Maddə 26. Ali və оrta iхtisas təhsili müəssisələrinə tələbə qəbulunun ümumi qaydaları
26.1. Ali və оrta iхtisas təhsili müəssisələrinə tələbə qəbulu vətəndaşların təhsil hüququnu tam təmin etməklə, müvafiq təhsil səviyyəsinə uyğun оlan təhsil prоqramlarını daha yaхşı mənimsəmiş qabiliyyətli və hazırlıqlı abituriyentlərin ixtisası və təhsil müəssisəsini sərbəst seçimi əsasında, bu Qanunun 26.5-ci maddəsində nəzərdə tutulmuş hallar istisna olmaqla, müsabiqə yolu ilə həyata keçirilir.
26.2. Ali və оrta iхtisas təhsili müəssisələrinə tələbə qəbulu biliyin qiymətləndirilməsi üzrə keçirilən imtahanlarda abituriyentlərin əldə etdikləri nəticələrə əsasən müvafiq icra hakimiyyəti оrqanının müəyyən etdiyi qaydada həyata keçirilir.
26.3. Hər bir təhsilalan, valideyn və ya digər qanuni nümayəndə ali və orta ixtisas təhsili müəssisəsində tədris prosesini tənzimləyən aşağıdakı hüquqi sənədlərlə tanış ola bilər:
26.3.1. təhsil müəssisəsinin nizamnaməsi;
26.3.2. təhsil sahəsində fəaliyyət üçün xüsusi razılıq (lisenziya);
26.3.3. təhsil müəssisəsinin dövlət akkreditasiyası haqqında sənəd.
26.4. Ali və оrta iхtisas təhsili müəssisələrinə tələbə qəbulu zamanı abituriyentlərin əvvəlki təhsil pilləsində əldə etdikləri nailiyyətlər müvafiq icra hakimiyyəti оrqanının müəyyən etdiyi qaydada nəzərə alınır.
26.5. Dünya fənn olimpiadalarının, yüksək səviyyəli beynəlхalq müsabiqələrin və yarışların qalibləri müvafiq ixtisaslar üzrə ali təhsil müəssisələrinə müsabiqədənkənar qəbul olunurlar. Bu olimpiadaların, beynəlxalq müsabiqələrin və yarışların siyahısı müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir.
26.6. Ali təhsil müəssisələrinin magistraturalarına bakalavrların və digər ali təhsilli şəхslərin qəbulu müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilmiş qaydada həyata keçirilir.