OĞUZ QRUPU TÜRK DİLLƏRİNDƏ MƏNƏVİ MƏDƏNİYYƏT LEKSİKASININ YARANMA ÜSULLARI Müstəqillik dövründən başlayaraq oğuz qrupu türk dillərinin bəzilərinin (Azərbaycan, türkmən, qaqauz) lüğət tərkibində dəyişikliklər baş verdi. Artıq dilin öz daxili imkanları hesabına yeni sözlər yaranmağa başladı. Bu proses də müxtəlif üsullarla həyata keçirildi: kalka yolu ilə dildə olan qeyri-türk sözlərin türk sözləri ilə əvəzlənməsi; qonşu türk dillərindən sözlərin alınması; qədim türkcədən istifadə və s. Bununla bərabər, dillərin leksik qatının zənginləşməsinin əsas hissəsini yenə də elm və texnikanın inkişafı, xalqlar arasındakı yeni iqtisadi, siyasi, mədəni sahələrin və əlaqələrin yaranması nəticəsində Hind-Avropa mənşəli yüzlərlə yeni sözün dilə daxil olması təşkil edir. Oğuz qrupu türk dillərində eyni fonetik tərkibli, eyni semantik yükü daşıyan leksik vahidlərin olması məhz eyni sosiolinqvistik şərtlərlə bərabər, dil-danışıq arealından da asılıdır. Qeyd etdiyimiz amillər dil-nitq vahidlərinin və digər ünsiyyət vasitələrinin çoxmənalılığının, sinonimliyinin, omonimliyinin, antonimliyinin inkişafına və həmin dillər arasında işlənilmə potensialının genişlənməsinə gətirib çıxarır.