GİRİŞ
Pul münasibətləri yarandıqdan sonra bank sistemi yaranmış və insanların həyatında çox mühüm yer tutmuşdur. Müxtəlif dövrlərdə insanların banka dair müxtəlif yanaşmaları olmuşdur. İqtisadiyyat inkişaf etdikcə bankın rolu artmışdır və bazar iqtisadiyyatında ölkənin ən mühüm halqası olmuşdur. Pul resurslarının bir mənbədən digərinə köçürülməsində vasitəçilik edərək bütün riski öz üzərinə götürmüşdür.
Bazar iqtisadiyyatı şəraitində bank sistemi əsasən iki pillədən ibarətdir. Birinci pilləyə Mərkəzi Bank ikinci pilləyə isə kommersiya bankları və kredit təşkilatları aiddir. Mərkəzi Bank dövlətin maliyyə resurslarının idarə edilməsində əsas yeri tutur. Məzənnələrin təyin olunması, uçot dərəcələrinin təyin olunması və s. kimi əməliyyatlar Mərkəzi bankın öhdəliyindədir. İkinci pilləyə aid olan kommersiya banklarının əsas vəzifəsi əhaliyə kreditlərin verilməsi, fiziki və hüquqi şəxslərə hesabların açılması, depozitlərin qoyulması və pul köçürmələri kimi bank əməliyyatlarının yerinə yetirilməsidir.
Kommersiya banklarının fəaliyyəti passiv, aktiv və vasitəçilik əməliyyatları olmaqla üç yerə bölünür. Aktiv əməliyyatlar mənfəət əldə etmək üçün bankın öz xüsusi vəsaitlərindən və banka cəlb edilmiş vəsaitlərdən istifadə edilməsidir. Bu vəsaitlərdən istifadə etməklə banklar hüquqi və fiziki şəxslərə kredit verir və investisiyalar həyata keçirir. Bu buraxılış işinin əsas mövzusu kommersiya banklarının aktiv əməliyyatları və onların müasir dövrdə ölkə üzərində necə effekt göstərməsidir.
Bankların iqtisadi rolunu qiymətləndirərkən aktiv əməliyyatların xüsusi rolunu qeyd etmək lazımdır. Aktiv əməliyyatlar içərisində ən mühüm yeri kredit əməliyyatları tutur. Kredit əməliyyatları vasitəsilə istehsalçılar məhsulların istehsalını, istehlakçılar məhsulların dəyərinin ödənilməsini təmin edir. Yəni kredit vasitəsilə əmtəə dövriyyəsi baş verir. Bu da aktiv əməliyyatların günümüzdə necə vacib və aktual olduğunu sübut edir.
Buraxılış işi 2 fəsil və 6 bölmədən ibarətdir. Mövzunun daha aydın şərh edilə bilməsi üçün 10-dan çox qrafik, sxem və cədvəldən istifadə edilmişdir. Mövzunun araşdırılması üçün Azərbaycan və ingilis dilində olan ədəbiyyatlardan, o cümlədən, Azərbaycan Respublikasının qanun və digər hüquqi normativ xarakterli aktlarından, Mərkəzi Bankın hesabatlarından, mövzuyla əlaqəli jurnal və bülletenlerdən, həmçinin internet saytlarından geniş istifadə olunmuşdur.
Dostları ilə paylaş: |