Azərbaycan respublikasi naziRLƏr kabineti yaninda



Yüklə 1,16 Mb.
səhifə65/76
tarix02.01.2022
ölçüsü1,16 Mb.
#12229
1   ...   61   62   63   64   65   66   67   68   ...   76
formation of intensivity

Summary

In this article, investigates a new concept in linguistics expression the category intensity by sentences members. From sentences members shown and explained role of the defining and creating intensity adverbial modifier with excamples.


Çapa tövsiyə edən: Sumqayıt Dövlət Universiteti
Rəyçilər: filologiya elmləri doktoru,professor İ.Qasımov

filologiya elmləri doktoru,professor S.Mehdiyeva

Aygün İsgəndərova

Milli Aviasiya Akademiyası
TERMİNLƏRİN TƏRCÜMƏSİNDƏ EKVİVALENTLİK

MƏSƏLƏLƏRİ
Açar sözlər: termin, tərcümə, ekvivalentlik, qeyri-ekvivalentlik, adekvatlıq, uyğunluq

Ключевые слова: термин, перевод, эквивалентность, неэквивалентность, адекватность, соответствие,

Key words: equivalency, non-equivalency,
Tərcüməşünaslıq ümumfiloloji elmdir. Bu sahə uzun müddət ədəbiyyatşünaslıq çərçivəsində öyrənilsə də, tərcümə prosesində linqvistik amillərin rolu həmişə diqqət mərkəzində olmuşdur. Tərcümədə müxtəlif dil vahidlərinin qarşılaşdırılması və onlar arasında uyğunluqların axtarılması tədqiqatçıları daim düşündürmüşdür.

Tərcümənin dilçiliklə daha çox əlaqədar olduğunu qeyd edən V.N.Komissarovun fikrinə görə, tərcümənin əsas çətinlikləri dillərin xüsusiyyətləri, dil vasitələri və onların predmeti, həmçinin situasiyanı ifadə etmək üsullarını aydınlaşdırmaqda özünü göstərir. İnsanlar müxtəlif dillərdə danışdıqlarına görə tərcümə vacibdir. Dil amilləri tərcümə üçün maneələr yaratdığı kimi, bu maneələri dəf etmək vasitələrini də ortaya qoyur. Hər bir dil quruluşuna və tətbiqinə görə spesifikliyə malikdir. Bununla belə, onların formalaşma və funksionallığını əsasında eyni prinsiplər durur. Tərcümə prosesində dil vasitələrinin uyğunluq xüsusiyyətlərini tapmaq mümkündür (1, 20).

Tərcümədə eyni mənalı leksik vahidləri müəyyənləşdirmək qaydaları axtarılır. Bu zaman bir dilin vahidinə qarşı başqa bir dilin vahidi qoyulur. Bu iki vahid arasındakı uyğunluq, müvafiqlik ən vacib şərtdir. Tərcümə nəzəriyyəsində ekvivalentlik anlayışının formalaşması da bundan qaynaqlanmışdır.

Tərcümə nəzəriyyəsi ilə məşğul olan tədqiqatçıların bir qismi ekvivalentliyi eynimənalı vahidlər kimi qəbul edirlər və onları müəyyən leksik qatlarda axtarırlar. Sahə terminləri, təqvim anlayışları, qohumluq bildirən sözlər, şəxs əvəzlikləri, bədən üzvlərinin adları, bir sənət sahəsinə aid sözlər, heyvan adları, bitki adları və s. (3, 159; 4, 11).

Ekvivalent latın aequo “bərabər etmək” və valens (valentis) “əsaslı” sözlərinin birləşməsindən əmələ gəlib “Aequivalens” nəyinsə eynimənalı, bərabərqiymətli, bərabərdəyərli olmasını ifadə edir. Söz bu ümumi məna ilə yanaşı, «ekvivalent» termin olaraq insan fəaliyyətinin müxtəlif sahələrində, o cümlədən də linqvistikada müəyyən anlayışı ifadə edir.

