düzgün qurulmasında ən mühüm
əhəmiyyətli problemlərdən biri də planlaşdırmadır.