Tədqiqatın nəzəri və praktiki əhəmiyyəti. Türk dillərinin qədim dövrünə məxsus yazılı abidələrdən olan Orxon abidələrinin dilinin öyrənilməsi bu dövrə məxsus digər yazılı abidələrin də tədqiqi və türk dillərinin sonrakı dövrlərinin öyrənilməsi üçün əhəmiyyət daşıyır. Abidələrdəki söz yaradıcılığı üsullarının öyrənilməsi onların dil xüsusiyyətlərini müəyyənləşdirmək baxımından əhəmiyyətli olduğu kimi, türk dillərinin ümumi söz yaradıcılığı sistemi və müasir türk dillərinin lüğət tərkibinin inkişaf yollarını daha yaxşı anlamağa da kömək edir.
Orxon abidələrində söz yaradıcılığı prosesləri və onların məhsullarını daha dərindən təhlil etmək türk dillərinin tarixi və müasir leksikasını öyrənmək üçün material verir. Bunun vasitəsilə türk dillərində kök sözlər və onların törəmələri daha dəqiq aşkara çıxarıla bilər, müasir türk dillərində işlənən, ancaq mənası və mənşəyi naməlum olan sözlər aydınlaşar. Əldə olunan materiallar türk dillərinin tarixi leksikasının öyrənilməsində, etimoloji lüğətlərin hazırlanmasında istifadə oluna bilər.
Dissertasiyadan ali məktəblərdə türk dillərinin, o cümlədən Azərbaycan dilinin tarixinin və qədim türk dilinin tədrisində, bu sahəyə dair tədqiqat əsərlərinin yazılmasında istifadə etmək olar.
Dostları ilə paylaş: |