Qonağın qeydiyyat kartı və kağızı dedikdə, ilkin olaraq gələn qonaq haqda məlumat, onun ünvanı, otelə gəliş tarixi, əlaqə nömrəsi, qalacağı otağın qiyməti, ödəniş vasitəsi, oteli tərk etdiyi vaxt qeyd olunur. Qonağın qaldığı otağın qiymətinə ya təkcə otağın günlük qiyməti və yaxud da otaqda qalan müddətdə ona təklif olunan gündəlik səhər, günorta yeməyi və digər xidmətlər də daxildir. Biznes otellərin qəbul etdiyi müştərilər əsasən şirkətlərin işçiləri olur. Bu zaman qeydiyyat blankında qonağın təmsil etdiyi şirkət barədə məlumatlar da əks olunur. Otaqlara görə təklif olunan qiymət dərəcəsinin qonaqların qalacağı müddətə görə təyin olunması otel biznesinin idarə edilməsində müstəsna hal sayılır. Çünki hər bir otel müəssisəsi çalışır ki, qonaqlara yüksək keyfiyyətli xidmətlər göstərərək onların oteldə daha çox qalmasına şərait yaratsın. Qonaq oteldə daha uzun müddət qaldıqca ona müəyyən endirimlər edilə bilər, həmçinin otelin daimi müştərilərinə görə də müəyyən güzəştləri olur. Otelin qonaqları ödənişləri müxtəlif vasitələrlə, yəni kartla, nağd şəkildə və qəbzlə həyata keçirə bilər. Öz hesabına gələn qonaqlardan fərqli olaraq şirkət işçilərinin ödənişlərini onların təmsil etdiyi şirkət əvvəlcədən tam şəkildə ödəyə bilər.