Azərbaycan respublikasi əlyazması hüququnda Mİkro və makro mətnləRDƏ semantiK Əlaqə TİPLƏRİ



Yüklə 158,25 Kb.
səhifə30/32
tarix10.01.2022
ölçüsü158,25 Kb.
#110515
1   ...   24   25   26   27   28   29   30   31   32
1. Əvvəldə baş vermiş hadisə mətndə veriləndə;

2. Əvvəldə baş vermiş hadisə əsərdəki hadisələrlə səbəb və nəticə əlaqəsi ilə bağlananda” [145].

Müəllifin mətndə retrospektiv qayıdışı oxucunu yaddaşında olan hadisəyə qayıtmağa məcbur edir və bu da mətnin koheziyası funksiyasını qazanır. “Retrospeksiya mətndə üç formada təzahür edir:



1. Müəllif indiki hadisə ilə bağlı keçmiş hadisəyə qayıdış üçün zərurət hiss edəndə;

2. Həmin hadisəyə yeni şəraitdə fikirləşib qiymət vermək zərurəti meydana çıxanda;

3. Əvvəldə baş vermiş hadisə ilə bağlı nəyisə aktuallaşdırmaq ehtiyacı ortaya çıxanda” [145].

Konkret misala müraciət edək: “İliş bu kəndin göz görə soyğunçusu idi. Yavaş-yavaş hamıdan xərac almağa başlamışdı, onu görəndə baş əyməli, hər müşkülünü birinci ona gəlib danışmalıydın, partkom, profkom, milis, nə bilim, daha nə... onun yanında yalan olmuşdu. Balaca kənd idi, hamını çaşdırıb durmuşdu.

Bu parçada İlişin hansı mövqeyə malik olması əsərin sonrakı hissəsində arqumentə çevrilir və deyilir: “...Hamıya nədənsə elə gəlirdi ki, ölüm xəbəri çıxan adam dirilsə daha əvvəlki bəd əməllərini vacibdir ki, götürüb qoysun bir qırağa, deməli, Allah-taala onu daha bağışlayıb və əgər bağışlayıbsa, gərək bu adam Allahın alicənablığı müqabilində özü də dəyişə, insan ola. Amma yenə də buna inanmayanlar – İlişin qayıtmasına inanıb onun dəyişməsinə inanmayanlar tapıldı və bu adamlar İlişin kənddən, kəndin cavan-cuvanından nəsə bir intiqam almağa gəldiyindən, bununçün da iz azdırdığından, evlərinə belə yaxın düşməməsindən, atasıyla belə günorta çağı, göz qabağında görüşməməsindən şübhələnən adamlardılar. Elə bil İliş hər birinin ürəyinə gəlib belə deyirdi: “Mənim başımı kəsiblər, məni öldürüblər, siz də durub gəlib bu işi ayırd eləmək əvəzinə, bu hayıfı yadellilərdən çıxmaq əvəzinə bu xəbərə inanmısınız. İnanmaq bir yana, hələ bir ürəyinizdə sevinirsiniz də buna. İndi görərsiniz Siz...!” [2, s.53]

Bu hekayədə yuxarıda qeyd olunan üç təzahür formasının hər birini görmək mümkündür, lakin birinci şərt daha qabarıq nəzərə çarpır. Qeyd olunan hekayənin 45-ci səhifəsində verilən informasiya 53-cü səhifədə verilən üçün istinad nöqtəsidir, hadisələr onun üzərində davam edir və buna görə də müəllif retrospektiv qayıdışa ehtiyac hiss edir. İkinci şərt isə hekayənin daxilində qiymətverici səciyyə daşıyır. Bununla bağlı fakta müraciət edək. M.Cəlalın “Müalicə” hekayəsində sevimli anasını şəhərə gətirən oğulun iztirabları verilir. Ana şəhər mühitinə düşəndən sonra göz açıb gördüyü kənddən, ünsiyyətdə olduğu insanlardan ayrıldığı üçün xiffət çəkir və xəstələnir. Müəllif bunun səbəbini əsərdə açanda retrospektiv qayıdış edir, onu nəzərdən keçirək:“Nazik cuna pərdəli balaca pəncərənin dalında oturub baxanda qarıların hər ikisinin döşəmədə bardaş qurub, qabaq-qabağa oturduğunu və üfürə-üfürə çay içdiyini gördüm. Anam nəlbəkiyə tökdüyü çayı içə-içə söhbət edirdi:



- Allah köçənlərinizə rəhmət eləsin, mənim bir qayın xatınım var idi, ayrı cür şey idi. Məni elə istərdi, indi istəməsin, can bir ciyər kimi: mənsiz addımını bayıra qoymazdı, mənsiz bir tikə yeməzdi, dinməzdi, danışmazdı. Elə ki ikimiz olardıq, bir demək, bir danışmaq, bir qaqqıltı, bir şaqqıltı... Ay məşədi bacı, daha nə deyim[2, s.445].

