Çox sözün kərpic tək qiyməti olmaz, — deyərək söz israfına yol verməməyin gərəkliliyinə, artıq işlədilən sözlərin zərərinə toxunmuşdur. Fikrin ifadəsində az, lakin məzmunlu bəyana üstünlük vermiş, sözçülükdən qaçmağın lazımlığına diqqəti cəlb etmişdir.
Bir söz ki, qaşlara düyün vuracaq
Gözəl söz olsa da, söyləmə, burax! (Nizami)
NƏTİCƏ
Müdriklərin dili ilə desək, deyilmədən əvvəl söz sahibinin əsiridir, deyildikdən sonra isə sahibi sözün əsiridir. İstər xoş söz olsun, istər naxoş. Bəzi məqamlarda yersiz təriflərdə sözçülükdən başqa bir işə yaramır. Ünsiyyətdə də hər zaman tövsiyə edilən mülayim üslubdur. Həyatda hamının xoş sözə ehtiyacı var.Daşdan süzülə-süzülə damlayan suyun büllurlaşdığı kimi, düşünülüb ifadə edilən sözlər də istiqamətverici olar. Addım atmadan “yüz dəfə ölçüb, bir dəfə biçmək” nə qədər vacibdirsə, danışmadan və fikir bəyan etməzdən əvvəl düşünməkdə o qədər əhəmiyyətlidir. İnsandan hər zaman məntiq və ağılla hərəkət tələb olunur. Buna görə də insanın ifadə etdiyi fikir, dediyi söz bünövrəsi möhkəm fakt və arqumentlərə söykənməlidir. Bir də ki söz dediyin, sadəcə, ağızdan çıxan səs toplusu deyil, baxışların ifadə etdiyi məna da sözdür, əllərin həyəcandan titrəməsi də, sifətin səyriməsi də… Söz dediyin yaşadığın duyğuların ifadəsidir. Əslində bütün insanlar eyni, yaxud da oxşar duyğular yaşayırlar, amma hər kəs öz yaşadığını eyni dərəcədə ifadə edə, başqalarına çatdıra bilmir. Bu mənada “dünyanın ən uzun yolu ürəkdən ələ qədər gələn yoldur” deyənlər yanılmırlar. Təbii o duyğuların ən gözəl şəkildə ifadəsi bir özgə sənətdir ki, bu sənətin zövqünü, gözəlliyini də söz adamları, daha çox şairlər yaşayırlar. Və sən bir gün əlinə keçən bir qəzet səhifəsində, yaxud da kitabda oxuduğun şeirlərin daşıdığı hissləri o qədər yaxın, doğma bilirsən ki, sanki şair sənin yaşantılarını qələmə alıb. Söz cəmiyyətdə insana verilən dəyərin ən dəqiq barometridir. Sözə verilən dəyər insana verilən dəyərdir, sözün dəyərsiz olduğu cəmiyyətdə insan da dəyərsiz olur. Sözün qədri uca tutulanda sözdən üz qızarır, əyrilər düzəlir, söz qədirsiz olanda yenə də Füzuli demişkən, rüşvət deyildir deyə salamı da almırlar.
Sözü uca tutaq, sözün qədrini bilək, sözə dəyər verək ki, özümüz də dəyərli olaq.
ƏDƏBİYYAT SİYAHISI : Nizami Gəncəvi irsində söz, kitab və mütaliə - Milli Kitabxana