IV FƏSİL
ONOMASTİK VAHİDLƏRİN SOSİOLİNQVİSTİKASI
4.1. Toponimikada advermə və addəyişmə. Coğrafi adların normalaşdırılması
Toponimika – coğrafi adlar, onların mənşəyi, inkişafı, mənası, leksik tərkibi, qrammatik tərtibatı, yazılışı və tələffüzü haqqında elm sahəsidir. Coğrafi adların hərtərəfli tədqiqinin zəruriliyi bununla bağlıdır ki, onlar mühüm siyasi, elmi və praktik əhəmiyyətə malikdir və ünvan funksiyasını yerinə yetirir. Bütün bunlar dövlət idarəçiliyi orqanları, nəqliyyat və rabitə, kartoqrafik idarələr, nəşriyyatlar, jurnal və qəzet redaksiyaları və bir çox başqa idarə və təşkilatlar üçün böyük praktik əhəmiyyət daşıyır, çünki onlar üçün coğrafi adların rəsmi sənədlərdə, elmi və soraq ədəbiyyatında, xəritələrdə və s. düzgün və sabit verilməsi vacibdir.
Tətbiqi toponimikanın vəzifələri coğrafi obyektlərin nominasiya məsələlərinin, milli və əcnəbi toponimlərin yazılışı və ötürülməsinin normalaşdırılması məsələlərinin elmi-metodik işlənilməsindən ibarətdir. Bu vəzifələri həyata keçirərək, toponimistlər coğrafi obyektlərin adlandırılması və addəyişmə üzrə tövsiyələri işləyib hazırlayır, əcnəbi toponimlərin milli dildə verilməsi üzrə təlimatlar və coğrafi adlar lüğət-soraq kitabları yaradır. Təlimatlar və lüğətlər bütün nazirliklər, idarələr, müəssisələr və təşkilatların məcburi istifadə edəcəkləri normativ sənədlər statusu qazanır.
Mövcud toponimik sistem stabilliyi, daimiliyi ilə fərqlənməlidir. Hər addəyişmə sabit sistemin pozulmasıdır. Qədim adların qorunub saxlanılması problemi toponimiyada vacib məsələlərdən biri olaraq qalır. Elə buna görədir ki, bu mövzu vaxtaşırı tətbiqi məsələ kimi gündəmə çıxarılır, müəyyən problemlər həll olunur.
1917-ci ildən sonra yaşayış məntəqələrinin adlandırılması və adlarının dəyişdirilməsində ideoloji prinsip hakim oldu. İnqilab ideologiyası sovet tematikası ilə bağlı adların yaranmasına gətirib çıxardı. Bu, əsasən, yeni obyektlərin adlandırılmasında deyil, adların dəyişdirilməsində özünü göstərirdi. İnqilabdan sonra yaşayış məntəqələrinə fərdi adlar verilməyə başlandı. Belə addəyişmələr kənd məntəqələrinə də aid edilirdi. Yaşayış məntəqələrində addəyişmə prosesi dəfələrlə dilçilərin diqqətini cəlb edib. Ölkənin ictimai-tarixi və siyasi həyatındakı dəyişikliklər addəyişmələrdə özünü tez-tez göstərir. A.M.Qurbanovun qeyd etdiyi kimi, “onomastik vahidlərin bir qrupu, xüsusilə yer və şəxs adlarının öyrənilməsi sosiolinqvistik problemlərdir. Bu vahidlərdə dilin sosial mahiyyəti aydın görünür. Ölkənin ictimai tarixi və siyasi həyatı, hər şeydən əvvəl, yer və şəxs adlarında özünü göstərir” [209, c.1, s.66]. Adların dəyişdirilmə səbəbləri kimi tədqiqatçılar tarixi hadisələri, ölkə və regionun tarixində rol oynamış şəxsiyyətlərin adlarını əbədiləşdirmək cəhdini, köhnə adların qeyri-ahəngdarlığından uzaqlaşmağı, toponimi tipik sözdüzəltmə modeli çərçivəsində yeniləmək cəhdini göstərirlər. D.Y.İlyinin bu fikri razılaşmamaq olmur ki, “oykonimlərin transformasiyası zamanı dil qaydalarının unikallıq, informativlik, tarixilik, estetiklik, dilin fonetika və morfologiyasına uyğunlaşdırılması kimi meyarları nəzərə almaq vacibdir” [427, s.67].