Obrazın dili ilə verilən retrospeksiya qiymətverici xarakter daşıyır. Çünki ananın xəstələnməyinin səbəbi qeyd olunan situasiyaya olan ehtiyacdır. Həmin situasiya hekayənin əvvəlində verilməyib, lakin onun həyatında var. Müəllifin hekayədə belə qayıdışları retrospektiv sayılır və mətnin formalaşması, eləcə də praqmatik yüklənməsi üçün mühüm rol oynayır. Hekayədə sonrakı qayıdışı digər ana obrazının timsalında verir:“– Heç yadımdan çıxmaz gəlin getməyim. Sözünü də kəsirəm, üzüm də səndən qara, lap bir tikə boyda olanda köçürtdülər. Oğlan demişdi görmüşəm, bəyənmişəm, vəssalam! Axı bizlərdə kəhrizə suya gedərlər. Lap balaca idim, sənəyi götürə bilmirdim, hıqqanırdım. Bir də gördüm, bir oğlan sənəyi əlimdən aldı, mən biabır oldum ki!”[2, s.445].

Qeyd olunan epizodlarda qiymətvericilik hekayənin – mətnin məzmun quruluşundan doğur; ananın xəstələnməyinin səbəbi həmin epizodlardakı həyatdır. Bu müəllifin qiymətverici qənaətidir.

Əvvəldə olmuş hadisənin aktuallaşması zərurətinin meydana çıxması mətndə retrospeksiya üçün çox mühüm səbəb ola bilər. Burada aktuallaşdırılan hadisə əsərdə xüsusi mahiyyət kəsb edir, ya hansı hadisə, ya da əlamət müqayisə kontekstinə gətirilir. M.Cəlalın “Sara” hekayəsi bu mənada diqqətimizi cəlb edir:

Dünənki kimi yadımdadır. Molla Tağı ilə bığı xınalı, yekəburun, göygöz, uca və beli donqar olan bir kişi gəlmişdi. Yağış da yağırdı. Anası əriştəli sıyıq bişirmişdi. Çox söhbət etdilər. Cəmilin anası yük yerinin dalında üzünü tutaraq oturmuşdu. Kişilərə hərdən cavab verirdi. Ağlayırdı da.

Eybi yoxdur! Cəmil də mənim oğlum. Səni ondan ayırmayacağıq ki! Cəmili böyütmək mənə xoşdur. O da mənim oğlum.



Uzun kişi bu sözləri deyəndə Cəmil anasının dizi üstündə uzanmış pişik balası kimi oynayırdı. Saranın gözündən axan yaş uşağı diksindirdi. O gündən sonra uzun kişi Cəmigildə qaldı. Anası da öyrədirdi ki:

Ona ağa de, o, sənin atandır” [2, s.343].

Burada aktuallaşan yeni dövrlə müqayisədə inqilabdan əvvəlki məişət şəraitidir.

İ.R.Qalperin retrospeksiyadan danışarkən onu oxucu və müəllif retrospeksiyası deyə iki yerə bölür. “Oxucu retrospeksiyası mətn oxucusunun düşünülmüş şəkildə əqli fəaliyyətinin nəticəsi olaraq meydana gəlir, yəni mətni oxuyarkən əqlən səbəb-nəticə əlaqəsi əsasında əvvəlki hadisələrə qayıdır, ondan nəticə çıxarmağa çalışır. Müəllif retrospeksiyasında isə faktik olaraq mətndə verilmiş hansısa məsələyə qayıdılır” [86, s.109]. Deməli, səciyyəvi xüsusiyyətlərinə görə retrospeksiya fərqləndirilməlidir. Müəllif retrospeksiyası nəinki böyük mətnlərdə, eləcə də hekayələrdə də süjetin əsasında dura bilər. Bu aspektdə K.Abdullanın “Son gəliş” hekayəsini nəzərdən keçirək:

Hekayə ilk cümləsindən şühudi keçmiş zamanla başlayır, nəqli keçmişlə davam edir, süjetə müvafiq olaraq indiki zamanda davam edir və Zərdüştlə qocanın söhbətində - gələcək zamanın hekayətində isə ümumi zaman anlayışına keçilir. Formaca gələcək zamanın hekayəti olsa da, hekayənin süjetinə uyğun olaraq gələcəklik məzmununu itirir. Bu vaxt qoca çox-çox əvvəlki dövrə qayıdır və bu qayıdış mətnin məzmununda xüsusi məna daşıyır:

“–Bu söhbət indinin söhbəti deyil. Bizdən çox-çox qədim zamanların söhbətidir. O zamanlar Allahlar yer üzünə tez-tez gəlib gedərdilər. Bizim babalarımızın onlarla ünsiyyəti çox tez-tez olardı. İndi daha belə deyil. İndi Allahlar bir-biri ilə cəng edirlər. Həyat Allahının və Ölüm Allahının bir-birini görməyə gözləri yoxdur. Onlar bir-birini görmürlər. Amma vaxt var idi, dost idilər.... [2, s.78].

Hekayənin bəhs edildiyi zaman Zərdüştlə qocanın görüşü dövrünə aiddir, qocanın bəhs etdiyi hadisə isə ondan çox-çox əvvəlki dövrlərə düşür. Onun ardınca Ərməndən danışılır, hadisələr retrospektiv qaydada şühudi keçmiş və onun hekayətində verilir:

Ərmən hələ uzaqdan bu kəndi görüb seçmişdi. Dörd tərəfi böyüklü-kiçikli quru dağlar elə bil döyüşə hazır əsgərlər idi. Bir tərəfdən suyu çoxdan sovulmuş çayın ancaq enli beşiyi qalmışdı; bəlkə də nə vaxtsa suyu yenə gələcəkdi, sağ böyründən isə tikənli bir çöl başlayırdı. Kənd evlərinin çəpəri başdan-başa bu çölün tikəni idi. İndi Ərmən tikənli çöl ilə addım – addım bu kəndə yaxınlaşdıqca seçiminin doğru olduğuna bir daha inandı. Kəndin adamları qəribə adamlar idilər. Qarşısına çıxan hər bir kəndli onun önündə dərhal diz çöküb alnını torpağa sürtürdü. “İtaətkar camaatdır”-Ərmən düşündü.- “Bu adamları həqiqətlə sirdaş eləmək çətin olmayacaq”[2, s.79].

Deməli, zaman kontiniumu müəllif retrospeksiyasında hadisədən hadisəyə zamanlar üzrə tənzimlənir ki, bu da əsərin süjeti ilə sıx bağlanır. Burada oxucu kontiniumu keçmişdə verilən hadisələr fonunda çıxarılan əqli nəticələrlə bağlıdır. Əsərin sonuna doğru Ərmən Zərdüşt qarşılaşması oxucunun Şər allahı barədəki fikirləri ilə, yəni əvvəldə qazandığı bu barədəki biliklər fonunda retrospeksiya olunur. Ona görə də müəllif retrospeksiyası verbal nitqdə öz yerini tutur və oxucu retrospeksiyasından ciddi şəkildə fərqlənir.

Mətn kontiniumunun retrospeksiyaya zaman baxımından əks qütbdə dayanan tərəfi prospeksiya adlanır. O həm bədii, həm də elmi mətnlərdə tez-tez müşahidə olunur. Bəhs etdiyimiz bu hekayədə prospeksiya hadisənin gələcək inkişafına işarə edərək belə qurulur: “O bir daha gəlməyəcək” [2, s.86].

“O” Ərmənə işarə edir və hadisənin nəql olunan zamanına nəzərən gələcəyə işarə edir və hekayədə verilən informasiyanın həyatda davamı kimi səslənir. Bu mətn prospeksiyası üçün mühüm əlamətdir. Prospeksiya retrospeksiyada olduğu kimi mətnin xətti inkişafını pozur və onu hadisə anından yaxın və ya çox uzaq zamanla bağlayır. Bu vaxt məkan kontiniumu da dəyişə bilər. Dilçilikdə prospeksiyanı zaman və məkan nöqteyi-nəzərindən təsnif edənlər də vardır [105].

Göründüyü kimi, kontinium qrammatik kateqoriya olmaqla makromətnin qurulmasında vacib şərtdir.




Yüklə 158,25 Kb.

Dostları ilə paylaş:
1   ...   24   25   26   27   28   29   30   31   32




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin