Bazoskvamoz xərçəng. Eyni nümunədə həm bazosellulyar, həm də spinosellulyar xərçəng əlamətləri müşahidə olunur. Bazosellulyar xərçənglər metastaz verməsələr də, bunlarda metastaz vermə potensialı vardır. Mikroskopda bu forma şiş görünsə, mütləq ətraf nahiyələrdəki limfa düyünləri diqqətli nəzərdən keçirilməlidir.
Spinosellulyar xərçəng. Bədənin hər yerində, ən çox baş, boyun və əlin üstündə müşahidə olunur. Bu şişlərdə latent bir dövr olur. Törəmə adətən möhkəm, qırmızı rəngli bir düyün formasındadır. Əgər bir hiperkeratozun altından əmələ gələrsə, qranulyar bir formada müşahidə olunur. Törəmə böyüdükcə mərkəzində xora əmələ gəlir. Ətrafında sərtləşmə müşahidə olunur. Törəmələr ekzofit, xoralı və ya infiltrativ ola bilərlər. Dəridə müşahidə olunan bir törəmə 3-4 həftəyə keçməzsə, bu şübhə ilə qarşılanmalıdır. Bəzən aylarla latent dövrdə qala bilərlər.
Bu xərçənglər bazosellulyar xərçəngdən kəskin şəkildə fərqlənirlər. Alt dodaqdakı xərçənglərin 95%-i spinosellulyar xərçənglərdir. Bunlar bir neçə həftədə bazosellulyar xərçənglərin bir neçə il ərzində böyüyə biləcəyi ölçüyə çatırlar. Bu iki xərçəng arasında differensial diaqnoz lokalizasiyasına, görünüşünə, anamnezinə, dərinin formasına və çapıqların əmələ gəlməsinə görə aparılır. Bununla bərabər diaqnoz mütləq biopsiya ilə qoyulmalıdır.
Palletaya görə spinosellulyar xərçənglər 5-10% hallarda regionar limfa düyünlərinə metastaz verdiyinə görə müayinə zamanı nahiyənin limfa düyünlərini yaxşı müayinə etmək lazımdır. Diqqətsizlik edildikdə törəmələrdə və xərçəngin gec dövrlərində limfatik metastazlar çoxalır və müalicə çətinləşir. Klinik gedişi Broders təsnifatına görə təyin edilir.
Broders-in histoloji təsnifatına görə spinosellulyar xərçənglər aşağıdakı səviyyələrə bölünür:
Yaxşı differensasiya edilən şiş
Differensasiya dərəcəsi az olan şiş
Pis differensasiya edən şiş
Yüksək dərəcədə anaplastik xarakter daşıyan şiş
Dostları ilə paylaş: |