Düzdü, Sofi bunları başa düşmüşdü, amma əslində Sofinin heç nədən xəbəri yox idi.
Sofinin xəbəri yox idi ki, artıq neçə gündü Gəncə taxtında təzə bir xan oturub və Qarabağ bəylərbəyinin bu yeni hökmdarının adı Bayandur xandır”[35, s.101].
Birinci mikromətndə Sofinin Ziyad xandan bir həftədən artıq bir müddətdə cavab almaması, Çaldıran döyüşünü xatırlaması informativ şəkildə verilib. Həmin informasiyaya müvafiq olaraq “düzdü” modal sözü verilir və həmin hadisə Sofi ilə bağlanır. Bağlantının məzmunu isə qeyd olunan modal sözün semantikasına-təsdiq, etiraf məzmununa əsasən nizamlanır.
Modal sözlərin dildəki funksiyası elədir ki, informasiya verimi zamanı onun yeri müəyyənləşir, sonrakı mikromətnin başlanğıc cümləsinin əvvəlində gəlir. Çünki bu məqam ya əvvəlki mikromətndəki hadisənin davamı, ya ona münasibət və ya mikromətnin əvvəlinə çıxması onların dildəki mövqeyi ilə bağlıdır. “Düzdü” modal sözü cümlənin əvvəlində gəlməklə mikromətnin ortasında əvvəlki informasiya hissəsinə münasibət bildirirsə, mikromətnin əvvəlində gələndə isə əvvəldə verilən informasiyaya münasibət bildirir. Bütün hallarda özündən əvvəldə informasiya tələb edir ki, ona münasibət bildirsin. Sadə və ya mürəkkəb cümlələrdə isə adətən onları cümlə semantikası ilə bağlayırlar. Zənnimizcə, modal sözlərin linqvistik dəyəri informasiya verimi zamanı daha qabarıq nəzərə çarpır; onların mətni şəraitə nəzərən təhlili daha effektlidir. Çünki mətn dilçiliyində belə bir fikir var ki, cümlə də mətndə konkretləşir, cümlənin reallaşma mühiti mətndir. Bütün bunlara əsasən, modal sözlərin linqvistik dəyərini müəyyənləşdirmək üçün ona baxış bucağını dəqiqləşdirmək lazımdır ki, bunun da əsasında informasiya daşıyıcıları olan MSB-lər dayanır.
Həm mikro, həm də makromətnin komponentləri arasında əlaqələndirici rol oynayan determinativlər informasiya verimi zamanı ciddi kommunikativ dəyərə malikdir. Zaman, yer, səbəb və s. zərflərdən ibarət olan determinativlər əvvəlki mikromətnlə bağlı olur və sonrakı mikromətn də informativ cəhətdən onun davamı, nəticəsi və s. kimi ortaya çıxır. Determinativlərin bu funksiyası haqqında A.Y.Məmmədov geniş tədqiqata aparmışdır. Düzdür, bu tədqiqatlar ingilis dilinin faktları əsasında aparılmışdır, o həm də universal səciyyəsi ilə ümumnəzəri əhəmiyyətə malikdir [43, s.189-193]. Bağlayıcı və modal sözlərdən fərqli olaraq, deteminantlar bir tərəfdən cümlə üzvləridir, digər tərəfdən də mətnlərarası əlaqələndirici vahiddir. Misallara müraciət edək:
“Onlar qala bürcündə yanaşı dayanmışdılar. Kədərli sükutla uzağa, geniş Muğan düzünə baxırdılar.
Duman çəkildiyindən düzənlik aydın görünürdü. Muğan qalasından xeyli aralı çadırlar qurulmuşdu, saysız-hesabsız cərgə-cərgə diz çökmüş qara çalmalı adamlar çadırlardan da çox idi. Onlar əllərini göyə qaldırmışdılar; gah yerə əyilib səcdə edir, gah da ayağa qalxırdılar”[51, s.43].
Əgər birinci mətn qala bürcündən Muğan düzünə baxmaqla tamamlanırsa, ikinci mətn həmin məzmunun davamı kimi “duman çəkildiyindən” səbəb zərfliyi ilə başlayır, dumanın çəkilməsi səbəbindən Muğan qalası ətrafı təsvir olunur. Belə əlaqələnmə bir tərəfdən Muğan düzünün təsvirinin informativ verimi ilə bağlıdırsa, digər tərəfdən səbəb əlaməti ilə bağlıdır. İkinci mətndə verilən hadisələr səbəb üzərində (duman çəkildiyindən) qurulmuşdur. Əslində ikinci mikromətnlə biri ayıran təsvir fonunun səbəb üzərinə köçürülməsidir. Bölünməyə də səbəb təsvir məqamının assosiativ imkanlarından istifadə ilə bağlıdır. Çünki səbəb sonrakı hadisələrə istiqamətlənsə də, əvvəlki mikromətnin məntiqi davamıdır.
İnformasiya verimi zamanı süjet xətti boyunca informativ parçalarının (mikromətnlərin) bir-birinin əvəzləməsi zamanı məkan və səbəb-nəticə kateqoriyalarının kommunikasiya prosesindəki funksiya dəyəri ilə şərtlənir. Bir hadisənin birinin içindən çıxması qeyd etdiyimiz bu üç anlayışın funksional sferasına düşür. Onların əlaqələnməsi, iki mikromətn daxilində nisbətən böyük informasiya parçası yaratması həmin dil vahidlərinin çoxplanlı fəaliyyətini nümayiş etdirir. Çoxplanlılıq bir tərəfdən determinantların sintaktik vahidi kimi müəyyən semantika ilə bağlıdırsa, digər tərəfdən informatik səviyyədə qrammatik funksiya ilə bağlıdır. Bu funksiya informasiya verimi zamanı həmin dil vahidlərinin situativ vəziyyəti ilə bağlıdır. Buna nəzərən demək olar ki, əvvəlinci mikromətnlə nisbətdə ikinci mikromətnin əvvəli-əvvəlinci cümlə xüsusi situativ məzmuna malikdir. Qeyd olunan bu məzmunlar toplusu da həmin vahidlərin çoxplanlılığını şərtləndirir. Başqa bir misala nəzər salaq:
“Baharın ilıq nəfəsi Tandıq aşırımına iyun ayında gəlib çatır. İyun ayında zirvədən aşağılarda bahar buludları kəllə-kəlləyə gəlir, göydə odlu şimşəklərini oynadırlar, buludların nərəsi qar uçqunlarının gurultusuna qarışır.
“Aşağılarda bahar leysanları başlayanda, dağ çayları kükrəyib coşanda alp çəmənlikləri də gül-çiçək bəzəyir. Qarlı zirvənin ətəyindəki zastavanın göylərindən ayaz gecələr əskik olmur, gümüş ay, gümüş ulduzlar bəzəyir büllur səmanı” [50, s.36].
“Aşağılarda bahar leysanları başlayanda, dağ çayları kükrəyib coşanda” ikinci MSB-də işlənən zaman determinatividir. Birinci MSB-də Tandıq aşırımına baharın gəlişi təsvir olunursa, ikinci MSB isə onun məntiqi davamı kimi bahar gələndə burada baş verən hadisələr təsvir olunur. Məsələ ondadır ki, determinativ ikinci MSB-nin başlanması əsasında sonrakı hadisələrin baş verməsini şərtləndirir. Digər tərəfdən də birinci mikromətnin məzmununu həmin determinativin işarə etdiyi zamana yönəldir. Ona görə də informasiyanın davam zamanı müəyyənləşir, sanki hadisəni həmin zamana yönəldir.
Zaman determinativlərinin əlaqələndirici vahid kimi müxtəlif semantik çalarları ola bilər; onların reallaşması yazıçı intensiyasından asılı olaraq informasiyanın necə strukturlaşmasından asılıdır. Məsələn: “Sonra el ağsaqqalı, el atası yerindən qalxdı, evlənənlərə xeyir-dua verdi. Qədirin kəmərini belindən açıb Gözəlin belinə bağladı.
Dostları ilə paylaş: |