4.2. Şəhər onomastikası. Urbanonimika
Cəmiyyətin müasir inkişaf mərhələsində şəhər mədəniyyətin əsas mərkəzi rolunda çıxış edir və mədəni reali kimi diqqəti cəlb edir. Şəhər sosiomədəni məkandır. Onun əsas funksiyası insana təsir göstərməkdir. Bu təsir mental səviyyədə baş verir. Şəhər insanların tələb və ehtiyaclarına uyğun olaraq qurulur, inkişaf edir, eyni zamanda, insanların davranışını şərtləndirir.
Şəhər onomastikonu şəhərin təkrarolunmaz simasını formalaşdırır, başqa şəhərlərdən fərqli imic yaradır və şəhərin tarixi haqqında daha çox məlumat verir. Şəhər onomastikonu qapalı leksik sistemdir və bir-biri ilə əlaqədar müxtəlif yarımsistemlərdən – hidronimlərdən, oykodomonimlərdən, erqonimlərdən və s. ibarətdir.
Şəhər mədəni universali kimi, müasir urbanonimik mədəniyyətin formalaşmasına təsir göstərir. “Urbanonim – toponimin növüdür. İstənilən şəhərdaxili topoqrafik obyektin xüsusi adı, o cümlədən aqoronim, hodonim, şəhər xoronimi, eklezionim, oykodomonim” [509, s.139]. O, müəyyən məkan və zaman çərçivəsində həyata keçirilən insan fəaliyyətinin dildə inikasıdır. Urbanonimlər cəmiyyətin mədəni görüş və təsəvvürlərini əks etdirən sistemin komponentləridir. Onlar toponimik leksikanın ən mütəhərrik layıdır və daha çox dəyişikliklərə uğrayır.
Müasir dövrdə xüsusi adlar haqqında elmin inkişafı onomastik məkanın az öyrənilmiş və işlənməmiş sahələrinin tədqiqi ilə səciyyələnir. Urbanonimiya da belə sahələrdən biridir. Urbanonimik leksikanın öyrənilməsinə və sistemləşdirilməsinə hal-hazırda böyük ehtiyac duyulur. “Şəhər hüdudlarında işlənən və müxtəlif tip obyektlərin (urbanonimlərin, mikrourbanonimlərin, erqourbanonimlərin və s.) adlandırılmasına xidmət edən xüsusi adların kompleks və hərtərəfli tədqiqi – onomatoloqlar qarşısında duran aktual vəzifələrdən biridir, çünki şəhər onimik məkanı şəhərin simasının mühüm tərkib hissəsi, onun imicinin bir parçasıdır. Şəhər onomastikonlarının öyrənilməsinin bütün mümkün istiqamətlərindən yalnız erqonimlərin (mağazalar, kafelər, müəssisələr və s. adları) tədqiqatlarının sayı daim artır. Urbanonimlərin və mikrourbanonimlərin təhlili isə, demək olar ki, onomastik konfranslardakı məruzələrdən yoxa çıxıb” [528, s.276]. Urbanonimləri təhlil edərkən cəmiyyətin inkişafının dinamikliyini, köhnə və yeninin uyğunluğunu, digər mədəniyyətlərin təsirini nəzərə almaq lazımdır. Urbanonimik sistemin formalaşma yolları və müasir vəziyyəti nəzərdən keçirilməli, bu sistemdə nominasiya prinsiplərinin xüsusiyyətləri göstərilməli, urbanonimiyanın statusu, əsas struktur-semantik tipləri müəyyənləşdirilməli, urbanonimik məkanın sərhədləri təyin edilməlidir.
Xüsusi adların təhlilinə linqvokulturoloji yanaşma onların struktur, semantik və zaman elementlərinin kompleks analizini nəzərdə tutur. Sonuncu komponent, fikrimizcə, şəhərdaxili obyektlərin hərtərəfli təhlilində daha vacibdir, çünki urbanonimin mənşəyi, işlənməsi barədə dolğun mənzərə əldə etməyə imkan verir.
Bəzən urbanonimlər mikrotoponimlərlə, bəzən də apelyativ leksika ilə ya eyniləşdirilir, ya da müqayisə edilir. Lakin bu kateqoriyalar arasında müəyyən fərqlər vardır. Urbanonimlər özünəməxsus və mürəkkəb sistem təşkil edərək, obyektlərin xarakteri və vəzifəsinə, nominasiya prinsiplərinə, strukturuna, funksiyalarına, tərkib hissələrinin semantikası və birləşmə üsullarına görə fərqlənir. Urbanonimlərin motivləşməsi və semantikasının tədqiqi yolu ilə şəhərdaxili obyekt adlarının formalaşma prinsipləri barədə müəyyən nəticələr çıxarmaq olar.
Urbanonimik sistemin daimi öyrənilməsinin zəruriliyi onun mütəhərrikliyi ilə şərtlənir: şəhərin dinamik inkişafı, ərazisinin artması, yeni obyektlərin meydana çıxması şəhərin xəritəsində daim yeni adların əmələ gəlməsinə səbəb olur.
Urbanonim nominativ funksiya yerinə yetirir. O, şəhər daxilindəki fərdi obyekti seçir, fərqləndirir və adlandırır. Bu funksiya onun spesifikası ilə bağlıdır. Bununla yanaşı, urbanonim şəhərdə ünvan kimi xidmət edir, insanı istiqamətləndirir, fərdi obyektin xüsusiyyətləri haqqında informasiyaya malikdir. Milli mədəniyyətin güzgüsü olan urbanonimlər hər hansı bir dil cəmiyyətini xarakterizə edən ənənələr, mentalitet özünəməxsusluğu, dünyanı dərketmə xüsusiyyətləri haqqında böyük həcmdə informasiyanı özündə saxlayır. Deməli, onun funksiyalarından biri də informativ funksiyadır.
Şəhərdaxili obyekt adları əsrlər boyu tarixi-mədəni sistem kimi formalaşaraq tarix, dil, mədəniyyət abidəsi olmuşdur. Urbanonimlər sosial həyat hadisələrini qeydə alır. Şəhər obyekti adının uğurlu və ya uğursuz olması, onun uzunmüddətli mövcudluğu və ya, əksinə, tez unudulması, adların qrammatik formaları, səslənməsi – bütün bunlar konkret urbanonimiyanın tarixi-mədəni ənənəsi ilə müəyyənləşir. Müəyyən müddət mövcud olan şəhərdaxili obyekt adı əlavə informasiyaya malik olmağa başlayır ki, urbanonimin işlənməsində müəyyən iz qoyur. Onun işlənməsinə dövrdən, situasiyadan, işlənmə tezliyindən asılı olan məna yükü əlavə olunur. Digər tərəfdən, urbanonim işlənmə dövründə müəyyən obrazlar yaratmağa qadirdir. Bu presedent informasiya təfəkkürdə və nitqdə fərdi obyektin spesifikasını əks etdirməyə imkan verən sabit mənalar kompleksini yaradır. Milli urbanonimikonun xüsusiyyətləri müxtəlif amillərlə şərtlənir: milli urbanonimiyanın formalaşıb inkişaf etdiyi mədəniyyətin spesifikası, sosial, mədəni-tarixi ənənələr, dil sisteminin xüsusiyyətləri.
Hər şəhərin toponimiyasında ekstralinqvistik faktorların təsiri nəticəsi kimi spesifik cəhətlər əks olunur (topoqrafiya, hakimiyyət strukturu, inamlar, şəhərlilərin həyat tərzi və s.). Şəhərlərin böyüməsi və sayının çoxalması ilə şəhərdaxili topoqrafiya elementlərinin miqdarı artır. Bundan başqa, yeni dövrün spesifikası adlandırma üzrə xüsusi komissiyaların iştirakı və ya onlar olmadan şəhər hakimiyyətinin məqsədəuyğun fəaliyyəti ilə müəyyənləşir. Təcrübə göstərir ki, bütövlükdə şəhərdaxili toponimik sistem və onun ayrı-ayrı komponentləri qarşısında, adətən, aşağıdakı əsas tələblər qoyulur: 1) siyasi və ideoloji cəhətdən zamanla uyğunlaşma; 2) qrammatik cəhətdən düzgün olması; 3) istifadəsinin əlverişli olması; 4) adların əsaslandırılması.
Kulturoloji yanaşma çərçivəsində şəhərdaxili obyekt nominasiyasının ümumi problemlərinin öyrənilməsi zamanı addəyişmə hadisəsinə daha böyük diqqət yönəldilməsinə zərurət meydana çıxmışdır. Addəyişmə zamanı mədəni-tarixi ənənələr və estetik kriteriyalar böyük rol oynayır. Bütövlükdə adlar sisteminə, xüsusilə küçə adlarına mədəni fond kimi diqqətli və ağıllı münasibət günün vacib tələblərindəndir. Şəhərdaxili obyektlərin, demək olar ki, bütün növləri addəyişməyə məruz qala bilər, lakin xətti və ərazi obyektlərinin renominasiyası hadisələri daha çoxdur. Küçələrin, meydanların və s. adlarının dəyişdirilməsinin səbəbləri müxtəlifdir, çünki onlar kortəbii nominativ fəaliyyətin nəticəsi ola bilər.
Ölkəmizdə səksəninci illərin sonlarında baş verən ictimai-siyasi hadisələr, demokratik hərəkat və milli dirçəliş bilavasitə toponimlər sistemində daha mühüm izlər qoymuş, bir çox dəyişikliklərə səbəb olmuşdur. Böyük tarixi bir dövr ərzində ölkəmizin ərazisində milliyyətimizə və dilimizin quruluşuna tamamilə yad adlar mövcud olmuşdur. Tarixi faktdır ki, bu əvvəl çar Rusiyasının, daha sonra isə sovet totalitar rejiminin təsiri ilə baş vermişdir və mühüm siyasi məqsəd güdmüşdür. Vaxtilə Gəncənin Yelizavetpol, Kirovabad, Xankəndinin Stepanakert, Beyləqanın Jdanov, Biləsuvarın Puşkin, Bakıda isə Binəqədi qəsəbəsinin Kirov, Sabunçu rayonunun Lenin, Yasamal rayonunun Oktyabr, Suraxanı rayonunun Orconikidze, Xətai rayonunun və metropolitenin eyniadlı stansiyasının Şaumyan, Sahil stansiyasının 26-lar, Q.Qarayev stansiyasının Avrora (hətta Bakının metropoliteni bütövlükdə Lenin adına idi), Mətbuat prospektinin Avakyan adı o qədər də uzaq olmayan keçmişimizin ictimai-siyasi xəritəsidir. Milli özünəqayıdış prosesində xalqın milli mənsubiyyəti, tarixi və mədəniyyəti ilə heç bir əlaqəsi olmayan adlardan imtina edilmiş və onlar qədim, milli ilə adlarla əvəz olunmuşdur. Qədim, köhnə adların qaytarılması xalqın tarixi yaddaşının bərpası üçün çox vacibdir. Belə dəyişmələr “tarixin ilkin mətni”nin bərpasıdır, onun yenidən yazılması deyil. Sevindirici haldır ki, şəhərimizin bugünkü onomastikası daha çox Azərbaycanin tarixi, mədəniyyəti və müasir dövrü ilə bağlı dəyişir. Yeri gəlmişkən qeyd edək ki, ictimai-siyasi proseslər onomastik lüğətlərin tərtibi zamanı diqqət mərkəzində olmalı, bütün bərpa olunmuş, yeniləşmiş coğrafi adlar lüğətlərdə öz əksini tapmalıdır.
Müasir şəhərin dili mürəkkəb linqvistik, linqvososial və linqvomədəni hadisə kimi müxtəlif aspektlərdə öyrənilir. Şəhərdə dil planlaşdırılması və dil siyasətinin işlənib hazırlanması, əsasən, şəhər toponimikasına aiddir.
Şəhər onomastikası sahəsində dil siyasətinin əsas problemi həm şəhərlərin, həm də şəhərdaxili obyektlərin adlandırılması və renominasiyası məsələləridir. Bu, çağdaş onomastikanın aktual problemlərindəndir. Köklü sosial-iqtisadi və siyasi dəyişikliklər dövründə dil islahatına meyil güclənir. Dil islahatının sınaqdan keçirilmiş sahəsi, hər şeydən əvvəl, lüğət tərkibi və sözyaratma vasitələri sistemidir, bu da bilavasitə “yeni”nin adlandırılması və “köhnə”nin dəyişdirilməsi ilə bağlıdır.
Bu məsələlər, şübhəsiz ki, hüquqi xarakter daşıyır. Elmi ədəbiyyatda dil mövcudluğunun hüquqi tərəfi ilə bağlı beş ən aktual problem göstərilir: dövlət dili problemi, müxtəlif növ əcnəbi sözlərin mövcudluğu problemi, addəyişmə problemi, nəşr zamanı mətnin təhrif olunması problemi [501, s.61].
Məlum olduğu kimi, toponim üçün onun ünvan funksiyası əsasdır, ideoloji mənalar isə ikinci plandadır. Kirov, Oktyabr, Lenin və s. tipli memorial adlar kommunikativ ünvan funksiyasını yerinə yetirə bilmirdi, çünki bu cür adlar Sovet İttifaqı üzrə çoxluq təşkil edirdi. Bu isə həm rabitə işçiləri, həm də sadə vətəndaşlar üçün çətinlik törədirdi.
Onomastik nominasiyanın kortəbiiliyi və onun nəticələri təbii dil və nitq proseslərini əks etdirsə də, şəhərin kommunikativ məkanı üçün arzuolunmazdır. Buna görə də nəinki urbanonimlər sahəsində linqvistik monitorinq, həm də baş verən proseslərin müəyyən qədər nizamlanması, yəni optimal dil planlaşdırılmasının və məqsədyönlü dil siyasətinin həyata keçirilməsi zəruridir. Belə siyasət həm dilin mənafeyini, həm də hüququn tələbatını nəzərə alan hüquqi-linqvistik xarakter daşımalıdır.
Şəhərdaxili obyektlərə adların verilməsi çox ciddi və mürəkkəb işdir. Həmin adların böyük elmi və praktik əhəmiyyətini nəzərə alaraq, onlar müvafiq hakimiyyət orqanlarının daimi nəzarəti altında və toponimistlərin mütləq iştirakı ilə verilməlidir. Hər addəyişmənin geniş müzakirəsi məcburi normaya çevrilməlidir. Məhz bu zaman ciddi dəyişikliklərə uğramadan uzun müddət fəaliyyət göstərən obyekt adları sistemini yaratmaq mümkündür.
Şəhərin küçələri tarixin bir parçasıdır. Onların çoxu müxtəlif tarixi dövrlərlə əlaqədardır, bu obyektlər tarixi şəxsiyyətlərin, hadisələrin izini daşıyır. Küçə adı – hodonim, hər şeydən əvvəl, sözdür və bu şəkildə də insanlar tərəfindən qavranılır və istifadə edilir. Küçə adı söz-ünvan kimi mühüm sosial funksiya yerinə yetirir. Hər hansı bir küçəyə ad verərkən insan onu fərdiləşdirir. Bir küçəni digərindən fərqləndirən əlamətlər mövcuddur. Bu əlamətlər əhalinin məişət xüsusiyyətləri, həyat tərzi, adı yaradan insanların səciyyəvi cəhətləri, şəhərin coğrafiyasının, küçənin yerləşdiyi ərazinin xüsusiyyətləri, adın yaranması ilə əlaqədar olan hadisələrlə bağlıdır.
Onomastik sistemin digər sahələri kimi, hodonimlər sistemi də dildaxili və dilxarici amillərin təsiri altında inkişaf edir. Hodonimlərin semantikası ekstralinqvistik, strukturu isə dildaxili amillərlə şərtlənir. Dildaxili faktorlar hodonimlərin struktur tərkibində, sözyaratma modelləri və tiplərində üzə çıxır. Ekstralinqvistik amillərə zaman və məkan, ətraf mühit, mədəni-tarixi amil, insanın təsərrüfat fəaliyyəti, onun estetik dəyərləri, adlandırılan obyektin spesifikası, nominatorun individuallığı aiddir. Bu amillər spesifik nominasiya prinsiplərinin meydana çıxmasına səbəb olur. Həmin prinsiplərə şəhərlərin böyüməsi, iqtisadi, siyasi, mədəni sferanın inkişafı, əhalinin sosial tərkibinin dəyişilməsi də öz təsirini göstərir.
Şəhər küçələrinin adlandırılması praktikası göstərir ki, advermənin prinsip və modellərinin dəyişməsi dövrün üslubu və müəyyən edilən mədəni inkişaf baxımından şərh oluna bilər. Belə ki, küçələrin qədim dövrlərə aid xüsusi isimlərlə adlandırılması klassik tendensiyaların təzahürü kimi, küçə və meydanların dövrün ideyalarını əks etdirən mücərrəd adlarla, görkəmli şəxslərin adları ilə nominasiyası romantizm baxımından interpretasiya edilir. Tematik ansamblların meydana çıxması praqmatizm prinsiplərinə uyğun gəlir.
Bakının urbanonimik sisteminin inkişafına onun inzibati statusu, sahəsi, coğrafi xüsusiyyətləri təsir göstərmişdir. Bakının urbanonimləri yaranma tarixinə, dil mənsubluğuna görə rəngarəngdir, nominasiya əlamətləri və struktur tipləri ilə zəngindir. Bu sistemdə adi, ünvan funksiyası yerinə yetirən adlarla yanaşı, çoxlu obrazlı, emosional adlar da mövcuddur. Bakının tarixini əks etdirmək baxımından küçə adlarını iki qrupa bölmək olar: 1) şəhərin tarixi ilə bilavasitə bağlı olan, gerçək hadisələri və şəxsiyyətləri bildirən adlar; 2) ideoloji, yəni şəhərin tarixi ilə bilavasitə bağlı olmayan adlar.
Ölkə həyatında baş verən sosiomədəni, siyasi-iqtisadi dəyişikliklər şəhərin təkcə fiziki simasında, yəni planlaşdırmada, quruculuqda deyil, həm də geomədəni obrazında öz əksini tapır. Sovet dövründə qanunsuz kütləvi addəyişmələr şəhərin toponimik özünəməxsusluğunun itirilməsinə gətirib çıxarmış, şəhərin təkcə ictimai-siyasi və iqtisadi yox, həm də onomastik simasını dəyişdirmişdi. Şəhərdaxili obyektlərin ideoloji terminologiya ilə və ya həmin obyektə aidiyyatı olmayan, çox vaxt da əcnəbilərin şərəfinə adlandırılması şəhərin tarixi yaddaşını silmişdi. Bakı ərazisində də belə adlara çox rast gəlirik: Suraxanı, Gimnaziyi, Karantin, Persidski, Spasski, Bazarnı, Vorontsov, Armiyanski, Tatarski, Qubernski, Krasnovodsk, Kaspi, Aşağı Priyut, Merkuri, Olginski, Milyutin, Sadovı, Balaxanski, Mixaylovski, Qorçanov, Politsey, Malakan, Vrangel, Birja, Kamenni, Serkovnı (Bayramova, 1988, 141). Bu adların demək olar ki, hamısı sovet dövründə dəyişdirilmişdir. Yeni adların əksəriyyəti inqilabi ənənələrlə bağlı olmuşdur: Suraxanı-1 May, Gimnaziya-Tolstoy, Kamenni-Şors, Persidski-Poluxin, Armyanski-M.Qorki, Tatarski-Kurpskaya, Aşağı Priyut-Kamo, Sadovı-Çkalov, Balaxanski-Basin, Qonçarov-Maligin və s. Bu adların bəziləri yenidən dəyişdirilmiş və öz milli adlarımızla əvəz olunmuşdur: Karantin – H.Aslanov, Serkovnı-Vidadi, Bazarnı-H.Hacıyev, Vorontsov-Əzizbəyov, Qubernski-Nizami, Krasnovodsk-S.Vurğun, Politsey-Məmmədəliyev, Malakan-Xaqani, Vrangel-Qarayev, Birja-Ü.Hacıbəyov və s.
XX əsrin əvvəllərində mövcud olmuş küçə adlarını belə təsnif etmək olar: 1. Obyektlərin yerləşməsini əks etdirən hodonimlər: a) obyektin su obyektlərinə nisbətən yerləşməsini əks etdirən hodonimlər: Naberejnaya küçəsi; b) obyektin yaşıllıq ərazilərinə nisbətən yerləşməsini əks etdirən hodonimlər: Sadovaya küçəsi; 2. İnsan fəaliyyəti ilə bağlı obyektlərin xüsusiyyətlərini əks etdirən hodonimlər: a) nəqliyyat müəssisələrinin yerləşməsini əks etdirən hodonimlər: Vağzal küçəsi; b) rabitə müəssisələrinin yerləşməsini əks etdirən hodonimlər: Telefonnı küçə, Starıy Poçtovoy küçəsi; c) ticarət obyektlərinin yerləşməsini əks etdirən hodonimlər: Torqovıy küçəsi, Bazar küçəsi; ç)xidmət obyektlərinin yerləşməsini əks etdirən hodonimlər: Vodovoznaya küçəsi, Kolodeznaya küçəsi; 3. Siyasi xadimlərin şərəfinə verilən adlar: Nikolayev küçəsi, Velikoknyaz küçəsi; 4. Toponimlərlə motivləşmiş hodonimlər: Şamaxı yolu, Balaxanı küçəsi, Suraxanı küçəsi, Krasnovodck küçəsi, Çəmbərəkənd küçəsi, Qanlı təpə küçəsi; 5. Etnonimlərlə motivləşmiş hodonimlər: Tatarski küçəsi, Persidski küçəsi, Malakan küçəsi; 6. Peşə leksikası ilə motivləşmiş hodonimlər: Misgər palanı, Güzgüçülər palanı, Gön satan-dabbaq palanı, Zərgər palanı, Başmaqçı palanı və s. “Palan” sözü “şəhərin bir neçə evdən ibarət hissəsi; məhəllə, küçə” deməkdir [35, c.3, s.567]; 7. Obyektin fiziki-coğrafi xüsusiyyətlərini göstərən hodonimlər: Kamenistı küçəsi, Krivoy küçəsi.
Sonrakı illərdə həmin hodonimlər dəyişdirilib, başqa adlarla əvəz olunmuşdur. XX əsrin ortalarında birdəfəlik akt nəticəsində verilmiş adlar meydana çıxdı. Nominasiyanın xarakteri dəyişildi: hodonimlər arasında memorial ideoloji adlar üstünlük təşkil etməyə başladı. Məsələn, Lenin prospekti, Şaumyan küçəsi, Kuybışev küçəsi, Spandaryan küçəsi, Caparidze küçəsi, Avakyan küçəsi və s. Mövcud quruluşun simvolları şərəfinə yaradılmış adlara bunları misal göstərmək olar: Bolşevik küçəsi, Kommunist küçəsi, Proletari küçəsi, Komsomol döngəsi, Proletar döngəsi və s. Bəzən isə küçələr sözlə deyil, rəqəmlə adlandırılırdı: 821-ci keçid, 1804-cü küçə, 1405-ci keçid, 1733-cü keçid, 618-ci küçə və s. Nominasiyada eyni hodonimin müxtəlif cür nömrələnməsi prinsipindən də istifadə olunmuşdur: 9-cu Dağlıq küçəsi, 4-cü Köndələn küçəsi, 5-ci Aşırım küçəsi və s.
Vaxtilə Bakı şəhəri ərazisindəki küçələrin bir qismi onların əlamətinə görə adlandırılmış və nömrələrlə ayrılırdı. Küçələrin digər böyük bir qismi isə keçmiş totalitar rejimin numayəndələri və rəmzlərinin adlarını “əbədiləşdirmişdi”. Bu da həmin küçələrin simasızlaşmasına gətirib çıxarırdı, yəni bu adlar həmin ərazilərin sakinlərində heç bir hiss oyatmırdı. 90-cı illərdən sonra şəhərin onomastikasında yeniləşmə prosesi başlanmış və onlarla küçə və prospektin adı dəyişdirilmişdir.
Bakının müasir hodonimlərinin aşagıdakı leksik-semantik qrupları vardır: 1. Məlum toponimlərlə assosiasiyalar əsasında yaranan hodonimlər: Azərbaycan prospekti, Tbilisi prospekti və s. 2. Siyasi xadimlərin şərəfinə verilən hodonimlər: Heydər Əliyev prospekti, Şah İsmayıl Xətai prospekti və s. 3. Yazıçı və şairlərin şərəfinə verilən hodonimlər: Rəsul Rza küçəsi, Hüseyn Cavid prospekti və s. 4. İncəsənət xadimlərinin şərəfinə verilən hodonimlər: Fikrət Əmirov, Rəşid Behbudov küçələri və s. 5. Milli qəhrəmanların, şəhidlərin şərəfinə verilən hodonimlər: Ülvi Bünyadzadə, Çingiz Mustafayev küçələri və s. 6. Elm xadimlərinin şərəfinə verilən hodonimlər: Dilarə Əliyeva küçəsi, Ziya Bünyadov prospekti və s. 7. Tarixi şəxsiyyətlərin şərəfinə verilən hodonimlər: Babək prospekti, Hacı Zeynalabdin Tağıyev küçəsi və s. 8. Hər hansı bir hadisənin şərəfinə verilən hodonimlər: İstiqlaliyyət küçəsi, Azadlıq prospekti və s. 9. Tarixi hadisə və ya tarixi günlə, bayramla əlaqədar adlar: Novruz, 28 May, 20 Yanvar küçələri və s. 10. İnsanın praktik fəaliyyətini əks etdirən adlar: Yarış küçəsi. 11. Təbii obyektləri bildirən adlar: Yanardağ küçəsi. 12. Hərbi tematikalı hodonimlər: Milli Ordu küçəsi. 13. Peşə-sənət leksikası ilə motivləşmiş hodonimlər: Dəmiryolçular, İdmançı küçələri və s. 14. Hidronimik terminlərlə motivləşmiş hodonimlər: Göl, Kiçik Dəniz küçələri və s. 15. Emosional-simvolik adlar: Aydınlıq, Dirçəliş küçələri və s. 16. Dini obyektlərlə əlaqədar olan hodonimlər: Qədəmgah küçəsi (Xalq arasında bu ziyarətgah “Əli ayağı” adı ilə məşhur olub. Ziyarətgahda imam Həzrət Əlinin atının nalının izi daşın üzərinə düşüb) və s.
Yuxarıda qeyd etmişdik ki, onomastik vahidlər cəmiyyətdə gedən ictimai-siyasi hadisələri özündə əks etdirmək baxımından daha çox dəyişikliklərə məruz qalan leksikadır. Şəhər ərazisində nəzərdən keçirdiyimiz faktik materiallar müəyyən qənaətlərə gəlməyə imkan verir. Hodonimlər sistemində edilən dəyişikliklər daha çox iki istiqamətdə aparılmışdır: küçələrə vaxtilə buranın sakini olmuş, Azərbaycanın bütövlüyü və müstəqilliyi uğrunda mübarizə və döyüşlərdə şəhid olmuş oğulların adları verilmişdir. Digər küçələrdə isə Azərbaycanın əvvəlki dövr tarixi qəhrəmanları və dövlətimizin ictimai-mədəni həyatında əvəzsiz xidmətləri olmuş şəxslərin adları əbədiləşdirilmişdir. İndi əksər küçələr, həqiqətən, Azərbaycanın mədəniyyət və tarixinin bir hissəsini əks etdirə bilir.
Yeni yaranmış obyektlərə adların verilməsi qayğısına qalmaq azdır. Müasirliyi daim izləmək, şəhərdaxili toponimik sistemi qaydaya salmaq həm siyasi, həm də praktik cəhətdən vacibdir.
Dostları ilə paylaş: |