Skelet ağırlaşmaları:
Osteomielit haqqında yuxarıda bəhs edilmişdir.
Heterotopik kalsifikasiyalar. Etiologiyası məlum deyil. Geniş dərin yanıqlarda çox rast gəlinir. Kalsium mübadiləsində pozğunluq aşkar edilmir. Ən çox dirsək zədələnir. Zədələnən oynaqda hərəkət məhdudiyyəti inkişaf edir. Rentgenoloji olaraq heterotopik periartikulyar kalsium toplanması müşahidə olunur. Erkən dövrdə fizioterapiya effekt verir. Çox inkişaf etmiş ağırlaşmalarda funksiyanı bərpa etmək üçün heterotopik sümük eksiziyası lazım ola bilər.
Göz ağırlaşmaları: Korneal çapıqlaşma. İstiliyin təsirindən buynuz qişanın koaqulyasiyası və ya xaricə çevrilməsinə (ektropion) görə quruması nəticəsində inkişaf edir. Qarşısını almaq məqsədilə gözə toz şəklində antibiotiklər, üst və alt göz qapaqlarının bir-birinə tikilməsi (tarsorafiya), ektropionun sərbəstləşdirilib qreftlənməsi aparılır. Müalicə korneal transplantasiyadır.
Katarakta: Səbəbi məlum deyil və yüksək voltlu elektrik yanıqlarında yaranır.