Tədqiqatçılar bu termini ona yanaşma üsulunun fərqliliyindən asılı olaraq müxtəlif şəkildə izah edirlər. Nəticədə tərcüməşünaslıqda da «ekvi­valent» termininin müxtəlif derivatları qeydə alınır: mütləq ekvivalentlik, nisbi ekvivalentlik, tam ekvivalentlik, qismən ekvivalentlik, birbaşa ekvivalentlik, şərti ekvivalentlik, daimi ekvivalentlik, seçmə ekvivalentlik, uzual ekvivalentlik, okkazional ekvivalentlik, psevdoekvivalentlik və s. Bəzən qeyd olunanlar arasından eyni bir terminin fərqli izahlarına da rast gəlinir. Ona görə də dillərarası tərcümə ekvivalentliyinin şərhi bir çox hallarda mübahisələr doğurur.

Uyğunluq nəzəriyyəsi tərcüməşünaslıqda Y.I.Retsker tərəfindən işlənmişdir. O göstərir ki, ekvivalentlər iki dilin sözləri arasında elə uyğunluqdur ki, bu, kontekstdən asılı olmur (4, 38). Məsələn, siyasi terminologiyada aggression - aqressiya, fascism - faşizm, summit - sammit; hüquq terminologiyasında deed - əməl, notarize - xəbərdarlıq etmək, plaintiff - iddiaçı ekvivalent terminlər sayılır.

Y.I.Retskerin fikrinə görə, ekvivalentlik anlayışı mətnin mikrovahidləri arasındakı münasibətə şamil oluna bilər. Bu anlayışın mətnlərarası münasibətdə istifadə olunması doğru deyildir ( 5, 87).

Termin və ya leksik vahidin mətn münasibətlərinin ortaya atılması bir daha təsdiq edir ki, terminlərin tərcümə xüsusiyyətlərini iki aspektdən öyrənmək olar: 1)sahə terminlərinin tərcüməsi; 2) elmi mətnin və ya elmi dildə olan mətnin tərcüməsi. Təbii ki, elmi mətnin tərcüməsi prosesində də bilavasitə terminin tərcüməsi ilə üzləşirik. Lakin burada fərqləndirici cəhət terminin mənbə dildəki qrammatik formasının, həmçinin sintaktik strukturunun obyekt dildə verilməsi ilə bağlıdır. İngilis dilindəki elmi mətndə sintaktik konstruksiyaların tərkibində önlüklər daha çox istifadə olunduğu halda Azərbaycan dilində bunlar terminə artırılacaq şəkilçilərə çevriləcəkdir. Rus dilində həm sözönü, həm prefikslər, həm də suffikslər elmi mətndə işlənəcəkdir. Onların Azərbaycan dilində verilməsi xüsusiyyətlərini aydınlaşdırmaq lazım gəlir. Tədqiqatın üç dil materialı üzrə aparılması, zənnimizcə, aktualdır. İngilis, rus və Azərbaycan dillərini əsas götürmək olar. Azərbaycan dili daha çox obyekt dil mövqeyində olacaqdır. Eyni zamanda yeri gəldikcə həm ingilis, həm də rus dilinin obyekt dil olması nəzərdə tutulmalıdır.

Müasir dövrdə elmi-texniki mətnlərin leksik tərkibi intensiv təkamül prosesini yaşayır. Dilin həm terminoloji, həm də ümumi-elmi leksikasında artım müşahidə olunur. Elmi mətnlərin tərcüməsində başlıca tərcümə vahidi terminlərdir. Ona görə də, ilk növbədə terminin spesifik xüsusiyyətləri nəzərə alınmalıdır. Qeyd olunan cəhətdən terminlərin tərcüməsinə həsr olunmuş işlərdə, hər şeydən əvvəl, «termin nədir?» sualı ön plana çəkilir. Terminologiyanın müasir inkişaf səviyyəsində bu suala yenidən cavab axtarmaq lazım gəlmir.

Tərcüməşünaslıqda elmi-texniki tərcümənin öz yeri vardır. Burada spesifik cəhətlər elmi dil, elmi üslub və terminologiya ilə bağlı meydana çıxır. Terminlərin tərcüməsi bu üç istiqamətin hər biri üzrə araşdırmalar aparmağı tələb edir. Aydındır ki, terminlərin tərcüməsindən bəhs edərkən, ilk növbədə, termin və terminoloji vahid anlayışlarına aydınlıq gətirmək, termini ümumişlək sözlərdən fərqləndirən cəhətləri təyin etmək vacibdir.

D.S.Lotte termin qarşısında beş tələbin qoyulmasını diqqət mərkəzinə çəkmişdir: 1)sistemlik; 2)kontekstdən asılı olmamaq; 3)birmənalılıq; 4)dəqiqlik; 5)qısalıq (6, 72-76). Onu da qeyd edək ki, müəllif terminin kontekstdən asılılıq tələbində müəyyən kənaraçıxmaları qəbul etmişdir. O, terminin birmənalılığını da mütləq və nisbi olmaqla iki yerə ayırmışdır. Bundan əlavə, D.S.Lotte terminin dəqiqliyi və qısalığından bəhs edərkən yeni terminin yaradılması prosesində bəzən bu tələblərdən birinin nəzərə alınmadığını göstərir (6, 76).

Terminin birmənalılığına münasibət bildirərkən bir sıra tədqiqatçılar məsələni ümumi şəkildə qoyurlar. Onların fikrinə görə, termin bir məna daşımalı, onun omonim və sinonimi olmamalıdır. Bununla belə, terminoloji tədqiqatlarda polisemantik, sinonim, omonim termin anlayışlarına kifayət qədər rast gəlinir.

Termində, bir tərəfdən, müəyyən bir anlayışa uyğunluğa, birmənalılığa meyil güclüdür. Digər tərəfdən, bir sıra terminlərin kontekstdən müəyyən asılılığı vardır. Çünki terminin tamamilə kontekstdən asılı olmadığını və eyni zamanda müəyyən kontekstlə təyin olunmasını söyləmək ziddiyyət təşkil edir.

Doğrudan da, termin-anlayış qarşılaşdırılması və anlayışın definisiyasının mütləqliyi müəyyən konteksti ortaya qoyur. Hər bir terminə əlahiddə duran, onu əhatə edən sözlərlə və kontekstlə heç bir əlaqəsi olmayan vahid kimi ən azı ona görə baxmaq olmur ki, onun definisiyası kontekst təşkil edir. Termin müəyyən texniki mənaya malik sözdür, istifadə olunduğu sahədən asılı olaraq dəyişə bilər. Təbii ki, burada terminin yalnız texniki məna daşımaq xüsusiyyəti qeyri-dəqiqdir. Termin ictimai-siyasi sahədə, ədəbiyyatda, dilçilikdə, iqtisadiyyatda və s. spesifik dil vahididir.

Terminin kontekstlə bağlılıq məsələsində üzə çıxan mübahisəli məqamların bir qismi də kontekstin təyinindəki ziddiyyətdən irəli gəlir. Terminlərin ekvivalentliyinin tədqiqi prosesində terminin kontekstlə əlaqəsi və terminə qoyulan digər tələblərin üzə çıxması ekvivalentliyi təyin etmək üçün vacibdir. Bu cəhətdən kontekstlə əlaqə daha qabarıq özünü göstərir. Çünki ekvivalentliyi təyin etmək üçün məzmun planında müqayisə tələb olunur.

«Tərcümə -dillər və mədəniyyətlərarası kommunikasiyanın bir istiqamətli və ikifazalı prosesidir. Bu proses zamanı məqsədyönlü («tərcümə») təhlil aparmaqla ilkin mətn əsasında başqa dil və mədəniyyət mühitində onu əvəz edəcək ikinci mətn (metamətn) yaradılır. Tərcümə iki dil, iki mədəniyyət və iki kommunikasiya şəraiti arasındakı fərqlərin qismən modifikasiyaya uğratdığı ilkin mətnin kommunikativ effektini ötürməyə köklənməsini səciyyələndirən prosesdir» (7, 75).

Terminlər müxtəlif strukturlara malik olur. Komponentlərin sayına görə terminlər bir sözdən ibarət ola bilər. Bu halda da terminin daxili komponent sayında fərqlilik müşahidə olunur. Terminin tərkibinə kök, şəkilçi, terminelement daxil ola bilər. Termin iki və daha artıq sözün birləşməsi nəticəsində (mürəkkəb söz konstruksiyası) də yaranır. Termin bitişik və defislə yazılır. Bundan başqa, termin-söz birləşməsi, tərkibi terminlərə, eləcə də çoxkomponentli terminlərə bölgülər aparılır. Qeyd edilən formaları terminin struktur modelləridir. Modellərin müxtəlifliyi terminlərin ekvivalentliyinin iki dildə eyni və ya fərqli model üzrə öyrənilməsinin mümkünlüyünü də öyrənməyi zəruriləşdirir.

Bədii tərcümənin vəzifəsi orijinalla tərcümə mətnində məzmun ümumiliyini saxlamaqla ekvivalentliyin təmin edilməsidir. Elmi mətnin tərcüməsində isə məzmun eyniliyini saxlamaqla adekvatlığı təmin etmək lazım gəlir. Deməli, «məzmun ümumiliyi» və «məzmun eyniliyi», «ekvivalentlik» və «adekvatlıq» fərqli anlayışlardır. Elmi mətnlərdə əsas informasiya yükü terminin üzərinə düşür. Termin xüsusi informasiyanı təşkil edir, onu elmi dildə kodlaşdırır. Buna görə də müxtəlif kodlaşdırma vasitələri olan halda da adekvatlığa nail olmaq üçün həmin vasitələrdən ən düzgün olanını seçmək lazım gəlir. Məsələn, rus dilinə tərcümədə «xüsusi törəmə» «специальная производная» kimi verilə bilməz. Adekvatlığın təmin olunması üçün mənbə dildəki terminin məzmun dəqiqliyi obyekt dildə ifadəsini tam tapmalıdır. Əgər termin obyekt və mənbə dildə müvafiq sahə anlayışını kodlaşdırırsa, onda adresantla adresat kodunun eyniliyi kommunikasiyanın uğurluluğunu təmin edir. Mənbə və obyekt dilin terminləri ilə ifadə olunan anlayışlar arasındakı fərqləri aşkara çıxarıb aradan qaldırmaq terminoloji sistemlərin dillərarası uyğunlaşdırılmasının vacib şərtidir.

Terminologiyada sistemlilik mühüm xüsusiyyətidir və ikili əsasa malikdir. Çünki bu, elmin anlayışlar sisteminin elementləri arasında məntiqi sistemlilik olmaqla yanaşı, anlayışı ifadə edən vahidlər arasında linqvistik sistemlilik də mövcuddur.

Tərcümə edilən vahidin dildə qarşılığının olub-olmaması «analoq» və «ekvivalent» anlayışlarını daxil etməyə zəmin yaradır. Ekvivalent obyekt mənbə dildəki obyektə tam uyğun dil vahididir. Analoq isə müəyyən şərtlər daxilində uyğun gələ bilən vahiddir. Bu fikrə istinadla terminin tərcüməsinin üç tipini ayırmaq mümkündür: 1)ekvivalentlə tərcümə; 2)analoqla tərcümə; 3)təsviri tərcümə.

Təbii ki, hər bir terminə obyekt dildə ekvivalent tapmaq mümkün deyildir. Bəzən ekvivalent söz deyil, söz birləşməsi olur. Təsviri üsulla tərcümə zamanı çoxsözlü terminoloji birləşmələr yaranır. Bəzi hallarda isə tərcüməçi termini deyil, onun izahını verir.

Terminin tərcüməsi prosesində əsas komponentin kateqoriyanı ifadə etməsi nəzərə alınmalıdır. Bu, obyektin aid olduğu kateqoriyadır və cins anlayışını ifadə edir. Təyinedici komponent səciyyələndirici əlaməti və ya əlamətləri əks etdirməlidir. Çünki bu əlamət eyni cinsdən olan başqa predmet və ya hadisələrdən fərqləndirmək funksiyasını yerinə yetirir.

Terminoloji birləşmələrin tərcüməsi ilə bağlı bəzi tədqiqatçılar müəyyən üsul təklif edirlər. Belə üsullardan biri dörd mərhələni əhatə edir. Birinci mərhələdə terminin komponentlərinin mənbə dildə hansı nitq hissələrinə aid olması müəyyənləşdirilir. İkinci mərhələdə komponentlərin hansı lüğətdən axtarılması təyin edilir (ümumi lüğət, terminoloji lüğət). Üçüncü addımda əsas və təyinedici komponent müəyyənləşdirilir. Dördüncü mərhələdə çoxkomponentli terminin tipi təyin edilir. Bundan sonra termin tərcümə olunur.

The Home Office ingilis dilinin hüquq terminologiyasının terminidir. Yuxarıdakı ardıcıllığı tətbiq etsək Home və Office sözlərinin hər biri isimdir. Söz birləşməsi tərkibində Home təyin funksiyasında çıxış edir. Hər iki söz ümumi lüğətə daxil olur. Bununla belə, office sözünü terminoloji lüğətdə axtarmaq ehtiyacı yaranır. Ümumiyyətlə isə hər iki söz ümumişlək leksik qata daxildir. Office baş, home təyinedici komponentdir. Azərbaycan dilinə hərfi tərcümədə «ev idarəsi», «ev nazirliyi» birləşmələri alınır. Termin ingilis dilində «Daxili İşlər Nazirliyi» mənasında işlənir. Göründüyü kimi, hərfi tərcümə obyekt dildə, yəni Azərbaycan dilində ekvivalent vahidi vermir. Halbuki, terminoloji mənaya görə Azərbaycan dilində adekvat birləşmə vardır: Daxili İşlər Nazirliyi. Azərbaycan dilində model üç sözdən ibarət terminoloji birləşmədir.

Ekvivalentlik məsələsi dilçilikdə həmişə diqqət mərkəzində olmuş prob­lem­lərdəndir. Adekvatlıq, ekvivalentlik və uyğunluq barədə ədəbiy­yat­da müxtəlif məlumatlar verilir. A.D.Şveyserə görə, ekviva­lent­lik ilkin məlumatların mənbə dilin daşıyıcılarına göstərdiyi təsirdə əhəmiy­yətli cəhətlərin eyni olmasıdır (7, 92). V.Komissarov ekvivalent­li­yi tərcümə və orijinalda məzmun ümumiliyi və ya məna yaxınlığı hesab edir (2, 51). Ekvivalentlik anlayışı birqiymətliliyi nəzərdə tutur. Bu və ya digər əşyaya (kəmiyyətə) bərabər tutulan, hər hansı cəhətdən ona uy­ğun gələn, onu əvəz və ya ifadə edə bilən əşya (kəmiyyət) bir-birinə ekvivalent sayılır (1, 199).

Ayrı-ayrı dillərin ekvivalentlik sahəsinə daxil olan vahid və vasitələrini müqayisə etmək, onların analogiya səbəblərini müəyyənləşdirmək ekvivalentlik və qeyri-ekvivalentlik səbəblərini üzə çıxarmağa kömək edir. Nəticədə dil materialları arasında paralellər və fərqlər təyin olunur.

İnsan məişətinə aid leksika dil ilə mədəniyyətin qovşağında durur. Dildə elə sözlər vardır ki, onlarda mədəniyyətin, ictimai quruluşun, məi­şə­tin, ənənələrin, mifologiyanın anlayışları əksini tapır. Belə sözləri realilər adlandırırlar. Müxtəlif dillərin realiləri ekvivalent olmur. Bu ondan irəli gəlir ki, onlar yalnız linqvistik dil vahidləri deyil, konkret bir mədəniyyətə aid vahidlərdir. Başqa dillərdə ekvivalenti olmayan sözlər konkret bir mədəniyyətə aid əşya və məfhumları ifadə edən sözləri əhatə edir. Realilər aid olduğu xalqın dili üçün doğma və anlaşıqlıdır. Başqa dil üçün bunlar ekvivalenti olmayan sözlərdir.

Tərcümədə mənbə dildən götürülmüş sözün obyekt dildəki sözlə əşyavi, konnotativ və dildaxili mənaları üst-üstə düşərsə, bu sözlər leksik səviyyədə, ekvivalentliyə görə müəyyən qrup təşkil edir. Onlar eynimənalı leksik tərcümə vahidləri olur. Əgər əşyavi və kon­notativ mənalar üst-üstə düşərsə, onda həmin sözləri oxşar leksik tərcümə vahidləridir. Yalnız əşyavi mənanın üst-üstə düşdüyü sözləri variant kimi qəbul etmək olar. Onların ekvivalentlik dərəcəsi fərqlidir. Leksik səviyyədə ekvivalentlik üçün dörd dərəcə vardır: eynimənalılıq, yaxın­mə­na­lı­lıq, variantlıq, psevdoekvivalentlik. Bundan kənarda qeyri-ekvivalentlik özünü göstərir.

Ekvivalentlik dillərin yaxın vahidlərini və ya vasitələrini bir araya toplamağa əsas verirsə, qeyri-ekvivalentlik yaxın və ya oxşar olmayan elementləri, ünsürləri ayırmağa xidmət edir.

Ayrı-ayrı dil işarələri arasında ekvivalentlik müəyyənləşdirilərkən qanunauyğun ekvivalentlik nəzəriyyəsində sözlər arasındakı nə sintaqmatik, nə də paradiqmatik əlaqələr nəzərə alınmır. Bununla yanaşı, sözlər arasındakı sistem münasibətlər tərcüməyə əhəmiyyətli təsir göstərir. Tərcüməçi yalnız sözlərin mənalarını deyil, onun eyni semantik sahənin başqa sözləri ilə münasibətlərini də bilməlidir. Əks halda sözlər arasındakı ekvivalentliyi aydınlaşdırmaq mümkün deyildir. Əgər ingilis dilində olan sözün bir mənasına başqa dildə bir neçə söz uyğun gələrsə, varia­tiv­lik aşkardır.

Aparılmış tədqiqat və təhlildən aydın olur ki, ümumiyyətlə tərcümədə ekvivalentlilik aşağıdakı xüsusiyyətləri əhatə edir.

1.Tərcümə nəzəriyyəsində ekvivalent semantik eyni olan vahidlərdir.

2.Əksər tədqiqatçılar ekvivalentliyin bilavasitə iki dilin vahidləri arasında deyil, nitq nümunələri arasında olduğunu qeyd edirlər.

3. Ekvivalentin normativ və ya izahlı lüğətə daxil olması mütləq deyildir.

4 .Ekvivalent termin obyekt dilin vahidi olub mənbə dilin vahidi ilə funksional yaxın vahiddir. Bu vahid adekvat tərcüməyə imkanı verir.




Yüklə 1,16 Mb.

Dostları ilə paylaş:
1   ...   61   62   63   64   65   66   67   68   ...   76




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin