Azərbaycan respublikasi əlyazması hüququnda OĞuz qrupu türk diLLƏRİNDƏ fonetik uyğunluq və norma



Yüklə 222,04 Kb.
səhifə4/40
tarix02.02.2022
ölçüsü222,04 Kb.
#114030
1   2   3   4   5   6   7   8   9   ...   40
2. Azərbaycan milli dili əsasında ədəbi dilin sabitləşməsi dövrü (XVIII-XX əsrlər dövrü).

3. Azərbaycan ədəbi dilinin dövlət dili kimi yenidən qurulması və sosialist milli dili əsasında inkişaf etməsi dövrü- sovet dövrü [24, s. 100-101].

Tofiq Hacıyev Azərbaycan ədəbi dilinin formalaşması tarixini iki dövrə bölür:



  1. Yazıyaqədərki dövr; 2) Yazılı dövr.

Birinci dövr eramızdan əvvəl II əsrdən başlamış eramızın VI əsrə qədərki olan mərhələni əhatə edir, ikinci dövr isə bir neçə mərhələyə bölünür: 1) VII-XII əsrlər; 2) XIII-XVI əsrlər; 3) Milli ədəbi dilin yeni mərhələsi – XVII-XXI əsrlər [34, s. 75-90].

Tofiq Hacıyev qədim dövrlərdə, xüsusən eradan əvvəlki minilliklərdə və eramızın birinci minilliyi dövründə Azərbaycan ərazisinə türk mənşəli gəlmələrin daxil olduğunu istisna etmir. Ancaq belə bir fikrin də daimi tərəfdarıdır ki, Oğuz dilli əhali Azərbaycan ərazisində qədimdir və bu qədimliyin ənənələri əsrlər boyu yaşaya-yaşaya bu günümüzə qədər də davam etməkdədir [34, s. 16-70]. Onu da qeyd etmək lazımdır ki, XX əsrin əvvəllərində türkologiya elmi və Azərbaycan dilçiliyi üçün zəngin irs qoyub getmiş Bəkir Çobanzadə də Azərbaycan ərazisində Oğuzdilli əhalinin qədimliyi məsələsini əsaslandıran dil faktları ilə çıxış etmişdir [22, s. 3; 34, s. 40].

Nizami Xudiyevin “Azərbaycan ədəbi dilinin tarixi” adlı kitabında da Oğuzdilli (Azərbaycan dilli) əhalinin öz ərazilərində qədimdən yaşayan aborigen bir xalq olduğu barədəki fikirlər təqdir olunur [38, s. 3-47].

Mübariz Yusifovun “Türkologiyaya giriş” adlı kitabında Azərbaycanlı əhalinin məskun olduğu Cənublu – Şimallı ərazilərdə aborigenliyi istisnasız şəkildə təqdim edilir. Azərbaycan sözünün sonrakı dövrlərdə ayrı-ayrı variantlarda “Azərbaydkan” və ya “Atropaten” adı ilə tarixə düşməsini ya təhrifolunma ya da başqa dillərin ifadə vasitəsi üzrə dəyişdirilmə hesab edir. “Azərbaycan” adı Az (böyük, azman, əzəmətli) ərlərin (insanların, böyük bir xalqın) bayların (böyüklərin) ölkəsi, vətəni, ərazisi (qan-kanna-kən elementləri vaxtı ilə yaşayış məskəni mənasını bildirmişdir) deməkdir [58, s. 164-176].

Azərbaycan sözünün təməlini təşkil edən Az (As) elementinin xalq adı kimi işlənməsinə dair ayrı-ayrı mənbələrdə də inandırıcı dəlil və sübutlar vardır [45, s. 398-399; 18, s. 115-116; 16, s. 244].

Azərbaycan xalqının və dilinin formalaşması tarixinə dair araşdırmalar çoxdur. Onların hamısının burada xülasəsini bir daha təkrar etməyə ciddi bir ehtiyac qalmır. Bu mənada ki, həmin əsərlərdə qədim Oğuzdilli Azərbaycanlıların öz ərazilərindəki aborigenliyi barədə qoyulan məsələlər heç də həmişə bir-birinin üzərinə düşmür. Xüsusən, sovet dövründə humanitar elmlərin siyasiləşdirilməsi həm Azərbaycan tarixçiliyinə və həm də Azərbaycan dilçiliyinə böyük zərbə vurmuşdur. Yeni milli düşüncəli tədqiqatçılar isə daha ciddi, daha inandırıcı və daha mötəbər arqumentlərə əsaslanmaq üçün ərəb, fars, hind, Çin mənbələrinə istinad edən dəqiqləşdirilmələr üzrə fikir mübadiləsinə cəlb olunmalıdırlar. Artıq, vaxt çatıb, bu istiqamətdə yeni nəsil tədqiqatçıları yetişdirilməlidir.

Dilçilərin əlində isə bir etibarlı silah vardır. O da dilin özüdür. Dil elə etibarlı fenomendir ki, özünün əsl qədim izlərini indiyədək qoruyub saxlayır. Onların araşdırılması ilə dilin tarixini də müəyyən etmək imkanları mövcuddur. Dilçilikdə bu elmi istiqamətin adı qlottoxronologiyadır. Dilçilik elminə bu termini Amerika dilçisi, yəhudi əsilli Morris Svodeş (1909-1967) tərəfindən gətirilmişdir. Qlotto sözü yunan dilində dil, xroologiya isə zaman üzrə təlim deməkdir.

Qlottoxronologiya, bütövlükdə dilin leksik materialları əsasında onun tarixinin və tarixi dəyişkənliyinin sahəsindəki elmi istiqamətdir. Qlottoxro-nologiya elmi istiqamətinin tətbiqi üzrə ayrı-ayrı dillərdə zamana görə formalaşma və dəyişmə məqamları ilə bağlı tədqiqatlar aparılmışdır [137, s. 121-132].

Qlottoxronologiyanın (leksikostatistika) prinsiplərini Azərbaycan dilinə tətbiq etdikdə də bu dilin eradan çox-çox əvvəl özünün indiki vətənində formalaşdığı barədə inandırıcı məlumat almaq mümkündür. Hər bir bitki, hər bir canlı öz vətənində öz kökləri üzərində daha yaxşı inkişaf edə bildiyi kimi Azərbaycan dili də ta qədim dövrlərdən öz doğma məkanında yaranıb, inkişaf edib və formalaşıb. İstisna deyildir ki, tarixlər boyu miqrasiyalar baş verməsin. Onu da inkar etmək olmaz ki, tarixən Şərqdən Qərbə doğru böyük inteqrasiyalar baş vermişdir. Bu inteqrasiyaların bir çox sosial, siyasi, ictimai hadisələrlə dolu olduğuna dair qaçılmazdır və inkarolunmaz faktlar vardır ki, bu hadisələr zamanı hansısa əhali qrupu hansısa yerlərdə yenidən məskunlaşmasın. Ancaq onların yerli dilləri tamamilə sıxışdırıb assimiliyasiya etməsi də ağlasığmazdır. Digər tərəfdən, tarixi mənbələrin sübut edə bildiyi dövrlərin Şərq-Qərb miqrasiyası mövcud olduğu kimi indi əl çatmayan tarixlərdə Qərb-Şərq miqrasiyasının da mövcud olduğuna şübhə ilə yanaşmaq olmaz. Hər iki halda bu hadisələrin müəyyənləşdirilməsi tarixşünaslığın işidir. Dilçilik elminin vəzifəsi isə dilin öz məkanındakı qədimliyini sübuta yetirməkdən ibarətdir. Həm də unutmaq olmaz ki, Azərbaycan əhalisinin qədimdən məskun olduğu coğrafi məkan təkcə Cənubi Qafqazla məhdudlaşmayıb indiki İran, İraq və başqa yerlərin ərazilərini də əhatə etmişdir. Dil məsələlərinə siyasəti qarışdırmadan Azərbaycan dilinin tarixi və coğrafi ərazilərini müəyyən etmək elə də çətin deyildir. Azərbaycan dilinin öz qədim məsləkində mövcudluğu onun daxili inkişafındakı fəallıqlarla daha inandırıcı şəkildə təsbit edilə bilər. Dilin daxili inkişaf mexanizminin isə ən aparıcı və təşkilatçı ünsürləri fonetik vahidlərdən ibarətdir. Azərbaycan dilində fonetik variantları nəzərə almasaq doqquz sait fonemin və iyirmi üç samit fonemin formalaşaraq tələffüz saflaşmasını təmin edə bilməsi bu dilin öz məkanındakı qədimliyinin ən birinci göstəricisidir.

Hazırda dünya üzrə Azərbaycan dilində danışanların sayı 50 milyondan artıq hesab edilir. Son məlumatlara görə İran İslam Respublikasında 30 milyondan çox, Türkiyədə 1,5 milyon, İraqda 500 min, Almaniyada 180 min, ABŞ-da 150 min, Fransada 70 min, İngiltərədə 60 min, Norveç, Danimarka və Hollandiyada 100 min, Hindistan və Pakistanda 30 min, Avstriyada 15 min, Avstraliyada və Yaponiyada 2,5 min Azərbaycanlı vardır.

Azərbaycan dilinin fonem tərkibi türk dilləri içərisində ən sabit fonetik sistemdir. Müstəqil vahid kimi normalaşmış fonetik elementlər yazıda vahidliyi icbari qaydalara əsaslanır və dəyişmir. Şifahi nitqdə də fonetik elementlərin variantlığına demək olar ki, yol verilmir. Şifahi nitqdə bəzi regional variantlara (məsələn, Qərb areallarında velyar n səsinə, Cənub arealında ü səsinə, keçid şivələrində burun tələffüzü səslərə) yol verilsə də bunlar regional xarakterlidir və ümumi danışıq dilinə, yəni televiziya, radio dilinə, mühazirə, məruzə dilinə, tədris prosesinin dilinə daxil olmur. Azərbaycan dilində 9 saitin mövcudluğu bu dildəki bütün sözlərin tələffüzündə asanlığı təmin etdiyi kimi başqa dillərdəki səslərin də normal deyilməsinə imkan verir. Dünyanın ən çox yayılmış ingilis, rus, fransız, ispan, alman, ərəb, fars dillərində Azərbaycan dilindəki qədər sait səs mövcud deyildir. Azərbaycan dili fonemlərinin tərkibində heç bir substrat elementi mövcud deyildir. İstər saitlərin və istərsə də samitlərin təkamülü və onların normalaşması özünün sistem, struktur, ierarxiya qaydaları əsasında baş vermişdir.

Azərbaycan dilinin dilarxası saitləri içərisində ən intensiv səs a fonemidir. A saiti dilarxası saitlər içərisində ən intensiv olduğu üçün bu saitin təkamülü dodaqlanma istiqamətində o saitinin yaranmasına, o saitinin təkamülü isə u saitinin yaranmasına təsir göstərmişdir. A saitindən isə qapalı damaq istiqamətində ı saiti törəmişdir.

Dilönü istiqamətində isə açıq damaq istiqamətində ə saiti, ə saitindən açıq dodaq istiqamətində ö saiti, ö saitindən qapalı dodaq istiqamətində ü saiti törəmişdir. Ə saitindən qapalı damaq istiqamətində i saiti törəmişdir. Dilortası tələffüz yerində e saiti formalaşmışdır. Dilortası tələffüz yerində digər bir sait olmadığı üçün e saiti dilönü ə saiti ilə paralel keçidə daxil olur.

Samitlərə gəlincə, boğaz tələffüzündə h samiti yaranmışdır. Bu səs novlu olsa da davamlı tələffüzə malik olmadığı üçün ondan heç bir digər səs törəməmişdir. Dilarxası tələffüz yerində ilkin protofonem olan k səsi öz yerini q səsinə vermişdir. Ancaq bu samitin izi areallardakı kuş (quş), kış (qış), kıfıl (qıfıl), kutu (qutu) kimi sözlərdə saxlamışdır. K səsinin refleksi kimi dilarxası tələffüz yerində kar, novlu x səsi törəmişdir. Q səsindən isə ğ səsi yaranmışdır.

Dilortası tələffüz yerində isə samitlərin formalaşması k – g, g – y istiqamətində getmişdir. Dil-diş samitlərinin formalaşmasında isə t – d, t – ç, ç – c, ş – j, s – z, d – n, n- l, l – r istiqaməti əsas hesab edilir. Dodaq samitlərinin təkamülündə isə sıra belə müəyyənləşdirilir: P-b, p –f, b – m, f -m [135, s. 143-144; 5, s. 44-47; 4, s. 73-74; 119, s. 124-129; 82, s. 3; 122, s. 8-20; 56, s. 48-50].

Azərbaycan dili fonemlərinin bu istiqamətdəki təkamülü, sabitləşməsi və normalaşması min ilin, iki min ilin işi deyildir. Bu cür normalaşma və saflaşma min-min illərin süzgəcindən keçmiş bir hadisədir. Həm də nəzərə almaq lazımdır ki, tarix boyu Azərbaycan dilinin və onun struktur mexanizmini təşkil edən elementlərin saflaşması yazılı dildən qat-qat çox şifahi dilin ənənələri üzrə baş vermişdir. Şifahi dilin güclü təsiri ondan görünür ki, bu dildə daim bir tələffüz asanlaşması meyli yaranmışdır. Azərbaycan dilinin tələffüz asanlığına görə söz əvvəlində ı saiti işlənmir. Sözün əvvəlində ı saiti o zaman özünə mövqe qazanır ki, başlanğıcdakı samit səs ixtisar olunsun. Azərbaycan dilində bu qəbildən olan işıq, ildırım, ilxı, ilıq, ilan kimi sözlər vardır. Qohum dillərlə müqayisədən məlum olur ki, həmin sözlərin həm ayrı-ayrı dillərdə və həm də nitq areallarında əvvəli samitlə başlanan yıldırım, yılxı (yılkı), yılıq (yılık), yılan variantları mövcuddur. Nitq prosesinin təsiri ilə həmin sözlərin əvvəlindəki samit ixtisar olunmuş və onlar ıldırım, ılxı, ılıq, ılan variantlarına düşmüşdür. Türk dillərinin bəzilərində, o cümlədən, türkmən dilində ı başlanğıc sözlər olsa da Azərbaycan dilinin nitq asanlığı tələbi ı başlanğıcının işlədilməsinə yol verməmişdir. Belə olduğu halda, Azərbaycan dilində ı başlanğıcına çevrilən variantlar i başlanğıcı ilə əvəz olunmuşdur.

Azərbaycan dilində, həmçinin sözün başlanğıcında ğ, r, j samitləri işlənmir. Bu samitlərin hər üçü titrəyicidir, novludur. Azərbaycan dilinin tələffüz prinsiplərinə görə bu samitlər sözün əvvəlində işlənmə norması qazana bilməmişdir. Ğr samitləri başqa türk dillərinə məxsus sözlərin də əvvəlində ümumişlək deyildir. J samiti isə türk dillərinin bəzilərində (qazax, qırğız, qaraqalpaq, uyğur) işlənir ki, bu da həmin dillərin nitq normalaşmasının təsiri nəticəsidir [58, s. 257].

Azərbaycan yazısında qədim yazı elementlərinin müəyyən edilməsi indi çətindir. Ancaq ümidvar olmaq da mümkündür ki, artıq müstəqilliyə qovuşduğumuz mərhələdə dil arxitektonikası üzrə yetişəcək mütəxəssislərimiz bu işin öhdəsindən lazımınca gələ biləcəklər.

Azərbaycan yazısına X əsrdən bəri ta 1929-cu ilə kimi Ərəb qrafikalı əlifbadan istifadə olunmuşdur. 1929-cu ildən 1939-cu ilin sonuna kimi latın əsaslı qrafikadan istifadə edilmişdir. 1940-cı il yanvarın 1-dən Kiril əsaslı əlifbaya keçilmişdir. 1947-ci il əlifbada birinci islahat aparılmış, rus qrafikasından köçürülmüş ц işarəsi əlifbadan çıxarılmışdır. 1958-ci ildə əlifbada ikinci islahat aparıldı. Əlifbadan я, ю, е, э, й işarələri çıxarıldı. İki səs bildirən я işarəsinin yerinə й (y) işarəsi daxil edildi. Bu işarə, həm də й işarəsini əvəz etdi. Ю işarəsi də yükdən azad olundu və й işarəsi bu səsin işlənmə məqamını əvəz etdi. İki səs bildirən e (ye) səsi də y səsinin işlədilməsi ilə islah edilərək bir səsi (e səsini) bildirmək üçün işlədildi. Э (e) işarəsi isə birdəfəlik əlifbadan çıxarıldı.

1988-ci ildə Azərbaycan yazısında yenidən latına keçmək meyilləri yarandı və bu işlə xüsusi komissiya məşğul olmağa başladı. 1993-cü ilin mart ayından idarə və müəssisələrdə latın qrafikası əsasındakı əlifbaya keçid barədə göstəriş verildi. Lakin latına birdəfəlik keçid 2001-ci il iyunun 18-də prezident sərəncamı ilə təsbit olunur. Müasir Azərbaycan əlifbası dilindəki səs sistemini əhatə edən fonetik tipli bir əlifba kimi formalaşdırılmışdır.



Yüklə 222,04 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   40




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin