Azərbaycan respublikasi əlyazması hüququnda OĞuz türkləRİNİn məNƏVİ MƏDƏNİYYƏt leksikasi


Oğuz qrupu türk dillərində ortaq toy mərasimi adlarının leksik-tematik təsnifi



Yüklə 306,26 Kb.
səhifə19/47
tarix05.01.2022
ölçüsü306,26 Kb.
#111915
1   ...   15   16   17   18   19   20   21   22   ...   47
2.1.1. Oğuz qrupu türk dillərində ortaq toy mərasimi adlarının leksik-tematik təsnifi
Oğuz türkləri üçün yeni bir ailənin qurulması və davamlı olması həmin ailənin təməlinin sağlam qoyulmasından başlayır. Bunun üçün ata-analar övladını evləndirərkən qarşı tərəfi araşdırır, onların haqqında olan məlumatları öyrənir və bundan sonra bir qərara gəlirlər. Evlənmək sanki yeni kiçik bir dövlətin təməlinin atılması prosesidir. Keçmiºdə olduğu kimi bu gün də toy, ailə türklər üçün müqəddəs hesab olunan anlayışlardan biridir. Demək olar ki, ailənin qurulması ilə bağlı ardıcıl şəkildə həyata keçirilən adət və mərasimləri ifadə edən leksik vahidlər həmin dillərin lüğət tərkibini xeyli zənginləşdirmişdir. Toy mərasimi leksikasında ən qədim leksik vahidlərdən olan evlənmək, toy, dügün, adaxlı, yavuqlu, gəlin, bəy və s. ifadələr eyni mənada, amma kiçik fonetik dəyişikliklə bütün türk xalqlarında, o cümlədən qədim oğuz abidəsi “KDQ” dastanında, müxtəlif türk boylarının qədim leksikasını özündə ehtiva edən M. Kaşğarinin “DLT” əsərində rast gəlinir.

Oğuz qrupu türk dillərində geniş işlənmə tezliyinə malik olan, ailə münasibətini izah edən əsas və ən qədim anlayışlardan biri “evlənmək” leksik vahididir. Evlənmək sözünün kökündə ev, ev olmaq, yeni bir ev qurmaq mənaları dayanır: “Hənüz evlənmiş idi ol cəvanbəxt, Nişanlısı var idi, olmuş idi” [10, s.79]. Bu ifadənin eble formasına qədim Suci abidəsində rast gəlirik: “Ebledim oglımın, kızımın kalınsız birtim”/ Evləndirdim (ev sahibi etdim) oğlumu, kızımı başlıqsız verdim [84,s.165]. “KDQ”də “evlənmək” mənasını ifadə etmək üçün kişilərə aid ivermek, qızlara məxsus ərə varmaq sözlərindən istifadə olunmuşdur: “...bundan yigregi yohdur ki gözüm görür ikən oğul gəl seni ivereyim didi; Oğul ya seni ivermehmi gerek?” [136, s.30]; “Hanum maksudum oldur ki ere varan kız kalka oynaya mən kopuz çalam didi” [136, s.42]. Dastanın boylarından birində “evlənmək” mənasında “ayağına at tuşağın urmaq” ifadəsi işlənmişdir: “Kazan aydur: Ayağına at tuşağın urun didi” [136, s.102]. Hazırda Azərbaycan dilinin Lənkəran şivəsində abidədə işlənən “ayağına at tuşağı urmaq” ifadəsinə bənzər“ayağını kəndirləmək//əl-ayağını bağlamaq”leksik vahidlərindən istifadə edilir [23, s.33].

Qız və oğlanların evlənməsi ilə bağlı müxtəlif ifadələr türkmən türkcəsində də geniş işlənir. Belə ki, oğlanların bir qızla nikahlanıb başqa bir ev sahibi olduğunu əks etdirən “öylendi, öylü boldu (“evləndi, evli oldu”)// öyermek”, qızlar üçün “həyata atılmaq” anlamında “durmuşa çıkmak //gızını durmuşa çıkarmak// gız göçürmek” ifadələrindən istifadə olunur [198, s.72]. O cümlədən də “ar-ayal bolmak// ər-heley bolmak”,“ara çıkmak”(Son ol yedi yaşlı Gurdu və baş yaşlı kızını taşlap ara çıkdı) [97, s.337],“köp düyesi köprüden keçmek” [97, s.460], “kız çıkarmak”(oğul öyləndirin, kız çıkarın) [97, s.486],“maşğala qurmak” [97, s.796], “birine melamatini atmak” [97, s.811], “öy-işik bolmak//etmek”(Ol özünin ilki çağası bolan Baharın bir gün başğa biri bilən oy-işik bolmadığına yanı dününen yalı boldı) [97, s.925],“öyerilmek” [97, s.929],“sana salmak” [97, s.1050], “başını boğmak” (birinin başını boğsak bolyar) [269, s.107] ifadələri işlənir.

M.Kaşğari “DLT” əsərində evlənmək mənasında “ərləndi”, “əvləndi” və “bəgləndi” leksik vahidlərinin işləndiyini qeyd edir: “Ərləndi: ərə getdi, urağut ərləndi = qadın ərə getdi, ər sahibi oldu”; Əvləndi: ev sahibi oldu, ol bu əvni əvvəndi= o bu evi özünə ev elədi”; Bəgləndi: urağut bəgləndi = qadın ərə getdi” [48, s.241]. XIII-XIV əsr yazılı abidələrinin dilində, ümumiyyətlə, “evlənmək” mənasını ifadə etmək üçün həm türk mənşəli “ərə varmak”, həm də bir tərəfi ərəb mənşəli “kəbin” sözünün birləşməsindən yaranan “kəbin etmək” tərkiblərindən istifadə olunurdu: “Hazır ol kim, bu gecə ərə varır” [10, s.104], “Səni bu yigidə kəbin edəm bən” [10, s.51].

Oğuz türklərinin lüğət tərkibində evliliyin formaları və üsullarını adlandıran müxtəlif leksik vahidlər vardır. Türkmən türkcəsində:“kasamyat etmək” (beşikkərtmə),“kız oqurlu” (qızın razılığı olmadan qaçırma),“kafı açu”(elçi yolu ilə evlənmə)[272, s.6],“adağlamak//adağ etmək”(uşaqların kiçik yaşlarından bir-birinə ad edilməsi) [97, s.14] və s. Z.Gökalp türklərdə evliliyin üç formasının olduğunu söyləyir: “Qız qaçırma”, “qənimət” və “nikah”. “Nikah dini və rəsmi olaraq iki formada həyata keçirilir. İslami nikahda mehr-i muaccel “nikahda verilən ağırlıq (pul və ya qiymətli əşyalar)” və mehr-i müeccel “boşanma və ya ölüm halında verilməsi qərarlaşdırılan pul” un vacib olduğunu göstərir” [144, s.290]. A.R.Balabana görə isə türklərdə evliliyin doqquz forması var: “Beşik kertmə”,“söz alma, söz vermə”,“berder evlilik”,“taygəldi evlilik”, “baldızla evlilik”,“qayınla evlilik”,“qardaş uşaqlarının evliliyi”,“bir neçə qardaşların bir neçə bacıyla evlilikləri”,“oturakalma evliliyi” [201, s.40-57].

Hazırda Anadoluda ailənin qurulmasının müxtəlif formalarını görmək olur:“Görücü usulü ile evlenme”, “kaçarak evlenme”,oturakalma yoluyla evlenme”, “berdel”, “beşik kertme” və s. Saydığımız evlənmə formalarının hər birinə məxsus mərasimlər keçirilir [109, s.227]. “Oturakalma” yoluyla evlənmə bəzi bölgələrdə- Kütahya, Sivas və Kastamonuda rastlanmaqdadır və bu üsulla evlənmə zamanı qız öz boxçasını götürüb oğlan evinə gəlir, öz evlərinə qayıtmır. “Berder” başlıq məsələsini, məsuliyyətini aradan qaldıran, həm qızı, həm də oğlu olan iki ailənin qarşılıqlı olaraq həm qızlarını, həm də oğlanlarını birlikdə evləndirmələri surətiylə gerçəkləşdirdikləri bir evlilikdir [109, s.229]. Beləliklə, bir ailə digər ailəyə qızını verir və oğluna da həmin ailənin qızını almış olur. Bu evlilik şəklinə Hakkaridə “kepir”, “bedel evliliği”, “kızların değiş tokuşu”, “değişik usulü” və s. deyilir [188, s.188]. “Berder” üsulu evliliyə Bosniya türklərində “al değişik” [163, s.165], Qaraqırğız türklərində isə “değiş-tokuş” [163, s.132], Amucalı türklərində “içli-dışlı” [165, s.80], İraq türkmənlərində isə “kız be kız” [165, s.177] deyirlər. Türkmən türklərində ikili ekzoqami formasına da rast gəlinir. “Qarşa”, “qarşılık” terminləri ilə ifadə olunan “iki bacının iki qardaşla evlənməsi” adəti kalım xərclərinin ödənməməsinə gətirib çıxarırdı [267, s.110]. Başlıq pulunu ödəyə bilməyən ailələr “garşı guda” [97, s.441] olurlar. “Qarşı guda”da iki ailə bir-birindən qız alır, beləliklə də, başlıq pulu verməzlər. Qaraqalpaq türklərində də bu adətə “karşı kuda// karşılık akraba” formalarında rast gəlinir və “qaçırılan qızın qardaşına oğlanın qohumlarından qız almaq” mənasını ifadə edir [163, s.176]. M.Kaşğari qədim türk boylarında qız alıb, qız vermə evliliyinin “berişdi” adlandığını qeyd etmişdir: “olar bir-birge kız berişdi”. M.Kaşğari həm də bu terminin ümumi səciyyə daşıdığını, qarşılıqlı surətdə bir-birindən alınan bütün əşyaların belə adlandığını söyləyir [48, s.126]. “Berişdi” sözün morfemikasına nəzər yetirdikdə bu sözün “ber+iş” feilin qarşılıq növündə olduğunu görürük.

Türkmən türkcəsində qardaşın dul qalmış arvadı ilə evlənmək adəti var, bu da “daklma //takılma //daktırmak”adlanır [119, s.101]. “Daklma//dakılma” sözünün türkmən dilində mənası “tikilib bərkidilmək” (ilgək, bağcıq), “bağlanmak”, “ilgəkdən keçirmək” deməkdir. “Əri ölən qadının ailəsinin dağılmaması üçün qayınlarından birinə ərə verilməsi, bağlanması” anlamı daşıyır. Bu qədim türkmən adətinə hal-hazırda nadir hallarda rast gəlinir: “Ol gelin özüni yüvürcüsine daktırmaz”; “Ulı ağası ölse, onun ayalını kiçasine dakardılar” [97, s.243-44]. Belə evlənmə üsulunun tarixi çox qədimdir. Əksər türk xalqlarında görülən bu evlilik formasının adı latinca “ərin qardaşı”, ya da “qayın” mənasındakı “levir” kökündən gələn levirat sözündən olub türkcədəki qarşılığı “qardaş arvadı ilə evlənmə” və ya “qayın alma”dır. Qardaşın başqa ölən qardaşının dul arvadı ilə evlənməsi şəklində gerçəkləşən bu evlilik tipi türk dillərində müxtəlif adlarla adlanmışdır. Azərbaycanın dilinin izahlı lüğətində bu mənanı ifadə edən leksik vahidə rastlamadıq. Yalnız bəzi dialektlərində bu anlamda qeyri-təyini ismi birləşmələr şəklində formalaşmış “yaraya yarpaq”//“yaraya qaysaq” kimi leksik vahidlərin işləndiyini görmək olar [58, s.174]. Qırğız türkcəsində “amangerlik”, qazax türkcəsində “amengerlik”, özbək türkcəsində isə “omanatgirlik” deyilir [119, s.101]. “Levirat”sözünün qarşılığı olaraq türk xalqlarında işlənən ifadələrin- “omanat//aman//” kökündə ərəb dilindən keçmiş “əmanət” sözü dayanır ki, onun da mənası “müvəqqəti olaraq başqasına verilən əşya” deməkdir. Bizim fikrimizcə, Qazax türkcəsində işlənən leksik vahidin kökündə dayanan “amən” də ərəb sözü olub “inanmaq” mənasını ifadə edir.

Sorarat” evliliyində isə kişi ölən arvadının bacısı ilə, yəni baldızı ilə evlənir. Bu evlilikdə məqsəd ölən bacının evinin dağılmaması, uşaqlarının yetim qalmamasıdır. “Sorarat” evliliyi çox nadir görünən evlilik formasıdır.“Taygəldi” də “sorarat” kimi Türkiyədə az görülən evlilik formasından biridir.“Taygəldi” ayrı-ayrı ana-atalardan olan ögey bacı qardaşların evlənməsidir [109, s.233; s.256]. Dağıstanda yaşayan türk xalqlarında ən geniş şəkildə yayılan və hamı tərəfindən birmənalı qarşılanan evlilik forması “tuhum”dur [165, s.228]. “Toxum” sözünün fonetik cəhətdən dəyişilmiş forması olan “tuhum” “ən yaxın qohumlar arasındakı evlilik//qohum evliliyi” anlamı daşıyır. Qohumlararası evlilik (əmioğlu-əmiqızı, dayıoğlu-bibiqızı) formalarına qaqauz türklərini çıxmaq şərtilə, demək olar ki, bütün oğuz qrupu türk dillərində rast gəlinir. Anadolu türkcəsində bu cür evlilik formasını ifadə etmək üçün “çarpaz kuzen evliliği” leksik vahidindən istifadə olunur [165, s.230].

XVI-XVIII əsrlərdə “evlənmək” mənasında ərəb dilindən keçmiş “əqd-nikah” ifadəsindən geniş şəkildə istifadə olunmuşdur. Bu birləşmənin birinci komponenti olan “əqd” sözü ərəb dilində “bağlama”, “qurma”, “nikah, kəbin” mənalarını ifadə edir. Birləşmənin özü isə “nikah kəsmə, nikahlanma” anlamı daşıyır [32, s.156]. “Əqdi-nikah etsə idi zövcə-zövc, Yazmağa hər bircə nikahnaməni” [76, s.162], “Əqd-nigah mərasimi olduqca təntənəli keçdi, bütün Şişə ruhanilərinə bol xələt verildi, on min əşrəfi və bir batman da pərvanə qanadı kəbin kəsildi (Pərvanə qanadını kəbin kağızına salmaq izdivacın möhkəm olması məqsədi ilə edildi) [20, s.512]. Bizim fikrimizcə, “evlənmək” sözü morfoloji yolla “ev” kökündən yaranmışdır. Azərbaycan dilində həm qadının, həm də kişinin ailə qurması prosesi “evlənmək” adlandırılır. “Evlənmək” həm qadının, həm də kişinin valideynlərdən ayrı, müstəqil şəkildə idarə edəcəyi, sözünü deyə biləcəyi bir evə sahib olmasıdır.

Qədim zamanlardan bu günə kimi öz işləkliyini qoruyub saxlayan ifadələrdən biri də “toy” sözüdür. Bu sözün etimologiyası ilə bağlı müxtəlif fikirlər var: “toy” sözü “məclis-toplantı”, “dövlət məclisi” [12, s.248]; “bayram”, “ziyafət”, “əyləncəli yeməklər” [127, s.248]; “düyün, doğum, evlənmə və buna bənzər hallarda keçirilən məclis” [177, s.53]; “hökmdarlar tərəfindən ilin müəyyən günlərində hökmdarlıq əlaməti olaraq dövlətin tanınmış insanlarına və xalqa verilən və rəsmi xüsusiyyət daşıyan ziyafətlərdir” [203, s.400]. “Dövlət məclisi”ndə -“toy”da iştirak edənlər isə “toygun” adlanırdılar. Bu söz “toy” kökünə “topluluq”, birlik və ya “topluluq üzvi” anlamına gələn “gun” şəkilçisinin əlavəsi ilə yaranmışdır [162, s.249]. Tanınmış türk tarixçisi B.Ögel XIII əsrdən sonra qədim türklərin “dövlət məclisi” anlamında daha çox “qurultay” leksemindən istifadə etdiklərini söyləyir. Bu ifadə monqol dilində “toplanmaq”, “bir araya gəlmək” mənasını ifadə edən “khuril//khural//khuri//kuril” kökünə “-tai” şəkilçisinin əlavə edilməsi ilə yaranmışdır [183, s.73]. F.Sümer qədim oğuzların müəyyən qərarlar almaq üçün təşkil etdikləri toplantının “tirnek”(dərnək) və ya “kengeş toyu” adlandığını və digər türklərdən fərqli olaraq, sonda dəvətlilərin qonaq olduqları evi yağma etdiklərini vurğulayır. Bu adət oğuz türklərində “han-i yağma” adlanır [203, s.400-401]. “Qamus-i Türki” də “toy” sözü “tük” şəklində işlənmiş, “düyün, şənlik, əyləncə, toplantı, cəmiyyət” mənalarını ifadə etmişdir [196, s.1382]. Protürk dövründə “toplantı”, “ziyafət” mənalarında işlənən “toy” leksemi qədim yazılı abidələrimizdə həm də “düyün” mənasında işlənmişdir. “KDQ” dastanının bəzi boylarında “toy” (“tanrıdan dilədikləri arzunun yerinə yetməsi üçün aclara, imkansızlara verilən yemək ziyafəti”) mənasında tək formada işlənmiş, bir qismində “düyün” sözü ilə paralel işlənmişdir. Bir qisim boylarda isə sadəcə “düyün” sözü hazırki mənanı ifadə etmişdir: “Dirse han dişi ehlinin sözüy-ile ulu toy eyledi” [136, s.5]; “Ağır düğün yarağın gördi” [136, s.33];. “..kardaş Beyrek diyü ağlar buzlar, toyun dügünün kara oldı diyü ağlar [136, s.38] və s. “Toy” morfemi “DLT”də omonim səciyyəsi daşıyır. Abidənin dilində bu leksik vahid “ordugah”,“ordu qərargahı”;“dərman düzəldilən bir ot”;“qab-qacaq düzəldilən palçıq, çamur”;“toy quşu, dovdaq” mənalarında işlənmişdir [49, s.144]. M. Kaşğari “DLT” əsərində qeyd edir ki, müasir anlamdakı mənanı ifadə etmək üçün türklər “küdən” leksemindən istifadə etmişdilər. “Küdən” sözünün həm “toy, düyün”, həm də “toy yeməyi” mənalarında işləndiyini abidənin dilində görmək mümkündür [48,s.406]. G.Clauson “toy” sözünün “to:” (“tam dolmaq”,“tox”) morfemi ilə bağlı ola biləcəyini [279,s.451], türk dillərində işlənən ilkin mənasının “düşərgə”,“birgə yaşayış, icma”,“yığıncaq”, ən gec yaranmış mənasının isə “bayram”, əsasən də, “toy ziyafəti” olduğunu qeyd edir [279, s.567]. “EUTS”da “toy” leksemi “bayram” [127, s.248], “toy”; “toy, düyün ziyafəti” anlamında isə “kızaşı” [127, s.178] ifadəsi işlənmişdir. Bizim fikrimizcə, “toy” sözü “doy”(maq) feilindən yaranmışdır. Orta dövr yazılı abidələrinin dilində “doy” feilindən yaranmış “doylamaq” ifadəsinə rast gəldik ki, bu da “yedirib-içirmək”, “doyurmaq”, “ziyafət vermək” mənalarını ifadə edir.

