Dövlət büdcəsindən maliyyələşdirilməyənmüəssisələr, idarələr, təşkilatlar, assosiasiyalar, birliklər, cəmiyyətlər, fondlar, ayrı-ayrı vətəndaşlar, habelə xaricdə yaşayan və fəaliyyət göstərən şəxslər, müəssisə və cəmiyyətlər öz vəsaitləri hesabına tərbiyə və təhsil alanlara əlavə olaraq sosial-maddi köməklik göstərə bilərlər. İstehsalatdan ayrılmaqla təhsil alan şəxslər iş yerindən əlavə məzuniyyət almaq hüququna, qısaldılmış iş vaxtı, həmçinin qanunvericiliklə müəyyən edilmiş başqa imtiyazlara malikdirlər. Ümumtəhsil məktəblərində məktəblilərə maddi yardım göstərilməsi məqsədilə icbari təhsil fondu yaradılır. Fond məktəbin saxlanılması üçün sərf olunan illik xərclərin bir faizdən az olmayaraq ayrılmış vəsait, həmçinin müəssisə, təşkilat, cəmiyyət və ayrı-ayrı vətəndaşların vəsaiti hesabına yaradılır. Ümumtəhsil məktəblərinin şagirdləri güzəştli qiymətlər əsasənda ildə bir dəst məktəbli forması ilə təmin olunur. Aztəminatlı ailələrə forma və dərsliklər pulsuz verilir. Aztəminatlı ailədən olan ibtidai sinif şagirdlərinə pulsuz isti nahar yeməyi müqabilində pul ödənişi verilir. Kənd yerlərində məktəbdən 3 kilometr artıq məsafədə yaşayan şagirdlərin məktəbə nəqliyyatla pulsuz gətirilib aparılması təmin edilir. İstehsalat təlimi və praktika zamanı şagird və tələbələrə (o cümlədən tibb təhsili alan tələbələrə) gördükləri iş müqabilində tam əmək haqqı verilir, təhlükəsiz və sağlamlıq üçün zərərsiz iş şəraiti təmin olunur. İndeksasiya aparılmaqla tələbə və aspirantların təqaüdü 1993-cü ildən başlayaraq tədriclə qabaqcıl ölkələrin tələbə və aspirantlarının təqaüdü səviyyəsinə çatdırılır. Əlavə ayırmalar hesabına elmi araşdırmaların genişləndirilməsinə vəsait ayrılır.