4.7. Onomastik vahidlərin linqvokulturoloji aspektləri
Qloballaşma dövrünə daxil olan müasir cəmiyyətdə kommunikativ proseslərin böyük hissəsi mədəniyyətlərarası ünsiyyətin payına düşür. Bu baxımdan son zamanlarda dil və mədəniyyət, mədəniyyətlərarası kommunikasiya, linqvokulturologiya məsələlərinə tədqiqatçıların marağı getdikcə artır.
“Linqvokulturologiya” termini XX əsrin 90-cı illərində V.V.Vorobyov, V.A.Maslova, Y.S.Stepanov, V.N.Teliya və b. tədqiqatçıların əsərlərində meydana çıxmışdır. “Linqvokulturologiya – canlı dildə təcəssüm edən və dil proseslərində təzahür edən maddi və mənəvi mədəniyyəti öyrənən humanitar fəndir. Onun məqsədi – dilin öz vahidlərində mədəniyyəti ifadə etdiyi, qoruduğu və translyasiya etdiyi üsulları öyrənməkdir” [380, s.52]. Linqvokulturologiya mədəniyyətin dildə inikasını öyrənən və mədəniyyət hadisələrinin araşdırılmasında dil materialından istifadə edən bir sahə kimi, həm xalqın tarixi və dilin diaxroniyası, həm də müasir dövrlə bağlıdır. O, dil, etnik mentalitet və mədəniyyət arasındakı əlaqələrin üzə çıxarılmasına istiqamətlənmişdir. Bu sahə dil və mədəniyyət əlaqələrinin yeni formalarının proqnozlaşdırılması üçün böyük potensiala malikdir. Onun tədqiqat obyekti mədəni informasiyanın ötürücüsü kimi dilin və bu mədəniyyəti yaradan insanın qarşılıqlı əlaqəsidir. Mədəniyyətin fenomeni kimi dilə münasibət, onun bu mövqedən təsviri milli mentallıq əlamətlərinə, bu əlamətlərin onomastik leksikada, frazeologiyada, nitq etiketində, etik konseptlərdə inikasına diqqət tələb edir.
Son illərdə linqvokulturologiyanı mədəniyyətlərarası kommunikasiya ilə bağlayan istiqamət formalaşmışdır. Mədəniyyətlərarası kommunikasiya fəal inkişaf edən, cəmiyyət tərəfindən tələb olunan nəzəri və tətbiqi elmi istiqamətdir. O, müxtəlif mədəniyyət nümayəndələrinin ünsiyyət prosesi, mədəniyyətlərarası qarşılıqlı əlaqə proseslərinin elmi tədqiqat sahəsidir.
Xüsusi adlar – fon leksikasına aid olan spesifik realilərdir. Onomastik realilər mənəvi mədəniyyət haqqında informasiyanın mühüm dil mənbəyidir. Onomastik material nəhəng mədəniyyətşünaslıq potensialına malikdir və linqvokulturoloji və praqmatik informasiya ilə işləmək imkanı verir. Onomastikondan mədəni-tarixi informasiyanın tapılmasının, eləcə də informasiyanın təsviri və izahının metodologiyasını işləyib hazırlamaq lazımdır. Onomastik leksika ictimai-siyasi, sosial, mədəni dəyişikliklərə həssaslıqla reaksiya verir. Onimlər ümumi leksikadan daha çox sosiomədəni şərtlərdən asılıdır. Müvafiq linqvomədəniyyətdən ayrılmaz olan dil işarələri kimi, onimlər praqmatik əhəmiyyət qazanır. Onimlər mədəni informasiyanı qoruyan, milli dil şüurunun formalaşmasında aparıcı rol oynayan dil vasitələrindəndir, dəyərlər və linqvomədəni cəmiyyət üzvlərinin davranış modelləri şkalasını müəyyən edir.
Onomastik vahidlər mədəniyyətlərarası kommunikasiyanın praqmatik istiqamətini müəyyən edir. Mədəniyyətlərarası kommunikasiyada onomastik leksika xalqın həyat tərzi, mədəni dəyərləri və ənənələri barədə məlumat verir.
Toponimlərin funksiyalarının özünəməxsusluğu, bu vahidlərin obyektləri adlandırmaq və səciyyələndirmək qabiliyyəti onlara müxtəlif yanaşmaları şərtləndirmişdir. Toponim ölkə haqqında biliklər xəzinəsidir, mədəni-tarixi informasiyanın qoruyucusudur. “Toponimlərin semantikasının milli-mədəni komponenti ölkəşünaslıq, mədəni-tarixi assosiasiyaların zənginliyi ilə seçilir. Toponimlərin adlandırdığı obyektlərin əhəmiyyəti (Moskva, Rusiya, Volqa, Qafqaz və b.) coğrafi adların dilin əsas lüğət fondunda yerini müəyyənləşdirir” [480, s.6].
Xüsusi adlar qeyri-dil, yəni fon bilikləri, assosiasiyaları, təsəvvürləri korpusuna malikdir (tarixi, etnoqrafik və mədəni fon məlumatları). Dilin toponimik sistemində mədəniyyət, dil, zaman və məkan, cəmiyyətin inkişaf mərhələləri, sosial-tarixi şərait əks olunur. Toponim ümumbəşəri və milli dəyərləri özündə ehtiva edən işarə, verbal-mental obrazdır. Bizi əhatə edən gerçəkliyin müxtəlif hadisələrinin qiymətləndirilməsi, xarakterizə edilməsi üçün işlənən toponimlər loqoepistemlər sayılır, yəni mədəniyyətin dildə və ya dilin mədəniyyətdə izləri. “Loqoepistem” kulturoloji termini ilk dəfə V.Y.Kostomarov və N.D.Burvikova tərəfindən dil və mədəniyyət səviyyələrində qavramanı tələb edən onomastik işarə (antroponim və ya toponim) mənasında irəli sürülmüşdür [382, s.48]. Loqoepistem haqqında fikirlərin əsasında koqnitiv ideya durur.
Toponimlər ekstralinqvistik amillərin təsiri ilə loqoepistem statusu qazanır. Toponim-loqoepistemlər müasir kommunikasiyanın ayrılmaz elementi, linqvokulturoloji fenomenlərdir. Onlar kommunikativ məkanda işlənir, fəaliyyət göstərir. Toponim-loqoepistemlərdə kodlaşdırılmış biliklər müəyyən linqvomədəni birliyin nümayəndəsinə yaxşı tanışdır. Danışan subyekt hər hansı bir toponimi yaxşı tanıya bilər, lakin həmin toponimin mətndəki müasir mənasını düzgün izah etməyi bacarmaz. Bu zaman coğrafi adın simvolik funksiyası aktuallaşır. Dil daşıyıcısının fikrini düzgün başa düşmək, ünsiyyətdə fəal iştirak etmək üçün tarixi-mədəni, ictimai-siyasi xarakterli bilikləri cəlb etmək tələb olunur.
Toponim-loqoepistemlərin aşağıdakı qrupları var:
1. Gerçəkliyin sosial-iqtisadi hadisələrinin dərk olunmasına kömək edən toponim-loqoepistemlər. Müasir insan sosial-iqtisadi həyatda yüksək fəallığı ilə xarakterizə olunur. Cəmiyyətin hazırkı inkişaf dövründə bu, insan fəaliyyətinin mühüm sahəsidir. Toponim-loqoepistemlərin böyük hissəsi bununla bağlıdır.
“Heydər Əliyev adına Bakı – Tbilisi – Ceyhan neft boru kəmərinin tək Azərbaycan üçün deyil, bütün region üçün əhəmiyyəti böyükdür. Bu neft kəmərinin işə düşməsi ilə Azərbaycan dünyanın ən böyük enerji mərkəzlərindən birinə çevriləcək” [670].
Məlum olduğu kimi, XXI əsrin ilk illərində regionda ən nəhəng layihə olan, Xəzər və Aralıq dənizlərini birləşdirən neft boru kəməri çəkilmişdir. Yuxarıdakı nümunədə göstərilən yer adları artıq regionun sosial-iqtisadi həyatı üçün əhəmiyyətli olan həmin layihənin simvollarına çevrilmişdir.
2. Gerçəkliyin aktual siyasi, hərbi-siyasi hadisələrinin dərk olunmasına kömək edən toponim-loqoepistemlər. XX əsrin sonu, XXI əsrin əvvəllərində baş verən siyasi hadisələr dildə də öz əksini tapa bilmişdir. Ən irimiqyaslı və mühüm hadisələr Qarabağ, İraq, Əfqanıstan, Çesenistan və s. kimi coğrafi adlarla bağlıdır. Bu dil vahidlərində kodlaşdırılmış mühüm, aktual hadisələr bunlardır: müharibə, konflikt (siyasi, hərbi-siyasi), terrorçuluq.
“Azərbaycan və Ermənistan arasında Dağlıq Qarabağ düyünü çözülməkdədir. ATƏT-in Minsk qrupu, BMT, nə bilim çeşidli beynəlxalq təşkilatlar hamısı diqqətini yönəldib ki, bu məsələnin hər hansı bir həlli variantının üzərində dayansınlar. Təki Qarabağ düyünü həll edilsin. Bu Qordi düyünü deyil ki, kəsilib atılsın” [682].
“Müsəlman dünyasında ikinci Əfqanıstan yaratmaq – bəlkə də, kənar qüvvələrin cızdıqları ssenarilərin mahiyyəti budur” [652].
Xatırladaq ki, Əfqanıstan müharibəsi 1979-1989-cu illəri əhatə edir. Bu hadisə Əfqanıstanda siyasi hakimiyyət uğrunda gedən çoxillik siyasi və hərbi qarşıdurma, silahlı konfliktlər seriyasıdır.
“Amma Moskvada Çeçenistandan gələnlə Çelyabinskdən gələnə yanaşma eyni deyil, olmayıb və olmayacaq” [666].
“Redaksiyalarımızın əksəriyyəti elə bil İraq bombardmanından bu dəqiqə çıxıb” [655].
“Çeçenistan” və “İraq” loqoepistemləri yaxın keçmişin hərbi konfliktlərinə işarə edir: Çeçen müharibəsi – Rusiya qoşunları ilə İçkeriya Çeçen Respublikası arasındakı hərbi əməliyyat və İraq müharibəsi – Səddam Hüseyn rejimini devirmək məqsədilə ABŞ və müttəfiqlərinin İraqa hərbi müdaxiləsi ilə başlanan hərbi konflikt.
3. Aktual müxtəlifplanlı hadisələrin dərk olunmasına kömək edən toponim-loqoepistemlər.
“Prezident Dmitri Medvedevin İrəvana səfəri də ölkəsinin maraqlarını daha yaxşı təmin etmək məqsədi daşıyırdı” [655].
Toponim-loqoepistemlərin bu qrupu genişdir və öz tərkibinə görə yekcins deyil. Bu qrupa daxil olan toponim-loqoepistemlər insan fəaliyyətinin müxtəlif sferalarına aid hadisələri səciyyələndirir: mədəni, ictimai-siyasi, idman hadisələri, lokal və dünya miqyaslı konfliktlər, faciələr, soyqırımlar və s. Bütün bu hadisələr dil daşıyıcısı tərəfindən toponim-loqoepistemlərdə kodlaşdırılmış realilərin köməyi ilə xarakterizə olunur.
“Perl Harborun əlli illiyində yenidən “Yaponiyaya qarşı nifrət” kampaniyası aparılır” [663].
Burada tarixi hadisə xatırlanır. 7 dekabr 1941-ci ildə Yaponiya Havay adalarındakı Perl-Harbor limanına hücum edir. Bu hadisə ABŞ-ın İkinci Dünya müharibəsinə qatılmasına səbəb olur.
“Xocalı faciəsi – Xatın və Sonqmi qətliamlarının Azərbaycanda daha geniş və dəhşətli təkrarı! Xocalı faciəsi – bəşəriyyət tarixinin ən qanlı terrorlarından biri – minlərcə suçsuz qoca, körpə və qadının ən qəddarlıqla güllələnməsi, əsirlərin başının dərisinin soyulması, dırnaqlarının qoparılması, meyitlərin gözünün çıxarılması, qulaqlarının kəsilməsi!..” [650].
1992-ci il fevralın 26-da qədim Azərbaycan şəhəri Xocalı erməni hərbi birləşmələri tərəfindən vəhşicəsinə dağıdılmış, onun müdafiəçilərinə və sakinlərinə amansız divan tutulmuşdur. XX əsrin sonunda dünyanın gözü qarşısında baş vermiş bu kütləvi qırğın hadisəsi vaxtilə Belorusiyanın Xatın kəndində (22 mart 1943-cü il) və Vyetnamın Sonqmi kəndində (16 mart 1968-ci il) baş vermiş soyqırımlarla müqayisə edilir. Bu kontekstdəki loqoepistemlərin hər biri dəhşətli faciələrin simvollarıdır.
4. Coğrafi obyektlərin toponim-loqoepistemlərin köməyi ilə dərk olunması.
“Quba: Azərbaycanın İsveçrəsi” [662].
“Turizmin vətəni” sayılan İsveçrə toponim-loqoepistemi burada digər coğrafi obyektin – Quba şəhərinin səciyyələndirilməsi funksiyasını yerinə yetirir. Quba da son zamanlar Azərbaycanın turizm iqtisadiyyatının ən çox inkişaf etmiş şəhərlərindəndir.
5. Məkani münasibətlərin dərk olunmasına kömək edən toponim-loqoepistemlər.
“Bilirəm ki, Amerika Azərbaycan vətəndaşları üçün həmişə Mars, Yupiter qədər əlçatmaz olub” [682].
Göründüyü kimi, məkan baxımından uzaqlıq əcnəbi ölkə obrazında həyata keçirilə bilər.
“Bakıda Qazaxdan gələnlə Qusardan gələnə yanaşma eynidir” [666].
Bu cümlədə mərkəz – periferiya parametri “paytaxt – əyalət” oppozisiyası ilə dərk olunur.
6. Realilər əsasında ifadə olunan toponim-loqoepistemlər:
“Düzdür, burada Ağ Evin təlimatları da xüsusi rol oynayırdı” [676].
Beləliklə, toponim-loqoepistemlər müxtəlif xarakterli informasiyanı izah etməyə qadirdir. Qeyd etdiyimiz kimi, bu vahidlərdə kodlaşdırılmış biliklər müəyyən linqvomədəni birliyin nümayəndəsinə yaxşı tanışdır. Toponim-loqoepistemlərin mənasının və işlənilməsinin tədqiqi aktualdır. Bu, müasir mətnlərin oxunuşunda və konkret nitq situasiyasında meydana çıxan problemlərin aradan qaldırılmasına, coğrafi adın konkret dil kollektivinin üzvləri tərəfindən faktik qavranılmasını, şəxsiyyətin şüurunda adın fəaliyyətini nəzərdən keçirməyə kömək edir.
Toponim – coğrafi adlar sisteminin elə real komponentidir ki, bu sistem müəyyən etnosa, onun tarixinə, mədəniyyətinə, yaşadığı əraziyə mənsubdur, ümumi dil tarixinə və ayrıca tarixi-mədəni bioqrafiyaya malikdir. Azərbaycan toponimlərinin semantikasının milli-mədəni komponenti mədəni-tarixi assosiasiyaların zənginliyi ilə seçilir. Azərbaycan toponimik sistemi uzun zaman boyunca formalaşıb; onda mədəniyyət, dil, zaman-məkan, cəmiyyətin inkişaf mərhələləri və sosial-tarixi şəraiti əks olunub.
Qeyd etdyimiz kimi, biz intensiv sosial-iqtisadi dəyişikliklərlə səciyyələnən qloballaşma dövründə yaşayırıq və özünüifadənin ənənəvi formalarının populyarlaşdırılmasının ən yaxşı üsulu festivallar, mədəni mübadilə və digər layihələr vasitəsilə müxtəlif ölkələrlə, onların ərazisi və şəhərləri ilə tanış olmaqdır. Azərbaycanda keçirilən festivallar və digər tədbirlər xalqların və mədəniyyətlərin müxtəlifliyinin simvoludur. Bu müxtəliflik “Odlar Yurdu” adlandırılan Azərbaycanı ayrı-ayrı dövrlərin mədəni nailiyyətlərini nümayiş etdirmək üçün özünəməxsus səhnəyə çevirir. Məsələn, Qəbələdəki Beynəlxalq musiqi festivalı artıq gözəl bir ənənəyə çevrilib. Beynəlxalq festival mədəniyyətlərin və xalqların görüşünün nəticəsidir. Dünyanın görkəmli virtuozlarının bir qisminin toplaşdığı bu festival məşhur Azərbaycan musiqi mədəniyyətinin inciləri, eyni zamanda, tarixi yerləri, qədim torpağı ilə tanışlıq üçün müstəsna imkan yaradır.
Mədəni konnotasiyalar və Azərbaycan toponimləri mədəniyyətlərarası kommunikasiyanın bir simvolu kimi, milli xarakterin, dünyagörüşünün, dünyanı qavramanın xüsusiyyətlərini anlamağa imkan verir. Toponimlərlə tanışlıq, yeni ərazinin mənimsənilməsi adlarda əks olunan ətraf aləmi dərketmə sistemi ilə baş verir.
Mədəniyyət kontekstində xüsusi ad müəyyən etnosa mənsubluq işarəsi və özünüidentifikasiya vasitəsi kimi çıxış edir. Onomastik məkan milli sosiumların dil mənzərələrində fərqli təqdim olunur, bu spesifikanın təsviri və izahı linqvokulturologiyanın inkişafı üçün vacib sayılır. Milli onomastikonun xüsusiyyətləri müxtəlif faktorlarla şərtlənir: 1) dil sistemlərinin xüsusiyyətləri; 2) sosial və mədəni-tarixi ənənələr; 3) milli onimiyanın formalaşdığı və inkişaf etdiyi mədəniyyətin spesifikası.
Xüsusi adlar sisteminə, xüsusən antroponimlərə diqqət onların dil qanunlarına görə inkişaf edən sözlər kimi xüsusi mövqeyi ilə müəyyənləşir, lakin leksik komponentdən əlavə, informativliyin etnoqrafik, tarixi, sosial, kulturoloji aspektlərini özündə birləşdirir. Xüsusi adlar, o cümlədən antroponimlər dilin vacib komponentidir, onların yanlış istifadəsi və qavranılması mədəniyyətlərarası kommunikasiya prosesində qarşılıqlı anlaşmanın pozulmasına gətirib çıxarır. Şəxs adları, ata adları, soyadlar, ləqəblər, təxəllüslər, şübhəsiz ki, leksik-semantik sistemin bir hissəsidir, onun çərçivəsində işlənir və eyni zamanda, cəmiyyətdə baş verən dəyişikliklərə həssaslıqla reaksiya verir.
Antroponimik sistem bir çox tarixi-mədəni, dini, sosial və ya digər faktorların təsirinin nəticəsidir. Adların populyarlıq səbəbini hər hansı bir faktorla izah etmək olmaz, çünki onlar birlikdə təsir göstərir.
Dilin antroponimik sistemində xalqın mənəvi həyatı əks olunub. Xarici oxşarlığa, eyni vahidlərin (şəxs adı və soyad – nəsildən-nəslə ötürülən komponent) olmasına baxmayaraq, hər dilin antroponimik sistemi bu vahidlərin özünəməxsus fəaliyyəti ilə fərqlənir.
Bütün dövrlərdə şəxsin adlandırılmasında, əsasən, iki tərəf iştirak edir. Onlardan biri denotat – ad verilən şəxs, ikincisi isə ad verən şəxs – nominatordur. Ad vermək nominatordan böyük bilik və bacarıq tələb edir. Şəxsə hansı adın verilməsi adverənin dünyagörüşündən, zehni-əxlaqi və bilik səviyyəsindən, öz kökünə, xalqına bağlılığından, həyat hadisələrinə subyektiv münasibət bəsləməsindən asılıdır. Ən qədim türk adları müasir dövrdə başa düşülən ləqəblər funksiyasında işlənmişdir. Müasir adlardan fərqli olaraq qədim türk adları şəxsin fəaliyyəti ilə əlaqədar olub onun cəmiyyətdəki mövqeyini də bildirirdi.
“Antroponimik konnotasiyanın özünəməxsusluğu bu idi ki, o, həmişə milli cəhətdən markalanmışdır. Milli-mədəni çalar milli-mədəni sfera ilə şərtlənmiş emosional, qiymətləndirici, ekspressiv və üslubi komponentləri sanki çərçivəyə salır və həmişə adı müşayiət edir, yəni şəxs adının (apelyativdən fərqli olaraq) məna strukturunun semantik əlaməti kimi xidmət edir. Məsələn, Məmməd şəxs adının səs forması onun lüğəvi ərəb qarşılığı Məhəmmədlə üst-üstə düşmür” [485, s.9].
Azərbaycan antroponimik sistemi uzun müddət ərzində özünəməxsus tarixi-coğrafi və linqvistik şəraitdə formalaşıb. Konkret nitq situasiyasında ad üslubi və praqmatik funksiyaların geniş diapazonunu, habelə kommunikantların fərdi xüsusiyyətlərini (psixoloji, təhsil səviyyəsi, yaş), onların müəyyən sosial mühitə və linqvomədəni birliyə mənsubluğunu realizə edir.