Müəyyən dövr ərzində bu sözlər “toy-düyün” şəklində qoşa işlənmiş, get-gedə “düyün” sözü arxaikləşmiş, dildən çıxmışdır. Toy sözü ilk mənasını itirərək “düyün” mənasında işlənməyə başlanmışdır: “Söz ogüş, qırx dünü gün toylar oldı” [10, s.86]. Əgər toy sözü “doy” feili ilə bağlıdırsa, düyün sözü isə “düy” (bağla) feilindən törənmişdir [15, s.13]. B.Məhərrəmlinin fikrincə, “düyün” sözünün “doy” feili ilə bağlı olması inandırıcı deyil, bu leksik vahidin “ilgək” mənası daha qədimdir, “toy” mənası isə sonradan yaranmışdır. “Düyün isminin yaranma üsulu bunu bir daha sübut edir. Yəni “düy+ün” “düyünlənən, düyün salınan hər hansı bir şey” [62, s.185].Bizim fikrimizcə, “düyün//dügün” sözü “tüg//düg”- “düy”(mək) (düyün, düyün bağlamaq) sözündən yaranmış, kiçik fonetik dəyişikliklərə məruz qalaraq “dügün” formasında müasir türk dillərində həm “düyün vurmaq”, həm də “evlilik mərasimi” mənalarında işlənir: “Yeddi gün dügün oldu müdam” [10, s.103], “Mübarək dügün edib başlayavuz”, “Dügün saçısına gəldi ulular” [10, s.44-53].

Hazırda Azərbaycan dilinin Bakı şivəsində “toy” mənasında ərəb-fars mənşəli “ixtilat” sözündən istifadə edilir: “Əligildə dünən ixtilat vardı” [5, s.178]. “İxtilat” sözü ərəb dilnidə beş mənada işlənir. Həmin mənalardan biri “az adamın iştirak etdiyi toy məclisi, kiçik toy”, digəri isə “əlaqə, münasibət”dir [53, c.1, s.300]. Demək olar ki, göstərilən hər iki məna arasında müəyyən bağlılıq vardır. Yəni yeni qurulmuş ailə vasitəsilə müxtəlif nəsillər, insanlar bir-biri ilə münasibətdə olurlar. Azərbaycan dilinin bəzi dialekt və şivələrində bu mənanı ifadə etmək üçün müxtəlif sözlərdən istifadə olunur. M.Şirəliyev qeyd edir ki, Bakı dialektində “toy” mənasını ifadə etmək üçün qədim türkcədə işlənən “şülən” sözünün fonetik cəhətdən dəyişilmiş forması olan “şilən”, bəzi dialektlərdə isə arxaik səciyyə daşıyan “diringə” leksik vahidindən istifadə olunur [95, s.330-339].

“Müasir Azərbaycan dilinin izahlı lüğəti”ndə düyün sözü bir neçə mənada işlənmişdir: “1. İki ip və s-nin bir-birinə bağlanmasından əmələ gələn yumru ilmək yeri, habelə ipin özünün ilmək halına salınmış yeri; 2. Ağac, kol budağının gövdəyə, yaxud yarpağın zoğa birləşdiyi yer; 3. Məc. İlişik, çətin məsələ, zor iş, dolaşıqlıq; 4. Toy, şənlik” [11, s.733].

“Azərbaycanlıların toyla bağlı qədim adətlərindən biri “beşikkərtmə”dir. Bu zaman iki körpənin nikahının rəmzi kimi beşiyin baş tərəfini iti bıçaqla kərtirdilər (nişanlayırdılar). Fikrimizcə, “beşikkəsmə” adı məhz bu mərasimdən yaranmışdı. Bu adət, demək olar ki, kiçik fonetik fərqlə Azərbaycan dialektlərinin əksəriyyətində işlənmişdir” [67, s.94]. “Beşikkərtmə” adəti “beşikkəsmə” (Bolnisi, Qax, Qazax, Ləkəran, Mingəçevir) [5, s.47], “deyikli” [25, s.31], “göbəkkəsmə”, “qundaqnişanlısı”, “sözkəsdi” [29, s.31], “ərusəkbazlıq”, “yavuqluetmə” [3, s.25] və s. kimi terminlərlə ifadə edilmiş və qohumlar, qonşular, dostlar arasında gələcək körpələr üçün bağlanmış əhd-peyman xarakteri daşımışdı. Bəzi dialektlərdə işlənən “ərusəkbazlıq” ifadəsinin ilk hissəsi olan “ərus” sözü ərəb dilindən keçib “gəlin, yeni ərə gəlmiş, ərə getməyə namizəd qız”mənalarını ifadə edir: “Geçmişdə gəlinlər bugünkü əruslar kimi dəyildilər” [91, s.42], ikinci hissəsi isə “-baz” və -lıq4 leksik şəkilçisindən təşkil olunub.“Beşikkəsmə” üsulu ilə evlənmə müasir türkmən xalqının həyat tərzində geniş şəkildə işlənməsə də, həmin mənanı ifadə edən “kasamyat etmək” leksik vahidi lüğət tərkibində öz yerini qoruyub saxlamışdır.“Kasamyat etmək” ifadəsinin birinci komponenti “kasam//qəsəm” ərəb sözü olub “ədəb-ərkanla verilən söz və ya vəfalı olmaq üçün verilən vədə, and” mənalarını ifadə edir: “Goşun kasam etdi yenmeğe, yeniş gazanmağa içtik biz ant” [97, s.693]. “Kasamyat etmək” yeni doğulmuş qız və oğlan uşaqlarının valideyinlərinin öz aralarında vədələşməsi, sözləşməsidir. Bu leksik vahid müasir türk dilində də “beşik kertme” şəklində işlənir” [69, s.77].

Bu adətə qədim Oğuz dastanı olan “KDQ”də “Bay Börənin oğlu Bamsı Beyrək” boyunda rast gəlinir: “Pay Piçen Big aydur: Biglər Allah Taala mana bir kız virecek olur isə, siz tanık olun, mənim kızum Pay Püre Big oğlına bişik kertme yavuklu olsun didi” [136, s.26]. Orta əsr yazılı abidələrində bu mənanı ifadə etmək üçün “beşikdə namizəd” söz birləşməsindən istifadə olunmuşdur: “İkimiz qıldıq beşikdə namizəd” [10, s.114]. Bu adətə Kərkük türkmənlərində “vaadetmə” formasında rast gəlinir [165, s.86].

Demək olar ki, Azərbaycanın bütün bölgələrində toy mərasiminin ilkin rəsmi mərhələsi “elçilik” hesab edilir. “Azərbaycan dilinin izahlı lüğəti”ndə “elçi”sözünün bir neçə mənada işləndiyi qeyd olunmuşdur: “1. Bir dövləti başqa bir dövlətdə təmsil edən diplomatik nümayəndə, səfir; 2.oğlan və ya onun adamları tərəfindən qız istəmək üçün qız evinə göndərilən şəxs; 3.müəyyən məqsədlə və ya rəsmi danışıq üçün bir yerə göndərilən şəxs, nümayəndə və s.[11, s.204]. Demək olar ki, “elçi” sözünün göstərilən hər üç mənasının əsasını “bir yerdən başqa yerə söz demək üçün göndərilən şəxs” anlamı təşkil edir. Türkiyədə evlənmək üçün “qız axtarmaq” mənasını ifadə etmək üçün “ağız arama”,“dünür düşmə”,“dünür gezme”,“dünür gitme”,“el basma”, “elçilik”, “görücülük”, “görücüye çıkma”, “kız arama”, “kız bakma”, “kız beğenme”, “kız sarraflama”,“kız isteme”,“söz taşlama”,“dünürçü gitme” və ya “şeytan kıçı kırma” (elçiliyə getmə, Tarsuz) “kız bitti”(qızın alınması), “söz kəsdi”, “dügümü dürülür”[174, s.66] kimi terminlərdən istifadə edilir. Qız istəməyə gedən adamları isə “arabulucu”,“aracı”,“saye kılgan”, “büyük dünür”, “dilekçi”, “dünür”, “tüngür”, “dünürçübaşı”,“görücü”, “elçi”,“kılavuz” [171, s.148-157], “dünürçü”,“dünürçü başı”, “elçi”,“görücü” (elçi) [150, s.72] və s. adlandırırlar. Türkmən dilində isə savcı// söz aydıcı// dünür başı [97, s.1061], “gözü pamuklu” və ya “gudaçı”(elçi) [209, s.7] “gudaçılığa gidiləcək// savcılığa varılacak”[198, s.74],“söz aytmak” (qız istəməyə getmək”) [97, s.1110], “gəlin istəmək”(elçiliyə getmək) (Çolan Türkmənlərində) [94, s.99] ifadələrindən istifadə olunur: “Salar bilen guda bolmağı yüregine dövüpdür”.

Müasir Azərbaycan dilində də eyni mənada “quda” leksik vahidindən istifadə olunur. Qazax türklərində “guda” sözü “kuda” formasında işlənir və yalnız “toyda qız tərəfini təmsil edən kişi”,“kudaği” isə“təmsil edən qadın” mənalarını ifadə edir [219, s.214]. R.Q.Axmetyanov ümumtürk qatında geniş şəkildə işlənən “quda” sözünün fin-uqor dillərindən keçdiyini və tatar, başqırd dillərində “koda”, çuvaş dilində isə “xata” fonetik variantlarının işləndiyini qeyd edir [221, s.84]. Türk xalqlarının, demək olar ki, əksəriyyətində yeni ailə quran gəlin və bəyin valideynlərinin bir-birinə “tünür//dünür” sözləri ilə xitab etdiklərini görmək olur və bu sözün həqiqi mənası “evlilik münasibətləri”dir[279, s.523]. “DTS”də “tünür” sözü “nikah qohumluğu” mənasında işlənmişdir. Lüğətdə kökü “tünür” olan bir sıra sözlərin də qeyd olunduğunu görmək mümkündür: “tünür böşük” sözü“bəy və gəlin”, “qohum”; “tünür qadın” “qadın quda”; “tünürlə” isə “kiminləsə qohum olmaq”mənalarını ifadə edir [237, s.597-98]. Azərbaycan dilinin Bolnisi şivəsində “quda” mənasında “düngür” terminindən istifadə olunur [5, s.148]. “Tünür//Dünür” müəyyən fonetik fərqlə müxtəlif türk dillərinin lüğət tərkibində işlənmişdir: başqırt, qazax, Altay dillərində “yavçı”, yakut türklərində “tüngür”, “körüççü” [154, s.347] və s. “DLT”də “tüngür”//“dünür” sözü “qadının qohumları: anası, atası, qardaş və bacıları”nı ifadəedir [49, c.3, s.362]. Bəzi yazılı mənbələrdə“tünür” sözünü “tüngür//tünkür” formasında da işləndiyini görmək olur. “DLT”də “tün” leksik vahidi “gecə”[49, c.3, s.339], “kür” sözü isə “igid”, “sarsılmaz”, “ürəkli”, “vurub yıxan adam” [47,c.1,s.324] mənasını ifadə edir. Oğuz qrupu türk dilləri üçün səciyyəvi olan t-d/k-g/g-y səs əvəzlənmələrini nəzərə alaraq deyə bilərik ki, bu söz“tün+kür” /tünkür>tüngür>tünür>dünür kimi inkişaf mərhələsindən keçmişdir.

Toy mərasimi ilə bağlı işlənən terminlərdən biri də “nişanlama// adaxlama”dır. Toyun əsas mərhələlərindən birinin adını ifadə edən bu proses zamanı qıza üzük gətirilir və beləliklə, həmin qızı “adaxlamış”, “nişanlamış” olurlar. Azərbaycanın bəzi dialektlərində bu mərasim “üzükaparma”,“deyikləmə”, “nişanlama”, “adaxlama”, “adağetmə// adağeləmə”, “adeləmə// adolma” (Qazax), “adax günü”, “addandırmax” (Gəncə), “addamağ” [5, s.12] və s. kimi adlandırılır. Keçmişdə Azərbaycanın bəzi bölgələrində bu anlamı ifadə etmək üçün “xastkar”,“novşah//novşəh” sözlərindən istifadə etmişlər [3, s.5]. Fars dilindən keçən “xastkar” sözü “istəkli” mənasını ifadə edir. Eyni kökdən yaranmış “xastar” ifadəsi isə “qız evinə göndərilən elçi” anlamını daşıyır [53, s.264-265].

Cənubi Azərbaycanda yaşayan Əfşar türklərində adaxlama ifadəsi iki mənada işlənir: Adax və adaxlı -1. Uşağın ilk atdığı addım (uşax adaxladı), 2. Ailə qurmaq üçün atılan ilk addım, 3. Ayağın bir yerə bağlanması [75, s.130]. “Adaxlama”ifadəsinin kökündə məhz ayaq sözü dayanır. Bildiyimiz kimi qədim türkcədə intervokal mövqedə bəzi samit səslər bir-birini əvəz etmişdir, yəni bəzi ümumişlək sözlərdə türk dillərində eyni mövqedə müxtəlif samit səslər t-z-d-y işlənmişdir. Ayaq sözü də atak//azak//adaq//ayaq kimi fonetik formalarda həm qədim, həm də müasir türk dillərində rast gəlmək olar. E.V.Sevortyan “Türk dillərinin etimoloji lüğəti” əsərində adax//ayaq sözünün ilk hecasının a:d//a:t kökündən ibarət olub “addım//addımlamaq” mənasını ifadə etdiyini qeyd edir [276, s.88]. “Evlilik üçün ilkin addımın atılması” kimi dəyərləndirilən “adaxlama” ifadəsi məcazi mənada işlənir və “ayağıbağlı” anlamını ifadə edir.

Radlovun lüğətində “ada+k” sözü “adaq, vəd” (adak etmək, adamak), adaxlı sözü isə “adağ+liğ” formasında “nişanlı qız, gəlin”; “söz verilmiş, işarətlənmiş”, “vədedilmiş, adanmış” mənalarınıda işlənmişdir [257, s.479]. Ümumiyyətlə, V.V.Radlov adaq sözünün kökü hesab olunan “ata” sözünün türk dillərində“işarətləmək”, “damğalamaq”, “təyin etmək”, “nişanlamaq” kimi mənaları ifadəetdiyini qeyd etmişdir: “Kızın anğa atadı” (Qızını ona nişanladı) [257, s.452]. Eyni semantik məzmun daşıyan“ata//ada” leksemindən yaranmış ifadələrə müasir türk dilində geniş şəkildə rast gəlinir: “atamak”- “bir işə başlamaq”, “atanmak”-“təyin olunmaq” [210, s.32] və s.

“KDQ”də bu ifadə adahlu//adaklu formasında işlənmişdir. Abidənin dilində bu sözlə bərabər yavuklu sözü də geniş şəkildə işlənmişdir: “Adaklusundan ergenlik bir kırmızı kaftan geldi, Beyrek geydi”, “Yavuklusu var-idi, tiz dügün dirnek etdiler”“Mere niye ağlarsız, biz bunı tanımazuz, adaklusına aparın görsün ol yahşı bilür, zirz ol diküpdür yine ol tanır didi”[136,s.33-34; s.103]. Dastanda işlənən “adaxlı, nişanlı” sözləri sədaqət rəmzidir. Belə ki, Banuçiçək öz nişanlısını- Beyrəyi on altı il gözləyir. Orta dövr yazılı abidələrinin dilində “nişanlı” mənasında “namizəd” terminindən də istifadə olunduğunu görmək mümkündür: “Qıldılar bir-birinə namizad”,“Bən qızımı namizəd eyləmişəm” [10,s.101; s.135].Adaxlı sözü qədim zamanlardan bəri işlənmə tezliyinə malik olduğu üçün şifahi xalq ədəbiyyatının müxtəlif janrlarında da geniş şəkildə rast gəlinir: “Qızıl üzük laxladı, Verdim anam saxladı, Anama qurban olum, Məni tez adaxladı” [8,s.29]. Nişanlanmaq mənasında “adaxlı”, “ayağı bağlı” kimi ifadələr XV-XVI əsrdə M.Füzuli yaradıcılığında paralel işlənmişdir: “Ol sərvin ayağı bağlı oldu, Azadə ikən adağlı oldu” [36,s.112]. Bu sözə XIX əsr M.F.Axundzadə yaradıcılığında da rast gəlirik: “Bəs əmin oğlu Şahbaz bəy kimin adaxlısıdır?”[1,s.41]. Türk xalqlarına fars dilindən keçmiş “nişan” sözünün “Azərbaycan dilinin izahlı lüğəti”ndə bir neçə mənası göstərilmişdir: “1.əsər, əlamət, iz; 2.əlamət, işarə, nişanə; 3.güllə, ox və s.ilə vurulmalı olan hədəf; 4. nişangah; 5. oğlan tərəfindən qızı nişanlamaq məqsədilə göndərilən üzük, şirni və s. şeylər” [11,s.520]. Müasir Azərbaycan dilində yüksək işlənmə tezliyinə malik olan nişanlı ifadəsinə “Kitabi-Dədə Qorqud” dastanında da rast gəlinir: “Ortamızda bu nişan olsun han kızı dedi”; “Bakdı gördi, bu otağ Banı Çiçək otağıymış ki Beyrəgün bişikkertmə nişanlusu, adahlusı-yidi”[136,s.29-30]. Bu sözün abidənin dilində geniş şəkildə işləndiyini nəzərə alaraq qeyd etmək lazımdır ki, türk xalqlarının dilində nişanlı ifadəsinin işlənmə tarixi daha qədim dövrlərə ehtiva edir. Amma dastanda “nişan mərasimi” anlamında yalnız “küçük toy” ifadəsi işlənmişdir: “Kiçi dügünün eyledi ulu dügünine vade kodı” [136,s.36].

Azərbaycan dilinin bəzi dialekt və şivələrində“nişan”,“nişanlanmaq//nişanlamaq” mənasında“baro:utdamax” (Qazax) [5,s.40], “diləmağ//diləmax” (Dərbənd, Qax, Şəki) [5,s.134], “quyruxlamax” (Basarkeçər, Hamamlı) [5,s.318], “şannamax” (Daşk.Xan.Qaz.) [5,s.457] və s. ifadələrə rast gəlinir. “Nişanlı” mənasında isə “nükürdə”(Dəvəçi) [5,s.382], “tutalğa” (Meğri) [5,s.509] sözlərindən istifadə olunur. B.Ögelin fikrincə, “nişanlı” sözü inkişaf etmiş qərbi türk dövlətlərinin hamısında, “adaklı” sözü isə ancaq böyük imperyalar qurmuş oğuz və türkmənlərdə işlənmişdir [183, s.267].

Əsasən, Azərbaycanın qərb və cənub dialektlərində işlənən nişan mərhələsi ilə bağlı olan “bəlgə” sözü türk mənşəlidir. Hal-hazırda Azərbaycan dilinin dialekt və şivələrində bəlgə//bəlkə formalarında işlənən bu söz “adaxlanmış oğlan evindən qız evinə göndərilən ilk nişan şeyləri” mənasını ifadə edir [25,s.16]. Ümumtürk leksik qatına aid qədim türk yazılı abidələrində “belgü” ifadəsi “əlamət, nişan” mənasını ifadə etmişdir [83, s.33]. “Kişilik bolur çin kişi belgüsi kiçigda bolur barça belgü-əsl insan əlaməti bütün əlamətləri uşaq vaxtından məlumdur” [237, s.93]. Həmin mənbədə belgü sözü ilə bağlı bir sıra sözlərin işləndiyini də görmək mümkündür: belgülük//belgülüg (görünən, aydın), belgüla (başa düşən), belgüsüz (anlamaz), belgürmak (göstərmə) və s. [237, s.93]. Orta Asiyada nişanlılıq simvolu olan hədiyyəyə “belgü” deyilir. Oğlan adamları tərəfindən qıza taxılan hədiyyədən sonra oğlanla qız adaxlı sayılır və bu üzük onların “bir-birinə adandıqlarını” ifadə edir [183, s.267].

Türk xalqlarında “başlıq” evlənmə ilə bağlı ən vacib bir adətdir. “Kalın, kalıng, kalım” formasında bütün türk dillərində işlənən bu ifadə qarşılıqlı bir sözləşmədir, yeni evlənənlərin ailə düzəninin qurulmasında edilən kömək, yardımdır. Oğlan evinin verdiyi “kalın”nın qarşılığı qız evinin verdiyi “cehiz”dir. Yəni “kalın”“cehiz” maddi imkanların qarşılıqlı şəkildə paylaşması deməkdir. G.Clauson “kalım” sözünü “gəlin qiyməti” kimi tərcümə edir və türk xalqlarının XV əsrdən sonra bu sözün əvəzinə daha çox ərəb dilindən keçmiş “əl-mehr” ifadəsini işlətdiklərini qeyd edir [279,s.622].

Başlıq Türkiyənin bəzi yerlərində tamamilə başqa adlarla adlanmışdır: söz kesti (Eskişehir), “süt hakkı” (Artvin, Türkmenistan), “kan parası” (Hatay), “baba ağırlığı” (Lüleburqaz), “atayolu” (Sinopda), “kesbiç” (Van), “kolluk” (Niğdə),“kalın” (Kayseri),“baba hakkı” (Tekirdağ), “ana hakkı” (Akdeniz), “yegi” (Rizə), “gün salık” (Yozgat), “ana yolluğu” [178,s.93], bahşiş\ yiyda\ hizmet\ avaret [124,s.215] və s. Vanda“başlıq” mənasında işlənən “kesbiç” sözünün orfoqrafik cəhətdən fərqli formasına Azərbaycan dilininin Qərb dialektində “kəsi-biçi” şəklində rast gəlinir.

Anadoluda da “süt hakkı, ana bezi, bacı yolu” kimi qız ailəsinə verilən hədiyyələrdə bu əski Türk gələnəklərinin günümüzə qədər gələn izləri olmasını gərəkdirir. Anadolunun bir çox yerlərində də kalın bir “hibe” (bəxşiş, hədiyyə) olaraq görülməkdədir [183,s.260]. Çərkəz türklərinin bir qismi başlığa “vase”, digər bir qismi, o cümlədən də Sarıqamış çərkəzləri “süt hakkı” [230,s.307], Makedoniya türklərində isə “gün kesme” [164,s.29] deyirlər. Türkmənlərdə başlıq “galın”, “salğıt” [97,s.414; s.1045] ya da “kesanatun kesişmek” adlanır və burada digər türk xalqlarından fərqli olaraq galının məbləğini qadınlar müəyyənləşdirirlər.

Türk xalqlarında oğlan evinin verdiyi başlığın qarşılığı olaraq qız evi də gəlin gedən qıza cehiz verirdi. Türkmənistanda ailə quran qıza ata-anası tərəfindən verilən əşyalar “sep//şay-sep” adlanır: “Gelen gelnin bir-iki lay eğin-başından başka sepi yokdı” [97,s.1073]. “Şay-sep” müasir türkmən türkcəsində “gümüşdən və qiymətli daşlardan hazırlanan ziynət əşyası” anlamı daşıyır. “Sep” sözü qədim tarixə malikdir. Qədim türklər “gəlin gedən qızın cehizinə” “sep” [131,s.496], qərbi Anadolu türkləri isə, ümumiyyətlə, qızlar üçün hazırlanan cehizə “sepi” deyirlər [37,s.265]. Qədim oğuz türkləri “sep” sözü ilə bağlı olan “septür”, yəni “ərə gedəcək qız üçün cehiz hazırlamaq” feilindən də geniş şəkildə istifadə etmişlər [48,s.182]. Bu leksik vahid tatar dilində “sip” şəklində işlənir və “bəyin gəlinə verdiyi hədiyyə” və ya “yeni evlilərə valideynləri tərəfindən verilən hədiyyə” mənalarını ifadə edir. Ramstedin fikrincə, bu söz “sӓp” variantında həm qədim türkcədə, həm də qədim uyğur türkcəsində “cehiz”, “gəlinin geyim və bəzək əşyaları”, kalmıklarda isə “seb” formasında “gəlinin ata – valideyn evindən gətirdiyi bütün kiçik əşya və ləvazimatlar” mənasında işlənmişdir [221,s.92]. “Sep” yakut dilində “top”,“silah və silah ləvazimatları”, “köhnə tikili”, ümumiyyətlə, keçmişdə “gəlin və bəyə silah vermə adəti” mənalarını ifadə edir [267,s.57]. R. Axmetyanov çuvaş dilində işlənən “sap” variantının və bəzi türk dillərində işlənən “sapla”“təmir etmək, yamamaq” feilinin bulqar dilində işlənən və “yamaq” mənasını ifadə edən “sap” sözündən meydana gəldiyini qeyd etmişdir [221,s.92]. “EDAL”da qədim türklərin işlətdiyi “sep” ifadəsinin “məişətlə bağlı əşya” və “cehiz” anlamı ifadə edildiyi vurğulanır [281,s.1195]. Anadolunun bəzi bölgələrində cehizə “seysane” deyilir. Bu sözün türk dilinin bəzi dialektlərində “seysene//seysine” variantları da işlənir. “Keçmişdə türkcədə “sayishane// seyishane” ifadəsi də işlənirdi və “yüngül bir yük qoyub üzərində də seysin oturduğu at” mənasını ifadə edirdi. Fars dilində “sais//sayis”-“mehtər”[54,s.258],“saisxana”-“heyvan yükü”,“gəzinti zamanı kübar yükü”, ərəb dilində isə “sais” sözü “at yükü” mənalarını ifadə edir” [135,s.363].

Toyun müəyyən mərhələsində paltarkəsdi, xınayaxdı mərasimlərini yerinə yetirirlər. Azərbaycanın Şirvan bölgəsində“paltarkəsdi” mərasimini “bazarlıq” [7,s.384], Yardımlı rayonunda “paltarbişdi” [73,s.143] adlandırırlar. Qız evində keçirilən sonuncu toy şənliyi Azərbaycanın əksər bölgələrində “xınayaxdı”, bəzi bölgələrində “xına toy”, Bakı, Lənkəran, Şəki bölgəsində “qız toyu”, Quba rayonunda “xına gecəsi”, Qazaxda “qız başı”, Təbrizdə “yegəl” [6,s.389], Salyanda “əlifli” [6,s.158], Ağdaşda isə “qızyığdı”[6,s.305] adlanır: “ Kiçikbəyimi tay-tuşu ilə bərabər gəlin hamamına apardılar, sonra qaşalma və xınaqoyma oldu” [20,s.494]. Türkiyə türkcəsində bu mərasim “kına” adlanır.

Toy mərasiminin ikinci hissəsi hesab olunan böyük toyla bağlı oğuz türklərinin hər birində bir sıra leksik ifadələr işlənir. Azərbaycan dilində: “xan”, “şah”, “toy babası”, “toybaşı”, “toyağası” [6,s.387], “padşah” (Bərdə) [5,s.391], “sarfayı// sarxeyir” (Şirvan) [5, s.421] (bəyin məclisini idarə edən); “çağırışçı”, “salaçı”, “xəlfə”[6,s.386], “xandaçı”(Salyan) [5, s.216],“təlifçi” (Şahbuz) [5, s.489], “nərə”(Naxçıvan) [5,s.374] (adamları bəy toyuna dəvət edən şəxs, qadın); “toyxana”, “mağar”[6,s.88], “toydamı”(İmişli) [5,s.504] (toyun keçirildiyi yer);“şabaş” (toyda rəqs edənlərə verilən pul) [6,s.388]; “dizdayağı” (qayınata və qayınananın gəlinin oturması üçün verdiyi hədiyyə) [6,s.393], “tabaq qaytarmaq” (qıza niºanda gətirilən xonçanın əvəzindən bəyə göndərilən xonça) [14,s.46]; Türkiyə türkcəsində: “kız günü”(xına günü),“kınalık” (xına günü gəlinin geydiyi paltar),“ağırlık katmak”(xına günü qayınananın gəlinə verdiyi hədiyyə) [174,s.67], “bayrak yolu”(oğlan evindən alınan bəxşiş) [190,s.107], “güveği traşı” (bəyin toya hazırlaşması) [190,s.111], “okuntu”(toya çağırmaq),“yol dağıtımı”(dəvət olunmaya) [190,s.114], “kırkım” (toya gətirilən hədiyyə), “okurluk” (toya dəvət olunanlara verilən şəkər və kiçik çörək) (Sinop), “asvap//esvap kesme”(bəy və gəlin üçün edilən alış-veriş) [174, s.66-67], “kapı bıçağı”(toy günü gəlinin qardaşının bəydən aldığı pul) (Kızılchamam) [109, s.145],“kardeş kuşağı”(gəlinin belinə bağlanan lent) [174, s.67], “gelin uğuru” (Anadolu), “yüz akı” (özbək) (gəlinin arxasınca su tökmə) [181, s.267-268], “indirmelik” (gəlinin minik vasitəsindən düşməsi üçün bəyin atasının vəd etdiyi hədiyyə), “inmecelik” [174,s.66], “düğün ekmeği”(bəy evində toy üçün bişirilən çörək), “kına ekmeği” (qız evində bişirilən çörək) (Yozqat), “ekmeğ değiştirme” (bəy və gəlin evinin bir-birinə verdiyi çörək) (Sinop) [190,s.101-102], “davetiye” (dəvətnamə),“davetçi” (Türk), “teklifa” (Axıska türkləri) (toya dəvət edən)[163,s.263], “toy” (nişan) (Yörük), “yolluk” (qız tərəfindən hazırlanan hədiyyə), “kellebaşı” (içərisində dəsmal, corab, köynək olan boxça)[190,s.90;s.221]. “evirlik”(Kastamonu); “ana baba daveti” (Menemen) [174,s.212]; “üç günlük”,“el öpme”,“baba evine gitme”,“ayak dönümü”(toydan sonra qızın öz ailəsini ziyarət etməsi) [125,s.188],“sepet-semet”(gəlinin cehizinin qonaqlara göstərilməsi), “gelin göçü”, “gelin götürmesi” (gəlinin toy günü oğlan evinə aparılması) [112, s.30; s.43], “tomqavıt”(toydan əvvəl gəlinə göndərilən əşya) (Mərsin), “divağ // divah // duvak // duvağı” (toy günü bəy evində olan qonaqlara paylanan halva) [124, s.109; s.119]; Türkmən dilində: “gız yıgın” (toydan bir-iki gün əvvəl qız evində gənc qızlar üçün keçirilən mərasim) [198, s.76], “gelin alıcı//gelnalcı” (türkmənlər toy günü qızı oğlan evinə gətirənlərə), “yenne// eнне” (gelinin köməkçisi) [267, s.111],“kürte” və ya “bürüncek” (gəlin paltarı), “kürte atmak”(gəlinliyi geydirmə), “şaylı tahya” (gəlinin başına taxdığı başlıq), “kırmızı don”“təlpək” (bəyin toy libası) [209, s.11], “qız payı”, “sapak çekmek”(toyda verilən hədiyyə) [97, s.1054], “dalaş” (gəlini oğlan evinə aparan zaman qız tərəfi ilə oğlan tərəfi arasında oyun) [97, s.245],“altın gabak”,“yağlığa tovusmak”(dəsmal tutmak), “çeke” (oyun) [97, s.208],“küşt tepti”, “zikir”, “yar-yar”, “leylim”, “bizar”(rəqs),“kapı tutma”(qız evində gəlinin qapısının bağlanması mərasimi), “kapılık”(oğlan evindən alınan bəxşiş), “seçgi seçmek” (gəlin ata evindən çıxan zaman başına buğda, düyü, konfet və s. səpmə mərasimi),“yaglık çekmə” (nişan), “palas hakı” (gəlinin ətrafındakılara verilən bəxşiş): “Kan berin palas hakımız bermeseniz, turara yok çakımız” [97,s.938] və s.

Toy mərasimi ilə bağlı olan leksik vahidlərin bir çoxu Azərbaycan dilində “bəy” sözünün digər sözlərlə birləşməsindən yaranmışdır: “bəy xonçası” (qız evindən oğlan üçün göndərilmiş hamam dəsti) [6, s.390]; “bəy durma”, “bəy başı”, “bəy oturma” (toyun sonunda bəyin tərifi) [6,s.393]; “bəy hamamı”, “bəy başı”( kompaniya şəkilli kişi toyu (Salyan) [5, s.43] və s.

