Limfatik ödemin müalicəsi. Limfatik ödemin müalicəsi konservativ və cərrahi olmaqla iki yerə ayrıılır. Xəstələrin əksəriyyəti konservativ müalicə alır. Ancaq müalicənin hər iki forması xəstəliyi tam müalicə etmir. Xəstələrə bu vəziyyətin xronik olduğunu, ödemə nəzarət etməyi və infeksiyadan qorunmanın vacibliyi haqqında məlumat verilməlidir.
Konservativ müalicə:
Elevasiya. Periodik olaraq xəstə ətrafı ürək səviyyəsindən 23-30 sm yuxarıda tutmaqla saxlamaq məsləhət görülür. Adətən bunu boş vaxtlarda və axşamlar etmək daha məqsədə uyğundur.
Davamlı təzyiq. Elevasiyadan sonra, ayağa qalxmazdan əvvəl elastik bint və sıx corablar geyinilir ki, əmələ gələcək ödemin qarşısı alınsın. Ayağı 25-40 mm civə sütünü təzyiqdə sıxmaq məsləhətdir. Növbəti elevasiyaya qədər elastik bint saxlanmalıdır. Elavasiya və davamlı təzyiq müalicə müddətində bir-birini əvəz etməlidir.
Diuretiklər - ödem mayesinin bədəndən xaric olmasını təmin etmək üçün tətbiq edilir.
Antibiotiklər. İnfeksiyadan qorunmaq məqsədi ilə profilaktik olaraq uzunmüddətli təsirə malik antibiotiklər tətbiq edilir. Barmaq aralarındakı funqal infeksiyaların müalicəsi, dəriyə qulluq və şəxsi gigiyena qaydaları infeksiyanın başlama və təkrarlanmasının qarşısını alır. Bu infeksiyalar əsasən sterptokok və stafilokoklar tərəfindən törədilir. İnfeksiya baş verdikdə dərhal aktiv müalicəyə başlanılmalıdır. Yataq istirahəti və ətrafların elevasiyası vacibdir.