Xronik sinuslar, fistulalar, xora və çapıqlar. Uzun müddət davam edən ifrazatlı oteomielit fistulaları, yaxud yanıq, xora və çapıqlar kimi törəmələr spinosellulyar təbiətli bəd xassəli Marjolin xora kimi tanınır. Müalicə cərrahi eksiziya və dəri qrefti köçürülməsidir.
Bəd xassəli şişlər
Ən çox rast gəlinən bəd xassəli şişlər dəri xərçəngləridir. Kişilərdə bədxassəli şişlərin 19%-ni qadınlarda isə 11%-ni təşkil edir. ABŞ-da hər il melanomadan əlavə 100.000 dəri xərçəngi, 5.000.000 xərçəngönü keratoz, 4000-ə qədər dəri xərçəngindən ölüm olur. Bütün xərçəng ölümlərinin 1,6%-ni dəri xərçəngləri təşkil edir.
Etioloji amillər kimi günəş şüaları, yaş və cins, piqmentasiya, irsi amil, rentgen şüaları, kimyəvi maddələr, çapıqlar və xoraları göstərmək olar.
Günəş şüaları. Təcrübi olaraq 3200 A dalğa uzunluqlu ultrabənövşəyi şüalar dəri xərçəngi əmələ gətirmişdir. Törəmələrin 96%-i baş, boyun və əlin üst səthində müşahidə olunur. Bütün skvamoz hüceyrəli xərçənglərin çoxu və bazosellulyar xərçənglərin təxminən 2/3-i xronik günəş işığına məruz qalma nəticəsində əmələ gəlir.
Yaş və cins. Dəri şişlərinin çoxu yaşlı şəxslərdə müşahidə olunur. Aparılan statistikaya görə xəstələrin 75%-i 65 yaş həddində olmuşdur. Cinsə görə rastgəlmə tezliyi kişilərdə qadınlara nisbətən 3 dəfə çox olduğu göstərilmişdir.
Piqmentasiya. Dəri xərçəngləri, adətən, açıq rəngli dəriyə malik insanlarda daha çox rast gəlinir. Zəncilərdə nadir hallarda olur. Bu vəziyyəti melanin piqmentasiyasının qoruyucu təsirli olması ilə əlaqələndirirlər.
İrsiyyət. Xəstələrin 15%-də ailədə xərçəng anamnezi olur. Kserodermiya piqmentasiyası irsi bir xəstəlik olub, uşaqlarda və yeniyetmələrdə polimorf dəri xərçəngi kimi rast gəlinir.
Rentgen şüaları. Xərçəngin inkişafında digər vacib bir fiziki amil rentgen şüalarıdır. Xüsusilə, stomatoloq və rentgenoloqlarda ehtiyatsız işlədikdə çox rast gəlinir. Adətən, radiasiyaya məruz qaldıqda uzun illər sonra meydana çıxır. Dəri xərçəngi yaşlı şəxslərdə müşahidə olunsa da, radiasiya ilə əlaqədar olaraq xəstəlik cavanlaşa bilər.
Kimyəvi maddələr. Əvvəllər arsenlə işləyənlərdə tez-tez dəri xərçəngi müşahidə olunurdu. Neft maddələri və parafinlə işləyənlərdə və maşinistlərdə də dəri xərçəngləri çox müşahidə olunur.
Çapıqlar və xoralar. Yanıq çapıqları üzərində uzun illər sonra Marjolin xora kimi tanınan maliqnizasiyalar inkişaf edə bilər. Xronik osteomielit fistulaları ətrafında da dəri xərçəngləri müşahidə olunur.
Dostları ilə paylaş: |