Qədimdən bu günə qədər işlənərək öz fəallığını qoruyub saxlayan ifadələrdən biri də “sağdış”dır. A.İnana görə, “sağdıç” toy mərasimində “bəylə dostluq edən adam” anlamı daşıyır və kökü orta əsrlərə gedib çıxır. İbn Mühənna lüğətində müasir dövrdə “sağdıç” anlamı daşıyan “ayaş” termininin “ahitləşən”, “dostlaşan kimsə” mənasını ifadə etdiyini qeyd edir [45, s.13]. “Sagdış” sözü “DLT”də “sagdıç” şəklində işlənmiş və “dost” anlamını [47, s.447]; “DTS”də “saydiç” formasında “sadiq yoldaş” [97, s.5], G.Clausonun lüğətində isə “gəlini müşayiət edən, qulluq edən adam” [279, s.806] anlamını ifadə edir. “Sağdış”toy mərasimində bəyin (oğlanın) və ya gəlinin sağ tərəfində oturan, yaxud onları müşayiət edən şəxs” [11,s.15]. “KDQ”də “sağdıç” şəklində işlənir: “İki qardaş bir birinə sağdıç oldılar” [136,s.107]. Bu leksik vahidin birinci komponenti olan “sağ” sözünün türk dillərində müxtəlif semantik çalarları vardır. G.Clauson “sa:ğ” morfeminin qədim türkcədə yalnız “sa:ğ ya:ğ”(“təmiz yağ”) birləşməsində işləndiyini, oğuz türklərində “su//so://sax//sav//saw//sağ” fonetik formalarının işləndiyini və XI əsrdə yalnız “yaxşı” mənasını ifadə etdiyini qeyd edir. “Sa:ğ” leksemi həm “təmiz, qarışıqsız, qüsursuz, tər-təmiz”, həm “sağlam, möhkəm, ağıllı, həqiqi, düzgün”, həm də “tərəf” mənalarında işlənmişdir [279,s.803]. M.Kaşğari qədim türk boylarında “sağ” ifadəsinin “sağlıq, sağ, əsənlik” [47,c.1,s.153; 48,c.2,s.154]; “sadə, kərə” (sağ yağ-kərə yağ) [48,c.2,s.154]; “yun atmaq, yun qabartmaq, çırpmaq üçün işlənən çubuq” [48,c.2,s.154] mənalarında işləndiyini söyləyir. Oğuz türkcəsində isə digər türk dillərindən fərqli olaraq “dadlı”, “gözəl”, “xalis”, “isti” mənalarını ifadə etmişdir [48,c.2,s.154]. “Sağdıç” sözünün ikinci komponenti olan “-dıç//-daş” şəkilçisi ilə bağlı türkologiyada bir çox fikirlər var. K.Q. Zaleman “-daş” şəkilçisinin “da+eş” hissələrindən ibarət olduğunu, -da şəkilçisinin ismin yerlik hal, -eş hissəsinin isə “yoldaş”, “ortaq” mənalarını ifadə edən söz olduğunu qeyd etmişdir [92,s.58]. H.Mirzəzadə təkvariantlı -daş şəkilçisinin yazılı abidələrimizin dilində üç cür (-daş,-taş, -diş) təsadüf edildiyini və “yoldaşlıq”, “iştirakçı” və “həmyerlik” mənasını ifadə etdiyini, -diş formasının yalnız Azərbaycan türkcəsində toy mərasimi ilə bağlı olan “sağdiş” sözündə işləndiyini göstərmişdir [74,s.57]. Rus türkoloqu A.N.Kononov –daş şəkilçisinin rus dilində “so” sözönünə (соотечественник, сослуживец) uyğun gəldiyini və türk dillərində cingiltili samitdən və saitdən sonra daş, kar samitlərdən sonra isə -taş variantının işləndiyini qeyd etmişdir [247,s.64]. Ş. Süleymanov sağdış, soldış sözlərinin II komponentinin –da yerlik hal və türk dillərinin oğuz qrupuna aid eş (dost, yoldaş) sözünün qovuşmasından ibarət olduğunu, quruluşunun aşağıdakı model əsasında formalaşdığın qeyd edir: “sağdış< sağ+da+eş”bəyin və ya gəlinin sağdakı yoldaşı, dostu”; “soldış< sol+da+eş”soldakı yoldaşı, dostu”, “qarındaş/qardaş< qarın+da+eş” sözündə olduğu kimi [93, s.27]. Bizim fikrimizcə, “sağdış” sözü “çoxunluq tərəfindən başa düşülən “bəyin sağ tərəfində dayanan adam” anlamını deyil, “bəyin ürək sözünü deyəcəyi, dərdini bölüşəcəyi, özü qədər inandığı ən yaxın dostu” mənasını ifadə edir. Kökü qədim türklərə bağlı olan “sağdış” mənasını ifadə etmək üçün Azərbaycan dilinin şivələrində müxtəlif adlardan istifadə edilmişdir. Dialekt leksikasına diqqət yetirdikdə “bəy və gəlinin sağdışı” anlamında müxtəlif leksik vahidlərin işləndiyinin şahidi oluruq: bəy üçün “balbacan//balbağan” (Qax-Zaqatala),“bava öyü” (Basarkeçər) [5,s.37; s.43], “qardaşdıx” (Basarkeçər, Qazax, Şəmkir, Tovuz) [5,s.282], “lələlix” (Daşkəsən, Gədəbəy, Xanlar) [5,s.328], “salıqardaşdıx” (Qazax) [5,s.454], “böyük yançı”(Şəki)[3,s.162]; gəlin üçün “kələxuvağı” (Dərbənd) [5,s.247], “bajılıx” (Daşk.Gədəb. Xan.) [5,s.37] və s. Qaraqırğız türklərində “bilazer” [163,s.129], Amucalı türkləri“bəyin sağdışı” mənasında “ahiretlik” sözünü işlədirlər[163,s.78]. Bəzi türk dillərində işlənən “axiretlik”sözünün mənası “ölənə qədər yoldaşlıq//dostluq etmə”dir. “Sağdiş” ifadəsi kiçik fonetik fərqlə müasir türk dilində “sağdış”, qaqauz dilində “saadıç” şəklində işlənir. Türkmənlər “sağdıc” mənasında “musayıb”sözündən istifadə edirlər. “Musayıb” sözü kiçik fonetik dəyişikliyə uğrayaraq Azərbaycan dilinin Şəki dialektində “müsahib” formasında işlənir.

Oğuz qrupu türk dillərinin etnoqrafiyasında rast gəldiyimiz toy terminlərindən biri də “duvaq”dır. “Duvaq”1.Gəlin gedən qızın üzünü örtən tül örtü; 2. Məc. Təşbehlərdə “örtü” mənasını ifadə edir [11, s.710]; Türk dilində “gəlinin başını, bəzən də üzünü örtən tüldən örtü”,“Küp, təndir, baca kimi əşyaların daş və ya torpaqdan hazırlanmış qapağı”,“bəzi uşaqlar doğulanda başlarında olan qabıq” [210,s.1049]. Qaqauz dilində bu leksik vahid “duak” şəklində işlənir və “üz örtüyü”, “qabıq”, “nəsilartırma”(məc. duak içinde duumaa-duvaq içində doğulmak(şanslı olmaq))mənalarını ifadə edir [144,s.83]. Türkmən dilində “duv-ak” formasında “gəlinin üzünə çəkilən örtü” anlamında işlənir: “Yüzü duv-ak boldu” (gəlin oldu)[97,s.314]. V.V.Radlovun lüğətində“gəlinin üzünə örtülən qırmızı pərdə”,“yeni doğulmuş uşaqlarda olan qabıq”, “dırnaqlı” mənalarının olduğu göstərilmişdir [259,s.1797]. Azərbaycan dilinin dialektlərində “duvaq” sözü müxtəlif mənalar ifadə edir: duvax-üstündə xəmir yaymaq üçün taxtadan hazırlanmış əşya (Ağdam, Naxçıvan, Cəbrayıl), qız ərə gedəndən bir neçə gün sonra düzəldilən gəlingörmə mərasimi (Oğuz, Şəki) [5,s.146]; doax-qabın ağzını örtmək üçün dairəvi taxta qapaq (Bolnisi, Qazax, Tovuz) [5,138]. Türk dilinin bəzi dialektlərində “duğak”, “dulak” variantlarına da rast gəlinir. Qazax dilində “tumak”-qış başlığı, özbək dilində “tuvok”, qırğız dilində “tubak”, uyğur dilində “tuvak” şəklində “qapaq” mənasında işlənir. Orta türkcədə işlənən “tuğ”- örtü, qapaq sözündən yaranmışdır: tuğ+ (a)k kiçiltmə şəkilçisi [135,s.124]. V.Qərənfil “duvaq” sözünün qədim türkcədə işlənən “togi” (toxumaq) [237,s.526] sözü və -ak şəkilçisindən [240,s.16], E.Ələkbərova isə “bağlamaq” mənalı düv-([27,s.584] və -ak//-aq morfemlərinin birləşməsindən düzəldiyini qeyd edirlər [27,s.112]. Bizim fikrimizcə də “duvaq” sözü “örtü”, “qapaq”, “bağlamaq” mənalarını ifadə edən “tuğ//düv”kökü və -ak şəkilçi morfemindən yaranmışdır. Oğuz qrupu türk dillərində “duvaq” sözünün derivatlarından geniş şəkildə istifadə olunur: duaklı, duvaqlıq, duaklamaa(duvaqla örtmək), duvaklanmak(evlənmək), duvakçılık(duvak hazırlayıb satmaq), duvaklama(duvaqlama işi) və s. “Duvaq”sözündən yaranmış “duvaqqapma” xalq dastanlarının axırında, adətən, gəlini tərifləyən və ona nəsihət verən aşıq şeiri [5,s.710]; “toy mərasimlərinin sonunda bəy evində kiçik oğlan uşağının (oğlan tərəfindən) gəlinin üzündən duvağını alıb qaçması” mərasiminin adıdır.: “Sonra gəlinin qohumlarından bir uşaq əlində oxlov irəliləyib gəlinin duvağını oxlovla cəld qaldırdı və götürüb otaqdan qaçdı”[20,s.312].

Toydan sonra bəylə gəlinin bir araya gəlməsi “gərdək” adlanır və bu dini və ya mədəni nikahdan sonra gerçəkləşir. Qədim türk dillərində “kerdük” şəklində, müasir türk dillərində isə “kerdek”, “kerqiek” variantları işlənir [51,s.35]. Orta dövr yazılı abidələrinin dilində bu leksik vahid “gerdek//gərdəg” şəklində işlənmişdir: “Gerdeklerine çapup düşdiler, murada maksuda irişdiler” [136,s.107], “Hərami ol gecə gərdəgə girdi” [10,s.54]. “Gərdək” sözü fars dilindən keçmiş və “qubbə və ya qubbəli otaq” mənasını ifadə etmişdir. Fars dilində “gəlin otağı” mənasında işlənməmişdir. Bu söz digər türk dillərinə orta Asiya türklərindən keçmişdir və ən çox oğuz və qərbi türklər tərəfindən işlənir. Osmanlı kitabələrində isə bu söz “gərdəklik// gərdək evi” formalarında işlənmişdir [183,s.270]. Ürgüpdə “gərdək” leksik vahidindən deyil, “toy gecəsi bəylə gəlinin bir yerdə olması” mənasında “ev olma” ifadəsindən istifadə olunur [188,s.289].

Oğuz qrupu türk dillərinin lüğət tərkibində evliliklə bağlı bir sıra qohumluq terminləri işlənir. Məsələn: dünür, gəlin, güvey, yengə və s. Müxtəlif türk dillərində kiçik fonetik fərqlərlə işlənən “yengə”: jingü (başq), jenge (noq), jene (qırğ), janga (özb, uyğ) “böyük qardaşın arvadı və ya yaşda böyük qadın qohumu” mənalarını ifadə edir[266, s,313].“Yengə”leksik vahidi Türkiyə türkcəsində “gəlinlə birlikdə oğlan evinə gələn qadın”mənası ilə bərabər “böyük qardaşın arvadı” mənasını da ifadə edir. Bu leksik vahidə Azərbaycan dilində də rast gəlinir. “Bu söz Azərbaycan dili şivələrində “toy günü gəlini bəy evinə aparan qadın” mənasından başqa “qardaşın, əminin və dayının arvadı” mənalarında da işlənir. Azərbaycan dilinin Böyük Qarakilsə, Basarkeçər, Şəki, Zaqatala şivələrində bu söz “qardaşın, əminin, dayının arvadı”, Tovuz, Qazax, Borçalı şivələrində isə “qardaşın və əmioğlunun arvadı” mənalarında özünü göstərir” [35,s.246]. M.Kaşğarı qədim türklərin “yengə” mənasında “əgət” sözündən istifadə etdiklərini söyləyir [47,c.1,s.125]. Eyni fonetik tərkibdə “yenqgə” termini “DLT”də yalnız “böyük qardaşın arvadı” mənasında işlənmişdir [49,c.3,s.330]. S.Nişanyan bu sözün “böyük qardaşın və ya dayının arvadı” mənasında işləndiyini qeyd etmişdir [202,s.949]. Sözün hər iki mənasından da yengənin nikah nəticəsində ailəyə daxil olduğunu görmək olur. G.Clauson lüğətində isə “yenge” termininin “atanın kiçik və ya böyük qardaşının arvadı”, “kiçik xala//bibi”, “böyük//yaşlı gəlin və ya baldız” mənalarını ifadə etdiyini görmək mümkündür [279,s.950]. G.Clauson yenge sözünü türk dillərində “böyük” mənasında işlənən “eke” sözü ilə əlaqəli ola biləcəyini qeyd edir. “Eke” başlanğıcda “bir insanın özündən daha yaşlı və atasından daha gənc olan yaxın qadın qohumu” mənasını ifadə edir ki bu da “kiçik bibi, böyük bacı” anlamı daşıyır. Sonralar “eke” termini müxtəlif türk dillərində sadəcə “böyük bacı” semantikasını saxlaya bildi [279,s.100].

Güvey” sözünün qədim variantı olan “küdegü” sözünü G.Clauson lüğətində “kürəkən”, “qızın həyat yoldaşı” [279,s.703] mənasında, sözün ilk hecası olan “ku:d-g” hissəsini isə “gözləmək”, “qoyun yığmaq” kimi qeyd etmişdir [279,s.701]. A.İnan monqollar üçün səciyyəvi hesab etdiyi “küdegü” sözünün türk xalqlarının əksəriyyətində geniş şəkildə işlənən “dünür” sözü ilə eyni semantikaya malik olmadığını vurğulayır və sözün ilk hecasını-“küd” sözünü “güdmək” və “çoban” kimi izah edir [157,s.140]. Ramsted “küdegü” sözünü monqol dilində işlənən “kür” sözünün “degü” (bacının həyat yoldaşı) sözü ilə birləşməsindən yarandığını qeyd edir [135,s.169]. “EUTS”da “küden” sözü “müsafir”, “qonaq”; “kedenlik” sözü isə “qonağa məxsus ev” [127,s.120] mənasında işlənmişdir. Bizə elə gəlir ki, “küdegi” sözü “DLT”də verilmiş “küdh”-“durmaq”, “gözləmək” sözü ilə uyğur türkcəsində işlənən “küden” sözünün birləşməsindən yaranıb. G. Clausonun lüğətində “küden” sözü “toy mərasimi//ziyafəti” və “qonaq” mənalarında işləndiyi göstərilir [279,s.705]. XI əsrdən etibarən yazılı mənbələrdə “küdegü” leksik vahidində d-y əvəzlənməsi (güyege) müşahidə olunur: “Güyəgü qayınata toprağındandır” [80,s.153], “Güyəgüyə də anda sağdıç oldı” [10 ,s.85]. Ə.M. Dəmirçizadə “güyegü” sözündəki - şəkilçisinin qeyri-məhsuldar olduğunu və “Kitabi-Dədə Qorqud” dastanın dilində yalnız bir neçə feildən isim (güyə-gi-si, sev-gi-si) düzəltmək üçün istifadə olunduğunu qeyd etmişdir: “Han babamın güyegüsi, Kadın anamun sevgüsi” [22,s.70]. Orta dövr yazılı abidələrinin dilində “kürəkən” mənasında daha çox “güyəgü” terminindən istifadə olunduğunu görmək olur: “Güyəgüyə də anda sağdıc oldı” [10,s.85]. Azərbaycanın Şirvan, Gəncə, Qazax, Borçalı və Göyçə bölgələrində qızın əri üçün kürəkən sözünün əvəzinə “göy” sözü işlədilmişdir. Ehtimal ki, Azərbaycanın bir çox bölgələrində müasir dövrdə də “kürəkən” toy mərasimində işlədilən “göy” sözünün zəmanəmizədək gəlib çıxan qədim oğuz “göykü” sözünün qısaldılmış formasıdır.

“Damad” sözü də, demək olar ki, oğuz qrupu türk dillərindən yalnız Türkiyə türkcəsində işlənir. Bu söz fars dilindən keçib və “kürəkən”//“qızının əri//həyat yoldaşı” mənasını ifadə edir [283,s.554]. Türkiyə türkcəsində “damat” sözü “güvey//kürəkən” və “padşah soyundan qız alan adam”, “damat girmek” isə “ailəyə güvey olaraq girmək” mənalarını ifadə edir [210,s.855]. Bəzi tədqiqatçılar bu sözün türk mənşəli “tamğa” sözündən yarandığını söyləyirlər. Türk dillərinin fonetikasında söz daxilində müəyyən səslərin düşməsini göz önündə tutaraq “tamğa” sözündəki ğ səsinin düşməsi və söz sonuna –t şəkilçisinin əlavə edilməsi nəticəsində “damat” sözünün yarandığı fikrini irəli sürmüşlər. “DLT”də “tamğa” sözünün “dənizə, çaya, gölə tökülən suyun bir qolu” və “gəmilərin bağlandığı// dəmir atıldığı sahil, liman” mənaları verilmişdir [47,c.1,s.424]. A.Aydemir “damat” sözünün tamga>tama>tama+t>damat kimi inkişaf yolu keçdiyini vurğulayır [116,s.130]. Türk dilinin bəzi dialektlərində “damat” sözü “içgüvegüsü”- “qızın dama, yəni evə alınan həyat yoldaşı” mənasını ifadə edir [213,s.375].

Enişte”sözü “böyük və ya kıçık bacının, xala və bibinin həyat yoldaşı” mənasını ifadə edir. “DLT”də “böyük bacının əri və atanın kiçik bacısının əri” mənasında “yeznə” sözünün işləndiyi göstərilmişdi [47,c.1,s.35]. G.Clauson da həmin mənanı ifadə etmək üçün əksər türk dillərində “yezne” ifadəsindən və onun fonetik cəhətdən dəyişilmiş variantlarından istifadə olunduğunu qeyd edir: “yeznə” (Azərbaycan), “yezde” (noqay),“çeşte” (Tuva), “çizni”(qazax), “çişte”(xakas) və s. [279,s.988]. H.Eren “enişte” sözünün fonetik baxımdan fars dilində işlənən “ankışta” (husbandman) sözündən gəldiyini, amma semantika cəhətdən bu sözlər arasında məna əlaqəsinin olmadığını söyləyir [135,s.136].

Nikah qohumluğu ilə bağlı türkmən türklərində digər türklərdən kiçik fonetik dəyişikliklə fərqlənən bir sıra terminlər işlənir: gayı:n a:ga (böyük qayın) [97,s.1381], yüvürci//üyvürjü(kiçik qayın) [229,s.859] qa:yın ekeci (bəyin böyük bacısı), ba:ldız (kiçik bacı), gelnece// gelin-ece (böyük qaynın həyat yoldaşı), elte (qardaşların həyat yoldaşlarının bir-birini adlandırması), baca//bacanak (bacıların həyat yoldaşlarının bir-birini adlandırması), ayal (həyat yoldaşı-qadın)[97,s.75], başdaş (qadının və ya kişinin ilk həyat yoldaşları) [97,s.106], “enne” (toy günü gəlinlə bəy evinə gedən qadın) [274,s.78] və s.

Türk dilinin lüğət tərkibində işlənən qohumluq terminlərinin əksər hissəsi Azərbaycan dilinin lüğət tərkibindəki terminlərlə eynidir. Bəzi ifadələrə türkmən dilində də rast gəldik. Türk dilində işlənən qohumluq terminləri, demək olar ki, qaqauz dilini çıxmaq şərti ilə digər oğuz qrupu türk dillərində eyni fonetik tərkibdə işlənir. Yalnız “damad” və “eniştə” ifadələri Azərbaycan və türkmən dillərində işlənmir.

Oğuz qrupu türk dillərinin lüğət tərkibində evlilik mərasimi ilə bağlı müxtəlif adət və mərasimləri ifadə edən leksik vahidlər də var:


Yüklə 306,26 Kb.

Dostları ilə paylaş:
1   ...   15   16   17   18   19   20   21   22   ...   47




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin