Fibrosarkoma - mezotelial mənşəlidir. Tez böyüyür və periferik sinirlərə təyziq göstərir. Bir dəfə lokal rezeksiyadan sonra residiv verərsə, amputasiya lazım gəlir.
Rabdomiosarkoma. Nadir hallarda, tenar nahiyədə müşahidə olunur.
Euingsin sarkoması: Gənc yaşlarda müşahidə olunur. Kişilərdə qadınlara nisbətən iki dəfə çox rast gəlinir. Amputasiya, xemoterapiya və şüa terapiyası tətbiq edilir.
Metastatik şişlər. Əldə müşahidə olunan metastazlar, əsasən, bronxiogen, böyrək, prostat, süd vəziləri, sidik axarı və yoğun bağırsağın bədxassəli şişlərdən sonra olur. Ən çox proksimal falanqalarda rast gəlinir.
Xərçənglər. Əldə daha çox spinal hüceyrəli xərçənglər müşahidə olunur. Erkən dövrlərdə lokal eksizya kifayət etsə də, inkişaf etmiş vaxtlarda amputasiya və limfa disseksiyası aparılmalıdır.
Melanoma və bazal hüceyrəli xərçənglər də müşahidə olunur.
Şişəbənzər törəmələr: Qanqlion. Vətər, vətər qişası və ya sinovial mənşəlidir. Daxilində musin mövcud olur. Adətən, əlin arxasında müşahidə olunur və ağrıya səbəb olur. Müalicəsi eksizyadır. Bəzən aspirasiya da tətbiq olunur. Residiv çox rast gəlinir.
Epidermoid kista. Travma nəticəsində epitelial hüceyrələrin implantasiyası ilə inkişaf edir. Kista dırnaq yatağının qaidəsində müşahidə olunur. Ətrafı zarla örtülü olur. Küretaj və qreftləmə ilə müalicə edilir.
Sebaseoz kista. Palmar nahiyənin dərisində piy vəziləri olmadığı üçün nadir hallarda rast gəlinir.
Mukoz kista. Yetkin qadınlarda distal falanqaların dərisində müşahidə olunur. Dəri çox incə olduğu üçün mukoz maye müşahidə olunur. Mukoz kistalar osteoartritin Heberden düyünləri ilə əlaqəlidir. Müalicəsində eksizya və split dəri qrefti tətbiq edilir.
Anadangəlmə arterio-venoz fistula. Embrional dövrdə arteriya və venanın arasında şuntlar əmələ gəlir. Arterioqrafiya ilə diaqnoz qoyulur.
Piogenik qranuloma. Qranulyasion toxumanın toplaşması nəticəsində inkişaf edir. Asan qanayır və dəridə qabarıqlıq əmələ gəlir.
Yad cisim qranuloması. Yad cismin ətrafında dərin qranulyasiya toxumasının inkişafı nəticəsində əmələ gəlir.
Podaqra. Urat kristallarının liqamentoz strukturlarda yığılması nəticəsində əmələ gəlir. Rentgen müayinəsində litik şiş kimi müşahidə olunur.
Kalsinoz. Birləşdirici toxuma degenerasiyası və ikincili amorf kalsium depozisyası nəticəsində əmələ gəlir. FCU (fleksor carpi ulnaris) yaxınlığında olur. Böyük depozisyalar cərrahi, digərləri isə konservativ müalicə olunur.
Karpometakarpal boss (karpometakarpal qabarıqlıq). Sümük strukturlu, fluktuasiya etməyən bir törəmədir. II və III əl darağı səviyyəsində müşahidə olunur. Dorsifleksiyada və təzyiq etdikdə ağrılıdır. Rezeksiyaya ehtiyac olmur. Residiv olur. ECRB (ekstensor carpi radialis brevis) vətərini də əhatə edir.
Epidermoliz vezikulası. Təqribən 300.000 doğuşdan birində rast gəlinməklə irsi bir xarakterli xəstəlikdir. Müalicəsində kontraktura və barmaq aralıqları bərpa edilir və qreftlənir.
Paget xəstəliyi. Əldə uzun sümüklərdə müşahidə olunur. Fibroz displaziyadan fərqləndirilməlidir.