Adətən, adlar tarixin dönüş nöqtələrində daha çox dəyişdirilir. İnqilablar, dövlət çevrilişləri, ərazinin dövlət mənsubluğunun dəyişməsi, bir qayda olaraq, toponimiyada, xüsusən şəhərlərdə küçə adlarının dəyişdirilməsinə səbəb olur. Tarixi hadisələrlə zəngin olmayan ərazilərin toponimiyası daha az dəyişkəndir. Fiziki-coğrafi obyekt adları oykonimlərə, urbanonimlərə və s. nisbətən daha sabit olur.
Obyektlərin özü dəyişərkən adların başqası ilə əvəzlənməsi təbiidir (məsələn, bir neçə yaşayış məntəqəsinin bir obyektdə birləşdirilməsi). Bəzən adlar tamamilə, bəzən qismən dəyişikliyə uğrayır, bəzən də heç bir dəyişiklik baş vermir. Bunu tarixi amillər müəyyənləşdirir. Hər bir halda yalnız konkret tarixi situasiyanın təhlili əvvəlki adın bərpasının mütərəqqi və ya mürtəce olduğunu müəyyən etməyə imkan verir. Beləliklə, bir adın digəri ilə əvəzlənməsi ya əvvəlkinin fəal inkarı, ya da təklif olunanın zəruriliyi ilə şərtlənir.
Toponimlər cəmiyyətin həyatında böyük rol oynayır. Onlar xalqlar- və dövlətlərarası münasibətlərin vacib tərkib hissəsidir. Buna görə də cəmiyyət üçün toponimlərin normalaşdırılması, hamı tərəfindən ümumişlək və ümumməqbul hala salınması zəruridir. Lakin cəmiyyətin inkişafı, ictimai, siyasi, təsərrüfat həyatındakı dəyişikliklər toponimlərə də təsir edir. İqtisadiyyat, mədəniyyət inkişaf etdikcə, millətlərarası və beynəlxalq əlaqələr möhkəmləndikcə qarşılıqlı ünsiyyətin rolu artır. Məhz bu baxımdan toponimlərin düzgün və sabit yazılışı həm elmi, həm də praktik əhəmiyyət kəsb edir. Toponimlərin unifikasiyasında alimlər, kartoqraflar, mətbuat, nəqliyyat, mədəniyyət, təhsil, inzibati və digər orqanların işçiləri maraqlıdır.
Toponimika coğrafi adları öyrənən bir sahə kimi, konkret toponimik sistemlərin inkişafına təsir edən müxtəlif amilləri araşdıraraq, adların normalaşdırılması prosesini təhlil edir, adlarda baş verən dəyişiklikləri qeydə alır. Bir tərəfdən, toponimiyadakı dəyişikliklər bütün regional toponimik sistemlərə xas olan evolüsiya proseslərini əks etdirir. Xüsusən ifadə vasitələrinin qənaət edilməsini, regional toponimik sistemin xüsusiyyətlərinə yönlənməni toponimik sistemlərin ümumi inkişaf tendensiyaları adlandırmaq olar. Digər tərəfdən, toponimiyadakı dəyişikliklər normalaşdırılmaya formal yanaşmanı əks etdirir. Bu özünü yerlərdə adların işlənməsinə uyğun olmayan qərarların qəbul edilməsində, toponimik leksikanın spesifikasının və regional toponimik sistemin daxilində sistem əlaqələrinin nəzərə alınmamasında, reyestrlərdə texniki səhvlərin olmasında özünü göstərir. Normalaşdırılmış ad milli orfoqrafiya qaydalarına və coğrafi obyekt adlarının milli dillərdəki işlənmə ənənələrinə uyğun olmalıdır. Toponimlərin normalaşdırılması fonetik, leksik, qrammatik səviyyələrdə həyata keçirilir.
Toponimlər bir sıra rəsmi sənədlərdə öz əksini tapır. Buna görə də toponimlərin qaydaya salınması, onların yazılışının bütün rəsmi sənəd və nəşrlərdə müəyyən norma və qaydalara tabe edilməsi işi dövlət səviyyəsində aparılmalıdır. Əlbəttə, biz nəzərə alırıq ki, beynəlxalq səviyyədə toponimlərin, ümumiyyətlə xüsusi adların standartlaşdırılması və bütün bəşəriyyət üçün onların hamısının eyni yazılış və tələffüzünə nail olmaq mümkün deyil.
Azərbaycan toponimlərinin normalaşdırılmasının hüquqi əsaslarını respublikanın ali qanunverici orqanı kimi Milli Məclisin xüsusi qərarları təşkil edir. Azərbaycan Respublikasının inzibati-ərazi bölgüsündə inzibati-ərazi vahidlərinə və yaşayış məntəqələrinə ad verilməsi, onların adlarının dəqiqləşdirilməsi və dəyişdirilməsi məsələlərinin müzakirə edilməsi və bu barədə Azərbaycan Respublikasının Milli Məclisinə rəy hazırlanması məqsədilə 2000-ci ildə Azərbaycan Respublikasının Milli Məclisi yanında Toponimiya komissiyası yaradılmışdır. “Komissiyanın vəzifələri aşağıdakılardan ibarətdir:
– inzibati-ərazi vahidlərinə və yaşayış məntəqələrinə ad verilməsi, onların adlarının dəqiqləşdirilməsinə və dəyişdirilməsinə dair vəsatətləri müzakirə etmək;
– inzibati-ərazi vahidlərinə və yaşayış məntəqələrinə ad verilərkən, onların adları dəqiqləşdirilərkən və dəyişdirilərkən təklif olunan adın müvafiq yaşayış məntəqəsinin tarixi xüsusiyyətlərinə və coğrafi relyefinə uyğun olmasını tədqiq etmək;
– toponimlərin başqa dillərdə yazılma qaydasını təsdiq etmək;
– yaşayış məntəqələrinin tarixi adlarının bərpa edilməsi üçün rəy hazırlamaq” [45].
Azərbaycan ərazisində yerləşən coğrafi obyektlərə ad verilməsi, onların adlarının dəyişdirilməsi respublikanın müvafiq qanunu əsasında həyata keçirilir. Təhkim olunmuş ərazisi və daimi yaşayan əhalisi olan bütün ərazi vahidlərinə müəyyən ad verilməlidir. Ərazi vahidlərinə ad verilməsi və onların adlarının dəyişdirilməsi ümumdövlət mənafeyi, habelə coğrafi, tarixi, etnoqrafik, milli və məişət şəraiti və digər yerli şərait, yerli əhalinin rəyi nəzərə alınmaqla müəyyənləşdirilir.
Ərazi vahidinin tarixi adı bərpa edilərkən görkəmli dövlət və ya ictimai xadimlərin adlarından istifadə olunmur. Belə adlar, bir qayda olaraq, yeni yaranmış ərazi vahidlərinə verilir.
Advermə prinsipləri bunlardır: 1. İki və ya daha artıq ərazi vahidləri bir ərazi vahidində birləşdirildikdə, bir qayda olaraq, birləşmiş ərazi vahidlərindən birinin adı saxlanılır. 2. Ərazi vahidlərinə ad verilərkən və onların adı dəyişdirilərkən mövcud adların təkrarlanmasına, adları dövlətin milli, tarixi, coğrafi və mədəni irsi ilə bağlı olan ərazi vahidlərinin adlarının dəyişdirilməsinə yol verilmir. 3. Urbanonimlərin verilməsi və onların dəyişdirilməsi həmin ərazinin əhalisinin rəyi nəzərə alınmaqla müvafiq icra hakimiyyəti orqanları tərəfindən həyata keçirilir. 4. İnzibati-ərazi dairələri onların mərkəzi olan kənd və ya qəsəbənin adına uyğun olaraq adlandırılır. 5. Rayonlar onların mərkəzi olan ərazi vahidlərinin adlarına uyğun olaraq adlandırlır. 6. Azərbaycan Respublikasında yerləşən ərazi vahidlərinə və inzibati-ərazi dairələrinə dair bütün məlumatlar Azərbaycan Respublikasının ərazi quruluşu və inzibati-ərazi bölgüsünə dair Dövlət reyestrinə daxil edilir.
Toponimlərin normalaşdırılmasının hüquqi əsaslarının daha da möhkəmləndirilməsi məqsədilə 2007-ci ildə Milli Məclis tərəfindən “Coğrafi obyektlərin adları haqqında” Azərbaycan Respublikasının Qanunu qəbul olunmuşdur. Bu qanun Azərbaycan Respublikasında coğrafi obyektlərə ad verilməsi və onların adlarının bərpası, dəyişdirilməsi, habelə Azərbaycan xalqının tarixi və mədəni irsinin tərkib hissəsi olan coğrafi obyekt adlarının dəqiqləşdirilməsi, işlədilməsi, qeydiyyatı, uçotu və qorunub saxlanılması sahəsindəki fəaliyyətin hüquqi əsaslarını müəyyən edir.
Coğrafi obyektə verilən ad həmin obyektin xüsusi əlamətlərini əks etdirməlidir. Advermə və addəyişmə zamanı meydana çıxan uzun və çoxhecalı adlardan yox, üç sözdən artıq olmayan vahidlərdən istifadə etmək lazımdır. Əks halda onların işlənməsi çətinləşir, bu da ixtiyari olaraq ixtisarlara gətirib çıxarır.
Coğrafi obyektə onun kəşfində, öyrənilməsində, yaxud əsasının qoyulmasında bilavasitə iştirak etmiş şəxslərin, görkəmli dövlət, ictimai, elm və mədəniyyət xadimlərinin və dövlət qarşısında xüsusi xidmətləri olmuş şəxslərin adları verilə bilər. Həmin şəxslərin adları, bir qayda olaraq, ölümündən sonra və adları olmayan, yaxud adlarının dəyişdirilməsi vacib olan coğrafi obyektlərə verilir.
Coğrafi obyektin adı bu hallarda dəyişdirilə bilər: a) bir ərazi vahidi hüdudları daxilində eyni növlü coğrafi obyektlərin adları təkrarlandıqda; b) obyektin tarixi adını bərpa etmək zərurəti yarandıqda; c) coğrafi obyektin funksiyası və ya təyinatı əhəmiyyətli dərəcədə dəyişdikdə; ç) adlar müvafiq tələblərə uyğun olmadıqda.
Əsasən, 3 kateqoriya – istehsalat, eyni və yaxşı səslənməyən adlar dəyişdirilir.
“Yaxşı səslənməyən ad” qiymətləndirməsi çox subyektivdir və bir qayda olaraq, yerli toponimiyanı, o cümlədən müəyyən regionun adlarını formalaşdıran yerli coğrafi terminləri bilməməyə əsaslanır.
Addəyişmə zamanı bu adlardan istifadə edilə bilər: 1) yaxın coğrafi obyektlərə görə verilən adlar; 2) köhnə (itirilmiş) adlar; 3) obyektin yerini, ərazinin fiziki-coğrafi xüsusiyyətlərini xarakterizə edən adlar; 4) memorial adlar (adətən, məşhur həmyerlilərin şərəfinə, əlamətdar tarixlərə görə); 5) təsadüfi əlamətlərə görə verilən adlar; 6) motivləşməmiş adlar.
Qeyd etdiyimiz kimi, toponimlərin düzgün yazılışı, unifikasiyası və bir dildən başqa dilə verilməsi məsələlərinin həlli çox mürəkkəb, ziddiyyətli və böyük səy, zaman, beynəlxalq əməkdaşlıq tələb edən işdir. Coğrafi adların dəqiqləşdirilməsi Azərbaycan Respublikasının toponimlərini qaydaya salmaq, eyni şəkildə yazılışını təmin etmək və onların yazılışını beynəlxalq qaydalara uyğunlaşdırmaq məqsədilə həyata keçirilir.
Adların dəqiqləşdirilməsi zamanı tarixi, mədəni, etnik, dil və digər xüsusiyyətlər, habelə xüsusi elmi tədqiqatların nəticələri nəzərə alınmalıdır. Xüsusi ada malik coğrafi obyektlərin təbiətini öyrənmək diqqətəlayiq faktların açılmasına, adların mənasını daha yaxşı anlamağa kömək edər.
Toponimlərin Azərbaycan dilində dəqiqləşdirilməsi “Azərbaycan Respublikasında dövlət dili haqqında” Azərbaycan Respublikasının Qanunu”na uyğun olaraq, milli dilin normalarına və ənənələrinə müvafiq surətdə həyata keçirilir. Coğrafi obyektlərin Azərbaycan dilində və digər dillərdə dəqiqləşdirilmiş adları toponimik lüğətlərdə və soraq nəşrlərində dərc edilir.
Mövcud və yeni verilən toponimlər Azərbaycan Respublikasının müvafiq icra hakimiyyət orqanında qeydiyyata alınır. Toponimlərin eyni cür və sabit işlədilməsinin təmin edilməsi və qorunub saxlanılması məqsədilə icra hakimiyyəti orqanı tərəfindən Coğrafi obyekt adlarının Dövlət kataloqu yaradılır. Dövlət kataloqu təkcə normalaşdırılmış toponimlər haqqında rəsmi informasiya mənbəyi deyil, o həm də hər subyektin toponimiyasındakı dəyişiklikləri izləməyə imkan verir, bunun isə onomastika üçün həm nəzəri, həm də tətbiqi aspektdə böyük əhəmiyyəti var. Toponimlər Kataloqa daxil edilməzdən əvvəl onlar barədə ilkin informasiya toplanır və hər subyektin toponimlər reyestri yaradılır. Bu prosedurlar açıq müsabiqələr elan edilməsi, işin yerinə yetirilməsi üçün dövlət müqavilələrinin bağlanması və bu reyestrin qanunvericilik orqanları və icra hakimiyyəti subyektləri ilə razılaşdırılması yolu iə həyata keçirilə bilər.
Müəyyənləşdirilmiş toponimlərin dövlət orqanları, müəssisə, idarə və təşkilatlar, KİV tərəfindən, habelə tədris, kartoqrafiya, sorğu, ensiklopedik nəşrlərdə, elanlarda, reklamlarda, lövhələrdə, yol göstəricilərində, poçt göndərişlərində və digər sahələrdə tətbiqi məcburidir.
Azərbaycan Respublikasında yerləşən ərazi vahidlərinin və inzibati-ərazi dairələrinin adları və sərhədləri Azərbaycan xalqının tarixi və mədəni irsinin tərkib hissəsi olmaqla dövlət tərəfindən qorunur. Adların və sərhədlərin özbaşına dəyişdirilməsinə və ya adların təhrif edilmiş formalarından istifadə edilməsinə yol verilmir.
Adların normalaşdırılması prinsipləri bunlardır: 1. Normalaşdırılan adlar müxtəlif mənbələrdən və ekspedisiya vasitəsilə toplanılıb sistemləşdirilməlidir. 2. Təhrifə yol verməmək üçün ilk məxəzə müraciət edilməli, hər bir fakt əslinə uyğun şəkildə yazıya alınmalıdır. 3. Mənbədən fakt dəqiq götürülməli, mənbənin yeri düzgün və ətraflı göstərilməli, mənbədən fakt düzgün oxunmalıdır. 4. Təhlil prosesində adların normalaşdırılmış forması müəyyənləşdirilir. 5. Planlı şəkildə müxtəlif yol və vasitələrlə ayrı-ayrı mənbələrdən ətraflı və sistemli şəkildə toplanmış bütün adlar fondda kataloqlaşdırılmalıdır. 6. Bu işdə yüksək səviyyəli və hazırlıqlı mütəxəssislərin olması da mühüm əhəmiyyət kəsb edir.
Deyilənlərdən aydın olur ki, toponimlərin normalaşdırılması prosesinin əsasını normalaşdırmanın elmi-metodik əsaslarının işlənib hazırlanması, adlar haqqında məlumatın toplanması, hərtərəfli təhlili toponimlərin normativ lüğətlərinin hazırlanması təşkil edir.
“Advermə və addəyişmə ilə bağlı bu tövsiyələri vermək olar: 1. Yaşayış məntəqəsi üçün yeni adın seçilməsi təsadüfi olmamalıdır. Təklif olunan ad ərazinin fiziki-coğrafi, tarixi, etnoqrafik və digər xüsusiyyətlərini əks etdirməli və həmin regionun mövcud toponimiyasına uyğun olmalıdır. 2. Yeni adlar və ya onların əsası kimi, ilk növbədə, artıq mövcud olan adlardan istifadə olunmamalıdır (yaxın çayların, göllərin, tarlaların, meşələrin, təpələrin, dərələrin, yarğanların, qobuların və digər fiziki-coğrafi obyektlərin adları). 3. Yeni təklif olunan adlar kimi regionun şivələrində işlənən yerli coğrafi terminlərdən istifadə oluna bilər. 4. Görkəmli dövlət və ictimai-siyası xadimlərin, vətən müdafiəçilərinin, əmək qəhrəmanlarının, elm və mədəniyyət xadimlərinin adları istisna hallarda verilə bilər. 5. Əlamətdar tarixi hadisələrlə bağlı adlar da istisna hallarda verilir. 6. Yaxşı olar ki, yeni ad region obyektlərinin nominasiya prinsiplərinə uyğun milli ad olsun. 7. Bir-birinə yaxın yerləşən eynicinsli obyektlər üçün fərqləndirici təyinli adlar tövsiyə oluna bilər: köhnə – yeni, yuxarı – orta – aşağı, sol – sağ, şimali – cənubi – qərbi – şərqi – mərkəzi və s. 8. Yeni ad istifadə üçün rahat olmalıdır. 9. Yeni adlar yaradılarkən hazırda məhsuldar olan topoformantlardan istifadə oluna bilər” [146, s.166].
İnzibati-ərazi vahidlərinin və yaşayış məntəqələrinin adlandırılması və adlarının dəyişdirilməsi məsələlərinə böyük diqqət yetirilməli, bu məsələlərlə bağlı bütün təkliflər dərindən və hərtərəfli öyrənilməli, subyektivizmə və tələsikliyə yol verilməməlidir. Addəyişmə müəyyən hallarda, ümumdövlət maraqlarını, habelə coğrafi, tarixi, milli, məişət və digər yerli xüsusiyyətləri nəzərə almaqla həyata keçirilməlidir.
Xüsusi adların, əsasən də toponimlərin dövlət daxilində vahid formaya salınması, onların ümumişləkliyinin təmin edilməsi “özfəaliyyət” işi deyil, rəsmi dövlət orqanlarının işidir. Bu məsələdə dövlət əhalinin və yerli sakinlərin fikrini nəzərə almalıdır.
Toponimlər xalqın həyatı ilə bağlıdır, müəyyən mənada onun tarixidir, buna görə də qorunmalıdır. Adlara ehtiramla yanaşmaq lazımdır. Onları tutarlı əsaslar olmadan, yeni təklifləri diqqətlə öyrənmədən dəyişdirmək olmaz. Addəyişmə prosesi tarixi şəraiti əks etdirir. Bu, ehtiyac olduqda və savadlı şəkildə həyata keçirilməlidir. Lazımsız addəyişmələrə yol verməmək üçün toponimistlər coğrafi adların etimologiyası ilə daha çox məşğul olmalıdır.
Dostları ilə paylaş: |