Düz-xətt və ya Lineer bağlanması (Rose-Thompson üsulu). Müasir dodaq cərrahiyyəsində ən qədim və ən sadə metoddur. Əməliyyatdan sonrakı dövrdə kosmetik nəticələrin pis olmasına görə indiki zamanda istifadəsi maksilyar qövsün erkən formalaşdırılması ilə məhdudlaşır. Uşağa sonrakı dövrlərdə mütləq korreksiyaedici əməliyyatlar aparılmalıdır.
Aşağıda göstəriləcək müxtəlif cərrahi metodlar Z-plastikanın variasiyalarıdır. Biri-birilərindən Z-plastikanın vertikal səviyyəsi ilə fərqlənirlər.
Üçbucaq fleb üsulu. İlk dəfə olaraq Mirault, Blair, Braun və McDouel tərəfindən lateral üçbucaq şəkilli bir fleb olaraq inkişaf etdirilmişdir. 1930-50-ci illərdə çox geniş istifadə olunurdu. Burada qayda lateral yarıq tərəfdən geniş bir üçbucaq flebin medial seqmentə sürüşdürülməsindən ibarətdir. Düz xətt bərpası üsuluna nisbətən çapıq toxumasının yaxşı olmasına baxmayaraq normal sabit nöqtələrin olmaması və pis bir “Cupid yayı” ilə nəticələnməsi çatışmayan cəhətləridir.
Tennison və Randal hələ də istifadə olunan üçbucaq fleb əməlyyatını genişləndirmişdilər. Təbii ki, eyni ilə istifadə oluna bilər və ya şablon işarələmələr qarşıdakı dodaq seqmentlərinin əvvəlcədən hesablanmış Z-plastika komponentləri kimi istifadə olunması məqsədəuyğundur. Lateral tərəfdə düzəldilən üçbucaq fleb, medial seqmentə vermillionun sərhəddi üzərində yerləşdirilir. “Cupid yayı” saxlanılır və gözəl bir dodaq haşiyəsi yaradılır. Üçbucaq flebin çatışmayan cəhətləri normal filtrumun olmaması və dodağın alt hissələrinin geri qalmasıdır.