Uşaqlara məşhur şəxslərin – yazıçıların, şairlərin, məşhur epik və digər bədii əsər qəhrəmanları adlarının, məsələn: Füzuli, Nizami, Vaqif, Fərhad, Şirin, Leyli və b. verilməsi ənənəsi mövcuddur. Əcnəbi adlara da (əsasən, bədii ədəbiyyat qəhrəmanlarının adları) rast gəlinir: Ofeliya, Aida, Cülyetta, Hamlet, Ruslan və b.
İslam dininin gəlişi ilə Azərbaycan ədəbiyyatında iki və daha artıq komponentdən ibarət olan mürəkkəb adlar formalaşır, məsələn: Məhəmmədəli, Əlihüseyn, Məmmədhəsən və b. Dini bayramların adları (Qurban, Ramazan, Bayram) antroponimlər içərisində xüsusi yer tutur. Azərbaycan linqvokulturoloji məkanında Mədinə, Kövsər, Rza, Rizvan, Namaz və s. kimi adlar işlənir.
Şəxs adları məna əsasına görə müxtəlif qruplarda birləşir. Kişi adlarının başlıca xüsusiyyəti mərdlik, cəsarət, igidlik, möhkəmlik və s. kimi mənalar əsasında yaranmasıdır: Vüqar, Polad, Mübariz, Qorxmaz və s. Qadın adlarına xas olan başlıca cəhətlərdən biri zəriflik, gözəllik, mülayimlik arzusunun ifadəsidir: Mehriban, Nazlı, Aybəniz və s. Azərbaycan antroponimiyasında heyvan adları ilə bağlı şəxs adları vardır. Güclü çöl heyvanlarının adları (məsələn, Aslan, Bəbir, Şiraslan və s.) kişi adları kimi, zərif və qəşəng heyvanların adları (məsələn, Maral, Ceyran, Ahu və s.) qadın adları kimi işlənir.
Bitki adı əsasında ad yaratmaq hər xalqın öz təfəkkürü, arzu və estetik zövqünə uyğun hadisədir. Gül-çiçək məna əsaslı antroponimlər ancaq qadın adı üçün xarakterikdir (Lalə, Nərgiz, Yasəmən, Bənövşə, Güllər, Çiçək və s.). Bunlara kişi adları sistemində rast gəlinmir.
Maraqlıdır ki, Azərbaycan dilində meyvə adlarından ancaq qadın adları əmələ gəlmişdir. Burada əsas prinsip ətirli meyvələrin adlarının seçilməsidir (Gilas, Xurma, Şamama, Nargilə və s.).
Qiymətli daş-qaş adları əsasında yaranmış onimlər də qadın adı kimi daha səciyyəvidir: Zümrüd, Yaqut, Gövhər və s.
Azərbaycan linqvokulturoloji məkanında işlənən kosmoantroponimlər içərisində Ay planeti ilə bağlı adlar geniş yayılmışdır: Aydan, Aynur, Aygün, Aygül, Aysel, Aytəkin, Günay, Aytən və s.
Ailənin istək və arzusunu ifadə edən şəxs adları çox müxtəlif olur: Sevinc, Arzu, Səadət, Gözəl, Kamil, Qəhrəman, Cahangir, Qalib və s. Advermə motivi kimi uşağa apelyativin əsasında duran keyfiyyətlərin arzulanması xidmət edir. Biliklərə canatma, övladını təhsilli görmə arzusu antroponimlərin motivasiyasının əsasında durur. “Bilik” semantik sahəsinin məkanında apelyativlərdən yaranmış adlar işlənir. Azərbaycanlılarda İrfan “bilik, təhsilli olma, müdriklik, gözüaçıqlıq, fərasətlilik”, Alim “alim, elm adamı”, Maarif / Maarifə “bilik, idrak” və b. adlara rast gəlinir.
Şübhəsiz, hər xalqın dilində şəxs adları kulturoloji dəyərə malikdir. Ad insanın həyat yolunu müəyyənləşdirir, buna görə də advermə onun həyatında çox vacib mərasimdir.
Mədəniyyətlərarası ünsiyyət prosesi insanların bir-birinə müraciəti olmadan, dilin xüsusi vahidləri – antroponimlər cəlb edilmədən mümkün deyil. Milli antroponimlərin yaddilli mətnlərdə verilməsi məsələsi tədqiqatçılar və tərcüməçilər qarşısında daim durur və onun həlli müxtəlif elmlərin və onların sahələrinin: dilçiliyin, kulturologiyanın, antroponimikanın və başqalarının qovuşuğunda yerləşir. Antroponimlər bədii ədəbiyyatda geniş yayılıb və onların verilməsi məsələsi həmişə aktualdır.
Antroponim – bir insana onun tanınma işarəsi kimi rəsmi şəkildə verilmiş xüsusi addır (və ya adlar toplusu, bütün mümkün variantlar daxil olmaqla). Antroponim adlandırır, heç bir keyfiyyət aid etmir. Antroponimin əsasında obyektlər kateqoriyası, sinfi haqqında təsəvvür dayanır. Bu mənaya aşağıdakı əlamətlər xasdır:
a) antroponim daşıyıcısının Rüfət, Aygün və s. kimi şəxs adına mailk olduğunu göstərmək;
b) milli-dil birliyinə mənsubluğu göstərmək: Elşən, Günay və s.
c) insanın cinsini göstərmək: Aydan, Nərmin, Ceyhun, Cahid və s.
Həm şəxs adları, həm də soyadlar çoxlu daşıyıcıya malikdir. Nadir hallarda insan təkcə ona aid, unikal ada malik olur, məsələn: Selay (“Aysel”in tərsi), Fəray (Fərid+Aynur adlarının birləşməsi).
Konkret situasiya və ya ünsiyyət sferasından kənarda Cahangir, Sevinc, Vaqif və s. adları konkret bir insanı göstərmir. Belə adlar, yəni kollektivin dil şüurunda hər hansı bir insanla əlaqədar olmayanları kütləvi antroponimlər adlandırmaq olar. Digər antroponimlər də bir çox insana aiddir, lakin, hər şeydən əvvəl, bir insanla bağlıdır. Bu, çox məşhur adamların adlarıdır (Şekspir, Hacıbəyov və s.). Bunları fərdi antroponimlər adlandırmaq olar. V.P.Berkov belə antroponimləri müvafiq olaraq ümumi və fərdi xüsusi ad kimi fərqləndirməyi təklif edib [375, s.107]. “Ümumi xüsusi ad” termini o qədər də uğurlu deyil, çünki belə bir fikir yarana bilər ki, bunlar tək, fərdi adlar deyil, daha ümumi, mücərrəd bir vahiddir.
Kütləvi antroponimlər bununla səciyyələnir ki, onların bir referenti birmənalı şəkildə müəyyən etdiyi kommunikativ sfera məhduddur. Buna görə də onları daha geniş ünsiyyət sferasına daxil edərkən mütləq dəqiqləşdirici kontekst belə adları müşayiət etməlidir. Fərdi antroponimlər isə, əksinə, belə dəqiqləşdirici kontekst tələb etmir, çünki onların kommunikativ sferası bütün dil kollektividir. Bu, xüsusilə elə hadisələri göstərir ki, antroponim heç bir izah olmadan mətnə daxil edilir və həmin adın kimə məxsus olmasını müəyyənləşdirmək üçün mətnə ehtiyac yoxdur.
Ekstralinqvistik faktor – insanın cəmiyyətdə tanınması – öz linqvistik ifadəsini onda tapır ki, fərdi antroponimlər dəqiqləşdirici xarakterli müşayiətedici kontekstə ehtiyac duymur, onların referentləri dar kommunikativ sferadan asılı deyil.
Buradan belə nəticə çıxır ki, ad daşıyıcısı haqqında məlum informasiya dil vahidi kimi fərdi antroponimin mənasına daxil olur. Tərcüməçi üçün bunu bilmək vacibdir ki, həmin informasiyanın həcmi nə qədərdir və onu adın məxsus olduğu insan haqqındakı ensiklopedik məlumatlara bərabər tutmaq olarmı? Belə bir fikir də var ki, fərdi xüsusi ad çox zəngin məzmuna malikdir və onun mənasına obyekt haqqında bütün ensiklopedik informasiya daxil edilir. Fərdi antroponimin mənası dildə ad daşıyıcısı haqqında biliklərin orta səviyyəsinə uyğun olan məlum abstraksiyadır. İnformasiyanın belə orta miqdarı fərdi antroponimlə uyğunlaşır. Antroponimin daşıyıcısı haqqında bu məlumatlar kütləsini ilkin nominasiyada fərdi antroponimin mənası saymaq olar. Mədəniyyətlərarası kommunikasiyada ilkin nominativ mənanın statusu ayrı-ayrı antroponimlər üçün müxtəlif olur. Bir çox insan öz ölkəsinin və dil birliyinin sərhədlərindən kənarda da məşhurdur, müvafiq olaraq onların adları başqa dillərdə də fərdi antroponimlərdir. Digər tərəfdən, öz ölkəsində çox məşhur olan bir sıra şəxslərin şöhrəti beynəlxalq səviyyəyə çıxmır. Əgər Motsart, Nyuton antroponimləri bütün dillərdə fərdi sayılırsa, Mirzə Ələkbər Sabir və ya Abbasqulu ağa Bakıxanov adları belə statusa malik deyil. Bu cür antroponimlərlə qarşılaşan tərcüməçinin dəqiqləşdirici, təsviri və ya müəyyən uyğunluqlar tətbiq etməyə əsası olacaq.
Beləliklə, “fərdi antroponim” və “kütləvi antroponim” anlayışlarının diferensiasiyası zəruridir. Fərdi antroponimlər üçün hər iki tipə xas əlamətlərdən savayı, ad daşıyıcısı haqqında informasiya vacibdir. Bundan başqa, mətndə antroponimin aid olduğu obyekt yoxdursa, həm də mətn beynəlxalq auditoriyaya ünvanlanıbsa, onda həmin obyekt haqqında əlavə məlumat zəruri ola bilər.
Uşağın doğulduğu andan etibarən ad hüququ Uşaq hüquqları Konvensiyasında öz əksini tapıb. Valideynlər doğulma faktının qeydiyyatı zamanı bu hüququ həyata keçirir. Öz övladına ad seçmək hər valideynin şəxsi işidir, onlar uşağa istədikləri adı verə bilər. Lakin buna baxmayaraq, VVAQ orqanlarının və “ASAN xidmət”in əməkdaşları valideynlərlə söhbət aparıb ad “kəşflərinin” qarşısını almalıdır.
Adların statistikası konkret şəxs adlarının müəyyən dərəcədə populyarlığını, bu populyarlığın zaman keçdikcə inkişafını izah edə bilər və bu, uşaqların adlandırılmasındakı tendensiyaları qismən göstərməyə imkan verir. Hər ölkədə müəyyən zaman ərzində bəzi insan qrupları arasında dəb düşmüş şəxs adları olur. Son məlumatlara görə, dünyada ən populyar qız adı Sofiyadır (müxtəlif ölkələrdə variantları: Sofia, Sophia, Sofie, Zsofia). Bu ad doqquz ölkədə birinci yeri, 20-dən çox ölkədə ikinci və ya üçüncü yeri tutmuşdur. Tədqiqatlar göstərir ki, son 3-4 ildə Sofiya adı Rusiyada geniş yayılıb. Beləliklə də, o, ənənəvi lider olan Mariya adını sıxışdırmışdır [612].
Azərbaycanda XX əsrə qədər dini səciyyəli adlar daha geniş yayılmışdı ki, bu işdə dini təbliğatın güclü təsiri olmuşdur. Müasir dövrdə də yeni doğulanlara verilən tarixi və müasir adlar arasında dini adlar üstünlük təşkil edir. S.Sadıqovanın qeyd etdiyi kimi, “dini adlar dilimizdə artıq sabitləşib və onların sayı həddindən çoxdur. 1000 yeni doğulan oğlan uşağından 500-nə “Əli” adı verilir” [612]. Sovet hakimiyyəti illərində yeni həyat, yaşayış tərzi ilə əlaqədar olan adlar daha çox idi. Adın dəb düşməsində poetik antroponimlərin də mühüm rolu vardır. XX əsrin 30 – 40-cı illərində doğulanlar arasında Vaqif, Eldar, Sevil, Almaz, Gündüz, Aydın adları geniş yer tutur ki, burada Cəfər Cabbarlının, Səməd Vurğunun personajlarının adları əsas götürülmüşdür. “Ümumi ictimai fikrə əsaslansaq, milliləşmə prosesinin sürətləndiyini qeyd edə bilərik. 2–3 il əvvəl ölkəmizdə islam dinini tərənnüm edən adlara üstünlük verilsə də, bu sayda azalma müşahidə edilir. Daha çox türk mənşəli adlara üstünlük verildiyini görürük. Bu sırada Türkiyədən gələn adlar da çoxdur” [607]. Ayrı-ayrı illəri nəzərdən keçirsək, müxtəlif mənzərənin şahidi olarıq. Məsələn, 2009–2014-cü illərdə ən populyar kişi və qadın adlarını aşağıdakı cədvəldə görə bilərik:
Dostları ilə paylaş: |