1.3. Dəyəri xarici valyuta ilə ifadə olunan aktivlərin və öhdəliklərin uçotu və hesabatının metodoloji prinsipləri
Maliyyə hesabatının bütün elementlərinin, o cümlədən aktivlərin və öhdəliklərin barəsində ilkin informasiya onların hansı valyuta ilə uçota alınmasından asılı olmayaraq ümumqəbuledilmiş prinsiplər, metodlar və qaydalar əsasında həyata keçirilir. Bunu MHBS 21 və MMUS 22 məzmunundan və müddəalarından da görmək mümkündür. Məsələn, MHBS 21-in 21-*si maddəsində və MMUS 22-nin 12-ci maddəsində xarici valyuta ilə olan əməliyyat tarixi kimi, Beynəlxalq və Milli Standartların müəyyən etmiş olduğu tanınma kriteriyalarına uyğun gəldiyi tarixin görünməsi vurğulanır. Digər faktlar da gətirmək olar. Belə ki, MHBS 21 və MMUS 22-də göstərilir ki, xarici valyuta ilə ifadə olunan torpaq, tkili və avadanlıqların balans dəyəri müvafiq qaydada MHBS 16 və MMUS 7-nin müddəaları, mal-material ehtiyatlarının balans dəyəri isə müvafiq olaraq MHBS 2-nin və MMUS 8-in müddəaları əsasında formalaşdırılmalıdır.
MHBS 16 və MMUS 7-yə əsasən, torpaq, tikili və avadanlıqların ilkin tanınmadan sonra uçotu tarixi (ilkin) dəyərlə, yaxud yenidən qiymətləndirmə dəyəri ilə aparıla bilər. Ancaq obyektin balans dəyəri tarixi (ilkin) dəyərlə, yaxud yenidən qiymətləndirmə dəyəri ilə müəyyən edilməsindən asılı olmayaraq xarici valyuta ilə əks etdirilmişsə, onda həmin dəyər MHBS 21 və MMUS 22-yə uyğun olaraq funksional valyuta ilə yenidən hesablanmalıdır.
Dəyəri xarici valyuta ilə ifadə olunmuş aktivlərin və öhdəliklərin ilkin (tarixi) dəyərinin hansı xərclərdən yaranması MHBS 21 və MMUS 22 ilə deyil, digər müvafiq beynəlxalq və milli standartlarla tənzimlənir.
Torpaq, tikili və avadanlıqların xarici valyuta ilə formalaşan ilkin dəyəri, başqa sözlə balansda ilk dəfə tanınan dəyəri həmin obyektlərin əldə olunması üzrə satınalma qiymətini, əvəzləşdirilməyən vergilərin məbləğini, aktivin lazımi yerə çatdırılması (avadanlıqların) xərcləri, həmçinin aktivin istifadə üçün hazır vəziyyətə gətirilməsi üçün zəruri olan digər xərcləri əhatə edir. Müəssisənin öz gücü ilə yaradılan aktivin maya dəyəri, əldə olunan aktivin maya dəyərinin formalaşdırıldığı prinsiplərlə müəyyən olunur.
Xarici valyuta ilə ifadə olunan torpaq, tikili və avadanlıqların maya dəyəri, onların tanınma tarixinə pul vəsaitlərinə ekvivalent olan qiymətlərinə bərabərdir.
Əgər dəyəri xarici valyuta ilə ifadə olunan torpaq, tikili və avadanlıqlara aid obyektlər qeyri-pul aktivlərinin təqdim edilməsi yolu ilə əldə olunursa, onda onların ilkin dəyəri mübadilə olunan avtiklərin ədalətli dəyərindən yaranır. Əgər mübadilə yolu ilə əldə olunan obyektin ədalətli dəyərini müəyyən etmək mümkün deyilsə, onda onun ədalətli dəyəri mübadilə zamanı qarşı tərəfə təqdim olunmuş obyektin (aktivin) ədalətli dəyəri ilə ölçülür. Mübadilə yolu ilə əldə olunan obyektin və onun əldə olunması üçün təqdim olunan obyektin ədalətli dəyəri məlum olmadıqda, onda əldə olunan obyektin maya dəyəri kimi qarşı tərəfə təqdim olunan obyektin balans dəyəri götürülür.
Xarici valyutada torpaq, tikili və avadanlıqların ilkin dəyərinin müəyyən olunmasının nəzərdən keçirilən qaydaları MHBS 16 və MMUS 7-də təsbit edilmişdir.
Dəyəri xarici valyuta ilə əks etdirilmiş icarədarın sərəncamında olan obyektlərin maya dəyəri müvafiq olaraq «İcarə» adlı MHBS 17 və «İcarə üzrə» MMUS 14-ün təsbit etmiş olduğu qaydalar əsasında formalaşdırılır. Bu standartlara görə, maliyyə icarəsi yolu ilə əldə olunan obyektin icarədarın balansında tanınması icarə olunan əmlakın ədalətli dəyəri məbləğində həyata keçirilməlidir. Əgər həmin məbləğ ədalətli dəyərdən aşağıdırsa, onda icarə olunan əmlak minimal icarə tədiyyələrinin (ödənişlərinin) diskontlaşdırma dəyəri ilə müəyyən edilməlidir.
Müəssisə dəyəri xarici valyuta ilə ifadə olunan torpaq, tikili və avadanlıqları əvəzsiz qaydada ala bilər. Bu cür vəziyyət MHBS 20 və MMUS 17-nin müddəalarında təsvir edilir. Həmin standartlarda göstərilir ki, dövlət subsidiyası torpaq və digər uzunmüddətli resursların verilməsi şəklində həyata keçirilə bilər. Bu halda verilən qeyri-pul aktivnin ədalətli dəyər əsasında qiymətləndirilməsi məqsədəuyğun hesab edilir. Bir sıra hallarda dövlət subsidiyaları əldə olunan aktivlərin balans dəyərindən çıxılır. Məsələn, müəssisə 100 000 ABŞ dolları məbləğində avadanlıq almışdır, həmin müəssisəyə dövlət 20 000 ABŞ dolları həcmində subsidiya ayırmışdır. Onda aktivin balansında 80 000 ABŞ dolları məbləğində (100 000 – 20 000) ilkin tanınması həyata keçirilir.
Dəyəri xarici valyuta ilə ifadə olunan torpaq, tikili və avadanlıqların sonrakı qiymətləndirilməsi onların balans dəyərinin dəyişilməsi ilə bağlıdır. MHBS 16 və MMUS 7-yə əsasən, əgər hər hansı avadanlığın yenidən qiymətləndirilməsi aparılırsa, onda həmin avadanlığın ail olduğu həmin təsnifat qrupunun bütün avadanlıqları yenidən qiymətləndirilməlidir.
Ümumiyyətlə, ilkin tanınmadan (ilkin, yaxud tarixi dəyərlə qiymətləndirmədən) sonra torpaq, tikili və avadanlıqlar (hansıların ki, dəyəri xarici valyuta ilə əks etdirilmişdir) iki modeldən biri ilə uçota alına bilər:
(a) maya dəyəri ilə uçot modeli üzrə; yaxud
(b) yenidənqiymətləndirmə dəyəri ilə uçot modeli üzrə.
Aktiv kimi ilkin tanınmadan sonra aktiv birinci modelə əsasən yığılmış amortizasiya və qiymətdəndüşmədən olan zərər olan zərər çıxılmaqla öz maya dəyəri ilə uçota alınmalıdır.
Dostları ilə paylaş: |