II FƏSİL
TƏTBİQİ ONOMASTİKA DİLÇİLİK SAHƏSİ KİMİ
2.1. Onomastik terminlər sistemi
Onomastika bir elm sahəsi kimi, dilçiliyin tez inkişaf edən, perspektivli şöbələrindən biridir. Digər elm sahələri kimi, onomastikanın da dəqiq müəyyənləşdirilmiş, adlandırılmış anlayışlar sistemi və terminlər toplusu vardır. Onomastikanın “humanitar elmlər arasında özünəməxsus mövqeyə malik olması” [474, s.5], xüsusi adların dildə spesifik statusu onomastik terminologiyanın formalaşmasına təsir göstərmişdir.
Onomastik terminologiya elmi anlayışlar, onların mahiyyəti, tərifləri, əlamətləri, sistemi və təsnifatı barədə, anlayışların ifadə vasitəsi kimi terminlər və s. haqqında biliklər məcmusundan ibarətdir. O, müxtəlif milli elmi ənələlərin, dilçilik istiqamətləri və məktəblərinin, habelə ayrı-ayrı müəlliflərin dil nəzəriyyələrinin konseptual aparatını əks etdirir. Onomastik terminologiyaya, onun formalaşmasına, tətbiqinə və unifikasiyasına dünya miqyasında böyük diqqət yetirilir. Onomastik terminoloji lüğətlərin müxtəlif tiplərinin və bu problematikaya həsr olunmuş bir sıra tədqiqatların mövcudluğu bunu təsdiq edir.
Onomastik terminlər sistemi daxili qanunauyğunluqları olan xüsusi obyektdir. Onomastik terminoloji sistemin vəziyyəti onomastikanın inkişaf tarixi, terminlərin formalaşma xüsusiyyətləri, ədəbi dilin leksik-semantik sisteminin təsviri və s. amillərdən asılıdır.
Onomastik terminologiyanın əsas vəzifələri kimi bunlar müəyyən edilir: 1)sahə anlayışlarının adlandırılmasının ümumi qanunauyğunluqlarının üzə çıxarılması; 2)terminoloji sistemlərin təşkili; 3)terminologiyada milli və beynəlmiləl elementlərin qarşılıqlı nisbətinin, terminlərin yaranma üsulları və metodlarının öyrənilməsi; 4)terminlər lüğətlərinin, bankının tərtibi; 5)terminoloji məlumatların kompüterdə işlənilməsi və s. Sonuncular onomastik terminologiyanın praktik istiqamətini əks etdirir. Bu da onun tətbiqi dilçilk sahəsi olduğunu bir daha sübut edir.
Son illərdə onomastikanın sürətli inkişafı yeni elementlərin, anlayışların yaranmasına gətirib çıxarmışdır ki, bu da onların adlandırılmasını tələb edir. Onomastikanın inkişafı, eyni zamanda, mövcud anlayışların dəyişilməsinə səbəb olur. Termin yaradıcılığında fəal iştirak edən onomastlar bilavasitə termin-neologizmlərin müəllifləri hesab olunur. Onlar terminləri yaradır, mövcud terminlərin tətbiqini nizamlayır, praktik iş prosesində onlar müxtəlif terminlərdən istifadə edirlər. Buna görə də terminologiyanın dəqiq və istifadə üçün əlverişli olması əsas şərtdir.
“Onomastik terminologiya” dedikdə: 1) onomastik terminlərin (anlayış və adların) məcmusu, bu sahədə işlənən xüsusi ifadələrin toplusu; 2) bu sahəyə dair anlayış və terminlərin sistemi; 3) sahə terminlərinin öyrənilməsi və sistemli təşkili; 4) onomastik terminlərin yaranması, tərkibi və işlənməsi barədə nəzəriyyə; 5) müəyyən dildə istifadə olunan sahə terminlərinin və onların digər dillərdəki ekvivalentlərinin xüsusiyyətlərini öyrənən nəzəriyyə; 6) ümumi onomastik terminoloji nəzəriyyə; 7) sahə terminlərinin seçilməsi və təsnifi, yayılma metodları nəzərdə tutulur.
Onomastik terminologiyanın predmetini terminlərin formalaşması və istifadəsinin öyrənilməsi, onların hamısına xas olan ümumi cəhətlərin üzə çıxarılması, yeni terminlər və sistemlərinin yaradılmasının optimal yollarının axtarışı, terminoloji sistemlərin təkmilləşdirilməsi, ayrı-ayrı tədqiqatçıların iş təcrübəsinin ümumiləşdirilməsi, anlayış və terminlərin qarşılıqlı münasibəti təşkil edir. Onomastik terminoloji sahə – onomaterminin mövcud olduğu elə bir sahədir ki, ondan kənarda söz öz terminlik xüsusiyyətini itirir, termini adi sözlərdən fərqləndirən başlıca əlamət kimi çıxış edir, onun üçün kontekst rolunu oynayır, termin burada başqa terminlərlə qarşılıqlı münasibətdə olur.
Onomastik terminlər sistemi bu elm sahəsinin normal inkişafını təmin edən vacib elementdir. Terminoloji sistem onomastikanın yetkin bir elm sahəsi olduğunu göstərir. Bununla yanaşı, bəzi çatışmazlıqlar da mövcuddur. Bunlara misal olaraq terminlərin çoxmənallılığını, eyni anlayışın müxtəlif terminlərlə, eləcə də müxtəlif anlayışların bir terminlə istifadəsini və s. göstərmək olar. Bir tərəfdən, termin bolluğu, digər tərəfdən isə çatışmazlıq müşahidə olunur. M.Harvalikin göstərdiyi kimi, “ayrı-ayrı onomastik terminologiyaların müqayisəsi zamanı rastlaşdığımız əsas çətinliklər eyni hadisənin və ya adlar tipinin işarəsi üçün bir neçə müxtəlif terminin istifadəsi, müxtəlif onomastik məktəblərdə eyni terminin müxtəlif cür anlaşılması, habelə beynəlxalq və milli terminlərin rəqabəti ilə əlaqədardır” [395, s.6]. A.V.Superanskaya da haqlı olaraq qeyd edir ki, elmi biliklərin qloballaşması zamanı dil əngəlləri və istifadə olunan terminlərin uzlaşdırılmaması böyük maneədir [555, s.59]. Terminologiyada hökm sürən nizamsızlıq elm sahəsinin inkişafının ləngiməsinə, qayda-qanun isə tərəqqisinə gətirib çıxarır. Onomastik terminlərin polimorfizmi nəticəsində bir termin elmi istiqamətlərdə və milli linqvistik ənənələrdə müxtəlif anlayışlar ifadə edə bilər, yaxud eyni onomastik hadisə müxtəlif terminlərlə işarə olunur. Onomastik terminologiyada tam sinonimlər və ya dubletlər var. Bunlar terminlərin müxtəlif dil mənsubluğu (advermə – nominasiya, poetik ad – poetonim və s.), sintaktik variantlıq nəticəsində (antroponimik toponim – antropotoponim) meydana çıxır.
“Onomastikada 4 terminoloji təbəqə özünü göstərir: 1. Onomastlar tərəfindən yaradılan və yalnız onların istifadə etdiyi terminlər; 2. Onomastlar tərəfindən yaradılan, lakin başqa sahələrdə də istifadə olunan terminlər; 3. Başqa sahələrin (o cümlədən dilçiliyin) anlayış və ya predmetlərini bildirən terminlər, başqa sözlə, digər sahələrdən mənimsənilən və həmin mənada işlənən terminlər; 4. Başqa sahələrdən mənimsənilən, lakin mənası dəyişdirilmiş terminlər” [506, s.25].
Elmi informasiyanın daşıyıcısı olan onomastik terminin iki tərəfi var: terminin özü və onun ifadə etdiyi anlayış. Anlayışa ad verilməsi həm də obyektin adlandırılması deməkdir. Yeni termin yaranarkən denotata da yeni ad verilir. Anlayışın mühüm əlamətlər toplusundan ən zəruri olanları seçilir və terminin fonetik tərkibində öz əksini tapır. Başqa sözlə, onomastik terminin yaranma yolu mənadan fonetik tərkibə doğru gedir. Məna ilə fonetik tərkib arasındakı əlaqənin məqsədəuyğunluğunun dərk olunması motivləşmədir. Onomastik terminin mənası ona verilən tərifdə, şərhdə, yəni definisiyada öz əksini tapır. Termin anlayışın adı olduğundan, definisiya həmin adın müfəssəl şərhidir. Definisiyada adlandırılan obyektin mühüm əlamətlərinin məcmusu göstərilir. Definisiya aşağıdakı tələblərə cavab verməlidir: 1) anlayışın mühüm əlamətlərindən (yəni onu digər anlayışlardan fərqləndirən) ibarət olmalı; 2) anlayışa uyğun olmalı; 3) sistemli olmalı, yəni anlayışın müəyyən məfhumlar sistemində yerini əks etdirməli; 4) aydın olmalı (xüsusən mütəxəssis olmayanlara); 5) linqvistik cəhətdən düzgün olmalı, yəni dilin norma və qaydalarına uyğun olmalıdır.
Definisiya anlayışın sözlə təsviridir ki, bu da onun anlayışlar sistemindəki mövqeyini təyin edir. Adətən, tərif və definisiya eyniləşdirilir. M.İsmayılova onları belə fərqləndirir: “Definisiya (lat. definitio) – Obyektləri bir-birindən onların xassələri, əlamətləri, formaları, yaranma və ya qurulma üsulları ilə fərqləndirmə və ya izahetmə üsuludur... Definisiya tərifə nəzərən daha geniş anlayışdır. Tərif definisiyanın daha dəqiq forması olub onun xüsusi halıdır.Tərifdə obyekt mütləq oxşar obyektlərdən müəyyən üsulla fərqləndirilir. Definisiyada isə obyektə müəyyən izah verilə bilər və bu halda həmin izahı oxşar obyektə də şamil etmək mümkün olur...” [185, s.60].
Adi sözlər kimi, onomastik termin də adlandırma funksiyası daşıyır. Bununla yanaşı, onomastik termin daha bir funksiyanı yerinə yetirir ki, bu da təyinetmə funksiyasıdır. Bu funksiya terminin mənasını qəti müəyyən edir, spesifik və mühüm əlamətlərini göstərir.
Onomastikanın gələcək inkişafı, nizama salınmış terminologiyanın olması, onomastik terminlərin qoyulan tələblərə cavab verməsi üçün məqsədyönlü terminoloji iş aparılmalıdır. Şüurlu və yaradıcı xarakter daşıyan terminoloji iş terminlərin yaradılması və təkmilləşdirilməsindən ibarət olub, getdikcə daha geniş miqyas alır. Bu iş çoxistiqamətlidir: 1) onomastik terminlərin (o cümlədən milli) yaradılması; 2) mövcud terminlərin qaydaya salınması; 3) terminlərin həm milli dildə, həm də beynəlxalq miqyasda unifikasiyası; 4) başqa dillərdən termin mənimsənilməsi; 5) onomastik terminlər lüğətlərinin tərtibi (həm ümumi, həm də xüsusi); 6) onomastik terminologiya məsələlərinə dair əsərlərin yaradılması. Digər sahə terminlərinə olduğu kimi, onomastik terminlərə qarşı irəli sürülən tələblər bunlardır: monosemiklik (birmənalılıq), sistemlilik, anlaşıqlılıq, sadəlik, geniş yayılma, adlandırılan obyektə düzgün yönəlmə, dəqiqlik və s.
Termin müəyyən komponentlərdən ibarət olur ki, bunlar da terminelement adlanır. Tədqiqatçılar göstərirlər ki, terminelement terminoloji mənaya malik kiçik vahiddir, anlayışı ifadə etmir, müəyyən terminoloji sahəni bildirir [Bu barədə bax: 556, s.100]. Anlayışı bildirən (işarə edən) termin yunan-latın terminelementləri ilə ifadə olunur, yeni yaranan terminlər üçün model olur. Onomastik terminlərin tərkibində yunan və latın mənşəli terminelementlər üstünlük təşkil edir. Bunlar dilimizə rus dili vasitəsilə daxil olmuşdur. Belə terminelementlərə aşağıdakıları misal göstərmək olar: antropo+onim=antroponim, astro+onim=astronim, hidro+onim=hidronim, drimo+onim=drimonim, limno+onim=limnonim və s. Göründüyü kimi, terminelementlər sözün əvvəlində, yəni kök hissəsində yerləşir və onomastik terminin özünəməxsus modeli: ... + onim yaranır. Bu terminlər vahid terminoloji cərgə əmələ gətirir.
Terminoloji işin əsas vəzifələrindən biri milli onomastik terminlərin yaradılmasıdır. Ümumiyyətlə, “termin yaradıcılığı iki istiqamətdə gedir: 1) kütləvi sahədə və 2) xüsusi sahədə termin yaratma. Bunlardan ikincisi ilə... sahə mütəxəssisləri məşğul olurlar. Birincisi isə, necə deyərlər, hamıya, dilçiyə, yazıçıya, jurnalistə, ən sıravi oxucuya aid olan bir işdir... Termin yaradıcılığı hər bir halda yaşanılan dövrə, onun ictimai və siyasi maraqlarına xidmət edir” [25, s.304-305]. Terminlər həm milli dilin, həm də başqa dillərin materialları əsasında yaradılır. Milli onomastik terminlərin yaradılması böyük yaradıcılıq tələb edən, sahə mütəxəssisləri tərəfindən dil qanunları, müəyyən prinsip və metodların əsasında aparılan bir iş olsa da, ən əlverişli yoldur və aşağıdakı üsullarla baş verir: leksik yolla – dildə olan sözlər vasitəsilə, məsələn: ad, ləqəb, imza; morfoloji yolla – sözdüzəldici vasitələrin köməyi ilə (sözlərə şəkilçi artırmaqla), məsələn: sözlük; sintaktik yolla – iki və daha çox sözün birləşməsi vasitəsilə, məsələn: şəxs adı, ata adı, müştərək ad və s. Milli dilin materialları əsasında termin yaratmaq mümkün olmadıqda başqa dildən termin alınıb işlədilir və yaxud kalka edilir: məsələn: antroponimik kateqoriya, erqonim, eponim və s.
Beləliklə, onomastik terminlərin yaradılmasında aşağıdakı mənbələrdən istifadə olunur: 1) Azərbaycan dilinin terminologiyası; 2) rus dilinin terminologiyası; 3) Qərbi Avropa dillərinin terminologiyas; 4) qohum dillərin terminologiyası.
Onomastik terminlər müxtəlif baxımdan təsnif edilə bilər: 1. Bütün dillərdə təsadüf olunan universal terminlər (toponim, etnonim, onomastika və s.) və hər hansı bir dil, yaxud dillər qrupu üçün spesifik terminlər; 2. Ümumelmi terminlər (məsələn, sistem, struktur, qanun və s.) və müəllif konsepsiyasına məxsus olan fərdi terminlər (məsələn, koynonim, eydonim və s.); 3. Motivləşmiş və motivləşməmiş terminlər (termin-adlar); 4. Milli terminlər (soyad, advermə və s.), alınmalar (onomastik areal, onomastik atlas və s.), yunan-latın termin-elementlərinin bazasında yaradılan terminlər (zoonim, mikrotoponim, fitoantroponim və s.); 5. Bir sözlü (monoleksem) terminlər (məsələn, astionim, pelaqonim, onomastikon və s.) və termin-söz birləşmələri (polileksem) (məsələn, antroponimik model, hibrid ad, müştərək ad və s.); 6. Ənənəvi terminlər və termin-neologizmlər; 7. Bir sahəyə aid terminlər və sahələrarası terminlər.
Onomastik terminologiyada həllini gözləyən bir sıra nəzəri məsələlər diqqəti cəlb edir, məsələn: onomastik terminlərin mahiyyətinin öyrənilməsi (yəni ideal termin necə olmalıdır), istifadə dairəsinin təyin edilməsi, terminlərin fəaliyyət sahələrində onlara qarşı irəli sürülən tələblərin xarakterinin müəyyənləşdirilməsi, motivləşmənin xarakteri, terminlərin linqvistik xüsusiyyətlərinin nəzəri tədqiqi, onomastik terminologiya, terminoloji sistem nədir, onomastik terminlər sisteminin qanunauyğunluqlarının, xüsusiyyətlərinin meydana çıxarılması.
Onomastik terminologiyaya, o cümlədən termin və termin komponentləri kimi xüsusi adlara artmış maraq XX əsrin 80-ci illərinin sonunda meydana çıxan yeni sahənin – terminoloji onomastikanın yaranmasına səbəb oldu. O, professional kommunikasiyaya cəlb edilmiş xüsusi adların mənşəyini, strukturunu və funksiyalarını tədqiq edir. R.Qlezerin fikrincə, terminoloji onomastika bir şöbə kimi onomastikanın tərkibinə daxil olur. A.Superanskaya isə başqa fikirdədir. O hesab edir ki, bu sahə terminologiyanın şöbəsidir [Bax: 513]. Bu fikirlərə əsasən terminoloji onomastikanın fənlərarası xarakter daşıdığını söyləmək olar. Terminoloji onomastikaya yaxın sahələr dil tarixi, leksikologiya, frazeologiya, mətn dilçiliyi, sosiolinqvistikadır. Bunlar adlandırılan obyektlərin və onların adı ilə bağlı ənənələrin spesifikasını üzə çıxarmağa kömək edir.
Termin yaradıcılığı, qeyd etdiyimiz kimi, terminlərin yaradılması üsullarının məcmusunu təşkil edir. Lakin terminoloji işdə mövcud terminologiyanın qaydaya salınması da əsas yer tutur. Terminologiyada qeyri-dəqiqlik, anlayışlar sistemində qeyri-müəyyənlik onomastikanın inkişafını ləngidə bilər. Düzgün, nizamlı terminologiya həm elm sahəsinin inkişafı, həm də gələcək tədqiqatlar üçün geniş imkanlar yaradar. Bildiyimiz kimi, onomastikanın müasir inkişaf səviyyəsinə uyğun terminlər sistemi vardır, lakin başqa sahələrdə olduğu kimi, burada da müəyyən çatışmazlıqlar özünü göstərir. Bunların aradan qaldırılması üçün onomastik anlayışların yenidən nəzərdən keçirilməsi və dəqiqləşdirilməsi, terminlərin seçilməsi, təhlili, termin modellərinin yaradılması və s. işlərin görülməsi gərəkdir. İlk növbədə, “onomastika” terminini nəzərdən keçirək. Müxtəlif ədəbiyyatlarda bu terminin izahı belə verilir: dildə olan xüsusi adların məcmusu, leksikologiyanın xüsusi adların mənşəyini, yaranmasını, tipologiyasını öyrənən şöbəsi, xüsusi adların bütün növlərini və tiplərini öyrənən dilçilik sahəsi, canlı varlıqların xüsusi adlarını öyrənən elm, dilin şəxs adları sistemi, linqvistik tədqiqatların adlara həsr olunmuş istiqaməti və s. [614]. Zeynəb Qorxmaz bu məsələyə özünəməxsus şəkildə yanaşır. Belə ki, alim bu sahəni “ad bilimi” adlandıraraq iki cür definisiya təqdim edir: “1) isimləri söz-məna əlaqələri baxımından araşdıran elm sahəsi (burada hər hansı bir mənanın müxtəlif dillərdə hansı sözlərlə ifadə ediməsi nəzərdə tutulur); 2) xüsusi adları etimoloji, tarixi inkişaf, dil və mədəni problemlər baxımından araşdıran elm sahəsi” [339, s.3-4]. Bu terminin definisiyasını sadə şəkildə belə vermək olar: “Onomastika – xüsusi adları öyrənən dilçilik sahəsi”. Elmi ədəbiyyatda “onomastika” termininin sinonimi kimi “onomalogiya” terminindən istifadə olunur. Ancaq “onomastika” termini daha geniş yayılmışdır. Bəzən “onomastika” mənasında “toponomastika” termini işlənir, yəni toponimika+onomastika. Bu da ondan irəli gəlir ki, onomastika insanların xüsusi adlarını (şəxs adlarını) öyrənən dilçilik sahəsi kimi də izah edilir, antroponimika ilə eyniləşdirilir [Bu barədə bax: 532, s.7; 566]. Hətta XX əsrin 60-cı illərinə qədər “antroponimika” termini əvəzinə bir çox tədqiqatçılar “onomastika” terminindən istifadə etmişlər [Bax: 613]. Bununla yanaşı, həmin terminin fərqli izahına da rast gəlirik: toponomastika, yəni onomastikanın xüsusi coğrafi adları öyrənən şöbəsi, başqa sözlə, toponimika [475, s.12; 339, s.3; 209, c.1, s.39]. A.K.Matveyev fikrini belə əsaslandırır ki, “toponomastika” (və müvafiq olaraq “hidronomastika”, “oronomastika” və s.), “antroponomastika”, “astronomastika”, “ zoonomastika” terminləri münasibdir, həm də bütövlükdə xüsusi adları bildirən “onomastika” termini ilə yaxşı əlaqələndirilir [475, s.12]. “Toponimika” termini hamıya tanışdır, “coğrafi adları öyrənən sahə” deməkdir, “toponimiya” isə coğrafi adların məcmusudur. Çox vaxt bu terminlər qarışıq salınır, bəzən onlar eyni mənanı ifadə edən sinonim terminlər kimi başa düşülür, bəzən isə hər ikisinin əvəzinə “toponimika” işlənir. A.K.Matveyev “toponimika” və “toponimiya”, eləcə də “antroponimika” və “antroponimiya” və s. terminlərini uğurlu hesab etmir. “Birincisi, bu korrelyat (bir-birindən asılı olan) terminlər “onomastika” termini ilə uyğun gəlmir. İkincisi, adətən, -onimiya ilə bitən sözlər, məsələn, “antonimiya”, “omonimiya”, “sinonimiya” və s. dil hadisələrini bildirir” [475, s.12]. Bizcə, sözün semantik strukturu – daxili forması terminologiyanın sistemləşdirilməsində mühüm rol oynayır. Daxili forma “toponimika” və “toponimiya” tipli terminlərin diferensiasiyasına kömək edir.
Həm onomastikanın, həm də toponimikanın özünün spesifikası, öz tədqiqat obyektləri var, bu, terminlərin tərkibindəki terminelementlərdə də öz əksini tapır: onim-/onom- – “ad, xüsusi ad”, topo- – “yer, sahə”. İnsanların xüsusi adları ilə onomastikanın ayrıca bir şöbəsi – antroponimika məşğul olur (antropo- – “insan”). Bizə belə gəlir ki, anlayışların süni surətdə dolaşıq salınmasına, terminlərin qarışdırılmasına ehtiyac yoxdur. Bir çox dillərdə “xüsusi ad” birləşmə şəklində verilir (azərbaycanca – xüsusi ad, türkcə – özel ad, rusca – собственное имя/имя собственное, ingiliscə – proper noun/name, fransızca – nom propre və s.). Bunun qarşılığı kimi, “onim/onoma”, “proprial vahid” terminləri də işlənir. Xüsusi adların – onimlərin cəmi isə onimiyadır (buna uyğun olaraq toponimiya, antroponimiya və s.). “Onomastik leksika”, “onomastik vahid” termin-söz birləşmələri də eyni mənada işlənir (uyğun olaraq “antroponimik leksika”, “antroponimik vahid”, “toponimik leksika”, “toponimik vahid” və s.). A.A.Beletski isə eyni mənanın ifadəsi üçün “eydonimiya” (“eydonim” – xüsusi ad deməkdir) terminindən istifadə edir.
Bir sıra termin-söz birləşmələrinin ifadəsi üçün “onim/onoma” terminləri formasına görə daha əlverişlidir, məsələn: “onimik/onomastik kalka”, “onimik/onomastik leksem”, “onimik/onomastik substrat”, o cümlədən “onimləşmə”, “deonimləşmə” və s.
“Onomastika terminləri” birləşməsi onomastik terminlərin məcmusunu, “onomastika terminologiyası” həmin məcmunun vahidlərini, onların yaranma yollarını, qarşılıqlı əlaqələrini və s. öyrənən terminologiya sahəsini nəzərdə tutur.
Onomastik tədqiqatların obyektinin mürəkkəb kompleks xarakteri çox mübahisəli “onomastik məkan” və “onomastik sahə” terminlərinin tətbiqini şərtləndirir. Qeyd etmək lazımdır ki, belə terminləri və anlayışları mütləq müəyyən dövrlə, yəni tədqiqatçının təsvir etdiyi zaman kəsiyi ilə əlaqələndirmək lazımdır. Bundan başqa, öyrənilən onomastik leksikanın həcmi konkretləşdirmə tələb edir. “Onomastik məkan” termini ilk dəfə V.N.Toporov tərəfindən adların bütün toplusunu bildirmək üçün istifadə olunmuşdur. Onomastik məkanı real, hipotetik və fantastik obyektlərin adlandırılması üçün müəyyən tarixi dövrdə xalqın dilində işlənən xüsusi adlar kütləsi kimi müəyyənləşdirmək olar. Onomastik məkan həmişə konkretdir. “Onomastik məkan müəyyən xalqın dünyagörüşündə, təsəvvürlərində konkret zamanda mövcud olan dünya modeli ilə müəyyən edilir, lakin onda əvvəlki dövrlərin elementləri hər zaman qorunub saxlanır” [567, s.33-34]. Onomastik məkan adların mərkəzi və periferik bölmələrindən ibarət sahə strukturudur. A.V.Superanskaya bu termini obyektlərin və onların əşyavi qavranılan ayrı-ayrı vəziyyətlərinin adlandırılması üçün istifadə olunan xüsusi adlar toplusu kimi xarakterizə edir. O, buraya ayrı-ayrı canlı varlıqların, kollektivlərin, əşyaların, Yer səthindəki, altındakı və Yerdənkənar ərazilərin, səslərin, hərəkətlərin, ideyaların adlarını aid edir [562, s.9]. Bu və ya digər ərazidə işlənən xüsusi adlar massivinin xarakteristikası zamanı A.A.Burıkinin tətbiq etdiyi “regionun onomastik məkanı” anlayışı vacib sayılır. Bu anlayış belə izah edilir: “müxtəlif dövrlərin tarixi mənbələrində qeydə alınmış onomastik vahidlərin məcmusu” [383, s.6]. Tədqiqatçı onomastik məkanın 4 səviyyəsini göstərir ki, hər şeydən əvvəl, regionun mənimsənilməsi və öyrənilməsinin müxtəlif dərəcələrini təyin edən ayrı-ayrı tarixi proseslərlə əlaqədardır və onlar onomastik materialın linqvistik baxımdan qavranılması və öyrənilməsinin müxtəlif dərəcələrini əks etdirir [383, s.6]. Y.Q.Sidorova isə “regionun toponimik məkanı” terminini müxtəlif mənbələrdə qeydə alınmış toponimik vahidlərin toplusunu bildirmək üçün işlədir [540, s.247].
Onomastik sahə dedikdə, müəyyən şəkildə təşkil edilmiş bir sıra elementlər, vahidlər başa düşülür. Bunun daxilində onların sistemləşdirilməsi və işlənməsinin qanunauyğunluqları realizə olunur. V.İ.Supruna görə, “onomastik sahə elə xarakteristikalara malikdir ki, oraya daxil olan vahidlərin toplusu üçün, eləcə də hər kostituyent üçün ayrılıqda ümumidir: nüvə-periferiya əlaqələrinin mövcudluğu, semantik ümumilik, tezlik, üslubi rəngarənglik və sözyaratma fəallığı. Periferiya ilə müqayisədə nüvə daha az motivləşmiş olur, nüvə vahidləri üçün strukturun sadəliyi və bütövlük xarakterikdir, nüvənin leksikası sabitdir, periferiya isə dəyişikliklərə məruz qalır” [560, s.26]. Nüvə-periferiya münasibətləri onomastik şöbələrin tərkibində də var. Məsələn, antroponimlər arasında mərkəzi yeri şəxs adları tutur, onlara soyadlar və ata adları əlavə olunur. Ləqəblər, təxəllüslər periferik mövqe tutur. Əgər təhlil üçün digər zaman kəsiyini götürsək, onda mənzərə başqa cür olar. Onomastik sahədə nəqliyyat vasitələrinin adları – poreyonimlər, əmtəə adları – praqmatonimlər, KİV adları – gemeronimlər, tədbir adları – geortonimlər, mükafat, orden, təltif adları – faleronimlər, incəsənət əsərlərinin adları – artionimlər, iş birliklərinin adları – erqonimlər periferik mövqe tutur.
Onomastikanın insan adlarını öyrənən şöbəsi antroponimikadır. Onun vahidi antroponimdir. Daha öncə bu terminin əvəzinə L.İ.Perexova tərəfindən “koqnomologiya” termini istifadə olunmuşdur [363, s.4]. Antroponimlərə aiddir: şəxs adları (Nərgiz, Əli, Nigar və s.), soy adları (Məmmədli, Aslanzadə və s.), ata adları, təxəllüslər (Füzuli, Vurğun və s.), ləqəblər (Yalançı Abbas, Tənbəl Həsən və s.), titullar (xan, bəy, xanım və s.). Bunlar həm də antroponimik kateqoriyalardır. Antroponimlərin cəmi antroponimiya, antroponimik leksika terminləri ilə ifadə olunur. “Antroponimiya” terminini ilk dəfə Portuqaliya dilçisi J.Leyte-Vaskonselva 1887-ci ildə işlədib. Bu məqsədlə antroponimik tərkib və ya antroponimik sistem terminləri də təklif edilir [210, c.2, s.172]. Biz belə hesab edirik ki, “antroponimiya”, “antroponimik leksika” terminlərinin işlənilməsi daha məqsədəuyğundur.
A.M.Paşayev “şəxs adı” terminini daha geniş mənada götürür və əsl ad, ata adı, soyad, ləqəb, titul, təxəllüs, əzizləmə-kiçiltmə adları buraya aid edir [272, s.173]. Bizcə, “şəxs adı” terminini elə “şəxsin öz adı, əsil adı” mənasında, insan dünyaya gələrkən verilən və ömrünün sonuna qədər malik olduğu ad kimi başa düşmək lazımdır. Əzizləmə-kiçiltmə adlar insana əzizləmə, nəvaziş məqsədilə, eləcə də kiçiltmə məqsədilə verilən adlardır və şəxs adının bir qədər dəyişmiş formasıdır. Bu baxımdan həmin adların şəxs adına aid edilməsi düzgündür. Lakin müəllifin “şəxs adı” termininə aid etdiyi ata adı, soyad, ləqəb, titul, təxəllüs, əzizləmə-kiçiltmə adların hər birini ayrıca antroponimik kateqoriya kimi götürmək daha məqbuldur. N.V.Podolskaya əzizləmə-kiçiltmə adları müxtəlif növlərə ayırır və onlar üçün bu terminləri təklif edir: 1) ixtisar olunmuş əsasa malik və ya ikiəsaslı forma əvəzinə tam, bütöv əsasa malik adlar üçün “hipokoristika” termini (Katya, Sanya, Slava, Vladya və s.); 2) subyektiv qiymətləndirmə mənalı adlar üçün ümumi olan “kvalitativ” (lat. qualitas – “keyfiyyət, xüsusiyyət”) termini və ona tabe olan terminlər – “deminutiv” (əzizləmə-kiçiltmə mənalı ad), “peyorativ” (sayğısız, alçaldıcı, kiçiltmə ad), “auqmentativ” (vahiməli məna daşıyan ad), “meliorativ” (tərifedici, şişirtmə ad) [509, s.13]. Antroponimika üçün kiçiltmə və əzizləmə ad kateqoriyaları xüsusi əhəmiyyət daşıyır. Hipokoristika əzizləmə ifadə edir, kiçiltmə ifadə edən adlar isə deminutivlərdir. Hər iki halda bu formaların əmələ gəlməsi üçün şəkilçilərdən istifadə olunur. Antroponimlərə andronimləri, ginekonimləri, matronimləri, patronimləri də aid edirlər. Andronim – N.V.Podolskayaya görə, qadının ərin ad, soyad və ləqəbi ilə adlandırılması, A.M.Qurbanova görə isə kişi adından əmələ gələn qadın adıdır, məsələn: Lətif – Lətifə, Həmid – Həmidə və s. Bu söz yunan mənşəli olub, andro- “kişi, ər” +onim “ad” deməkdir. A.M.Qurbanov həmin sözün ingilis mənşəli olduğunu yazır [Bax: 509; 209, c.1, s.170]. Ginekonim – kişinin ananın, yaxud qadının adı və ya ləqəbi ilə adlandırılmasıdır (yunan mənş. gineko- (“qadın”) + onim (“ad”)).
Patronim də antroponimin növüdür, ata adı və ya adlandırılanın daha uzaq əcdadının adıdır. Ata adı xüsusi adlandırma sözüdür, insanın ata adından əmələ gəlir. Cənubi və Qərbi Avropa xalqlarında belə adlar hələ Orta əsrlərdə soyadlara çevrilmişdir. Qədim patronimlər müasir ata adlarının və patronimik soyadların rüşeymidir. “Patronim” (patro- “ata” + onim “ad”) termini barədə müxtəlif fikirlər var: 1) nəsil adı, ata adı əsasında düzələn xüsusi ad (A.Qurbanov); 2) yaşayış məntəqəsində ilk məskunlaşanların ad və ya soyadlarından, kənddə çoxluq təşkil edən soyadlardan və s. yaranan adlar (V.Juçkeviç); 3) insanın kişi xətti üzrə sələflərinin adı ilə adlanması (A.Superanskaya); 4) nəsil başçılarının adları (A.Qurbanov); 5) ata adı (A.Beletski); 6) atanın, yaxud ata xətti ilə sələflərinin adı və ya ləqəbindən düzələn ad (N.Podolskaya); 7) ata və ya babanın əsil adından, yaxud ləqəbindən düzələn ad (ləqəb və ya titul), şəxsi ata tərəfindən bildirən ad; ata və ya babanın ləqəbindən düzələn soyad (A.Paşa). Ata adı rəsmi ad formulunun ən konservativ və nizamlı komponentidir. Şəxs adı milli ad siyahısı üçün qeyri-adi ola bilər, şəxsin arzusu ilə zamanla dəyişə bilər; soyad, əsasən, atanın soyadı ilə təyin edilir, müəyyən yaşdan sonra dəyişdirilə bilər, ata adı isə dəyişməz qalır. Ata adı öz fon semantikasında atalığa hörmət mənasını qoruyub saxlamaqda davam edir. Ata adı qanunla müdafiə olunan normadır.
Matronim – ananın adından, ləqəbindən, peşəsinin adından, ictimai mövqeyindən törəmiş ad (N.Podolskaya); ana adı əsasında düzələn xüsusi ad (A.Qurbanov); ana və nənə adından düzələn adlar (ləqəb və titullar); şəxsi ana tərəfindən bildirən ad; ananın və nənənin ləqəbindən düzələn soyad (A.Paşa). Təxəllüslər antroponimlərin bir növüdür, antroponimlərə xas cəhətlərə malikdir; eyni zamanda, digər onomastik vahidlərdən fərqlənir, məhdud işlənmə sferasına malik, spesifik funksiyalar yerinə yetirən və müəllifin özünü adlandırmasının nəticəsi olan vahidlərdir. Təxəllüslər polifunksional işarələrdir. Onların mühüm xüsusiyyəti başqa onimlərdən daha çox funksiya yerinə yetirməsi, habelə xüsusi ezoterik (daxili, gizli) funksiyasının olmasıdır. Bədii təxəllüs mətnin mühüm mətnyaradıcı kateqoriya – müəllif obrazı ilə bağlı olan spesifik elementidir. Mətndə xüsusi mövqeyi (inisial və ya final), fakültativ işlənməsi təxəllüsü estetik əhəmiyyətli komponentə çevirir və bədii mətnin dil intensiyalarının (təfəkkürün, şüurun hər hansı bir predmetə yönəlməsi; niyyət) birləşdirilməsinin spesifik funksiyasını müəyyənləşdirir.
Onomastikaya dünyanın və ictimai həyatın elmi qavranılmasındakı dəyişikliklər hər zaman öz təsirini göstərir. Belə ki, “virtual antroponim” termininin tətbiqi artıq tam yerinə düşür. Bu termin insanın uydurma, əsas olmayan adını bildirir ki, həmin adı internet-kommunikasiyanın iştirakçısı mövcud şəxs adı formalarından seçir və ya müxtəlif dil vasitələrindən düzəldir [561, s.6].
L.M.Şetinin “nomosfera” (nomenosfera) anlayışını irəli sürərək, onu antroponimiyaya tətbiq edir. Bu zaman fərdi nomenosfera və dil kollektivinin nomenosferası fərqləndirilir. Fərdi nomenosferanın daxilində aktual və virtual təbəqələr ayrılır. “Virtual antroponimiya” anlayışı təcəssüm olunmayan onimlər ideyası ilə qismən kəsişir: “Ənənəvi milli ad siyahısını bilmək hər rus üçün virtualdır, amma rus dilində danışanların yalnız bir hissəsi müəyyən şəraitdə onu aktuallaşdırmağa əl atır”. Passiv ehtiyatın təcəssüm olunan antroponimləri də virtual sayılır. “Təlim dövründə insanın mənimsədiyi adların əksəriyyəti, yeni yaşayış yerinə köçərkən, xüsusən mühacirət vaxtı insanın tərk etdiyi ölkədəki adlar virtual qalır. Bu, insanın məşğuliyyətini dəyişərkən tərk etdiyi peşə üçün və mövcudolmanın digər dəyişikliklərində səciyyəvi olan onomastik leksikaya da aiddir” [546]. Yəni nomenosferanın fərdi subyektinin konkret nitq anında nitqdə istifadə olunmayan bütün adlar virtual adlardır. Virtual antroponimiyanın tədqiqatçının göstərdiyi mental xarakteri onun aktiv və passiv dil ehtiyatına mənsubluğunu düşünməyə imkan verir. Aktual nomosfera subyektiv xarakter daşıyır və buna görə də sabit deyil: “nitq zamanı və təhlil anında o fərqlənə bilər” [546].
Coğrafi adlar – toponimlər müxtəlif növlərə ayrılır: oykonimlər – müxtəlif tipli yaşayış məntəqələrinin adları (oyko- + onim), oronimlər – Yer səthinin müxtəlif formaları ilə bağlı obyektlərin (dağ, dərə, təpə, düzənlik və s.) adları (oro- + onim), urbanonimlər – şəhərdaxili topoqrafik obyektlərin adları (urbano- + onim), xoronimlər – vilayət, rayon, ölkə adları (xoro- + onim), komonimlər – kənd, qəsəbə adları (komo- + onim), polisonimlər – şəhər adları (polis- + onim), dromonimlər – yol adları (dromo- + onim), speleonimlər – mağara adları (speleo- + onim), drimonimlər – meşə massivlərinin adları (drimo- + onim), hidronimlər – su obyektlərinin adları (hidro- + onim), pelaqonimlər – dəniz adları (pelaqo- + onim), potamonimlər – çay adları (potamo- + onim), limnonimlər – göl adları (limno- + onim), helonimlər – bataqlıq adları (helo- + onim), okeanonimlər – okean adları və s. Həcminə görə toponimlər iki cür olur: makrotoponimlər – iri fiziki-coğrafi obyektlərin adları və mikrotoponimlər – kiçik təbii fiziki-coğrafi obyektlərin adları.
Mikrotoponimlər, adətən, adlandırılan obyektin xarakterini və xüsusiyyətlərini əks etdirir. Mikrotoponimlərin səciyyəvi cəhətlərindən biri onların qeyri-sabitliyi, mütəhərrikliyidir, deməli, bu adlar dəyişikliyə uğrayır. Bunun səbəbi bəzi yaşayış məntəqələrinin yox olması və başqalarının yaranmasıdır. Digər tərəfdən, bu onunla bağlıdır ki, doğma kəndlərinin mikrotoponimiyasını bilən köhnə nəsil bizi tərk edir.
Mikrotoponimiya leksikanın reprezentativ təbəqəsidir. Onu iki aspektdə nəzərdən keçirmək olar: 1) tarixi: mikrotoponimiya diyarın məskunlaşma tarixi barədə mühüm informasiyadan ibarətdir. Apelyativlərdən əmələ gəlmiş mikrotoponimlər sayəsində əhalinin məşğuliyyəti, məişət alətləri və onların keçmişdəki adları barədə məlumat almaq olar; 2) linqvistik: mikrotoponimiyada artıq istifadədən çıxmış, keçmişdə fəal olan leksik vahidlər qorunub saxlanır. Onların təhlili təkcə xalqın özünü yox, həm də dilinin tarixini dərindən başa düşməyə imkan verir. Mikrotoponimlərin tərkibindəki dialekt sözləri xalq şivələrinin dili haqqında məlumatları tamamlayır; mikrotoponimiya müasir dilin inkişafındakı bəzi tendensiyaları izləməyə imkan verir və dildəki xüsusi adların, hər şeydən əvvəl, konkret ərazi onimlərinin dərindən qavranılmasına kömək edir. Mikrotoponimləri nominasiya prinsipləri üzrə belə təsnif etmək olar: 1) kvalitativ – coğrafi obyektin özünün xüsusiyyətlərinə görə adlar; 2) lokativ – adlandırılan obyektin digər obyektlərlə əlaqəsi üzrə adlar, yanındakı predmetə görə adlar; 3) posessiv – insanla əlaqəsi üzrə adlar (obyektin əsasını qoyan və ya onun sahibi).
Onimik məkanda kvalitativ mikrotoponimlər böyük qrup təşkil edir: 1) obyektlərin ölçüsünü, formasını əks etdirən adlar; 2) adlandırılan obyektin səthinin xarakterini əks etdirən adlar; 3) obyektlərin torpaq-hidroloji xüsusiyyətlərini əks etdirən adlar; 4) adlandırılan obyektlərin yerləşməsinə görə adlar.
Lokativ adlara aşağıdakı yarımqruplar aiddir: 1) yaşayış məntəqələri üzrə adlar: a) yaxınlıqdakı mövcud kəndə görə; b) keçmişdə mövcud olan yaşayış məntəqələrinə görə; 2) hidronimik obyektlər üzrə; 3) geobotanik obyektlər üzrə.
Posessiv mikrotoponimlərə daxildir: 1) sahibkarların adları, soyadları, ləqəbləri ilə bağlı adlar; 2) yaxınlıqda yaşayan insanların adları, soyadları, ləqəbləri ilə bağlı adlar; 3) ilk sakinlərin adları, soyadları, ləqəbləri ilə bağlı adlar; 4) əhali arasında geniş yayılmış soyad üzrə adlar.
Toponimikada işlənən terminləri aşağıdakı kimi xarakterizə etmək olar:
1. Toponimikanın müəyyən sahəsinin xarakteristikası ilə bağlı terminlər: a) tədqiqat metodları baxımından, məsələn: areal toponimika, regional toponimika, sinxron toponimika; b) materialın tədqiqinin müəyyən sahəsi baxımından, məsələn: dialekt toponimikası, substrat toponimika, mikrotoponimika, yazılı abidələrin toponimikası; c) tədqiqatın məqsədi baxımından, məsələn: nəzəri toponimika, tətbiqi toponimika və s.
2. Toponimin xarakteristikası ilə bağlı terminlər: mikrotoponim, antropotoponim, mürəkkəb toponim, ikidilli toponim, toponim-indikator, toponim-oriyentir, assimilyasiyaya uğramış toponim.
3. Toponimin tərkib hissələrinin adları: topoəsas, topoformant, toponimik şəkilçi.
4. Toponimik proseslərin və onların nəticələrinin adları: toponimləşmə (apelyativlərin və ya sözdüzəldici vasitələrin), toponimin deonimləşməsi, toponimin adaptasiyası, toponimin psevdoetimologizasiyası və s.
5. Toponimistin apardığı əməliyyatların, tədqiqat metodlarının adları: a) linqvistik – toponimin mənşəyinin müəyyən edilməsi, toponimlərin fonostatik tədqiqi, toponimlərin suffiksal təsnifi; b) digər – toponimik xəritələşdirmə, toponimlərin uslubi tədqiqi, toponimlərin stratiqrafik tədqiqi və s.
6. Toponimik sistemlilik elementlərinin adları: topomodel, toponimik tip, topoizoqlos və s.
7. Toponimik qanunauyğunluqların adları: toponimikada cərgə qanunu, toponimik mühitin dil müxtəlifliyi və s. Qrammatik cəhətdən toponimik terminlər müxtəlif mövqelərdə işlənə bilər: həm sözün əsası, həm də bir komponenti kimi. Məsələn, Don, Qaraqum və s. Bu zaman bir sıra terminlərin xüsusi ada çevrilməsi baş verir: Dağlı, Dəhnə, Düzənlik, Qum adası, Qışlaq, Qobu, Binə, Tap, Çaylı və s.
Elmi ədəbiyyatda nəzərdən keçirilən sahələrdən biri də geonomastika və ya coğrafi onomastikadır. “Geonomastika” termininin definisiyası kimi onomastikanın coğrafiya ilə əlaqəli şəkildə öyrənilməsi və xüsusi adın həmin ərazidə və ya xəritədə istifadə olunması faktlarının sistemləşdirilməsi sayıla bilər [586]. Bu terminin aşağıdakı derivasiyaları var: geonomastik (sifət) – coğrafiyanın öyrənilməsinə və adların təsnifinə aid olan; geonomastikon (isim) – bir və bir neçə regionun ərazilərinin, yaxud insanlarının adlarının kolleksiyası, siyahısı və ya sorğu kitabı; geonomast, geonomatoqraf və ya hətta geonomatoloq (isim) – xüsusi adları coğrafiya kontekstində öyrənən adam. Nəzərə alsaq ki, toponimika yalnız yer adları ilə məşğuldur, güman edirik ki, geonomastikaya coğrafiya ilə bu və ya digər dərəcədə əlaqədar olan adların bütün tipləri aid edilə bilər. Bu, soyadlar atlası, xüsusi ad xəritələri, müəyyən proprial vahidlərin diaqramları, müəyyən ərazidə adların yayılma sxemləri, bir adın müxtəlif formalarının distributiv xəritəsi, yaxud etnik adların başqa ölkələrdə distribusiyası, eyni adın müxtəlif vilayətlərdə faiz nisbəti xəritələri və s. Geonomastika bilavasitə areal onomastika, kontakt onomastikası, dialektal onomastika, dialektologiya, dialektoqrafiya, kartoqrafiya, populyasiya genetikası, sosioiqtisadi coğrafiya, geodemoqrafika, etnoqrafiya, tarixi coğrafiya və antropologiya ilə əlaqədardır. Geonomastikanı tətbiqi onomastikanın və sosioiqtisadi coğrafiyanın proprial vahidlərin, yaxud onların tərkibindəki elementlərin coğrafi bölgüsünü öyrənən sahə də hesab etmək olar.
Onomastik vahidlərin xüsusi bir qrupunu təşkil edən etnonimlər tayfa, xalq, millət adlarıdır. Lakin etnonimlərin onimlərə aid edilib-edilməməsinə şübhə ilə yanaşanlar da vardır. A.V.Superanskaya hesab edir ki, etnonimlər konnotativ vahidlərdir, onların denotatı qeyri-müəyyən olur. Bəziləri etnonimləri ona görə ümumi isimlərə aid edirlər ki, onlar kiçik hərflə yazılır. Biz belə hesab edirik ki, digər xüsusi adlar kimi, etnonimlərin də böyük hərflə yazılması doğru olar, məsələn: Türk milləti, Ağqoyunlu tayfası, Rus xalqı, Qacar tayfası və s.
Onimlərin digər növləri bunlardır: zoonimlər – heyvan və quşların xüsusi adları (zoo- “heyvan” + onim “ad”), fitonimlər – bitkilərin xüsusi adları (fito- “bitki” + onim “ad”, astronimlər – ulduz, planet, komet, asteroid adları (astro- “ulduz” + onim”ad”), kosmonimlər – qalaktika, ulduzlar sisteminin (bürclər) adları (kosmo- “kosmos, aləm, göy qübbəsi” + onim “ad”), teonimlər – tanrıların adları (teo- “allah” + onim “ad”), genonimlər – nəsil adları (geno- “nəsil, ailə” + onim “ad”), mifonimlər – miflərdə, nağıl və dastanlarda olan xüsusi adlar (mifo- “mif, əfsanə, rəvayət” + onim “ad”), regionimlər – tədqiqatçının onomastik araşdırma üçün seçdiyi region adları, stratonimlər – geoloji formasiya adları, faleronimlər – orden, medal adları (falero- “mükafat üçün nişan” + onim “ad”) və s. N.V.Podolskaya və A.V.Superanskaya bədii və musiqili əsərlərdə insanların və hadisələrin baş verdiyi məkanların uydurma adları – qeyri-real onimlər üçün “fiktonim” terminini təklif etmişlər [511, s.141].
Zoonimlərlə bağlı bir məsələyə diqqət yetirək. Zoonimlər həm ümumi, həm də xüsusi olur: ümumi – qaranquş, aslan, pişik, at, tula və s., xüsusi – Bozdar, Qırat, Alabaş, Alagöz, Məstan və s. Təbii ki, sonuncular onomastikanın tədqiqat obyektini təşkil edir. Rus alimlərinin tədqiqatlarında “zoonim” termini əvəzinə “ləqəb” sözündən (“kliçka”) istifadə olunur. Zoonimika az öyrənilmiş sahə olduğundan hələlik itlərin xüsusi adları – “kinonim” və atların xüsusi adları – “hipponim” terminləri müstəqil olaraq işlənir.
Xüsusi adların əksəriyyəti apelyativlərdən yaranır. Bu proses onimləşmə və ya deapelyativləşmə adlanır. Buna bəzən “onomastik konversiya” da deyilir. Onun əksi isə deonimləşmə və ya apelyativləşmədir, yəni xüsusi adın ümumi ada keçməsi: Amper – amper, Dizel – dizel, Şampan – sampan və s. Bəzən belə sözlərə “antroponom”, “toponom” da deyilir. Bizə belə gəlir ki, bu terminlər elə “antroponim”, “toponim” terminlərinin eynidir (müqayisə et: onim/onoma – topo- + onim/onoma, antropo- + onim/onoma). Onimləşmə və deonimləşmə ilə yanaşı, onomastikada antroponimləşmə – apelyativin antroponimə keçməsi (qızılgül – Qızılgül, lalə – Lalə, xəyal – Xəyal və s.), deantroponimləşmə – antroponimin ümumi ada keçməsi (Volt – volt, Makintoş – makintoş), toponimləşmə – ümumi sözün toponimə çevrilməsi (tala – Tala, əyri+cə - Əyricə, daş+lı – Daşlı), detoponimləşmə – toponimin apelyativə keçməsi (Çarlston – çarliston, Panama – panama), etnonimləşmə – apelyativin etnonimə keçməsi (qızıl+baş+lar – Qızılbaşlar, dəmir+çi+lər – Dəmirçilər, ağ+qoyun+lu – Ağqoyunlu), urbanonimləşmə – apelyativin urbanonimə keçməsi (Mətbuat prospekti, 4-cü mikrorayon, 20-ci sahə, Gənclər meydanı) və s. Adların yaranma prosesləri ilə bağlı digər terminlər bunlardır: ad yaradıcılığı/adyaratma/onimyaratma – xüsusi adların yaradılması prosesi (əsasən, süni adlar), derivasiya aktı – onimin apelyativdən əmələ gəlməsi və onun bir kateqoriyadan digərinə keçməsi prosesi, nominasiya aktı – xüsusi adın yaradılması, obyektə ad verilməsi, nominasiya – advermə prosesi və s. Semantika ilə bağlı baş verən prosesləri ifadə edən terminlər aşağıdakılardan ibarətdir: a) metaforik onimləşmə – obyektlərin həqiqi və ya təxmini oxşarlığına əsasən adın bir obyektdən digərinə köçürülməsi nəticəsində onimin yaranması. Məsələn, bədən üzvləri adlarının coğrafi obyektlərə verilməsi həmin obyektlərin forması ilə bağlı olur. Bu zaman metafor toponimlər yaranır: Qayabaşı, Göydağın beli, Əzgillinin boğazı, Sığallı döş, Göydağın burnu; b) metonimik onimləşmə – məna assosiasiyası əsasında adın bir obyektdən digərinə köçürülməsi nəticəsində onimin yaranması (burada obyektlərin qonşuluğu, yaxınlığı əsas götürülür). Məsələn, Gölkənd – kənddən şimalda 7 nohur (gölməçə) var; Yoncalıq – həmin ərazidə vaxtilə yonca əkilib becərilmişdir; Qumludərə – dərə qumlu olduğu üçün belə adlanıb; Quzu kahası – bura qoyun-quzu salınmışdır [Bax: 69]; c) desemantikləşmə – adın əsasının ilkin mənasını itirməsi. Yuxarıda göstərilən proseslər, eyni zamanda, semantik onimləşmə adlanır.
Şəxs adları əsasında metonimiyaların əmələ gəlməsi tarixdən, bədii ədəbiyyatdan tanış olan məşhur antroponimlərin ümumi isim yerinə işlədilməsi nəticəsində baş verir. Bu üsul antonomaziya (bəzən antonomasiya) adlanır. Antonomaziya yolu ilə yaranan metonimik adlar bunlardır: aşiqlərin rəmzi – Məcnun, qadın düşkünü – Don Juan, Kazanova, igidlik rəmzi – Babək, Koroğlu, xəsislik rəmzi – Hacı Qara, qəribə adamların rəmzi – Don Kixot və s.
Bir onomastik vahidin digər onimə keçməsi “transonimləşmə” termini ilə ifadə olunur (müvafiq olaraq, transantroponimləşmə, transtoponimləşmə və s.): Qara Qarayev (bəstəkar) – “Qara Qarayev” (metro stansiyası), Həzi Aslanov (general) – “Həzi Aslanov” (metro stansiyası), Moskva (şəhər) – Moskva prospekti, Xəzər (etnonim) – Xəzər (hidronim) – Xəzər (antroponim) – Xəzər (Bakının inzibati rayonu) – Xəzər (televiziya kanalı) və s. Bunlar depropriativ adlardır.
Transonimləşmə prosesi nəticəsində onimlərin aşağıdakı qrupları meydana gəlir: antropooykonim – Abdulabad, Bayraməli qışlağı, Hüseynbəyli və s.; antropooronim – Leyli dağı, Muradtəpə; antropotoponim – Abbas dərəsi, Avtandil talası, Həsənkənd; antropohidronim – Babacan çayı, Əbilçay, Əmirarx; antropoetnonim – Xəlilli, Əhmədli, Muradxanlı; antropozoonim – Alagöz, Bənövşə, Qaragilə; topoantroponim – Araz, Xəzər, Elbrus, Qoşqar, Altay; hidrotoponim – Güllübulaq, Bulaqlar kəndi; fitotoponim – Qamışlı, Qanqallı, Buğdaşen, İydəli, Qozlu (qışlaq), Qozluca kəndi; fitooronim – Buğda (dağ); etnoantroponim – Əfqan, Ərtürk, Talışxanov; zootoponim – Maral qayası, Maraldoğan, Maralzəmi, Laçınqaya, Qoyun damı, Durnalı (qışlaq), Donuz yatağı (qışlaq); zooantroponim – Durna, Kəklik, Aslan, Ceyran və s. Zoonimlərdən, fitonimlərdən düzələn xüsusi adlara zoofor, fitofor adlar da deyilir. Məsələn, zooantroponim – zoofor antroponim, fitotoponim – fitofor toponim və s.
Transonimləşmənin bir növü irradiasiya (kənara yayılma) prosesidir. Bu, əsasən, toponimlərə aiddir. Adın əsasının yaxınlıqdakı obyektlərin adlarına keçməsi (yayılması) prosesidir: Qısır xaraba – Qərbi Azərbaycan, Paşalı (Əzizbəyov) rayonu, Qısırdağ – Qafan rayonu, İmirli – Artik rayonu, İmirzik – Qəmərli (Artaşat) rayonu, Güney – Karvansaray (İcevan) rayonu, Güneyvaz – Meğri rayonu, Güney vəng – Keşişkənd (Yeğeqnadzor) rayonu, Güneyqoruq – Axta (Razdan) rayonu, Güneyyurd – Vedi (Ararat) rayonu, Muğanlı – Qəmərli (Artaşat) rayonu, Muğancıq – Üçkilsə (Eçmiədzin) rayonu və s. [Bax: 41]. Antroponimlərin digər canlılara, əşya və hadisələrə və s. verilməsi prosesinə antropomorfizasiya, bu prosesdə yaranan onimlərə isə antropomorf adlar deyilir (“Lalə” şadlıq evi). Eponim hər hansı bir onimin yaranmasına xidmət edən şəxs adıdır (məşhur şəxsiyyətin adı): Nizami (dahi şair) – Nizami rayonu, Xətai (dövlət xadimi) – Xətai prospekti, Füzuli (dahi şair) – Füzuli meydanı, Dədə Qorqud – “Dədə Qorqud” parkı və s.
Onimlərin strukturunda baş verən prosesləri aşağıdakı terminlərlə ifadə etmək olar: dekompozisiya – tərkib hissələrinə ayrılma (parçalanma), kontaminasiya – ayrı-ayrı onimlərin komponentlərinin qarşılaşdırılmasından yeni adın yaranması, kontraksiya – səslərin birləşdirilməsi, yukstapozit ad – iki və daha artıq adın birləşməsi nəticəsində yaranan mürəkkəb ad, affiksləşmə – apelyativ leksem və ya əsasdan morfemlər vasitəsilə onim yaradılması prosesi, plüralizasiya – cəm şəklində olan onimlərin yaranma prosesi, qısaltma – səslərin və ya morfemlərin düşməsi ilə onimin formasının dəyişilməsi prosesi, abreviasiya – bir neçə sözün elementlərinin birləşdirilməsi ilə onim yaradılması prosesi, kompozit – tərkibində ikidən çox kök morfemin olduğu mürəkkəb xüsusi ad, addüzəltmə (qrammatikada: sözdüzəltmə) – bir onimin digər eyniköklü onimdən yaranması, deminuasiya – xüsusi şəkilçilərin vasitəsilə adın kiçiltmə-əzizləmə formasının yaradılması, hibridləşmə – iki və daha artıq dilin leksik və ya morfoloji elementlərindən ibarət onimin yaradılması və s. Bunlar qrammatik onimləşmə prosesləridir. Onomastik vahidlərin tərkib hissələrini adlandırmaq üçün bu terminlərdən istifadə olunur: antropoleksem, antropoəsas, antropoformant, hidroleksem, hidroəsas, hidroformant, hipokoristik formant, adın komponenti (elementi), onimik leksem, onimik formant, onimik əsas (adın əsası), topoleksem, topoəsas, topoformant, adın finalı, adlarda fleksiya və s. Etimologiya ilə bağlı prosesləri bildirən terminlər: etimologizasiya – onimin mənşəyinin müəyyənləşdirilməsi prosesi, deetimologizasiya – adın əsasının apelyativlə əlaqəsinin itməsi. Xüsusi adlar lüğətlərinin ayrı-ayrı növlərini adlandırmaq üçün istifadə olunan terminlər -kon formantı ilə düzəlir: onomastikon – onimlər lüğəti (və ya siyahısı), antroponimikon – antroponimlər lüğəti və s. Onomastika ilə məşğul olan mütəxəssislər onomatoloq və ya onomast adlanır. Bundan fərqli olaraq, antroponimika, toponimika ilə məşğul olanlar antroponimist və toponimist adlanır. “Nominator” (adverən, adlandıran) termini isə xüsusi adı verən şəxsi, şəxslər qrupunu bildirir.
Elmi ədəbiyyatda tez-tez onomastikanın şöbələrini və onimlər toplusunu ifadə edən terminlərin qarışıq salınmasının şahidi oluruq. Birincilər -ka, ikincilər -iya formantı ilə düzəlir. Məsələn, oronimika – oronimiya, kosmonimika – kosmonimiya, etnonimika – etnonimiya, urbanonimika – urbanonimiya, fitonimika – fitonimiya, urbanonimika – urbanonimiya və s. L.P.Kalakutskaya bu fərqləndirmənin əleyhinə çıxaraq göstərir ki, bu, gərəksiz dolaşıqlığa, çətinliyə səbəb olur. Ona görə də müəllif yalnız “antroponimiya” və “toponimiya” terminlərini işlətməyin tərəfdarıdır. Qeyd edək ki, A.K.Matveyev də eynilə bu fikirdədir. Bundan əlavə, A.K.Matveyev onomastikanı xüsusi adların cəmi kimi, onomatologiyanı xüsusi adlar haqqında elm kimi fərqləndirməyi təklif etmişdi [475, s.12; 431, s.77]. Bu fikirlə razılaşmaq, bizcə, doğru olmaz. Əksinə, bir ümumi termin işlətməklə onun onomastika şöbəsini, yaxud onim toplusunu ifadə etdiyini aydınlaşdıra bilmərik.
Elmi ədəbiyyatda “ktematonimika” termini, ktematonimlərin növləri barədə müxtəlif fikirlər mövcuddur. A.M.Qurbanov maddi mədəniyyət abidələrinin, elm və texnika ilə, mənəvi mədəniyyətlə bağlı əsərlərin, xüsusi əşyaların adlarını, idarə və təşkilat adlarını, uşaq bağçası, mətbuat, nəşriyyat, qatar, gəmi, mağaza adlarını və s. ktematonimlərə aid edir və onların dörd növünü göstərir: xrematonimlər (maddi mədəniyyət əşyalarının adları, predmet, cihaz və s. adları), xrononimlər (tarixi gün, bayram və s. adları), ideonimlər (əsər, nəşriyyat, mətbuat və s. adları), erqonimlər (idarə, müəssisə, təşkilat, obyekt və s. adları) [210, c.2, s.335]. A.V.Superanskaya silah, qab-qacaq, daş-qaş, musiqi alətlərini xrematonim hesab edir. O, “ktematonimika” terminindən istifadə etmir [555, s.190]. N.V.Podolskaya ktematonimlərlə xrematonimləri eyniləşdirir, xrematonimlərin praqmatonimlərin növü olduğunu göstərir. “Praqmatonim” (praqmo- “iş”, “predmet, əşya” + onim “ad”) termini altında insan fəaliyyətinin praqmatik sahəsində denotatları olan xüsusi adlar kateqoriyaları birləşdirilir, o cümlədən xrematonim, urbanonim, oykonim, oykodomonim, poreyonim, dromonim, aqroonim [509, s.110]. Ancaq xrematonim, poreyonim istisna olmaqla digər onimlər toponimlərə daha uyğundur. Buradan belə məlum olur ki, müəllif ktematonimləri müstəqil şöbə kimi götürmür. O, ideonimləri praqmatonimlərə qarşı qoyur. Onun fikrincə, ideonimlər insan fəaliyyətinin mənəvi dəyərlər yaradılan sahələrindəki obyektlərin xüsusi adlarıdır (ideo- “ideya” + onim “ad”). İdeonimlərin növləri: artionimlər (lat. ars, artis “incəsənət”) – təsviri incəsənət əsərlərinin adları, biblionimlər (yun. biblio “kitab”) – istənilən yazılı bədii, dini, elmi, siyasi və s. əsərlərin adları, hemeronimlər (yun. qmera “gün”) – dövri mətbuat orqanlarının adları, geortonimlər (yun. georto “bayram”) – bayram, təntənə, festival adları, dokumentonimlər (sənədlərin adları), poetonimlər (yun. “yaradıcılıq sənəti”) – bədii ədəbiyyatdakı adlar, xrononimlər (yun. xrono “zaman, vaxt, dövr”) – tarixi əhəmiyyətli zaman adları.
Qeyd edək ki, müasir tədqiqatlarda artıq “ktematonimika” termini artıq, demək olar ki, işlənmir. Onun tərkibinə daxil olan şöbələr artıq müstəqil sahələr kimi öyrənildiyindən həmin termin aktuallığını və işləkliyini itirmişdir.
Xrematonimlərə (yun. xremato- “əşya, predmet”, “maddi nemətlər, əmlak” + onim “ad”), adətən, silah, musiqi alətləri, zərgərlik məmulatı, qiymətli daşlar, orden və medal, şirniyyat, sabun, parça, mebel, məişət əşyaları və texnika, mineral su, ərzaq məhsulları, nəqliyyat vasitələri, bina, tikili, müxtəlif əşyaların xüsusi adlarını aid edirlər. Bunların da tərkibində diferensiasiya özünü göstərir. Nəqliyyat vasitələrinin, bina və tikililərin, orden və medalların adları ayrıca terminlə ifadə olunur: poreyonim (yun. poreyo- “nəqliyyat vasitələri” + onim “ad”), faleronim, oykodomonim (yun. oykodomo- “bina, tikili” + onim “ad”). “Praqmatonimlər” termini ilə musiqi alətləri, şirniyyat, sabun, parça, mebel, geyim, məişət əşyaları və texnika, mineral su, ərzaq məhsullarının adları işarə olunur. İdeonimlər: artionimlər, biblionimlər, hemeronimlər, dokumentonimlər, filmlərin, teatr tamaşalarının, rəqslərin, musiqi əsərlərinin xüsusi adları, poetonimlər. Poetonimlər, başqa sözlə, poetik adlar sənətkarların müxtəlif əsərlərdə yaratdıqları real və qeyri-real adlardır. Buraya təkcə antroponimlər deyil, həm də toponimlər, zoonimlər və s.daxildir. Xrononimlər: tarixi əhəmiyyətli zaman kəsiyinin xüsusi adları, eləcə də geortonimlər, yəni bayram, əlamətdar gün, şənlik, festival, təntənə adları. Geortonimlər də müəyyən tarixlərə təsadüf etdiyi üçün, zamanla əlaqədar olduğu üçün xrononimlərə aid edilir. Geortonimlər dilin onomastik məkanının periferik leksik-semantik sahəsidir. Onların səciyyəvi cəhəti təkrar nominasiyadır, bir çox cəhətdən dilxarici faktorlarla müəyyənləşib. Geortonimik leksikanı üç leksik-semantik qrupa ayırırlar: dini, aqrar, ənənəvi. Geortonimlər müxtəlif funksiyalar yerinə yetirir: dil – nominativ-diferensial, identifikasiya, deyktik; nitq – nitq vasitələrinin qənaəti, praqmatik, akkumulyativ. Siqnifikativ sahədə geortonimlərin funksiyaları informativ və koqnitiv (ensiklopedik) funksiyalardır. Konnotasiya sferasında geortonimlərin üslubi, emosional-qiymətləndirmə, mədəni-tarixi funksiyaları var. Nitqdə və ya bədii mətndə onlara ümumi mətnyaradıcı və estetik (xarakteroloji) funksiyalar əlavə olunur. Bu funksiyalar bədii mətnin strukturunda və semantikasında geortonimlərin fərdi-müəllif istifadəsinin rolunu müəyyən etməyə imkan verir.
Erqonimlər (yun. erqo- “əmək”, “fəaliyyət” + onim “ad”): birlik, ittifaq, təşkilat, idarə, müəssisə, şirkət, cəmiyyət, təsisat, dərnək, uşaq bağçası, düşərgə, sanatoriya, istirahət evləri, kənd təsərrüfatı obyektləri, mağaza, stansiya, idman obyektləri, klub, mədəniyyət evi, mehmanxana, əyləncə mərkəzi, restoran, kafe, ordu hissələri, zavod, fabrik, kinoteatr, teatr, muzey, nəşriyyat. Mağaza adı “emporonim” termini ilə ifadə olunur. Bu termini T.V.Şmelyova irəli sürüb [584, s.187-193]. Düşünürük ki, “emporonim” termini ilə təkcə mağaza adları yox, bütün ticarət müəssisələri və obyektlərinin adları göstərilməlidir. Emporonimlərin daxilində firmonimləri (şirkət, firma, korporasiya, kompaniya, holdinq adları), trapezonimləri (restoran, kafe, yeməkxana adları) fərqləndirmək olar. Emporonim potensial müştərilərə təsir göstərmək məqsədilə süni olaraq yaradılır. Hər bir xüsusi adın informativliyi onimin tipindən və sosiumda yerinə yetirdiyi funksiyadan asılıdır. Emporonimin informativliyi bu növ onimlərin funksiyası ilə bilavasitə əlaqəni nəzərdə tutur, yəni adın əsasında duran apelyativ təklif edilən məhsul barədə məlumat verməlidir. Emporonimin qavranılması zamanı alıcıda adla təklif olunan məhsul arasında qısa assosiativ əlaqə meydana çıxmalıdır. Onun əsas funksiyaları nominativ, informativ və reklam funksiyalarıdır. İnformativ funksiya özünü onda göstərir ki, adın motivasiyası stimullaşdırıcı, müəyyən məhsulu alan məqsədli auditoriya üçün anlaşıqlı olmalıdır. Rəqabətli bazarda mövqe tutmaq üçün emporonim reklam funksiyası da yerinə yetirməlidir, bu zaman ad ticarət müəssisəsinin özünəməxsus reklam aləti olur. Bu funksiyanın həyata keçirilməsi üçün müxtəlif vasitələrdən istifadə olunur: a) struktur-sözdüzəltmə – ikinci komponent kimi lüks, plüs, master elementlərindən istifadə etməklə mürəkkəb sözün yaradılması; b) başqa dillərdən alınmalar; c) pozitiv qavramaya kömək edən, maraq oyadan üslubi çalarlı leksika; ç)qrafik vasitələr.
İstehlakçı üçün emporonimin informativliyi propitet təşkil etməlidir. Reklam funksiyasının önə çıxması onimin strukturunu pozur. Reklamın informasiyaya üstün gəlməsi, fikrimizcə, onomastik məkanın ahəngdarlığına, şəhərin dil simasına xələl gətirər. Bəzi tədqiqatçılar əlavə olaraq memorial, estetik, rasional, simvolik və mülkiyyəti mühafizə funksiyalarını göstərirlər. Bizə belə gəlir ki, bu funksiyalar ikinci dərəcəlidir və onlar ticarət müəssisəsinin müsbət imicinin yaradılması və onun məhsulunun irəliləməsi üçün informativ funksiya ilə əlaqəli olmalıdır.
Adın əsasında duran apelyativə və satış obyektinin qavranılmasına kömək edən obraza, assosiasiyaya münasibətdə emporonimlərin 4 növü göstərilir. “Sıfır” emporonim – informativlik və assosiasiyalar yoxdur (“Diamond” rest.). “Rəmzi” emporonim – informativlik yoxdur, yaranan assosiasiyalar onimi açıqlamır. Belə adları hər sahibkar istənilən növ məhsulun satışı üçün istifadə edə bilər (“Arzumun butiki” mağ.). “Vasitəli” emporonim – texnikanın, elektronikanın bu və ya digər sahəsi barədə məlumatı olan, alınma terminologiyanı və s. bilən istehlakçı üçün nəzərdə tutulub, burada onimin informativliyi istehlakçının erudisiyası, mədəni mühiti, şəhərin dil məkanı ilə birbaşa əlaqədardır (“İnteqral” şirkəti). “Assosiativ” emporonim – burada informativlik istehlakçının assosiasiyaları ilə bağlıdır (“Bol kabab” rest.).
Anemonimləri – təbii fəlakət adları da onomastikanın periferiyasına aid olan, geniş araşdırılmayan sahələrdəndir.
Mübahisəli məsələlərdən biri də ticarət/əmtəə nişanlarının onimlərə aid edilib-edilməməsidir. Çox vaxt ticarət nişanlarını nomenklatur sözlər hesab edirlər. Lakin nomenklatur sözlər müəyyən bir elm, istehsalat, sənaye və s. sahələrdə işlənən konkret adlar məcmusudur, heç bir anlayışla əlaqədar deyil. A.V.Superanskaya hesab edir ki, ticarət nişanlarının əmtəənin (məhsulun) predmet (əşyavi) əlamətləri ilə sıx bağlılığı onların xüsusi adlara aid edilməsinə imkan vermir. Xüsusi adların ümumi sözlərə keçməsi yollarından biri maddi əlaməti bildirməyə başlamasıdır. Ayrı-ayrı predmetlərə fərdi adlar verilirsə, bu artıq xrematonimdir. Ticarət/əmtəə nişanları seriyalarla istehsal olunan (müəyyən standart üzrə) məhsulların işarəsi və eyniləşdirilməsi üçün milli və ya beynəlmiləl dil materialından xüsusi olaraq düzəldilmiş süni sözlərdir. Onlar insan əməyi ilə yaradılmış əşyaları adlandırmır, yalnız bildirir. Əmtəə nişanlarının səciyyəvi yazılışı və tələffüzü var. Onlar həm ümumi, həm də xüsusi isimlərdən yaranır. Bu sözlər də onimlər kimi fərdiləşdirir. Onlar xrematonimlərə bənzəyir. Lakin xrematonimlər öz növündə yeganə olan predmetlərə, əmtəə nişanları isə tez-tez dəyişilən məhsul seriyalarına verilir [Bax: 555; 558; 547]. A.V.Superanskaya qeyd edir ki, sort və firma adları (“firma” sözünü “şirkət” sözü ilə qarışdırmamalı – R.H.) ümumi sözlərlə onimlər arasında keçid vəziyyətindədir, məsələn: “Antonovka” alması, “Sufle” konfeti və s. [555, s.194-195]. Bizə belə gəlir ki, bunlar da elə ticarət nişanları ilə üst-üstə düşür. Alim özü də qeyd edir ki, firma adları ilə ticarət nişanları analoji sözlərdir. Ticarət nişanları ilə bağlı əks fikirlər də var. L.M.Şetininin fikrincə, ticarət nişanları müasir oniməbənzər nitq törəmələrinin ən məhsuldar növüdür. Onomastika onları qeydə almalı və onların formalaşmasına elmi cəhətdən əsaslandırılmış təsir göstərməlidir. Əmtəə nişanlarını xüsusi ad hesab edən P.T.Porotnikov da göstərir ki, onlar eyni və ya eynitipli çoxluqların fərdiləşdirilməsidir. N.N.Volkova yazır ki, əmtəə nişanları bir sinfə daxil olan obyektlərin ciddi müəyyən edilmiş seriyasını adlandırır və bu seriya həmin sinfin digər obyektlərindən aşkar şəkildə seçilir. N.V.Podolskaya qeyd edir ki, ticarət nişanları məhsulun markasının sözlə ifadəsi olub, həmin seriyadakı hər nüsxəyə və bütövlükdə seriyanın hamısına eyni dərəcədə aiddir. Məsələn, avtomobillər “Lada”, “Jiquli”, “Mersedes”, şərablar “Rislinq”, “Mukuzani”, “Lidiya”, parçalar “Maşenka”, “Riqa”, “Slavyanka” və s. Ticarət nişanları müəyyən sinfə aid predmetlərin eynitipli çoxluğunun, predmetlər qrupunun xüsusi adlarıdır [562, s.29; 509, s.127]. Bu fikirlə də razılaşmaq olar ki, ticarət/əmtəə nişanları ayrıca predmeti deyil, müəyyən predmetlər seriyası üzərində sahiblik (mülkiyyət) hüququnu fərdiləşdirir. Məhz buna görə də onları xüsusi ad kimi qəbul etmək olar. Onlar süni xüsusi adlar sayılır. Ticarət nişanlarının yazılış forması hüquqi cəhətdən qorunur. Bir cəhətə diqqəti yönəltmək istərdik. Ticarət nişanlarını, eləcə də N.V.Podolskayanın göstərdiyi nümunələri nəzərdən keçirdikdə görürük ki, onlar xrematonimlərin müəyyən hissəsi ilə eynilik təşkil edir. Fikrimizcə, ticarət/əmtəə nişanlarını xrematonimlərin bir növü hesab etmək mümkündür.
Hər hansı bir müstəqil elm sahəsi yaranarkən həmin sahənin adı üçün lazımi terminin axtarışı bəzən çətin olur və uzun müddət davam edir. Belə hallarda tədqiqatçılar müxtəlif terminoloji variantlardan istifadə edir. Bu, poetik onomastikada da baş verir. K.B.Zaytseva linqvostilistikanın bədii ədəbiyyatdakı xüsusi adları öyrənən şöbəsini “üslubi onomastika”, onun şöbələrini isə müvafiq olaraq “üslubi antroponimiya”, “üslubi toponimiya” və s. adlandırmağı təklif etmişdir [419, s.30]. M.V.Karpenko “bədii antroponimika” terminindən istifadə etmişdir [437, s.13, s.14]. Bu termin L.M.Şetininin əsərlərində də rast gəlinir [588, s.119].
E.B.Maqazanik və L.İ.Royzenzonun fikrincə, “bədii mətnlərdə xüsusi adların təhlili zamanı “onomopoetika” və “onomostilistika” terminlərini fərqləndirmək lazımdır. Bu terminlərdən birincisi bədii məndə xüsusi adların ədəbiyyatşünaslıq xarakteristikasına daha uyğundur. İkinci termin isə sırf linqvistik aspektə meyil edir” [466, s.7-10]. Sonrakı əsərlərində E.B.Maqazanik “poetik onomastika” terminindən istifadə etmişdir.
«Теория и методика ономастических исследований» adlı kollektiv monoqrafiyada hər hansı bir dəqiqləşdirmə olmadan sinonim kimi “bədii onomastika”, “poetik onomastika”, “bədii mətnin onomastikası” terminləri işlənir [562, s.10, s.217, s.220].
“Bədii onomastika” termininin janr üzrə təsnif nəzərə alınaraq istifadə halları da olmuşdur: a) poeziyanın onomastikası və ya poetik onomastika – lirika, poemalar, balladalar; b) bədii nəsrin onomastikası və ya bədii onomastika – hekayə, povest, roman; c) dramaturgiyanın onomastikası və ya dramaturji onomastika – komediyalar, dramlar, faciələr” [488, s.112 –113].
N.V.Podolskayanın «Словарь русской ономастической терминологии» adlı lüğətinin birinci nəşrində “poetik onomastika” termini ayrıca lüğət məqaləsi kimi yoxdur, ancaq “onomastika” lüğət məqaləsində qeyd olunur ki, o, “ədəbi onomastika”, yəni “ədəbi dilin onomastikası” termininin tərkibinə daxildir [509, s.97]. Lakin elə həmin lüğətdə ayrıca lüğət məqalələrində “poetik antroponimika” və “poetik toponimika” terminləri verilir və müvafiq olaraq belə izah edilir: “antroponimikanın poetik antroponimləri, onların bədii şəkildə işlənməsini öyrənən şöbəsi” və “toponimikanın bədii əsərlərdəki toponimlərin yaradılmasını və işlənməsini öyrənən şöbəsi”. “Poetik antroponimika” termini ilə bağlı qeyddə göstərilir ki, ona “bədii antroponimika” və “üslubi antroponimika” sinonim terminləri uyğundur. Lüğətin ikinci nəşrində isə “poetik onomastika” termini ayrıca lüğət məqaləsində “onomastikanın bədii əsərlərdəki istənilən xüsusi adları (poetonimləri): onların əmələgəlmə prinsiplərini, üslubunu, mətndə işlənməsini, oxucu tərəfindən qavranılmasını, müəllifin dünyagörüşünü və estetik dəyərlərini öyrənən şöbəsi” kimi müəyyənləşdirilir [509, s.96]. “Poetik onomastika” termininin belə təyini daha işləkdir.
Lakin bu terminin istifadə olunmasına qarşı çıxanlar da vardır. O.N.Fonyakovanın fikrincə, “belə termin yalnız poetik nitq üçün tətbiq oluna bilər, bu isə onun mənasının daralmasına gətirib çıxarar” [604]. Q.A.Silayeva hesab edir ki, “poetik” təyini müsbət məna daşıyır, termin isə, məlum olduğu kimi, ekspressiyaya malik olmamalıdır [541, s.153-156].
M.V.Kalinkin bədii mətnlərdəki xüsusi adların spesifikasını öyrənən sahənin adı üçün “onimin poetikası” terminini təklif etmişdir [433, s.73]. Onun fikrincə, tədqiqatın obyekti də həmin terminlə işarə oluna bilər.
“Poetika” terminindən əmələ gəlmiş “poetik” təyini “onomastika” termini ilə birlikdə nəinki tədqiqat obyektini konkret bildirməyə, həm də poetik onomastikanın metodlarını, məqsəd və vəzifələrini müəyyən etməyə imkan verir.
Əhalinin yaşayış yerlərinin adı ilə ifadə edilməsi üçün “katoykonim” terminindən istifadə olunur. A.V.Superanskaya hesab edir ki, daşıdıqları konnotasiyaya görə katoykonimləri xüsusi adlara aid etmək doğru deyildir. Onlar xüsusi ad olmasalar da, tarixən onimlərlə sıx bağlıdır [555, s.209-210]. Katoykonimlər toponimik törəmədir. Burada bir cəhəti xatırlatmaq yerinə düşər. Terminoloji sözyaradıcılığı zamanı həm müəyyən termin yaranır, həm də terminlərdən törəmələr əmələ gəlir. Dilimizdə katoykonimlər daha çox morfoloji üsulla, xüsusən -lı4 şəkilçisinin köməyi ilə düzəlir: Şuşa – şuşalı, Şəki – şəkili və s. Bunlar, adətən, kiçik hərflə yazılır, tək və cəmdə işlənir. D.B.Luqovoy bu termini belə izah edir: oykonimdən əmələ gələn əhali adı [465]. Bu izah terminin yazılışında da öz əksini tapıb – katoykonim. Lakin nədənsə müəllif termini kotaykonim şəklində təqdim edir. Bəzi mənbələrdə eyni mənada işlənən “etnikon” termininə də rast gəlirik. “Etnikon” – yerli sakinlərin toponimlərdən düzələn adları kimi izah edilir [614]. N.V.Podolskayanın lüğətində terminin şərhi bu cürdür: yerin, ərazinin və orada yaşayan xalqın (etnosun) bir adla adlandırılması. Lakin müəllif belə bir qeyd də verir ki, bu, terminə qədim tədqiqatçılar və qədim dövrü tədqiq edən müasir tarixçilərin baxışıdır [509, s.153]. Düşünürük ki, “katoykonim” termini daha geniş yayılıb, çox istifadə olunur, bu mənada onun işlənməsi daha məqsədəuyğundur.
Din ictimai şüur formalarından biridir, fövqəltəbii qüvvələrə və varlıqlara inama əsaslanan mənəvi görüşlərin məcmusudur. Müxtəlif dövrlərdə dinlərin bir-birini əvəz etməsi dilin leksik tərkibində öz əksini tapmaya bilməzdi. Son onilliklərdə cəmiyyətin dinə münasibətinin dəyişilməsi leksikanın xüsusi adlardan ibarət geniş təbəqəsinin dirçəlməsinə gətirib çıxardı ki, həmin xüsusi adlar da teonimlərdir. Teonimlər, adətən, “tanrı adları” kimi təqdim edilir. Teonimiya teonimlərin məcmusudur. Teonimlər predmet-anlayış mənasına malik adlardır və dil faktı kimi mövcuddur. Teonimik leksemlər digər dil vahidləri kimi leksik mənaya malikdir. Tədqiqatçılar arasında teonimikanın onomastikanın söbəsi olmasına etiraz edənlər də var. Onların fikrincə, teonimika onomastik sahə deyil, leksik məkanın özünəməxsus bölməsidir. Onun öz xüsusi tədqiqat predmeti var, o təkcə tematik əlamətlərə görə deyil (teonimlər xüsusi tematik qrup kimi), həm də bu bölməni bütövlükdə leksikadan fərqləndirən, habelə onomastikaya münasibətdə onun mövqeyini müəyyənləşdirən struktur-semantik əlamətlərə görə təyin edilir. Teonimiya ilə mifonimiyanın münasibəti məsələsi də mübahisəlidir. Bunların arasındakı sərhəd daha çox poetik mətnlərdə silinir. Yuxarıda göstərilən bəzi fikirlərlə razılaşmaq olar. Əlbəttə, onomastikanın hər bir sahəsi həm onun, həm də bütövlükdə leksik məkanın bir parçasıdır. Hər sahənin də öz xüsusi tədqiqat predmeti var. Bu cəhətlər o sahələri onomastikanın hüdudlarından kənara çıxarmağa əsas vermir. Bir qayda olaraq, xüsusi adlar, əsasən, nominativ funksiyaya və onların adlandırılan əşya, yaxud əşyalar qrupu ilə əlaqəsinə görə məhdudlaşan mənaya malikdir. Bəzən Allah, Apollon, Venera və b. teonimlər yazılı və şifahi nitqdə işlənərkən müəyyən xüsusiyyətlər meydana çıxır ki, adlar nominativ funksiya ilə əhatə olunan məkanın sərhədlərindən kənara çıxa bilir. Qeyd etmək lazımdır ki, teonimikanın inkişaf tarixində teonimlərin mənası müxtəlif cür nəzərdən keçirilib. Məsələn, O.A.Çerepanova yazırdı ki, teonimlər üçün ən uyğun termin “sıfır denotatlı adlar”dır [579, s.54]. Denotatın yoxluğu fikri bizi o qədər də razı salmır. Denotat təkcə konkret, maddi predmet deyil, ümumiyyətlə, dilxarici gerçəkliyin sözlə adlanan istənilən obyektidir. Denotat (lat. denotatus – “işarə edilmiş”) referentdir: obyektin adının predmet təyinidir (məs.: Azərbaycanın paytaxtı – Bakı şəhəri); mənanın izahı adın (işarənin) predmet mənasıdır; dilxarici gerçəkliyin obyektidir. Bütün teonimlər denotativ mənaya malikdir, bu məna leksik vahidlə işarə edilən obyektin – bu halda predmet və ya varlığın – əlaqəsini xarakterizə edir. Kontekstdə teonimin müxtəlif mənaları aktuallaşa bilər – əsas, ilkin mənalardan xüsusi, kontekstual mənalara qədər: 1) Antik mifologiyada və bəzi Şərq dinlərində “ilahə” – qadın tanrı (bu kontekstdə ilkin, əsas məna aktuallaşır); 2) “Gəl, mənim ilahəm” (burada təkrar məna aktuallaşır, yəni sevilən qadın).
Onomastikada öyrənilən sahələrdən biri də mifonimikadır. “Mifonimika (yunanca mythos – mif, deyim, onoma – ad) onomastikanın bir bölməsi olub, din, mif, folklorla bağlı olan xüsusi adları öyrənir. Başqa sözlə desək, mifonimika dilin mifoloji leksikasını təşkil edən xüsusi isimləri – mifonimləri öyrənən onomastika sahəsidir. Belə ki, mif linqvistik dərketmədə məhz mifonimlər vasitəsilə reallaşır. Mifoloji xüsusi isimlər (mifonimlər) dedikdə, onomastik leksikanın istənilən sferasına aid mif və nağıllarda işlənən uydurma obyektlərin xüsusi adları, o cümlədən mifoantroponim, mifotoponim, mifozoonim, mifofitonim, teonim və s. nəzərdə tutulur” [189, s.210]. Mifonimlər insanın mifik düşüncəsinin məhsuludur. Mifonimlər əsas nominasiya və diferensiasiya funksiyalarına görə antroponimlərə yaxınlaşır, lakin bu xüsusi adların denotatları müxtəlifdir, onlar uydurma və real aləmdə “yaşayır”.
Çox qədimlərdən bizə gəlib çatan mifik personaj adları müəyyən təsəvvürlər toplusu ilə səciyyələnir, məsələn: Afrodita (romalılarda – Venera) – məhəbbət və gözəllik ilahəsi, həm də məhsuldarlıq və bahar ilahəsidir, eyni zamanda, nikah və doğumun hamisidir. Bu ilahənin müxtəlif adları var: Anadiomena, Kiprida, Kifera, Pafos çariçası və s. Mifonim bu və ya digər hadisənin həm simvolu, həm də poetik ifadəçisi olur. Mifonim həm hadisələrin, həm də simvolun semantikasının transformasiya vasitəsidir.
Agionimlərin – müqəddəslərin adlarının öz sistemi var. Onlar deminutivləşməyə uğramır (kiçiltmə formalar əmələ gətirmir) və öz formasını dəyişmir.
Onomastikanın əsas anlayışlarını ifadə edən bu terminlərdən əlavə, müxtəlif tədqiqatçılar tərəfindən işlənən terminlər də mövcuddur: okkazionim – okkazional onim, protonim – prototip adı, hipotezionim – hipotetik obyekt adı, paleoxoronim – istifadədən çıxmış xoronim, qədim xoronim, neonim – ad-neologizm, neoxoronim – coğrafi obyektin yeni adı, paleonim – qədim ad, realionim – real mövcud olan obyekt adı, politikonim – siyasi vəziyyətlə əlaqədar dəyişilmiş ad (məs., Yelizavetpol – Kirovabad – Gəncə), apotikonim – ticarət obyektinin adı, bionim – canlı obyekt adı, abionim – cansız obyekt adı, qlyasionim – buzlaq adı, linqvonim – dil adı, litonim – sahilboyu obyekt adı, vulkanonim – vulkan adı, hiperonim – müxtəlif terminsistemlərdə ayrı-ayrı terminlərlə ifadə olunan vahid anlayış (məs., “coğrafi obyekt adı” anlayışı rus onomastikasında “toponim” termini ilə, Kanada onomastikasında “xoronim” termini ilə ifadə olunur), ekklezionim – dini ayin icra olunan yer, terminsistem – terminlər sistemi, onomoleksika – onomastik leksika, onomovahid – onomastik vahid, venusonim – Veneradakı obyekt adı, selenonim – Aydakı obyekt adı, habelə marsionim, merkurionim, antroponimik onomastika, poetonimosfera, onimosentrik sintaqmatika, koqnitiv toponimika, KİVonim, reklam urbanonimi və s.
Hal-hazırda yeni terminlərin yaranma tempinin yüksəlməsi, onların böyük dinamikliyi müşahidə olunur. “Sosionim”, “kulturonim”, “konfessionim” və s. belə terminlərə misal ola bilər.
“Sosionim” (lat. socius – “ictimai” + yun. onyma – “ad”) və ya “sosiononim”–ictimai təyinedici, kollektiv ad, insanların qrup identifikasiyası üçün istifadə etdikləri sosial qrup adıdır [549]. Bu termin A.S.Kustaryov tərəfindən təklif olunub. O göstərir ki, sosionimlər müsbət mənada özünü identifikasiya məqsədilə siyasi mübarizədə damğa, siyasi manipulyasiya və ya marketinq obyektlərinin məzmun-tipoloji işarəsi kimi istifadə olunur [460]. Etnik və dil xüsusiyyətlərini nəzərə almadan birləşmiş insanların peşəkar hərbi birliyinin adlandırılması üçün də “sosiononim” terminindən istifadə olunur [549].
“Konfessionim” (lat. confessio – “etiqad etmə”+yun. onyma- “ad”) – müəyyən dini təlim tərəfdarı olan insan birliyinin kollektiv adıdır. Bir çox müasir etnosun mənşəyi konfessional birliklərlə bağlıdır. “Müəyyən situasiyalarda bəzi konfessionimlər sosionimlərə, politonimlərə və etnonimlərə keçə bilər” [448].
“Kulturonim” (lat. cultura – “tərbiyə”, “təhsil”, “inkişaf”, “hörmət”, “pərəstiş”+yun. onyma – “ad”) – müxtəlif mədəniyyət elementlərini adlandıran dil vahididir, hər hansı bir mədəniyyətdə spesifik predmeti və ya hadisəni ifadə edən sözdür. “Kulturonim” termini müasir linqvistik və ədəbiyyatşünaslıq tədqiqatlarında geniş istifadə olunur. Bu termin V.V.Kabakçi tərəfindən təklif edilmişdir. V.V.Kabakçi kulturonimləri üç qrupa ayırır:
İdionimlər – müəyyən dildə daxili mədəniyyət üçün spesifik olan dil elementləri (tərcümə olunmayan leksika).
Ksenonimlər – xarici (yaddilli) mədəniyyət elementlərinin adları kimi istifadə olunan dil vahidləri.
Polionimlər – universal kulturonimlər. Dünya xalqlarının bütün və ya qismən mövcud mədəniyyətlərində təqdim olunur [458].
“Göründüyü kimi, onomastik terminologiyanın inkişafında və ayrı-ayrı terminlərin işlənməsində ekstralinqvistik sosial faktorlar həlledici rol oynayır. Onomastik terminologiyanın və terminlərin ictimai hadisə kimi tədqiqi müasir dilçilikdə əsas yer tutur. Elmin intensiv inkişaf etdiyi şəraitdə onomastik terminologiyada baş verən proseslərin nəzəri cəhətdən dərk edilməsi ümumi və xüsusi terminşünaslığın bir sıra nəzəri və praktik məsələlərinin həllini zəruri edir” [152, s.177].
Beləliklə, bəhs etdiyimiz terminlərin əksəriyyəti dilimizdə fəal surətdə işlənir və demək olar ki, hamıya tanışdır. Göründüyü kimi, bunlar, əsasən, beynəlmiləl terminlərdir. Elmi ədəbiyyatda belə bir fikir var ki, terminlərin bir qisminin Azərbaycan dili üçün uyğunsuzluğu, ağırlığı nəzərə alınıb daxili imkanlar hesabına dəyişdirilməsi zəruridir, milli dil əsaslı terminlər yaradılmalı, Azərbaycandilli çoxsözlü terminlərdə dəqiqlik varsa, onlardan istifadə edilməlidir. A.M.Babayevin bu fikri ilə razıyıq ki, terminologiya işində milliliklə beynəlmiləllik müvazi olmalıdır. Əgər terminologiyada daha çox milliliyə meyil edilsə, onda elm ümumi standartlardan aşağı düşər. Əgər beynəlmiləl terminlər üstünlük təşkil etsə, milliliyə yer verilməsə, onda elmi anlayışların mənimsənilməsi çətin olar [Bax: 51, s.226]. Hər hansı bir elm sahəsinə aid əsər, ilk növbədə, həmin sahə mütəxəssisləri üçün yazılır. Əsərdə verilən terminlər onlar üçün heç də yabançı olmur. Terminlərin izahının verilməsi həm mütəxəssislər, həm də o sahə ilə maraqlanan adi bir oxucu üçün də faydalı olar. Bu məqsədlə müəyyən bir araşdırmanın, kitabın və s. sonuna xüsusi siyahı və ya göstərici də əlavə etmək mümkündür.
Hazırda antroponim, toponim, zoonim, etnonim kimi terminlər geniş işləkliyə malik anlaşıqlı terminlərdir. İnkar etmək olmaz ki, dilimizdə şəxs adı, xüsusi ad, soyad, ata adı, coğrafi ad, uydurma ad və s. kimi müstəqil milli terminlər də var. Belə təkliflər irəli sürülür ki, beynəlmiləl terminlərin əvəzinə milli terminlər işlənsin (məs., okeanonim əvəzinə okean adı). Lakin nəzərə almaq lazımdır ki, bunu bütün terminlərə aid etmək bəzən mümkün olmur. Belə hallarda beynəlmiləl terminin işlədilməsi ən rasional üsuldur. Terminologiyada normativlik terminin düzgün şəkildə yaradılması və istifadə olunmasıdır. Beynəlmiləl terminin milli terminlə əvəz olunması müəyyən vaxt tələb edir. Biz dilimizdə öz yerini möhkəmlətmiş ənənəvi beynəlmiləl terminlərə üstünlük verilməsinin tərəfdarıyıq. Yaşadığımız informasiya əsrində dünyada qloballaşma, inteqrasiya proseslərinin, ortaq dil və əlifba yaratmaq barədə söhbətlərin getdiyi bir zamanda beynəlmiləl terminlər fondundan imtina etmək doğru olmaz. Beynəlxalq elmi ünsiyyəti asanlaşdırmaq məqsədilə dünyada qəbul olunmuş terminləri milli formada işlədə bilərik.
Nizamasalma onomastik terminologiyaya bütövlükdə yenidən baxılma, zəruri anlayışların üzə çıxarılması, təhlili və təsbitinə yönəlmiş tədbirlər məcmusu, tövsiyə olunan terminlərin təhlili, qiymətləndirilməsi və seçilməsidir. Onomastik terminologiyanın nizama salınması üçün: 1. İlk növbədə, onomastik terminlər toplanılmalı; 2. Milli dilin real imkanlarından istifadə edilməli; 3. Anlayışın mənasını təhrif edən süni terminlərdən istifadəyə yol verilməməli; 4. Zəruri hallarda başqa dillərdən termin mənimsənilməli; 5. Milli dildə terminin uğurlu ekvivalenti yoxdursa, beynəlmiləl, ənənəvi terminlərə üstünlük verilməli, bu zaman mövcud dil ənənələri nəzərə alınmalı; 6. Dildə milli və beynəlmiləl onomastik terminlər məqsədəuyğun şəkildə uzlaşdırılmalı; 7. Terminlər, onların işlənilməsi normalaşdırılmalı, bütün tələblərə cavab verən terminlər seçilməli; 8. Terminlər və onların definisiyaları standartlaşdırılmalı; 9. Terminoloji iş yaxşı təşkil olunmalı, təşkilati və elmi-tədqiqat işlərinə rəhbərlik edən vahid mərkəz yaradılmalıdır.
Ayrı-ayrı elm sahələrinin inkişafı, elmi əməkdaşlığın, dil əlaqələrinin genişlənməsi, elmi tədqiqatların sayının artması və s. terminologiyanın dövlət səviyyəsində unifikasiya və standartlaşdırılması işinin təşkilini tələb edir. Unifikasiya onomastik terminlərin vahid formaya, şəklə salınmasını nəzərdə tutur. Bu prosesdə terminin dildə mənimsənilmə dərəcəsinə diqqət yetirilməli, beynəlmiləl və ənənəvi terminlər əsas götürülməli, hazır modellərdən istifadə olunmalı, milli onomastik terminologiya dünyada qəbul olunmuş beynəlxalq terminologiya ilə unifikasiya edilməlidir. Terminologiyanın unifikasiyası praktik terminyaratmanın vahid prinsiplərini işləyib hazırlayır. Bu, nominasiya nəzəriyyəsinə əsaslanmalıdır. Unifikasiyadan əvvəl bir sıra tədbirlər həyata keçirilməlidir: onomastik terminlər bankının yaradılması; onomastikanın şöbələri üzrə unifikasiya edilmiş terminoloji lüğətlərin, xüsusən izahlı lüğətlərin hazırlanması.
Müasir şəraitdə onomastik terminlərin unifikasiyasına və respublika miqyasında bütün terminoloji işin koordinasiyasına tələbat getdikcə artır. Əlaqələrin inkişaf etdiyi, yeni termin axınının və bütövlükdə informasiyanın əhəmiyyətinin yüksəldiyi bir şəraitdə onomastik terminlərin dil unifikasiyasına, onların mümkün olduğu qədər vahid prinsiplər əsasında yaradılmasına daha çox diqqət yetirmək lazım gəlir.
Yalnız unifikasiya edilmiş terminologiya standartlaşdırıla bilər. Standartlaşdırılma terminologiyanın nizama salınması üzrə fəaliyyət forması, iş üsullarının vahid normaya tabe etdirilməsidir. Onomastik terminologiyanın unifikasiya və standartlaşdırılması ilə bağlı təkliflər aşağıdakılardan ibarətdir: 1) onomastik terminologiyanın dövlət standartlaşması planı və standartlaşan terminlərə olan tələblər işlənib hazırlanmalı; 2) terminlərin yaradılması tənzimlənməli; 3) terminlər ədəbi dil normaları əsasında standartlaşdırılmalı və daha sonra mütəxəssislər tərəfindən təsdiq olunmalı, tanınmalı; 4) milli terminologiyada əcnəbi terminlərin tətbiqinin yol verilən sərhədləri müəyyənləşdirilməli, milli terminlərə əcnəbi ekvivalentlərin seçilməsi prinsipləri və metodologiyası işlənib hazırlanmalı; 5) standartlaşmış terminlər fondu yaradılmalı; 6) standartlaşmış terminologiyanın tətbiqinə nəzarət həyata keçirilməlidir. Bunlar ilkin təkliflərdir, müzakirə və əlavələrə ehtiyac var. Dövlət standartlaşmasına daha çox polisemik terminlər, eləcə də sinonim terminlər (bir anlayışın müxtəlif terminlərlə ifadəsi), normativ sənədlərdə olanlar cəlb edilir. Bu işlər onomastikanın ayrı-ayrı kateqoriyaları üzrə növbə ilə aparılmalı, komplekslik təmin olunmalıdır. Terminlərin bir dildə, eləcə də beynəlxalq miqyasda uzlaşmaması çox vaxt praktik fəaliyyət zamanı anlaşılmazlıq və səhvlərə gətirib çıxarır. Bu səbəbdən onomastikanın ayrı-ayrı sahələrinə xidmət edən terminlərin tətbiqi üzrə tövsiyələrə, terminlər lüğətlərinə böyük ehtiyac var. Terminoloji standartlar, bir qayda olaraq, sistemlilik prinsipi üzrə tərtib olunmuş lüğətlərdə öz əksini tapır.
Dostları ilə paylaş: |