Azərbaycan respublikasi naziRLƏr kabineti yaninda


Çapa tövsiyə edən: AMEA, Nəsimi adına Dilçilik İnstitutu



Yüklə 1,16 Mb.
səhifə63/76
tarix02.01.2022
ölçüsü1,16 Mb.
#12229
1   ...   59   60   61   62   63   64   65   66   ...   76
Çapa tövsiyə edən: AMEA, Nəsimi adına Dilçilik İnstitutu,

Müasir Azərbaycan dili şöbəsi
Rəyçilər: filologiya elmləri doktoru, professor Q.Məşədiyev

filologiya üzrə fəlsəfə doktoru, dos. E.Abışov


Xəyalə Mürsəliyeva

Sumqayıt Dövlət Universiteti

murseliyeva.xeyale@mail.ru
CÜMLƏ ÜZVLƏRİNİN İNTENSİVLİK

YARATMADA ROLU
Açar sözlər: semantik-sintaktik funksiya, təyinin intensivliyi, zərfliyin intensivliyi.

Ключевые слова: семантическая- синтаксическая функция, интенсивность определения, интенсивность обстоятельства.

Key words: semantic-syntactic function, defining intensity, intensity of the adverbial modifier .
Qrammatikanın bir bölməsi olan sintaksis sözlərin söz birləşməsi və cümlə şəklində, cümlələrin mətn formasında əlaqələnməsi qaydalarından bəhs edən elmdir. Qrammatikanın bu bölməsi söz birləşmələrindən tutmuş mətnə (böyük sintaktik bütövlərə) qədər konstruksiyaların qurum qaydalarını tədqiq edir. Başqa sözlə, sintaksis fikir və düşüncənin maddi dil cildinə salınması qaydaları barədə təlimdir.

Sintaksisin tədqiqat obyektlərindən biri olan sadə cümlənin əsasına bir-biri ilə məna və qrammatik cəhətdən bağlı olan və müstəqil sintaktik vəzifə daşıyan sözlər və birləşmələr aid edilir. Sintaktik səviyyədə bu sözlər və birləşmələr cümlə üzvü adlanır. Cümlə üzvləri baş və ikinci dərəcəli üzvlərə ayrılır. Cümlənin baş üzvləri cümlədə mərkəzi mövqe tutur, ana xəttini təşkil edir, ikinci dərəcəli üzvlər isə baş üzvləri müxtəlif cəhətdən izah edir və aydınlaşdırır. Cümlə üzvlərini fərqləndirmək üçün, hər şeydən əvvəl, onların semantik-sintaktik funksiyasına diqqət yetirilməlidir [ 3,s.126].

Cümlə üzvlərinin semantik-sintaktik funksiyasına diqqət yetirən­də aydın olur ki, təyin əlamət, keyfiyyət, kəmiyyət və s. bildirən sözləri izah edir; tamamlıq əşya məzmununa malik olur; zərflik isə zaman, mə­kan, yer, kəmiyyət, səbəb, məqsəd , tərz, dərəcə, miqdar və s kimi bir çox məna­ları ifadə edir. Cümlə üzvlərinin bu çoxçalarlı mənalarda işlənmə xüsusiy­yəti bizə ekspressiv, emosional fikirlərin ifadəsi üçün geniş mey­dan açır. Cümlədə fikrin ifadəsində emosionallığın, ekspressivliyin artma­sı intensivliyin yaranmasına səbəb olur.

Azərbaycan dilinin izahlı lüğətində "intensiv" sözünün latın mən­şə­li “intensio” sözündən yarandığı və gərgin, güclü, qızğın mənasında işlən­diyi qeydə alınıb. İntensivlik sözü isə səmərəlilik, məhsuldarlıq, gərginlik, qızğın fəaliyyət, əməyin intensivliyi kimi mənaları ifadə etdiyi göstərilib. [1, s. 559].

Qeyd olunan bu gərginlik sintaktik semantikada və aktual sintak­sis­də də öyrənilir. Dilin bütün səviyyələrində müşahidə olunan inten­siv­lik sintaktik səviyyədə özünü daha qabarıq göstərir. Sintaktik səviyyədə inten­siv­liyin ekspressivlik, emosionallıq, emosional qiymət­lən­­­dirmə dərə­cələri mövcuddur. Bu dərəcələr söz birləşməsi, cümlə və mətnlərdə özünü göstərir.

Ümumiyyətlə, sintaktik vahidlər səviyyəsində intensivlik aşağı­da­kı kimi özünü göstərir:

1.Söz birləşməsi səviyyəsində intensivlik

2.Cümlə üzvləri səviyyəsində intensivlik

3.Cümlə səviyyəsində intensivlik

4.Mətn səviyyəsində intensivlik

Yuxarıda da qeyd olunduğu kimi, dilimizdə cümlə üzvləri səviyyəsində də intensivlik əlaməti özünü göstərir. Cümlə üzvlərindən isə tə­yin və zərflik intensivlik yaratmada fəal iştirak edən üzvlərdir. Cümlə üzvləri səviyyəsində intensivlik özünü əsasən müqayisə təyinlərində göstərir, zərfliyin növlərindən isə müqayisə, miqdar, ölçü, dərəcə zərflik­ləri intensivləşməyə daha çox meyl edir. Bu cür zərflər hərəkət və əlamətin miqdarını, dərəcəsini, zaman, məkan, çəki miqdarını ifadə edir və intensivliyi mətn şəraitində artırır.

Təyin cümlədə atributiv əlaqənin yaranmasına səbəb olur. Təyin ikinci dərəcəli üzv olub, isimlə, isimləşmiş sözlərlə ifadə olunan üzvləri müxtəlif cəhətdən (keyfiyyət, əlamət, material və s.) izah edir və ya onlara işarə edir [3,s.129].

Q.Kazımov yazır: “Təyin qoşmaların artırıldığı sözlər və birləş­mə­lərlə də ifadə olunur, bu cür təyin müqayisə çalarına malik olub, obrazlı düşüncəyə xidmət edir. Təyinlər sadə ifadə vasitələrindən asılı olaraq, məna xüsusiyyətlərinə görə fərqlənir: qoşmalı sözlər və birləşmələr müqayisə, bənzətmə təyinləri adlanır.”[3,s.133-134].

Y.Seyidov, Ə.Abdullayev və H.Həsənov isə, müqayisə təyinini təyi­nin məna növü kimi fərqləndirmişlər. Cümlə üzvlərindən müqayisə təyin­ləri təyinolunanı başqa bir əşya ilə müqayisə edilmə və ya bənzətmə yolu ilə hasil olan əlamətlə təyin etməklə, müqayisə bildirən kimi, tək, təki, qədər qoşmaları ilə işlənib, qeyri-müəyyənlik təyini kimi çıxış edir. Bu zaman müqayisə təyinləri necə və ya nə cür suallarına cavab olur [5,s.143].

Azərbaycan dilinin qrammatikası tarixinə də nəzər salsaq bənzətmə və müqayisə məqsədi ilə işlənən kibi/kimi, tək/təki qoşmalar vasitəsi ilə yazılı abidələrimizdə intensivlik yaradılmasını görə bilərik. məs: Bülbül təki dil fəğanə düşgil (Xətai); Məstanə gözlərin gibi məstanəyəm yenə (Nəsimi) [2.s,295].

Burada yenə Azərbaycan dili üçün səciyyəvi olmayan -ciləyin, -cılayın qoşmalarının intensivlik yaratmasını görə bilərik. Məs: Aləmdə bu gün sənciləyin yar kimi var (Nəsimi). Bu qoşma da kimi, təki mənalarını ifadə edir [2.s,295].

Müqayisə təyinləri müqayisə ifadə edir və intensivliyi cümlə və mətn şəraitində artırır. Nümunə olaraq: Dağ kimi divarları vurub dağıdan, təpələri düzə çevirən bu silahlı müşavirələrin, gurultulu maşınların qabağında Ədalət nədir ki, çəpər də çəkə! [4,s.109]. Ürək sevgilisini, dağ kimi kişisini itirən cavan gəlinin əlləri qoynunda qalmışdı [4,s.161]. Əvvəla, mən özümü xoşbəxt hesab eləyirəm ki, sizin kimi böyük bir alim ilə tanış oldum [4, s,137].

İntensivlik yaratmada fəal cümlə üzvü olan zərflik ikinci dərəcəli üzv olub, semantikasının zənginliyi ilə fərqlənir. Müqayisə və bənzətmə bildirən zərfliklər feili xəbərə, bəzən də sifət və zərflə ifadə olunan cümlə üzv­lərinə, xüsusən ismi xəbərə aid olub, necə, nə cür suallarından birinə cavab olur.

Q.Kazımov müqayisə məzmunlu zərflikdən bəhs açarkən o, müqayisə zərfliyini tərz zərfliyinin bir növü, ifadə vasitəsi olduğunu qeyd etmişdir.

Azərbaycan dilinin qrammatikası tarixinə nəzər salsaq müqayisə və ya bənzətmə zərfliklərinin yazılı abidələrdə çox əks edildiyini görə bilərik. Zərfliklərdəki bu müqayisə məzmunu mətn şəraitində inten­siv­li­yin yaranmasına səbəb olub. Yazılı abidələrdə bu növ zərfliklər əsas etibarilə kimi/kibi, tək/təki/təkin qoşmaları ilə ifadə edildiyini görə bilərik. Müqayisə zərfliklərinin məna və quruluş cəhətdən müasir dili­miz­­­dəki vəziyyətindən seçilmədiyini müşahidə edə bilərik. Məsələn, Ta yüzün şəmindən iraq düşmüşəm pərvanə tək (Nəsimi) [2, s.300].

Zərfliyin bu növü müqayisə, bənzətmə mənasına malik olduğundan obrazlılıq keyfiyyətləri ilə seçilir və mühüm bədiilik vasitə­lə­ri kimi çıxış edir. Bu zərfliklər kimi, tək, təki və ya qədər qoşmaları ilə işlə­nən a)sifətlərlə, b)feili sifət və ya feili sifət tərkibləri ilə, c)isim və əvəz­lik­lərlə, d)ınca (incə, unca, üncə) şəkilçili feili bağlama şəkilçiləri ilə ifadə olunur [5,s.152] .

Beləliklə, müqayisə zərflikləri cümlədə intensivliyin ifadəsinə xidmət etmiş olur. a) Vahidi görməmişdən, tanımamışdan əvvəlki kimi tox və toxtaq saxlasın, olmurdu [4, s.206].

b)XX əsr Azərbaycan ədəbiyyatında fəxri yerlərdən birini tutan Mir Cəlal qiymətli hekayə və romanlar müəllifi kimi tanınmışdır [4, s.3]. O, milli şifahi ədəbiyyatın, klassik və müasir bədii nəsrin ən yaxşı ənənələri əsasında yetişib, mahir hekayə ustası və romançı kimi yüksəlmişdir. [4, s.5]. Pilləkənlərdən çıxan bir ucaboy nabələd kişini görəndə anam kül kimi söndü [4, s.58]. Məni elə istərdi ki, indi istəməsin, can bir ciyər kimi; mənsiz addımını bayıra qoymazdı; mənsiz bir tikə yeməzdi, dinməzdi, bir danışmaq, bir qaqqıltı, bir şaqqıltı...[4, s.56].

c) Vergi tövcü kimi bir şeydir [4,s.106]. Alagöz, ağbəniz, qırmızıyanaq, qara şəvə saç, ucaboy, şəkilli-şəmayilli, ceyran kimi bir qızdır [4, s.140].

d) Qəlyanaltısını, dərmanlarını, borjom butulkasını sumkaya yığınca, geyinib çıxınca bir xeyli vaxt çəkdi [4, s.122].

Dərəcə zərflikləri də intensivliyin artırılmasında mühüm rol oynayır. Belə ki, dərəcə zərflikləri əlamətin meydana çıxmasının dərəcəsini bildirməklə, adətən, sifətlərlə ifadə olunan müxtəlif cümlə üzvünə, xüsusən xəbərə aid olub, nə dərəcədə, nə dərəcə suallarından birinə cavab olur. Bu zərfliklər a)tamamilə, tamam, tamamən, büsbütün, hədsiz dərəcədə vəs.dərəcə zərflikləri, b)II tərəfi dərəcə sözündən ibarət olan I növ təyini söz birləşməsi ilə (adlıq və yerlik halda) ifadə olunur.

a) Deyəsən bu səs o qədər qüvvətli idi ki, dəmir yol ilə şəhər arasında olan bütün həddi-səddi vurub dağıtdı. [4, s.290]. Qapı o qədər açıldı ki, bir adam içəri keçə bilərdi [4, s. 361]. Bu yerlər ona o qədər məhrəm gəldi ki... işığı keçirmədi, cəsarətlə pilləkənləri çıxdı, dayanıb qulaq asdı [4,s.366]. Səttarzadə istəkli arvadının, ömür yoldaşının dünyadan getdiyinə nə qədər qüssə çəkərdisə, onun bu həsrətinə beş o qədər qəhərlənərdi [4, s.333]. Baxış tamamilə haqlı idi [4,s.156]. O axşam Gəldiyevin əsəbiliyi, ovqat təlxliyi tamamilə təmin olunmuşdu [4, s.319]. Uşağın dodaqları tamam göyərıniş, gözləri sönmüşdü [4, s.328]. Ayrılandan sonra daha mən Mirzə Qulamı görmürdüm və tamamilə unutmuşdum [4, s.46]. Bəlkə bu tamam ayrı Zibadır, kağızı səhv gətiriblər? [4, s.81].

b) Qıvrımsaç oğlanın nəzərindəki bu məna uşağa da, böyüyə də eyni dərəcə aydın və mühüm idi [4, s.164]. O, qonağının, bəlkə də gələcək gəlininin gəlişinə son dərəcə şad idi [4, s.295].

Miqdar zərflikləri də intensivlik yaratmada iştirak edir: a) miqdar zərfləri, b) miqdar sayları, c) miqdar saylarının, neçə sual əvəzliyinin dəfə, kərə, yol tipli söz birləşməsi şəklində işlənməsi zamanı intensivliyin artmasını müşahidə edirik. Məsələn: Mürsəl gözləmədiyi bir söhbətə müntəzir, həm də xeyli maraq etdiyini gizlədə bilməyən bir tövrlə dayandı [4, s.115].Cuvarlı hal-əhval soruşandan sonra bənnanın şəklini əlinə alıb xeyli baxdı [4, s.162]. Gəldiyevin fikrincə, Zahid iş sarıdan bir az vasvası adamdır [4, s.275].

Beləliklə, dilin bütün səviyyələrində özünü göstərən intensivlik kateqo­riyasının araşdırılması və bu kateqoriyanın dilin bütün səviyyə­lə­ri­nə tətbiq olunması dilçiliyimiz üçün yeni maraqlı faktların üzə çıxarıl­ma­sına şərait yardacaq.



Yüklə 1,16 Mb.

Dostları ilə paylaş:
1   ...   59   60   61   62   63   64   65   66   ...   76




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin