Azərbaycan respublikasi naziRLƏr kabineti yaninda



Yüklə 1,16 Mb.
səhifə75/76
tarix02.01.2022
ölçüsü1,16 Mb.
#12229
1   ...   68   69   70   71   72   73   74   75   76
Sayalı Sadıqova

AMEA, Nəsimi adına Dilçilik İnstitutu,

filologiya elmləri doktoru, professor

sayalisadigova@yahoo.com.
AĞAMUSA AXUNDOV AĞASI OĞLU

(1932-2015)
Azərbaycan Dövlət Mükafatı Laureatı, Əməkdar elm xadimi, Azərbaycan Respublikası Nazirlər Kabineti yanında Terminologiya Komissiyasının üzvü, filologiya elmləri doktoru, akademik Ağamusa Axundov 2015-ci il sentyabrın 5-də vəfat etmişdir. Ağamusa Axundov 1932-ci ildə fevralın 2-də Azərbaycanın Kürdəmir şəhərində anadan olmuşdur. 1940-cı ildə Kürdəmir şəhərində orta məktəbə getmiş, 1950-ci ildə orta məktəbi qızıl medalla başa vurmuşdur. Həmin il Azərbaycan Dövlət Universitetinin filologiya fakültəsinin Azərbaycan dili və ədəbiyyat şöbəsinə daxil olmuş, 1955-ci ildə həmin fakültəni “Nizami” təqaüdü ilə bitirmiş və aspiranturaya daxil olmuşdur. 1958-ci ildə Azərbaycan Dövlət Universitetinin aspiranturasını vaxtından qabaq bitirərək “Felin zaman kateqoriyası (Azərbaycan dili materialları əsasında)” mövzusunda namizədlik dissertasiyası müdafiə etmiş və ADU-nun ümumi dilçilik kafedrasına müəllim, daha sonra baş müəllim təyin olunmuşdur. 1959-cu ildə O, Universitetdə dosent vəzifəsində işləyə-işləyə Azərbaycan Dövlət Dillər İnstitutunun İngilis dili şöbəsinə daxil olmuş və oranı fərqlənmə diplomu ilə bitirmişdir. 1964-cü ildə “Azərbaycan dilinin fonemlər sistemi (fizioloji, akustik, statistik, fonoloji tədqiqat təcrübəsi)” mövzusunda doktorluq dissertasiyası müdafiə etmişdir.

1965-1966-cı illərdə Qahirənin Eyn-Şəms Universitetində ingilis dilində Azərbaycan dili və ədəbiyyatından dərs demişdir.

1967-ci ildə isə professor elmi adını almışdır. Azərbaycan Dövlət Universitetinin filologiya fakültəsinin dekanı seçilmişdir.

1968-1974-cü illərdə BDU-nun filologiya elmləri üzrə Müdafiə Şurasının sədri təyin edilmişdir.

1973-cü ildə 5-6-cı siniflər üçün “Azərbaycan dili” dərsliyinə görə ona Azərbaycan SSR Maarif Nazirliyinin mükafatı verilmişdir.

1986-cı il professor Ağamusa Axundovun həyatında əlamətdar olmuşdur. Həmin il “Azərbaycan dilinin fonetikası” monoqrafiyasına görə Azərbaycan Dövlət Mükafatı almışdır.

1990-cı ildə Ağamusa Axundov Azərbaycan EA Nəsimi adına Dilçilik İnstitutunun direktoru seçilmişdir. Elə həmin il respublikada elmin inkişafında və yüksək ixtisaslı kadrlar hazırlanmasında xidmət­lə­ri­nə görə Əməkdar Elm Xadimi fəxri adına layiq görülmüşdür.

Ağamusa Axudov 1990-cı ildən 2011-ci ilə kimi Azərbaycan EA-nın Nəsimi adına Dilçilik İnstitutunda direktor, 2001-ci ildən 2011-ci ilə kimi AMEA-nın Humanitar və İctimai Elmlər Bölməsinin akademik-katibi vəzifəsində işləmişdir. O, Beynəlxalq “Türkologiya” elmi jurnalının və “Azərbaycan MEA-nın Xəbərləri (Humanitar və İctimai elmlər seriyası)” jurnalının baş redaktoru, Azərbaycan Yazıçılar Birliyinin Ağsaqqallar Şurasının, Azərbaycan Milli Məclisinin Toponi­mi­ya Komissiyasının üzvü olmuşdur. 1991-ci ildə Dilçilik üzrə Respublika Əlaqə­lən­dirmə Şurasına sədr təyin olunmuşdur.

Uzun müddət Bakı Dövlət Universitetinin Ümumi dilçilik kafedrasına rəhbərlik etmişdir. Alimin o sahədə elmi-pedaqoji fəaliyyə­ti­nin nəticəsi kimi 1979-cu ildə “Ümumi dilçilik (dilçiliyin tarixi, nəzəriy­yə­si və metodları)” kitabı çapdan çıxmışdır. 1994-cü ildə həmin kitab “Təhsil” Cəmiyyətinin mükafatına layiq görülmüşdür. Ağamusa Axundov dil nəzəriyyəsi sahəsində apa­rıcı mütəxəssis olmuşdur.

Ağamusa Axundov dilçiliyin bütün sahələrinə aid sanballı elmi əsərlərin, araşdırmaların müəllifi kimi tanınır. Xüsusilə, nəzəri dilçilik, fonetika, qrammatika, etimologiya, dil tarixi və dialektologiya, üslubiy­yat və nitq mədəniyyəti sahəsində Ağamusa Axundovun xidmət­ləri böyük­dür. Belə ki, linqvistik nəzəriyyələrinin qısa tarixi, dünya dilçili­yi­nin əsas problemləri, dilin fəlsəfi və ictimai məsələləri, dilin daxili siste­mi və quruluşu, dilçilik metodları onun yaradıcılığında dəqiq­ləş­di­ri­lir. Bu­nun­la yanaşı, fonologiya, onun predmet və vəzifələri, fonem, fone­­­­min tədqiqi tarixi, qrammatika, qrammatik kateqoriyaların mahiy­yəti, morfolo­giya və onun əsas vahidi, söz yaradıcılığı, leksiko­lo­gi­ya, linqvistik tipologiya məsələləri ilə bağlı bir-birindən maraqlı axtarış­lar aparan A.Axundov qrammatik quruluşuna görə dil­lə­rin müxtəlif tiplərini kontrastiv, müqayisəli və konseptual istiqamətdə araşdırmış nəzəri ümumi­ləşdirmələrlə bu problemlərə aydınlıq gətirmişdir. Xüsusən, riyazi dilçilik terminləri ilə bağlı olan təhlil üsulları, Amerika deskriptiv dilçilik məktəblərində geniş yayılmış distributiv təhlilin mahiyyəti açıqlanmış və bu anlayış əslində Azərbaycan dilçiliyinə onun tərəfindən gətiril­miş­dir. Alim “Dil və üslub məsələləri”, “Feilin zamanları”, “Dilçiliyə giriş”, “Ümumi dilçilik”, “Riyazi dilçilik”, “Azərbaycan dilinin fonetikası”, “Dil və ədəbiyyat” 2 cilddə, “Şeir sənəti və dil”, “Dilin estetikası” monoq­ra­fiyaların və 500-ə qədər elmi məqalənin müəllifidir.

2004-cü ildə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 5 avqust 2004-cü il tarixli qərarı ilə təsdiqlənmiş “Azərbaycan dilinin orfoqrafiya lüğəti” çapdan çıxmışdır. Lüğətə əvvəlki nəşrdə olmayan 18 minə yaxın söz daxil edilmişdir. Həmin sanballı lüğətin redaktoru və ön sözün müəllifi Ağamusa Axundovdur. 2004-cü ildə çapa təqdim olunmuş dördcildlik “Azərbaycan dilinin izahlı lüğəti” də onun redaktorluğu ilə hazırlanmışdır.

2005-ci ildə Ağamusa Axundovun tərtib etdiyi bircildli “Azərbay­can dilinin izahlı lüğəti” çapdan çıxmışdır. İzahı verilən baş sözlə­rin sayına görə ən zəngin olan bu lüğət geniş oxucu kütləsinin stol­üs­tü kitabına çevrilmişdir.

Ağamusa Axundov Türkiyədə, İranda, Misirdə, Çexoslovakiyada, Qazaxıstanda, Qırğızıstanda, Özbəkistanda, Rusiyanın bir çox şəhər­lə­rin­də, Belorusiyada, Türkmənistanda, Gürcüstanda, Yuqos­lo­vi­yada, Ameri­ka Birləşmiş Ştatlarında, Yaponiyada və s. ölkələrdə elmi səfər­də olmuş, maraqlı məruzələrlə çıxış etmişdir.

Ağamusa Axundov Azərbaycan dilçiliyi sahəsində böyük xidmət­lərinə, elmi-təşkilati və elmi-pedaqoji fəaliyyətinə görə dəfələrlə müka­fatlan­dırılmış, orden və medallarla, fəxri fərmanlarla təltif olunmuşdur. 1970-ci ildə “Əmək rəşadətinə görə” medalı, 2000-ci ildə isə “Şöhrət ordeni” ilə təltif edilmişdir. 1968-ci ildə Xarici ölkələrlə Sovet Döstluq və Mədəni Əlaqələr İttifaqının, 1969-cu ildə Azərbaycan SSR Ali Sovetinin fəxri fərmanları ilə təltif olunmuşdur. Xalq şairi Məmməd Araza həsr olunmuş məqaləsinə görə “Məmməd Araz” ədəbi müsabiqəsinin laureatı olmuşdur.

Görkəmli alimin dilimizə sözlə ifadə edilməyən, sərhədləri bilinməyən bu məhəbbəti gənc dilçilər üçün bir örnəkdir. Xalqa olan məhəbbətin təntənəsini ifadə edən bu səmərəli elmi yaradıcılıqdan hələ neçə-neçə nəsil bəhrələnəcəkdir.

Azərbaycanın görkəmli dilçi alimi, gözəl bir insanı – Ağamusa Axundovu itirdik. Təsəllimiz odur ki, Ağamusa müəllim qiymətli elmi əsərləri ilə, öz elmi fikir və ideyaları ilə həmişə bizimlə olacaq.




Yüklə 1,16 Mb.

Dostları ilə paylaş:
1   ...   68   69   70   71   72   73   74   75   76




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin